Azər Turan. Ölümü hatırlatan ne var bu resimde?

Şəkildə dörd nəfərdirlər: Orhan Vəli, Oktay Rıfat, Melih Cevdət Anday, “bir də Şinasi”. Ehtimal ki, ya 1931-ci ilin, ya da 1932-nin payızıdır. Hələ ədəbiyyatda yeni yol açmayıblar. Hələ Qəribin – Birinci Yeninin doğuluşuna 10 il qalır. Ankaradakı Atatürk liseyində təhsil alırlar. Ədəbiyyat müəllimləri də Tanpınardır.

Hamısı Birinci Dünya müharibəsi ərəfəsində anadan olub. Orhan Vəlinin doğumu 13 aprel 1914-cü il, Oktay Rıfat 10 iyun 1914, Melih Cevdət Anday 13 mart 1915. Melih hətta Çanaqqala savaşının ilk günlərində və Çanaqqalada dünyaya gəlib.

Birinci Cahan savaşından 25 il sonra İkinci Dünya müharibəsi illərində, yəni tarixin dönüş nöqtəsində türk poeziyasının quruluşunu təməlindən dəyişdirməyə cəhd edib və buna nail olublar. Yeni ədəbiyyat axımının əsasını qoyublar. Ənənəni yıxıb, yeni ənənə yaratdıqlarını bəyan ediblər: “Biz, senelerden beri zevkimize ve irademize hükmetmiş, onları tayin etmiş, onlara şekil vermiş edebiyatların akıcı ve bunaltıcı tesirinden kurtulabilmek için o edebiyatların bize öyretmiş olduğu her şeyi atmak mecburiyetindeyiz”.

Özü də gör nəyi atırdılar.

Şairanəni, vəzni, qafiyə sistemini, məcazı…

Orxan Vəlinin qəbullanmadığı şairanənin başında, şübhəsiz ki, Əhməd Haşimin poetikası dayanırdı. Bu barədə çox yazılıb. Tutaq ki, Haşimin “Bir günün sonunda arzu” şeirindəki “Göllerde bu dem bir kamış olsam!” misrasına qarşılıq olaraq Orxan Vəli “Eskiler alıyorum” şeirində “Bir de rakı şişesinde balık olsam” misrası ilə cavab verirdi. Haşimə görə, “Şairin lisanı nəsr kimi anlaşılmaq üçün deyil, fəqət duyulmaq üçün vücud bulmuş, musiqi ilə söz arasında, sözdən ziyadə musiqiyə yaxın bir lisandır”. Orxan Vəli isə şeirdə musiqidən, rənglərdən, hətta şairanədən imtina edir. Əhməd Haşim musiqiyə yaxın bir dillə, Orxan Vəli isə “yalın” dillə yazdı. “Birinci Yeni”nin manifestini – “Qərib”in ön sözünü də sanki Haşimin “Məna və Vüzuh” məqaləsinə cavab kimi qələmə aldı.

Dediyim kimi, ədəbiyyat müəllimləri Tanpınar idi. Şairliklərini də ilk dəfə o kəşf etmişdi. “Yaşadığım gibi” kitabında Tanpınar qeyd edir ki, “Orhan Veli on üç yaşlarında iken benim talebemdi. Sadece alabildiyine zeki ve samimi bir insandı. Ancak on beşinde başka sınıfta karşılaşınca onu şair buldum”. Tanpınara görə, “bu çocuqların yaşlarına və dünyalarına rahatca yerləşmiş olmaqlarından başqa məziyyətləri yoxdu. Fəqət nə mükəmməl yerləşmə və nasıl sahib olma… Böyük şeylər görmüyorlardı. Xüsusi buluşları yoxdu. Yalnız o anda yapdıqları işdən, bir az da həyatlarından məsud idilər”.

Bu şəkil həyatlarından məsud olan o yeniyetmələrin şəklidir. Melih Cevdət Andayın bu rəsmə ithaf etdiyi “Fotoqraf” (fotoşəkil) adlı bir şeiri var və şeirdə həmin məsudluğun bütün əlamətləri əks olunub:

 

Dört kişi parkta çektirmişiz

Ben, Orhan, Oktay, bir de Şinasi.

Anlaşılan sonbah

Kimimiz paltolu, kimimiz ceket

Yapraksız arkamızdaki ağaçlar.

