Xatirələr
Qayıt, şirin xatiratım, gəl aç qapımı,
Demə sənsiz yaşayıram, mən sənsiz varam,
Qayıt, gecə qapıları açıq qoyaram.
Yaman qaldım fikirlərin əlində yaman,
Gecələr də göz yummağa qoymayıb məni.
Qızlar yatıb şirin yuxu gördüyü zaman,
Mən qovuram sübhə kimi fikirlərimi.
Hələ inanmıram
Hələ inanmıram ayrılığına,
Hələ ayrılığı başa salırsan.
Gün keçdi, vaxt çatdı, ayrılıq oldu,
Səni də özüylə apardı günlər.
Mənim istəyimdən xəbərsiz kimi
Səni əllərimdən qopardı günlər.
Bu bayram süfrəmiz sənsiz olacaq,
Bu bayram süfrədə sözün qalacaq.
Üzərlik yerinə, şamlar yerinə,
Sözün alışacaq, sözün yanacaq.
Hələ inanmıram ayrılığına,
Hələ ayrılığı başa salırsan.
Anam
Anamı qorumaq gəlir əlimdən,
Anamı bəzəmək gəlir əlimdən.
Onu saxlayıram əmanət kimi
Səhərdən axşama sevə-sevə mən.
“Daha yaraşmayır bəzənmək mənə,
Al bu köynəyliyi düzəldək sənə”, –
Deyərək anamın gözləri gülür,
Dilindən bal kimi sözlər süzülür.
Çəkir fikirləri min yerə onu:
“Bircə tez görəydim övlad toyunu!”
Ürəyin yerinə gəlsin
Baxdım sağıma, soluma,
Gücüm heç nəyə çatmadı
Ürəyimi aldım əlimə,
Al, əziz ana,
Qızıl kimi hədiyyəmi.
Onsuz da indən belə
Səndən əziz kimə verəcəm?!
Yaşını
Salma ürəyinə gəl sən.
Al hədiyyəmi,
Ürəyin yerinə gəlsin!
***
Nə gözəl düşməndi bu sevgi mənə,
Allah özü salıb onu qəlbimə.
Mən divin də canı bu “şüşə”dədi,
Allah əsir edib məni qəlbimə.
***
Bir tikə çörək tapılır,
Bir ürək tapılmır,
Bir əlcə məhəbbət çıxıbdır yoxa,
Könlümün aclıq illəridir.
***
Qollarından asılmasam
Ağ gəlin paltarında,
Qara paltar geyib asacağam özümü
gəlmədiyin yollardan.
***
Mən heç cür yamaya
bilmədiyim ömrümün
sınıq iynəsinin sapından
asacağam özümü.