Görkəmli ingilis yazıçısı Virciniya Vulf 1882-ci ildə Londonda anadan olub.
Yazıçı “Missis Dellouey” (1925), “Mayakda” (1927), “Orlando” (1928), “Dalğalar” (1931), “Parıltı” (1933) kimi məşhur romanların, “Öz otağın” (1929) adlı esselər toplusunun müəllifidir.
1897-ci ildən gündəliklər yazmağa başlayan Vulfun əsərləri əllidən çox dilə tərcümə olunub.
Tərcüməçidən
“Bu dəfə sağala bilməyəcəyəm. Boş yerə özünü yorma!”
Virciniya Vulf 1941-ci il martın 28-də ərinə yazdığı vida məktubundan bir neçə saat sonra intihar etmişdi… Britaniyanın ən qalmaqallı, haqqında ən çox danışılan feminist yazarı… “Deyəsən, dəli oluram. Səslər eşidirəm, fikrimi heç cür cəmləyə bilmirəm. Atacağım bu addım ən ağlabatanıdır. İstəyirəm bir şeyi heç vaxt unutmayasan: mən səninlə, həqiqətən də, xoşbəxt idim. Sən mənim hər şeyim idin. İnanmıram ki, bizim kimi bir-birini anlayan, bağışlayan, hər halı ilə qəbul edən başqa cütlük olsun. Bu zəhrimara qalmış xəstəlik məni yaxalayana qədər biz, doğrudan da, xoşbəxt idik. Amma daha bacarmıram. Bilirəm ki, sənin də həyatını korlayıram. İnan, mən olmasam, daha rahat yaşayarsan, işləyərsən. Sən mənsiz də keçinərsən, əminəm. Bilmirəm hiss edirsən, ya yox, cümlələri düz-əməlli seçə bilmirəm. Gözlərim dumanlanır, fikirlərim qarışır, yazdıqlarımı oxuya bilmirəm. Sağ ol ki, mənə bu qədər dözdün. Bil ki, həyatımın ən dinc, ən xoşbəxt, ən qayğısız anlarına görə sənə borcluyam. Hamı getdi, hər kəs məni tərk etdi, bircə sən xeyirxahlığını məndən əsirgəmədin, həmişə sadiq qaldın. Onu da bilirəm ki, məni bu bəladan da ancaq sən xilas edə bilərdin. Sadəcə həyatını məhv etmək istəmədim. Bu qədər dözdün, yetər…”
Bu vida məktubundan sonra yazıçı özünü çaya atmış, əri Leonard isə həmin çaydan yalnız onun kəmərini tapa bilmişdi. Sonralar məhz elə cənab Vulfun cidd-cəhdləri nəticəsində bu dəlisov yazarın gündəliklərinin bir hissəsi – ən vacib hissəsi yandırılmış və çoxsaylı suallar cavabsız qalmışdı. Leonard Vulf cəmi bircə dəfə öz müsahibəsində buna məcbur olduğunu bildirmişdi: “Onsuz da onun haqqında şayiələr baş alıb gedirdi, sağlığında bundan narahat olmasa da, artıq haqq dünyasında ikən arxasınca çirkab yaxılmasını, yenə də dedi-qodu hədəfi olmasını istəmədim. Onu Britaniyanın ən yaxşı, ən cəsarətli qadın yazıçılarından biri kimi tanıyın, yetər! Gündəlik çox məhrəm yazılardan ibarətdir, onların hamısı çap oluna bilməz”. Leonard Vulf yalnız 1953-cü ildə gündəliyin seçmə hissələrini çapa verməyə razı olmuşdu. Bir sözlə, qalmaqallı Vulf istər öz dövrünün, istərsə də müasir dövrün oxucularına müəmmalı olaraq qalır.
Folkner, Tomas Vulf, Nabokov, sonra Virciniya Vulfun daxili monoloqunun “şüur axınına” çevrilməsi, zamanla mükəmməl oyunu, ənənəvi üsluba özünəməxsus yanaşması müasirləri tərəfindən yüksək qiymətləndirilmişdi. Yaradıcılıq “emalatxanasının” açarını “həyatın hər cür səslərinə, ahənglərinə, qoxularına həssas” olan bu yazıçının gündəliklərində tapacağıq.