Babası daha ölmemiş Oktay’ı

Ben bıyıksızı

Orhan, Süleyman efendiyi tanımamı

 

Ama ben hiç böyle mahzun olmadım

Ölümü hatırlatan ne var bu resimd

Oysa hayattayız hepimize?;

 ş.m,n,..liar..,

Oysa hayattayız hepimiz.

 

Məsuddurlar. Oktay Rıfatın atası ölməyib, Melih Cevdət bığsızdır.

Orxan Vəli isə…

“Orhan, Süleyman efendiyi tanımamış”. Nəinki Orxan, ümumiyyətlə, türk poeziyası o vaxta qədər Süleyman əfəndi barədə bir misra belə yazmayıb, heç kəs Süleyman əfəndini tanımır. Türk ədəbiyyatı onu Orxan Vəlinin 1938-də yazdığı “Kitabeyi səngi-məzar” şeirindən sonra tanıyacaq. 24 yaşlı Orxan Vəlinin yazdığı bu dahiyanə şeir türk poeziyasının poetik quruluşunu və məzmununu dəyişəcək. Ədəbiyyatın heç zaman uğraşmadığı adi adamın, kiçik adamın – Süleyman əfəndinin yoxa bənzəyən varlığını diqqət mərkəzinə gətirəcək, onu yeni ədəbiyyatın dominant obrazına çevirəcək. “Yazıq oldu, Süleyman əfəndiyə” misrası poeziyada yeni mərhələnin simvoluna çevriləcək.

Bəzən Orxan Vəlini şeiri fəlsəfədən uzaqlaşdırmaqda suçlayırlar. Süleyman əfəndinin başından keçənlər, həyatı və ölümü ilə bağlı təəssüratlar, hətta şeirin adı – “Kitabeyi səngi-məzar”, yaxud Süleyman əfəndinin ömür fəlsəfəsini “to be or not to be” deyə Şekspirin Hamletinə göndərmə edərək şərh etməsi, hər misranın doğurduğu fərqli intiba … və bu kimi çox şeylər onu son yüz ilin ən fəlsəfi şeirinə döndərir. Tanpınarın dediyi kimi, “Kitabeyi səngi-məzar”ı yazmaqla Orxan Vəli “ədəbiyyatın və şeirin diliylə və qayələriylə dəyişməsini istəyirdi. Və bunun üçün ətrafında dönəcəyi insanı arayırdı. Süleyman əfəndi bu arayışın ilk mərhələsi oldu və şeirdən şeirə onun çöhrəsi dəyişdi”.

Hələlik isə bütün bunlar baş verməyib. 17 yaşındadır.

Tanpınarın şagirdləri yazdıqları şeirləri bir-birinə oxumaqla kifayətlənirlər. Və bir yerdə şəkil çəkdirirlər. Orxan bu şəkildən sonra on il də yaşayacaq. Birinci Yeni dalğasının əsasını qoyub, dünyasını şəkildəkilərin hamısından daha erkən dəyişəcək. Ölümü də şairliyinə bənzəyəcək. Dönəmin başqa bir böyük şairi Cahit Sıtkı Tarancı demişkən, “Orhan gibi vaktinde gitmek varken…”

Bu şəklin hekayəsi ya Orxan Vəlinin ölümü ilə başa çatır, ya da şəkildə sağ tərəfdə ayağını ayağının üstünə aşırmış Melih Cevdət Andayın 1948-ci ildə yazdığı “Toxum” şeiri ilə.

Poeziyanı yeni iqlim qurşağına sövq edən, türk şeirində yeni dalğa yaradan bu gənclərin liseydəki ədəbiyyat müəllimi Tanpınar, “böyük və diqqətə dəyər təcrübə yapan” bu üç şagirdinin – Orxan Vəli, Oktay Rıfat, Melih Cevdət Andayın virtuozluğuna heyran olduğunu etiraf edirdi.

Melih Cevdət sonralar deyəcəkdi ki, “Üç arkadaş şeirlərimizi bir-birimizə oxuyurduq. İndi belə sanırlar ki, üç adam bir yerə yığılsa, məktəb qurulur. Xeyr, qurulmaz. Qərib hərəkatı bir təsadüfdür. Mən ingilis şairləri sevirdim, onlar daha çox fransız şairləri sevirdilər. Biz üç arkadaş dillə oynamağa başladıq. Biz üç arkadaş şeir yazarkən necə zarafat edirdik bilməzsiniz. Gerçəkdən devrimçi şeir olduğunu sonradan anladım”.

