Şəxsi mənafe və ədəbi vidan
Müdriklərə, dahilərə, intellektuallara və bütün rayon uşaqlarına…
Əlimlə çənəmə dayaq verib, uzaqdan-uzağa, dərdli-dərdli məmləkətimin ədəbi mənzərəsini seyr edirəm. Dünyada hər şeydən çox sevdiyim bap-balaca, param-parça, at izi it izinə qarışmış, mədəniyyəti səfalət girdabında boğulan məmləkətimi düşünürəm.
Bir az müdrikcəsinə, bir azda yekə çıxdı eləmi? Vallah-billah özümdən asılı deyil. Neynəməli, bu məmləkətdə iki cümlə qaralayan adam dahi cildinə girib müdrik-müdrik, intellektual-intellektual yazılar yazır. Mən niyə yazmayım? Yazmayanda elə bilirlər ki, mən vətənimi, ədəbiyyatımı müdrikcəsinə, vətənpərvərcəsinə, intellektualcasına sevmirəm. Yəni, müdrikcəsinə düşünməyə, yüngülvari dahilik etməyə məcburam və bəlkə də məhkumam!
Qınamıyın məni, ey dahilər, müdriklər, intellektuallar, dmokratlar, vətənpərvərlər! Bu qınaqlar mənim ədəbli, ədəbi-kultural vicdanımı göynədir. Bilirəm, sizlər “ədəbi vicdan”a sadiq, qələmə və sözə sadiq adamlarsınız. Məni cahilliyimə və gəncliyimə bağışlayın, “Ədəbi vicdan” adlı nəsnənin nəmənə olduğunu doğru-dürüst bilmirəm. Daha doğrusu əvvəl elə bilirdim ki, bilirəm.
Sonra… Nə isə…
Sizə söz verirəm ki, ömrümün irəlidəki qismini vicdanyönümlü, ədəbi mövzulu, ədəbi vicdan ağırlıqlı tədqiqatlara israf edəcəm. Öyrənəcəm!
Cəhalətdən aydınlığa doğru sonsuz səfərə başladığım dönəmlərdə elə bilirdim ki, odlu-alovlu çıxışlar edən, əjdaha yazılar guppuldadan dostlarımızı qıdıqlayan nəsnənin adı “ədəbi vicdan”dır. Sən demə əlləri “böyüklərin” ətəyində olan kimsələr, sadəcə biz “fağır rayon uşaqları”nın gözündə azad və müstəqil, adil və vicdanlı görünürmüş. İlluziya.
Sonra yol ayrıcları, Şəhriyarın sözü olmasın, “döngələr, dönümlər” başladı. Hər yol ayrıcında bir “əhli-vicdan” ifşa olundu, hər krizisdə bir “ədalət carçısı” iflasa uğradı.
Çiynimi yükün əyilən tərəfinə verməyi düşündüm. Siyasət elmində piyada olduğum üçün iddiasından xumarlanıb ağzı köpüklənə-köpüklənə sözün keşiyində dayandığını bəyan edən “ədəbi vicdan” sahiblərinin yanında oldum.
Qaçhaqaç, qovhaqov, yazhayaz…
Gethaget, qaçhaqaç gəlib çatdım əlahəzrət həqiqətin boy göstərdiyi yerə.
Gördüm ki, “ədəbi vicdan” deyib bar-bar bağıranların əli, arxasınca asıb-kəsdikləri “ədəbi vicdansızların” cibindən çıxır.
Barmağımı dişlədim.
Geriyə yol qalmamışdı.
Aldanmışdım.
“Başa gələn çəkilir” deyib, müşahidə etməyə başladım. Azadlıqdan, müstəqillikdən, azad düşüncədən, azad sözdən, böyük ideallardan danışan məxluqata nəzər saldım və onların sadəcə zəncirlərinin bir qədər uzun olduğunu fərq etdim.
Vicdansızlığına şübhə duymadıqlarımın vicdanlı saydıqlarımın başına tumar çəkdiyini gördüm. Bir də ayıldım ki, hamı həyatını əbədi maraqlar – pul və şöhrət arxasınca qaçmağa sərf edir.
Silkələndim.
Ayıldım.
Ailə, pul, şöhrət, tanış, dost, rahatlıq aşiqlərinin əbədi maraqlar uğrunda savaşında yanlış düşüncələr içində çapaladığımı gördüm.
Anladım ki, bizim bu balaca məmləkətimizdə “ədəbi vicdan” yox, əbədi maraqlar var.
Oturub məmləkətimi düşünürəm və gülürəm.
Kiçik məmləkətlərin, böyük ədəbiyyatı ola bilməzmiş sən demə.
“Sabah üz-üzə gələrik”, “qohum olarıq” xofuyla adamların necə pərən-pərən düşdüyünü gördüm. Nadanların qabağa çəkildiyini, axmaqların meydan suladığını fərq etdim. Məgər bizim gördüyümüz həqiqətin bir “alt qatı” da varmış. Sən demə, biz “böyük ədəbiyyat” dediyimiz nəsnə üç-dörd dostu tərifləmək, bizdən olmayanları “daşlamaq” imiş.
Biz inanclarımızın arxasınca qaçanda arxada qalanlar baxıb gülürmüş.
Biz düzlük deyib savaş açanda kimlərsə qazanc əldə edirmiş.
Heç nə gördüyümüz kimi deyilmiş.
Utandım.
Bu qədər cahil və “mayıf” olduğuma görə yox, bizi aldadanların bicliyini vaxtında dərk etmədiyim üçün.
İndi oturub özümü düşünürəm və gülürəm.
Bir vaxt “ədəbi vicdan” deyib üsyan bayrağı qaldıranların umurunda deyilmişik.
P.S. : Ola bilsin ki, oxucu bu yazıdan mətləb hasil etməsin. Amma əminəm ki, lazım olanlar, lazımı nəticəni çıxaracaq, gecə gündüz “ədəbi vicdan” deyib bar-bar bağırmayacaqlar. Hə, bir də “ad çək” deyib yaxasını kənara çəkmək istəyənlərə bircə ad çəkirəm: “hamınız”!
“Vicdan”ınıza sayğılarla…