Virciniya Vulf 1915-ci ildən yazmağa başladığı gündəliklərini 1941-ci ildə, yəni dünyasını dəyişdiyi il bitirmişdi. Daha dəqiq: ölümündən 4 gün öncə… Bu gündəlikdə hər şey barədə – pis-yaxşı yaşantıları, həyat hekayətləri, ətrafındakı insanlar, hətta öz yaradıcılığı haqqında yazıb. Dəftərçələrin hər səhifəsi onun tələsik, bəzən anlaşılmaz xətti ilə doludur.
Yazıçının gündəliklərindən
Anam öləndə on üç yaşındaydım. İngiltərənin ən gözəl qadınlarından biri adi qripdən getdi… Qardaşım Corc bacılarımla məni anamın cansız bədəni ilə vidalaşmaq üçün aşağı mərtəbəyə düşürtdü. Biz aşağıda olanda atamın yataq otağından səndələyə-səndələyə çıxdığını gördük. Kömək etmək üçün əlimi uzatdım, amma o, bir ruh kimi yanımdan ötüb-keçdi. Adam başını itirmişdi. Biz otağa girib anamın hələ soyumamış yanağından öpdük…
Anamın ölümündən sonra əsəb sarsıntısı keçirirdim, yoxluğunu heç cür qəbul edə bilmirdim. Hər yerdə – evdə, küçədə, məktəbdə gözümə görünürdü. 1920-ci illərin ortalarında yazdığım “Mayakda” əsərini anama həsr eləmişdim. O vaxt yalnız bacım Vanessa bilirdi ki, bu əsəri yazanda qəribə şəkildə anamı dirildəcəyimə ürəkdən inanmışam. Təsəvvür edin, ev işləri görəndə belə onu yanımda hiss edir, hətta qoxusunu duyurdum! Roman ağır yazılırdı, bəzən əsəblərim dözmür, başımı götürüb özümü küçəyə atdığım zamanlar da olurdu.
Qardaşım tif xəstəliyindən öləndən sonra o evdə qala bilməyib bacımla yeni evə köçdük. Bir müddət sonra otaqlardan birini Seylonda hərbi xidmətdən qayıtmış Leonard adlı oğlana verdik. Bir il sonra isə o mənə evlilik təklif etdi.
(Virciniya Leonardın təklifini əvvəlcə qəbul etməyib. Tərəddüdünün əsl səbəbi oğlanın yəhudi əsilli və kasıb olması idi. Amma Leonarda sadə ingilis qadını kimi ərə gedib məişətə qarışmaq istəməməsini bəhanə gətirmişdi. Bacısına isə “cibində qara qəpiyi olmayan yəhudi nəyimə lazımdır?!” – deyə fikrini bildirmişdi. Hər halda, sonralar fikrini dəyişib Leonarda ərə getmiş, hətta onun xətrinə 30-cu illərdə antifaşist mövqe tutmuşdu.)
Bir də atamın ölümü… Əslində, ögey atamın… Amma anam bu kişiyə biz uşaqkən ərə getdiyi üçün elə onu atamız bilmişik. Həm incə qəlbli, həm də tiran olan bu adamı gah sevir, gah da nifrət edirdim. Qəribə hisslər idi – hərdən ona elə yazığım gəlirdi ki!
Ölümü də çox ağrılıydı, əzab içində canını tapşırdı. Kəskin sancılardan qovrulurdu. Onun vəfatı anamın ölümünün ağrısını mənə bir daha yaşatdı. Bu iki ölüm birləşərək dərdimin üstünə dərd gətirmişdi.
Bu gün isə atamın ad günüdür, daha doğrusu, yaşasaydı, 96 yaşını qeyd edəcəkdi. Yaxşı ki ölüb, yoxsa bütün həyatımı məhv eləyəcəkdi. Hər halda, məşhur yazıçı olmayacaqdım. İnanmıram ki, belə bir tiranın sağlığında kitab çıxara biləydim. (Bu sətirləri Virciniya Vulf intihara bir ay qalmış yazmışdı – red.)
