Qardaşxan. Möcüzə olmadı – Vətənə qurban getmədin, sənətə qurban get

-1977-ci ilin noyabrı. Aktyor evində şeir gecəsi. Əlağa Kürçaylı, Məmməd İsmayıl, Nüsrət Kəsəmənli, Şəmşad Rza… Çıxış edənlərdən təkcə tələbə mən idim. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurdum. Bir ana əlindən yanıqlı vaxtlarımdı. Şeiri deyəndə də yaman dolxusunmuşdum:

 

Bəlkə elə görərəm

Ayrılıb gəlin köçür

Pəncərəsi daşlı qız…

 

Ardınca da “Sizin küçədə”, “Gömgöy” şeirləri… Məmməd İsmayıl sonradan: “Xüsusən də, qoşman ilə məni təəccübləndirdin, – Avqustda şəhərdən gələn oğlanın Rəngi bomboz olub, dodağı – gömgöy. Qələmlə əslində rəssamlıq etmişdin. Yayın istisindən dağın soyuğuna düşən şəhərli oğlanın portretini gözəl vermişdin” – dedi.

“Pəncərədən daş gəlir”: “Gömgöy”lə mən “Ədəbiyyat qəzeti”nin “Gənclər klubu” səhifəsində Qardaşxan Əziz imzasını oxuculara ilk dəfə tanıtdıq. Hər müəllifdən bir- iki şeir verilmişdi. Bizi Məmməd müəllim təqdim etmişdi.

“Gömgöy”: Dərc olunmağımızdan düz qırx beş il ötür. Onda “Ədəbiyyat və incəsənət” adlanırdı “Ədəbiyyat qəzeti”, mən də “Qoşma” adı ilə çap edilmişdim.

“Pəncərədən daş gəlir”: Bizdən qabaq “Köç ürəyimə” adlı çox isti bir şeir vardı:

 

Tikanlı fikirlər səni yoranda,

Bir bahar istəsən qarda, boranda…

…Yaşamaq istəsən illər uzunu,

Köç ürəyimə!

 

“Gömgöy”: Yaxşı yadımdadır. Telman Nəzərlinin şeiri idi. Sənə yaman təsir eləmişdi. Aranızda bir yanğı doğmalığı vardı, bəlkə də daha çox ona görə.

“Pəncərədən daş gəlir”: Vaqif Bəhmənlinin “Üzük” adlı şeirində də nakam bir sevgidən danışılırdı:

Bəxtimə dolanan qızıl ilandı

Sənin barmağında saralan üzük.

 

– Söhrab Tahirin dərnəyində yana-yana demişdi Vaqif o şeiri.

“Gömgöy”: Daha kimlərdi bu səhifədə? Rauf Soltan, Loğman Rəşidzadə, Sultan Mərzili, İslam Əhmədov (Türkay), Aydın Səlimov (Səlimzadə), Yunis Novruzov, Avdı Qoşqar.

– Bir sözlə, bəzən “itirilmiş nəsil” adlandırılan bir qrup 80-ci.

“Gömgöy”: Deyirsən, ayağımız düşərli olmayıb? Amma xoşa gəlmişdik. Aktyor evindəki alqışlar yadındadı yəqin. Biz iki şeir o vaxtdan sənin “ədəbi pasport”un olduq. Bu gün də səni görənlər bizdən misralar deyirlər.

– Həə, səni deyirlər? Məni demirlər amma. Sizdən sonra yazılanları sizin kimi demirlər. Ona görə itirilmiş sayılıram da. Qırx beş il bir igidin ömrüdür. Bu illərdə nəyisə dəyişəcək söz deyə bildimmi? İlk məhəbbət kimi təkrarsız oldunuz.

“Pəncərədən daş gəlir”: Ağzında ilk məhəbbət deyirsən. Təzə çap olunmuşduq. Söhrab Tahirlə Məmməd Araz dənizkənarı bulvarda gəzişərkən təsadüfən onlarla rastlaşdığın yadında olar. Dərnəyinə gedirdin deyə Söhrab əmi səni tanıyırdı “Qardaşxan Əzizdir” -deyə təqdim etdi. “Şeirlərin xoşuma gəldi” – dedi Məmməd əmi.

