Sevinc Elsevər. İki ana (hekayə)

Sevinc Elsevər

 

Ağ, sısqa it idi, ancaq tüklərinin arası  toz-torpaqla dolmuşdu deyə ağlını itirmişdi. Yuyulmaqdan sarıya çalan ağ köynəklər, mələfələr kimi  Ağca da köhnəlmişdi.  Yəqin ki, zamanında tükləri ağappaq olmuşdu, nə vaxt ki anasının yanında o tərəf-bu tərəfə hoppanan xoşbəxt küçük idi.  Heyvanlar da ən çox körpə olanda xoşbəxt olurlar.  İnsanlar kimi. Elə ki, böyüdülər, dərd- qəm başlayır, cütləşmək ehtiyacı, doğub-törəmək, balaları böyütmək  dərdi!

Körpünün altından çox sular axmışdı, başına çox işlər gəlmişdi, həyatı da  tükləri kimi bulanıq olmuşdu Ağcanın. Yaşadığı məhəllədə böyüklər ona qancıq deyib qovurdular. Uşaqlar əzizləyib “Ağca” çağırırdılar. Uşaqlar üçün ağ elə ağ idi!  Üstünə rəngli boyalar tökülsə də, toz- torpaqla kirlənsə də…

Yayı binanın bloklarından birinin ağzında keçirmişdi. Uşaqların dalınca düşür, ətəklərini,  dükandan əllərində gətirdiyi torbaları iyləyir, bəzən onları  mənzillərinəcən ötürürdü.

Ağca bu məhəllədə dünyaya gözlərini açmışdı, bu yerlərdən başqa yer, bu adamlardan başqa adamlar  tanımırdı. Harasa çıxıb getmək ağlına da gəlmirdi. Halbuki, uşaqların arasında da onu küsdürənlər, daşa basanlar, söyüb qovanlar tapılırdı.

Boğazlıq dövrünü isti yay günlərində keçirtdi.  Ağca ilk dəfə dünyaya küçüklər gətirəcəkdi. Bəlkə də, küçüklərinə, onların taleyinə, gələcəyinə görə məhəllədən heç yana gedə bilmirdi. Axı uzaqlarda, gedəcəyi yerlərdə onu nələr gözlədiyini bilmirdi.

Hərdən  səliqəli ev xanımları  ona yemək verirdilər. Aralarında rəhmli olanları tapılırdı. Ona köhnəlmiş kolbasa, sosiska, üç gündən qalma kotlet, toyuq qanadları gətirirdilər. Ağca minnətdarlıqla yeyir, bətnindəki küçükləri böyüdürdü.

Küçüklər doğulan axşamı qəfil payız gəldi. Hava  elə soyudu ki, adamlar bir neçə aydır dolablarının əlçatmaz yerlərində saxladıqları pencəklərini, jaketlərini, kurtkalarını çıxarıb geyindilər. Çətirlər, papaqlar tapılıb ortaya çıxarıldı. İsti corablar, tuflilər axtarıldı dolablarda.

Məhz, belə bir axşamda Ağcanın küçükləri doğuldu. Ağca küçüklərini  soyuqdan, yağışdan qorumaq üçün binanın dəhlizinə  girib orda doğdu.  Gecikmiş, payızda çiçəkləyən gül kolu kimiydi Ağca. Tikanlı və əsəbi. Yanından ötən insanların marağını çəkdikcə daha çox qorxurdu onlardan. Analıq başına  ilk dəfəydi gəlirdi. İnsanların diqqətini niyə belə çox çəkdiyini anlaya bilmirdi. Ancaq analıq duyğularıyla, dişi  təbiətiylə anlayırdı ki, küçüklərini ən çox adamlardan qorumalıdır. Uşaqlar, böyüklər yaxınlaşıb Ağcanın küçüklərini sayırdılar. Doqquz  gözü açılmamış, qapqara küçüyü vardı. Ciyiltiləri bloku başına götürmüşdü. Evlərin qapısı açılır, adamlar başlarını çıxarıb Ağcaya, küçüklərinə baxır, uzun-uzadı müzakirə edir, başlarını bulayırdılar. Bəziləri əlinə  sellofan torba  keçirib Ağcaya və balalarına  yaxınlaşır, əl uzatmaq istədiklərində  Ağca hürüb qovurdu. Ağca adamların balalarına toxunmasına yol verə bilməzdi. Nəinki adamların, uşaqların da toxunmasına imkan vermirdi.

