Elşən Pulkənd. Ömrün son anı

Deyirlər axı, insan ölümünü hiss edir. Düz deyirmişlər. Hiss etdim ki, ölürəm. Həyatımın son anları olduğuna görə, utanmadım, heç nədən çəkinmədim, qorxmadım, abır eləmədim. Dedim ki, əlli il üzünü görmədiyim o qızı çağırın, gəlsin bizə, son dəfə onun gözlərinə bir də baxım. Mən dedim, arvad-uşaqlar da onu çağırdılar. Əslində, heç inanmırdım ki, çağıracaqlar. Yəqin son arzumu yerinə yetirmək istədilər. Bunlar çağırdılar, o da durub gəldi bizə. Bunun da mümkünlüyünə inanmırdım. Görünür, o da mənim ömrümün son anları olduğuna görə, utanmadan, heç nədən çəkinmədən, qorxmadan, abır eləmədən oğlunun maşınına minib təcili gəlmişdi.

Onu görəndə təəccübləndim. İçimi peşmanlıq hissi şumladı. “Bu ki neybətin biri imiş, mən bunun nəyini sevirmişəm”. Dərhal da yatağımdakı öz halımı – sısqa, qurumuş, qırışmış sifətimi xatırladım. Xəcalət çəkdim. Peşmanlığım bir az da artdı. “Allahım, kaş ki mən o qızı görərdim, bu qadın da o oğlanı”, – deyə düşündüm və dərindən ah çəkdim. Başıma yığışanlar elə bildilər son nəfəsimi verdim. Amma belə deyildi. Ulu tanrım da sanki mənim son arzularımı yerinə yetirməkdə müntəzir durmuşdu. Tam aşkar şəkildə hiss elədim ki, cavanlaşdım, altmış il əvvəlki görkəmimə qayıtdım. Ömründə ilk və son dəfə bizə qonaq gələn o qadına baxdım. Heyrət içində yatağımdan sıçramaq istədim. Bacarmadım. O da əvvəlki görkəminə düşmüşdü – cavan, gözəl, uzun hörüklü. Gözləri də əvvəlki gözlər idi. Sinifimizin bu başından o başına zilləndiyim gözlər! O başdan bu başa mənim gözlərimə baxan ahu baxışlar… Əhvalım xeyli yaxşılaşdı. “Həəə, bax, mən bu gözləri, bu baxışı sevmişdim”.

Rahatlandım və rahat şəkildə, heç kimin hiss etməyəcəyi xoşbəxtliklə son nəfəsimi verdim…

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Səpələnmiş ölümlər zamanı

Ça Fev 7 , 2023
2020-ci ildə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya Film Festivalında “Qızıl Şir” mükafatına namizəd olan ilk Azərbaycan filmidir. Filmləri üçün heç vaxt ssenari yazmadığını, yalnız bir neçə misra yazdığını qeyd edən Baydarov, bu filmdə də çəkilişdən dərhal əvvəl şeir yazdığını və bunu baş rol ifaçısı Orxan İskəndərliyə verdiyini qeyd […]