Marek Bienczyk. İdilliya, Dəhşətin qızı

KLV.az saytı Milan Kunderanın polyak yazıçı Marek Bençikin “Tvorki” romanı barədə essesini təqdim edir.

30 Of The Most Powerful Milan Kundera Quotes Ever To Be Heard

 

 

 

 

 

 

 

The Idyll, The Daughter of Horror

 (İdilliya, Dəhşətin qızı)

Marek Bienczyk: Tworki

Hadisələr  ikinci dünya müharibəsinin sonlarına doğru Polşada baş verir. Varşavadakı böyük  psixiatriya xəstəxanası Tvorkidən tarixin ən çox bilinən dövrünə bilinməyən aspektdən nəzər salınır. Məqsəd  nəyin  bahasına olursa-olsun azad, sərbəst olmaq deyildi? Əksinə, bu qaranlıq dövrdə gizlənməyə deşik axtarmaq ən ağlabatan  işiydi.  Bir tərəfdə dəhşət, digər tərəfdə sığınacaq axtarışı.

Xəstəxananı almanlar (Bu almanlar vəhşi faşistlər deyil, romanda boş yerə şablon mövzular axtarmayın)  idarə edir. Bir neçə polşalı gənc xəstəxanada mühasib işləyir. İçlərində saxta pasportlu yəhudilər də var. Elə ilk andan etibarən incə bir nüans diqqətmizi cəlb edir. Bu gənclər zəmanə gənclərinə bənzəmirlər. Ədəbli, utancaq və bacarıqsızdırlar. Yaxşı işlər görməyə sadəlövhcəsinə can atırlar. Hər bir gənc kimi onlar da nakam eşq macərası yaşayıblar.  Ancaq qısqanclıq, həsəd kimi hisslər  onların məsum eşqlərinə xələl gətirməyib, sevgiləri nifrətə çevrilməyib.

Görəsən, o dövrün gənclərini müasir gənçlikdən bu qədər fərqlənirdirən nə idi? Aralarındakı yarım əsrlik vaxt? Mən bu fərqliliyi başqa bir səbəblə əlaqələndirirəm. Onların yaşadığı idilliya dəhşətin qızı idi, gizli və hər an mövcud olan, hər an pusquda dayanan dəhşətin. Burada “şeytani paradoksallıq” var: Bir cəmiyyət (məsələn: bizim cəmiyyətimiz) səbəbsiz yerə hər yana şiddət və pislik saçırsa, bunun ən böyük səbəbi həqiqi pislik təcrübəsinin, bütün pisliklərin hakim mövqedə olduğu  təcrübənin əskikliyidir. Çünki tarix nə qədər mərhəmətsiz olsa, pənah apardığımız dünya bir o qədər gözəl görünür. Bir vəziyyət nə qədər adidirsə, bir o qədər müəkkəb və həyati məsələlərlə əlaqəlidir.

Romanda  sözlərin nəqarət kimi təkrarlandığı, təhkiyənin könül oxşayan bir nəğmətək insanı xəyallara daldırdığı səhifələr var. Bu musiqi, bu şeir hardan  qidalanır?  Həyatın konkret, gündəlik həqiqətlərindən, ağılımıza gələ biləcək ən adi şeylərdən. Jurek Soniyaya aşiqdir, eşq gecələrindən çox bəhs edilmir, ancaq Soniyanın oturduğu yelləncək  ən xırda təfsilatı ilə təsvir edilir. “Yellənməyi niyə bu qdər çox sevirsən?” – deyə Jurek soruşur. “Çünki…  izah etmək çox çətindir.  İndi aşağıda olduğum halda, sonra qəfildən ən yuxarıda oluram. Daha sonra əksinə”.  Jurek bu təsirli etirafı dinləyir və heyranlıqla “Soniyanın ayaqqabılarının açıq qəhvəyi dabanlarına”, yerə, “ağacların zirvəsindəki yarpaqlara”, yuxarıya baxır, sonra “burnunun ucuna , endikləri” yerə, aşağıya baxır, hər dəfə eyni heyranlıqla baxır və unutmur.

Romanın sonuna yaxın Soniya çıxıb gedir. Bir vaxtlar  Tvorkiyə kövrək idilliyasını yaşamaq üçün qaçmışdı. Soniya yəhudidir.( Bunu heç kim bilmir, oxucu belə) Onun yəhudi olduğunu heç kim bilmədiyi halda özü özünü xəstəxana rəhbərliyinə təslim edir. Xəstəxanın  müdiri dəhşətə gəlir və qışqırır: “Dəlisiniz siz,  dəlisiniz”.  Alman müdir qızı xilas etmək üçün onu dəli hücrəsinə salmağa belə razıdır. Ancaq Soniya öz dediyindən dönmür. Onu növbəti dəfə gördüyümüz vaxt artıq cansızdır. “Soniya uca bir qovaq ağacının budağından asılmışdı, Soniya yellənirdi, Soniya asılmışdı”.

Bir tərəfdə həyatın qovuşulan, bahalaşan, nəğmələnən  idilliyası, digər tərəfdə asılmış gənc qız.

 

       İngilis dilindən tərcümə edən: Ülvi Babasoy

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qulu Ağsəs. Tabutdan başqa heç yerdə ayaqlarını oxxaynan uzatmayıb (şeirlər)

Tabutdan başqa heç yerdə ayaqlarını oxxaynan uzatmayıb Atam bu dünyada o dünyanın cəhənnəm əzabını çəkib, Qırx bir – qırx beşdə faşistlərlə döyüşüb Kerçdə – atəş kəsiləndə, ya da siqaret fasiləsində Gülablıda odun doğrayıb, axura ot töküb… Üzünü xatırlamıram deyə, hərdən elə bilirəm, məni öləndən sonra əkib… Bir tikə çörəyin dərdindən […]