İndi  Ağcanın bütün məqsədi, həyatının mənası  onları hər şeydən, hər kəsdən qorumaq idi!

Saatlar ötür, adamlar gəlib keçir, Ağcadan qorunmaq istəyənlər qaçıb uzaqlaşır, yaxınlaşanlar da itin hürməyindən çəkinib, çıxıb gedirdilər. Uşaqlar ikinci mərtəbəyə qalxır, Ağca onlara hürüb balalarından uzaqlaşdırana qədər ağ itin qapqara doqquz balasına maraqla tamaşa edirdilər.

Bayırda yağış yağırdı. Ağca günortaya qədər balalarını tam gücüylə qoruya bildi. Günorta  Mənzil -istismar idarəsinin  işçiləri gəldilər, əllərində bel, yeşik, süpürgə gətirmişdilər. Onları sakinlərdən kimsə çağırmışdı.  Gələnlərdən  bir kişi ayrılıb Ağcaya yaxınlaşdı, bellə Ağcanı kənara itələdi. Ağca nə qədər didindi, dartındısa da, xeyri olmadı. Bu vaxt həmişə Ağcaya yemək verən, mehriban davranan, qəşəng geyimli, ağüzlü xanım  yuxarı mərtəbələrdən  aşağı enirdi. Ağca acizanə zingiltilərlə ona sarı baxdı, imdad umdu. Ağüzlü xanım ayaq saxlayıb heyrətlə Ağcaya, küçüklərinə baxdı və üzünü “jek” işçilərinə tutub dedi:

-Bu ona görə sabaha qədər gəlib-gedənə hürüb? Balalayıbmış?

-Həm də doqquzunu birdən küçükləyib! – kişi əsəbi şəkildə cavab verdi.

-İndi balalarını neyləmək istəyirsiz? Onları yeşiyə yığmaq fikriniz var?

-Heç nə də! Yığıb qoyacağıq həyətə. Burda uşaqlar qorxurlar, itin əlindən bloka girib-çıxa bilmirlər. Səhərdən neçə adam zəng eləyib deyib ki, iti blokdan çıxaraq.

-Hə… ancaq  çöldə küçüklərə soyuq olmayacaq?

-Ay xanım, neynəyək? Belə ürəyiniz yanır, aparın evinizdə saxlayın! – kişi gülümsəməyə və əsəbini boğmağa çalışaraq cavab verdi.

Qadın daha bir söz demədi. Pilləkənlərdən düşüb getdi.  O, xəstəxanaya tələsirdi, həkim onu gözləyirdi. Ağca son ümidini də itirdi. Yenə küçüklərini qorumaq üçün vuruşmağa davam elədi.

Qadın iki saatdan sonra qayıtdı. Blokun ağzında saxlatdırdığı taksidən düşdü, yorğun və halsız haldaydı. Blokun ağzına yığılıb, səs-küyü aləmi başına götürmüş uşaqları görüb, onların  üstünə yüyürdü. Elə bildi ki, o, evdə olmayanda binada nəsə pis hadisə baş verib. Evdə tək qoyub getdiyi qızıyla oğlunu düşünərək həyəcan keçirtdi.

-Nolub burda? Nolub, uşaqlar?

Uşaqlar bir-birinin sözünü kəsə-kəsə danışdılar. Biri dedi:

-Əclaflar, Ağcanın balalarını əlindən aldılar!

O biri dedi:

-Küçükləri aparıb öldürdülər! Axı onları necə öldürmək olar? Hələ gözlərini bu səhər açmışdılar!

Digəri:

-Heç  gözləri açılmamışdı!

Bir başqası həyəcanla, əl-qolunu ölçə-ölçə:

-Bizi aldatdılar! Dedilər ki, öldürməyəcəyik! Ancaq öldürüblər!

Uşaqlar üsyan edirdilər. Ancaq qadın onları dinlədikcə, ürəyi yerinə gəldi. Başa düşdü ki, binada heç bir pis hadisə üz verməyib, uşaqlarına da bir şey olmayıb.

– Bəs böyüklərdən kimsə küçükləri aparanlara bir söz demədi?- qadın uşaqlardan yana olduğunu göstərməkçün  soruşdu.

