Sabir Çopurovun neft ətirli əsərləri

Sabir Çopurov 1956 – cı ildə Gürcüstanın Borçalı mahalında anadan olmuşdur. 1972-1975 – ci illərdə Bakı Dövlət Rəssamlıq Məktəbində təhsil almış, 1975-1977 – ci illərdə Gürcüstan Rəssamlıq Akademiyasında təhsilini davam etdirmişdir. 1988 – ci ildə Gürcüstan Rəssamlıq Akademiyasının üzvü olmuş, həmçinin 1980 – ci ildən beynəlxalq sərgilərdə iştirak etmişdir. Əsərləri 1986 – cı ildə Gürcüstanda, 1990 – cı ildə Moskva şəhərində keçirilmiş sərgidə nümayiş etdirilmişdir.

Sabir Çopurov dünyada boya əvəzinə sırf neftlə rəsm çəkən yeganə rəssamdır. Peşəkar fəaliyyəti zamanı bir müddət maliyyə sıxıntıları keçirən və boya almağa imkanı olmayan rəssamın köməyinə məhz Bakı nefti çatır. İstifadə etdiyi boyaları bilavasitə neftlə əldə edən rəssam fırça əvəzinə barmaqları ilə işləyir. O, bu halda materialı daha yaxşı hiss etdiyini düşünür. “Mənim özüməməxsus, öz çəkmə üslubum var. Həm barmaqlarım, həm də dırnaqlarımla işləyirəm. Bu barmağımla çəkirdim və dırnaq saxlayırdım bu barmağımda, çünki incə xətləri dırnaqlarımla edirdim”.

Sabir bəy hələ 5-6 yaşlarında olanda bir gün nənəsinin müalicəsi üçün Naftalan şəhərindən evlərinə neft gətirilir. İstifadə olunduqdan sonra artıq qalan neftlə həyətdə evlərinin divarlarına müxtəlif rəsmlər və cizgilər çəkməyə başlayan Sabir bəy neftlə ilk tanışlığına ta o vaxt imza atır.

Sonralar Sabir bəy xam nefti çətinliklə tapdığı üçün bu sahədə fəaliyyətini davam etdirməkdə çətinlik çəksə də, illər sonra Bakıya gəlir və peşəkar fəaliyyətə başlayır.

O, neft buruqlarından yığdığı xam neft ilə kətan üzərində rəsmlər çəkməyə başlayır. Azərbaycanın neft səltənətini kətan üzərində canlandıran Sabir bəy “Neft Daşları”, “Neft buruqları” kimi mövzularla yanaşı, Azərbaycan mədəniyyətinin müxtəlif mövzuları üzrə möhtəşəm əsərlər ortaya çıxardır. Onun yaradıcılığında əsas yer tutan idea Azərbaycanın mədəni irsini dünyaya tanıtmaqdır.

Rəssamın “Karamazov qardaşları” muzeyindəki tablosu


2012- ci ildə çəkilmiş bu rəsm əsərində rəssam qədim Bayıl neft buruqlarını, Azərbaycan atını təsvir etmişdir. Elə onu Bakıya gətirən ilk yer də Bayıl idi. Bu xatirəsini rəssam belə bölüşür: “Birdən fikirləşdim ki, neft var Bakıda. Nəsə istifadə edim. Bu fikirlə gəldim Bakıya. Bayıla getdim, orda neft gölməçələri var idi, gölməçələrdən neft gətirdim emalatxanama. Bunlardan eksperiment kimi istifadə elədim. Bunu boya halına gətirmək üçün fikirləşdim. İşlədim, uzun müddət, 7-8 il əsərlərimi heç kəsə göstərmədim. Sonra yavaş-yavaş satışa çıxartdım”.

Sabir Çopurov neftlə rəsm çəkmə texnikasını Dövlət Standartlaşdırma və Patent agentliyində patentləşdirib. Bugün əl işləri bir çox ölkələrdə şəxsi kolleksiyalarda saxlanılan əsərləri ilə Sabir bəy bir çox sərgilərdə iştirak edib və böyük uğurlara imza atıb. Çopurov sənətdə olduğu 15 il ərzində 700-ə yaxın əsər çəkib, 300-ə yaxınını satıb. Əsərlərinə maraq daha çox xaricdən gələn rəssamın ABŞ-da, Fransada, Almaniyada, Qazaxıstanda da sərgiləri təşkil olunub.

Hazırladı: Nərmin Əzimli 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ceyms Corc Freyzer. İnsan obrazında təcəssüm etmiş Allahlar – 3

Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/  (davamı) Müvəqqəti ruhlanma doğurmağın başqa bir üsulu müqəddəs ağac və ya bitkidən istifadə etməkdən ibarətdir. Hinduquşda müqəddəs sidr (kitrə) ağacının budağını yandırırlar və başı örtülü görücü əsməcəyə düşənədək və bayılıb yerə yıxılanadək qatı acı tüstünü udur. […]