Antik yunan didaktik eposunun banisi Hesiodun “Zəhmətlər və günlər” poeması miladdan əvvəl V əsrdə yazılsa da, müasirliyini itirməyib. Çünki əsərdə hələ də şahidi olduğumuz bəşəri problemlərdən bəhs olunur.
Hesiod poemanı qardaşı Persə müraciətlə yazıb. Bəli, Pers öz doğma qardaşı Hesiodla vərəsəlik üstündə məhkəmə davası aparır və pulxor, azğın hakimlərin köməyi ilə qalib gəlir. Poemanı diqqətlə incələsək, görərik ki, müəllif haqq işi uğrunda təkcə öz mübarizəsini qələmə almır, həmçinin insanların necə ağır vəziyyətdə yaşadığını açıb göstərir. Az qala hər misranın bu günümüzlə necə də səsləşdiyinə təəccüb etməmək olmur. Divan əhlində ədalət yox, məhkəmələr sifariş yerinə yetirir. Acı reallıq budur. Müəllif isə öz haqq yolunda israrlıdır. Bir düz yüz əyrini kəsir: “Müftəxorlar haqsızlıqla haqqı yoldan hər nə qədər azdırmağa çalışsalar // Haqqın yolu birdir, düzdür, dəyişməzdir”.
Poemanın əsas məğzini elə “Bülbül və Çalağan” təmsilinin timsalında görmək olur. “Ey Pers, haqqı dinlə, lovğalıqdan həzər eylə!” dəyərək qardaşını düz yola dəvət etməyə çalışır. Müəllif bunu bəzən sadə, anlaşıqlı bir dildə, bəzən də açılmağını gözləyən şifrəli misralarla ifadə edir. Bütün bunlar Hesiod qələminin qüdrətinə oxucunu bu gün də heyran qoyur.
Təmsil, həm də bir növ nəsihətnamədir: “Zəhmət halal qazanılan pultək necə şirindir! İnsan zor gücünə haqsızlıq etməməlidir. Bu, insanlıqdan deyil. Lovğalıq insanlığa təhlükədir. Böyüklərə lovğalanmaq yaraşmaz”.
Amma “çalağanlar”, əfsuslar olsun, lovğalığı özlərinə sənət edib, zor gücünə qələbəni şirin bilir və deyirlər: “Zorlularla bəhsə girən düşüncəsiz olanlardır”.
Çalağanın timsalında göstərilən zorakılıq ironiya olunur, bunun özbaşınalığa, fəlakətlərə yol açdığı misralarla rəsm edilir. Zorakılıq fiziki olaraq qələbə çala bilər. Amma əsl qalib mənən, ruhən qalib olandır. Mənəvi qələbəni isə qəlbən sadə, haqlı olan insan qazanır. Lovğa, azğın zavallılar əsl məğlubiyyətini çox gec dərk edir.