On üç-on dörd yaşlarında oğlan uşağı önə çıxaraq odlu-odlu danışmağa başladı:

– Böyüklər iki yerə ayrıldılar. Bəziləri dedi ki, itlər artıb çoxalır, onların əlindən məhəlləyə çıxa bilmirik. Uşağı-böyüyü görüb hürür, cumur, dişləyirlər. Gərək artmağa qoymayaq, küçüklər  burdan aparılsınlar, uzaqlaşdırılsınlar. Bəziləri də dedilər, yazıqdır, dəyməyin, qoy qalsınlar. “Jek” işçiləri də heyvansevərlərə dedilər ki, onda aparın öz mənzilinizdə saxlayın. Heç kim küçükləri evinə aparmaq istəmədi. Jek işçiləri də  küçükləri götürüb apardılar.

Qadın təsəlli verdi:

– Bəlkə heç küçükləri öldürməyiblər? Sadəcə burdan uzaqlaşdırıblar.

Oğlan uşaqlarından biri  dedi:

– Öldürüblər. İkisini necə basdırdıqlarını gözümlə gördüm.

– Bəlkə hamısını öldürməyiblər? – qadın dedi, – guya bu təsəlli idi.

– İkisini ki öldürüblər,- oğlan kədərlə dedi. Küçüklərin nə günahı vardı?

– Qalanlarını da öldürəcəklər! Onlar yalan deyirlər! Biz burda mane olduq, hay-küy saldıq deyə götürüb apardılar, – bayaqkı yeniyetmə sərt şəkildə dilləndi.

– Axı onlar da yaşamaq istəyirdilər! – balaca bir qızcığaz ağlamsına-ağlamsına gözlərini ovuşdurdu.

Həmişə məhəllədə gəzib dolaşan post patrul xidmətinin maşını göründü. Maşın toplaşan uşaqlara yaxınlaşdı. İçindən cavan bir polis düşdü:

– Burda nə baş verib, uşaqlar? Niyə toplaşmısız? Nə səs-küydür bu? – deyə soruşdu.

On üç-on dörd yaşlarındakı yeniyetmə əl-qol ölçə-ölçə polisə olanları danışdı. Polis uşaqlara evlərinə dağılışmağı tapşırdı. Sonra maşına oturdu.

Uşaqların bəziləri evlərinə qaçdılar. Bəziləri kənara çəkilib top oynamağa davam etdilər.

Qadın pilləkənləri ağır-ağır çıxmağa başladı. Yorulmuşdu, bətni ağrıyırdı. Beşmərtəbəli binanın ən axırıncı mərtəbəsinə qalxmalıydı. Üçüncü  mərtəbəyə aparan pilləkənin başında çöküb oturdu. Başını əllərinin arasına aldı.

Aşağıda it hürməsi eşidildi. Ağcanın səsiydi. İt qaça-qaça yuxarı qalxdı. Qadın başını qaldırıb çarəsiz itə baxdı. İt küçüklərini doğduğu yerə, qapılardan birinin  ağzına gedib baxdı, iylədi-iylədi, sonra qadının yanına qalxdı, qadının əl-ayağını qoxlamağa, sonra aciz-aciz qadına hürməyə başladı. Qadın Ağcanın kədərli gözlərinə baxdı, qəfil gözlərindən yaş süzüldü.

Artıq  bütün insanlar Ağcanın gözündə eyni dərəcədə qəddar idilər. İndi o, özü də öz gözündə bütün insanlar kimi qəddar idi: yeddinci hamiləliyiydi, beşinci dəfə aborta gedirdi. Heç birində nə təəssüf hissi keçirmişdi, nə kövrəlmişdi. Hər dəfə qərarı özü vermişdi, təkbaşına həkimə gedib hamiləliklərini sonlandırmışdı. İlk dəfəydi ki, abortdan sonra dəhşətli dərəcədə peşmanlıq hissi keçirir, təkcə bətni yox, ürəyi də ağrıyırdı.

Birdən başa düşdü ki, indi Ağcaya təsəlli verməyə də üzü gəlmir.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nəriman Əbdülrəhmanlı: İstedad yaradıcılıqdan daha çox zəhmətdir

  KLV.az saytı üçün Nəriman Əbdülrəhmanlı çağdaş ədəbiyyatımızda seçilən imzalardandır. Onun çoxşaxəli yaradıcılığı oxuculara və tədqiqatçılara yaxşı tanışdır. Yaratdığı obrazlar daha çox cəmiyyətdən qaçan, özlərinə qapanan insanlar olsalar da, əslində, çox duyğulu və xeyirxahdırlar. Eynilə müəllif kimi. Nəriman müəllimlə tez-tez görüşürük. Maraqlı insandır. Yağış ətirli bir payız günü yenə görüşməyə […]