Çox qəribədir… Daha doğrusu, insanlar qəribədir. Gərək kimsə ölsün ki, həyatın, zamanın qədrini bilək. Üstəlik, bu “kimsə” də məhz tanıdığın, əziz bildiyin adamlardan biri olmalıdır. Günlərlə xatirələr burulğanına düşməlisən, onunla birgə çəkdirdiyin şəkillərə baxmalısan, üzülməlisən, sonra da öz ömrünə görə narahat olmalısan ki, həyatın qiymətə minsin. Hamımız elə bilirik ki, əbədiyik, heç vaxt xəstələnməyəcəyik, həmişə cavan qalacağıq. Bəs sonra nə olur? Adamlar yenidən bölünür: bəziləri günahlarından təmizlənmək üçün keşişin, bəziləri əylənmək üçün dostlarının yanına qaçır… Bir də bizim kimi adamlar – əlində qələm duyğularını yazanlar var…
1918 – avqust
Şairə Kristina Rosetti haqqında düşüncələrim məni dinc buraxmadığından təzə dəftər alıb qeydlərimi səliqə ilə yazmağa səbrim çatmadı. Elə köhnə dəftərin “salamat qalmış” yerlərini narahat fikirlərimlə doldurmağa başladım. Bunu da deyim ki, Tanrını məhkəməyə verəsi olsaydım, məhz Kristinanı özümə şahid çağırardım. O şairəni hər dəfə oxuyanda kədərdən boğuluram. Bu insan dəlicəsinə sevdiyi birindən məhz poeziyaya görə vaz keçib, sonralar inancına görə şeirdən də əl çəkməli olub… Adama elə gəlir ki, onun şeirləri uşaq sadəlövhlüyü ilə yazılıb, ancaq dərindən fikir verəndə misralardakı təxəyyülə, xüsusi intonasiyaya valeh olursan. Bu şeirləri oxuyanda yaşadığım bütün ağrı-acılar yadıma düşür.
Amma sonradan məmnuniyyətlə sevimli uma qayıtdım. Ən azından bu şairin kişi cazibəsindən vaz keçə bilmədim. Həqiqətən, onun qadınlara – xüsusən də bu adama necə qovuşacağını bilməyən axmaq və savadsız qadınlara təsirini təsəvvür eləyə bilirəm. Bundan əlavə, demək olar, bütün qadınlar Bayronu dəyişmək, yenidən tərbiyə etmək istəyirdi. Hələ uşaqlıqdan belə bir vərdişim vardı: kiminsə tərcümeyi-halını hərtərəfli öyrənəndən sonra həmin bioqrafiyanı öz təxəyyülümdə əlavə detallarla tamamlayırdım. poeziyasının heyrətamiz sadəliyinə məəttələm, onun yazdıqları müasirlərinin şeirlərindən daha rahat oxunur. Amma qəribəsi odur ki, cavanlıqda Bayronun öz istedadına şübhəsi varmış. Yeri gəlmişkən, bu şair mənə u xatırladır, hərçənd, fərqlidir, qeyri-adidir. Bir insan kimi xeyli gözəl cəhətlərinə rəğmən təkəbbürlü olub, amma bu xasiyyətinə görə heç kim ona irad tutmayıb. Bayronu yalnız bir qadın – Horas Koul tənqid edə bilir, başqa qadınlar isə pərəstiş edirdilər. Güman edirəm, heç İzabella un da öz ərini nədəsə qınamağa cəsarəti çatmazdı. Buna görə də sonralar “Bayron şəxsiyyəti” deyilən bir ibarə yaranmışdı.
Ümumiyyətlə, Bayron özünün özünə marağın itəndə müraciət edəcəyin şairdir. Yüz il keçsə də, təzə qalıb və hələ də qadınlarda maraq yaradır. Elə təkcə “Don Juan” bu həcmdə yazılan əsərlərin arasında ən oxunaqlı, ən poemadır. əsərin “biçimli” forması, nizamı yoxdur, sıçrayışlarla doludur və əslində, poemanın özünəməxsusluğu da bundadır. Bayron bəzən ağlına gələni, bəzən hətta “əhvalına gələni” yazdığından saxta romantizmə, obrazlılığa da gərək olmayıb. Görünür, çevik təfəkkürü olub, atam Lesli bunu kişi qabiliyyəti hesab edərdi. Mən əminəm ki, bu cür qeyri-səlis əsərlər biçimli əsərlərdən maraqlıdır. Bununla belə, Bayrona bənzəmək asan məsələ deyil: axı azad və yüngül mövzuları yalnız mahir və təcrübəli qələm yarada bilər!