– Xalq mahnıları əsasında yaranan şeirlərimin heç biri sənin yerini vermədi ancaq. Görünür hava o hava deyildi daha.

“Pəncərədən daş gəlir”: Qumsalda batıb-çıxan su kimi on-on beş şeirindən bir hər dəfədə başqa bir görkəmdə görünürdüm:

 

Bu qapısız dünyada

pəncərədən daş gələr,

Pəncərəyə hər baxan

öz daşına tuş gələr.

 

Dünyamızı dəyişər

Pəncərədən gələn daş,

Göz yaşıtək yaşayan

Başdaşıtək ölən daş.

 

Bu qapısız dünyadan

Gələrik biz dünyaya,

Gedərik bu dünyadan

Pəncərəsiz dünyaya.

 

***

…Pəncərədən daş gəlir

Bəri bax dünyasıdır,

Ən haqsız adamın da

yeri haqq dünyasıdır.

 

***

Deyirəm yazdığım hər misra elə

Bir yaz havasına bürünüb gələ.

Bəlkə “Pəncərədən daş gəlir” belə,

Yaz ətri burnuma haradan gəlir?

 

***

Bir tale ki, pəncərədən daş kimi gəlsin,

Bir ömür ki, xumar gözdən yaş kimi gəlsin…

 

– Beş-üç poetik nümunə ilə haracan getmək olar? Deməzlər hanı sənin “İlahi komediya”n, “Hamlet”in, “Faust”un, “İtirilmiş cənnət”in? Hanı “Dəli Kür”ün, “Məhşər”in, “Qətl günü”n? “İtirilmiş nəsil” adlı bir roman özü maraqlı olardı bəlkə? Yelə verdik illəri.

 

“Gömgöy”: Niyə? Həmin “Gənclər klubu” səhifəsində şeiri gedənlərdən məhsuldar işləyən, poemalar yazan, seçilmiş əsərlərini, cildlərini nəşr etdirənlər də oldu.

– Vaqif Bəhmənlini deyirsən? Mən demirəm ki, əsl poeziya naminə söz deyilmədi, həmişə barıtı boşuna yandırdıq. Məsələn, o imzalardan Rauf Soltan təkmil, bitkin şeirləri ilə seçildi. Deyirəm ki, ədəbi hadisə ola biləcək əsər ərsəyə gəlmədi.

İçimdən səs: Bir də 80-cilər tək o imzalardan ibarət deyil axı. Belə də bədbin danışmaq olmaz. Vaqif Bayatlı Odər, Çingiz Abdullayev, Rafiq Tağı, Həmid Herisçi, Murad Köhnəqala, Rasim Qaraca, Azad Yaşar, Zahid Sarıtorpaq, Əjdər Ol, Vaqif Sultanlı, İlham Qəhrəman, Əlizadə Nuri  (daha neçə-neçə imza) 80-cilərdəndir. Söhbət o səhifədəki müəlliflərdən, özü də poeziyadan gedir. Əslinə qalsa, əsas özündən. Nəsrdə də qələm sınamadın deyirəm. Bağlanıb qaldın sanki.

“Pəncərədən daş gəlir”: Kiçik bir maneə poetik düşüncəni sıradan çıxara bilir. Qarabağ hadisələri bütün həyat axarını dəyişdi. Sən də çox uzun müddətə hərbi forma geyinəsi oldun. Bu təsirsiz qalmadı.

– Demək, yazara zəngin material verən hadisələrlə iç-içə oldum, sıradan olmayan bir həyat yaşadım. Ortada isə bir şey yoxdur. Tənbəllik? Yazmamaq sindromu? Ya nə?

İçimdən səs: Sualı özünə verirsən yəqin. Əlindən tutan ki, yoxdur. Deyilməsi mümkün olmayan sözün də deyilməsi mümkün olan ədəbi forması var. Belə getsə, boş keçən illərin üstündə uzun müddət baş sındıracaqsan.