“Liseydə “Səsimiz” deyə bir dərgi çıxırdı. Dərgi toplantılarında Orxan və Oktayla tanıştım…” Bunu da Melih Cevdət Anday yazır. Dərginin rəssamı şəkildəkilərdən biri Şinasidir.

“bir də Şinasi”. Əvvəldə Şinasinin adını dırnaqda yazmışdım. Səbəbsiz deyil. Çünki şeirdən sitat idi. “Fotoqraf”ın özəl tərəflərindən biri də budur, o, fotoşəkli təshih edir. Melih Cevdet şəkildəkiləri “Ben, Oktay, Orhan, bir de Şinasi…” deyə təqdim edib. Fotoda isə Şinasi Orxan Vəli ilə Oktay Rıfatın arasında əyləşən adamdır. Qəribçilərin məktəb yoldaşıdır. Şair deyil, rəsm həvəskarıdır. Dediyim kimi, liseydə ətrafına toplaşdıqları “Səsimiz” dərgisinin rəssamıdır. Melih Cevdət onun adını “bir də Şinasi” olaraq fərqləndirib. Hətta deyirlər, belə yazdığına görə Şinasi Melih Cevdətdən inciyibmiş. Melih Cevdət isə sonralar kitablarını Şinasiyə bağışlayanda avtoqrafı bir qayda olaraq, elə bu şəkildə də yazarmış: “bir də Şinasiyə”.

…Şəklin tarixçəsi Melih Cevdətin anlatdığı həmin günlərdən başlayır. Bir neçə il sonra Birinci Yeni dalğası qabarır. Təxminən on il, 1948-ci ilə qədər belə davam edir.

Melih Cevdətin 48-də yazdığı “Toxum” şeiri bərabər başladıqları yolun sonu olur… “Dörtnala haberci ilkyazdan / Aşağıdan inceden beyazdan / Dumanı tüten sıcak tohum / Dolan kara toprağı dolan / Ulaş yeryüzüne ak tohum”.

Melih Cevdətə görə, “Toxum” onun ən yaxşı şeiridir.

“Toxum” çap olunduğu gün qapını qırarcasına içəri girib, “Yapma, Melih, böylə şeir yazma” – deyən Oktay Rıfat da sonralar şeirdəki yolunu, estetikasını dəyişəcək. Yeri gələndə ənənədən də vaz keçməyəcək, ictimai məzmunlu şeirlər də yazacaq.

Təkcə “Yap, Melih” – deyən Orhan Vəli dəyişməyəcək…

Doğrudur, Melih Cevdət Orxan Vəlinin 1945-ci ildə yazdığı “İstanbul türküsü”nü xatırladıb, “Sonralar Orxan Vəli dəyişdirdi şeirini… Rumelihisarda oturmuşam şeiri Qərib deyil ki” – deyir.

Melih Cevdət niyə belə deyib, bilmirəm. “İstanbul türküsü” elə Qəribin ilk illərindəki, ən azı, “Kitabeyi səngi-məzar”dakı Orxan Vəlidir. Orda Süleyman əfəndiyə, burda Orhan Vəliyə kədərlənmək olar…

Orhan Vəli, bəlkə, bir də o səbəbdən şeirinin estetikasını, yolunu dəyişdirmədi ki, artıq ölümü xatırladan hadisə baş vermiş, 36 yaşlı Orhan Vəli dünyasını dəyişmişdi…

“Ölümü hatırlatan ne var bu resimde? Oysa hayattayız hepimiz.”

Şəkildə, doğrudan da, ölümü xatırladan heç bir cizgi görünmür.

Hamısı 17 yaşlarında məsud gənclərdir.

Melih Cevdət elə bir sual verib ki…

 

edebiyyatqazeti.az

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ülvi Babasoy. Qızılgülün dadı

Ça Fev 21 , 2023
Yazıçı, semiotik, filosof Umberto Ekonun ölümündən 7 il keçir. Klv.az saytı Ülvi Babasoyun Eko barədə xatirə yazısını təqdim edir. Umberto Ekoya vida Yazı masamda çalışıram: Sənət və ədəbiyyat sahəsindəki müxtəlif jurnalların saytlarında gəzişmək məni yaman bezdirir. Yorulmağımın səbəbi məkanın sıxıcı olması deyil. Hər şey qaydasındadır. Rəngarəng sənət materiallarının içində itib-batıram. Əmma axtardığım […]