10 Sentyabr
Susseksdə Miltonu oxuyan təkcə mən olmasam da, “”lə bağlı təəssüratlarımı hələ unutmamışkən qələmə alacağam. Mətndən həzz almaq üçün müəmmalı qalan bəzi hissələrin üstündən asanlıqla adladım. Bununla belə, başa düşürəm və hətta müəyyən dərəcədə razıyam ki, bu poema yüksək səviyyəli oxucuların əsəridir. Divanda rahat yayxanıb “İtirilmiş Cənnət”i oxumaq müəllifə hörmətsizlik olardı. Miltonun bu poemadakı əsas “materialı” mələklər, cisimlər, döyüşlərdən ibarətdir, məkanlar heyrətamiz ustalıqla təsvir edilib. Şair oxucuya hüdudsuz dəhşət və səfalət “satır”, amma heç vaxt insan qəlbinin hissləri ilə alver etmir. Yaradanın sevincinə və kədərinə işıq tuta bilən başqa böyük yaradılış varmı?
Düzdür, bu poema mənə həyatı daha yaxından tanımağa kömək etmədi; hətta təsəvvür eləyə bilmirəm ki, Milton həqiqətən yaşayıb, evliliyin, qadının, məişətin nə olduğunu anlayıb. Onu kişilərin ilk müdafiəçisi saymaq olar, qadınlara nifrəti isə, yəqin, bəxtsizliyindən qaynaqlanır və görünür, şəxsi münasibətlərindən pis təcrübə qazanıb. Ancaq nəticədə balanslı, güclü poeziya ərsəyə gətirib! Özü də necə poeziya! Cəsarətlə deyərdim ki, Miltondan sonra hətta Şekspir də boş və qeyri-mükəmməl görünə bilər. Mən onun poetik üslubunu poeziyanın cövhəri hesab edirəm. Üslubun təsvirolunmaz gözəlliyi, nüansların bir-birinin ardınca müfəssəl təqdimatı mövzunu daha maraqlı edərək oxucunun fikrini uzun müddət özündə saxlaya bilir. Miltonda in kabusu və ya Hamletin naləsi, mərhəmət, rəğbət kimi emosional gərginliklər olmasa da, personajları daha əzəmətlidir: onlar dünyadakı yerimiz, Tanrı qarşısında vəzifələrimiz və imanımızla bağlı düşüncələrimizi təcəssüm etdirir.
5 Mart
Günlər bir-birinin üstünə elə sürətlə yığılır ki, yaşananların, təəssüratların göz qırpımında böyüyən dağını ətraflı təsvir etməyə vaxt çatmır. Mən çirkli əlləri ilə başqalarının şəxsi işlərinə müdaxilə edənlərin iyrəncliyindən yazmaq istəyirəm. İyrənclik! İnsanı ir. Əlləri qanlı, ruhları ləkəli bu adamlar özlərini nümunəvi göstərib hamını çaşdıra bilərlər. Səsini çıxaranları isə haqsız çıxarıb susdurarlar. Onların tanrısı, əslində, şeytandır! Atdıqları addımların doğru olub-olmadığının fərqinə varmır, həmişə düşünmədən irəliləyirlər, amma təbii ki, nəhəng və gəlirli iş birlikləri olur. Ağıllı, dərrakəli qadın öz dühasından sitat gətirərmi heç?! Yəqin, bütün bunların kökündə savadsızlıq və sahibkarların kasıblar üzərində hakimliyi dayanır. Bir insanın digəri üzərində hökmranlığına həmişə nifrət eləmişəm; hər cür tiranlığa, başqasının iradəsinin zorlanmasına etiraz edirəm.
Tərcümə edən: Şəfiqə Şəfa
xezerjurnali.az