“Soldan sağa yazılanı sağdan sola oxumaq”: Uzaqgörənliklə yazılmış “İran və qloballaşma qaçılmazlığı” essesi dərc edilincə 2011-ci ilin 19 noyabrında molla rejiminin fitvası ilə ədəbi cəsarət simvolu Rafiq Tağıya sui-qəsd edildi. Namərdcəsinə qətlə yetirilən yazara həsr etdiyin “İmza yerinə rəmzi qılınc” adlı esseni, mənimlə başlayan “Tum ağ çıxdı qara qabıqdan”, “Ölməmişdən qabaq öldürülmüşüm”, “Gücü dahisində uca millətim”, “Şeytanbazarda yaşıl bazarlıq”, “Qiyamət gün gəlir”, “Söz Rafiq Tağıydı”, “Qan suyla yuyulmur”, “Sübhün azan vaxtında, vaxtın azan yerindən”, “Bir tale ki, pəncərədən daş kimi gəlsin” kimi və daha bir neçə – bütövlükdə on beş şeirini niyə unudur, “ortada bir şey yoxdur” deyirsən. “Qurani-Kərim”də “Kim bir insanı öldürsə, bütün insanlığı öldürür” deyilir… Həmin silsilə Rafiqin timsalında, həm də Sözə, Qələmə edilən terrora kəskin etirazdı, alt qatlarında isə “Gülüstan”çılara, “Türkmənçay”çılığa da qarşı bir üsyandı əslində.

“Dualar” silsiləsi (söhbətə qoşulurlar): Bağışla, bizi heçə sayırsan? Bəlkə biz 23 şeiri yada salasan. İl də 2023-dür. Heç olmasa, bu il bəxtimiz açılsın.

– Nəyi nəzərdə tutursunuz?

“Dualar” silsiləsi: Axtarsan, biz yaxşı bir kompozisiyayıq elə.

– Sizinlə iş düzəlir? Lermontov, Şelli, Cəfər Cabbarlı, Bayron, Puşkin, Şiller, Nazim Hikmət, Hafiz Şirazi yaşını keçdim e, allah sizi saxlasın! Əli Kərimin, Musa Yaqubun, Ramiz Rövşənin bir şeirini yazammadım.

“Gömgöy”lə “Pəncərədən daş gəlir”: Bizi yazdın. Elə bizi yazdığın vaxtlarda “Hər səhər beləcə, hər axşam belə”ni, “Nyuton”u, “Baharla birgə”ni, “Qardaşxan Əziz də, Əziz Nesin də” şeirini yazdın.

– Nə olsun?! Gənclik illərində az da olsa bunlarla təsəlli tapmaq olardı bəlkə. Söhbət sonrasından, az qala bütöv bir yarım əsrdən gedir. Güclü yaşantılar, dərin səmimiyyət vardı içimizdə. Sonradan o əzəlki hisslərimiz korşaldı, ya necə, bilmirəm. Arxayınçılıqmı yarandı? Rahat ürəkmi tapdıq? O ilk çıxışdan, Söhrab əmi demiş, o cür diri şeirlərdən sonra təkəm-seyrək “poetik qabarmaları” çıxmaqla, yüksəliş oldumu? Hər halda sonrakı illərdə əvvəlki sevgilər yaşanmadı. Möcüzə də olmadı.

İçimdən səs: Az-çox yenə Söz qalacaq. Bir Allah yaradır, bir də sənətkar. Hər poetik yaradıcılığın özü bir silsilə şeirdir. Başlanğıcı, sonu var. Bir də yeri əbədiyyət olan yaradıcılığın məyər sonumu var? Bir şeirində: “Bu qurban vətənin Qardaşxan adda, Bir qurbanlığı da var ehtiyatda” demişdin. Vətənə qurban getmədin, sənətə qurban get!

Edebiyyatqazeti.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Cəlil Cavanşir. Ədəbi vicdan

Bz Fev 12 , 2023
Şəxsi mənafe və ədəbi vidan Müdriklərə, dahilərə, intellektuallara və bütün rayon uşaqlarına… Əlimlə çənəmə dayaq verib, uzaqdan-uzağa, dərdli-dərdli məmləkətimin ədəbi mənzərəsini seyr edirəm. Dünyada hər şeydən çox sevdiyim bap-balaca, param-parça, at izi it izinə qarışmış, mədəniyyəti səfalət girdabında boğulan məmləkətimi düşünürəm. Bir az müdrikcəsinə, bir azda yekə çıxdı eləmi? Vallah-billah […]