Əvvəli: Jan-Pol Sartr. Varlıq və heçlik: Fenomenoloji ontologiya təcrübəsi – KLV
Jean-Paul Sartre L`etre et le neant
Essay d`ontologie phenomenologique
Paris, Gallimard, 1943
“Varlıq və heçlik” – fransız yazıçısı və ekzistensialist düşünəri J.P.Sartrın (1905-1980) ən məşhur və azərbaycan dilinə tərcümə edilmiş ilk ən mühüm fəlsəfi əsəridir. 1943-cü ildə dərc olunaraq o, dərhal qənaətlərinin orijinallığı və obrazlarının insanın şüur və fəaliyyətinin özəllikləri, onun şeylər və başqa insanlar aləminə münasibəti, onun azadlığı və məsuliyyətinin məna və kökləri kimi ənənəvi fəlsəfi məsələlərə yeni gözlə baxmağa vadar etdi.
(davamı)
Özündə varlıq
İndi biz əvvəlki qeydlərimizdə toxunduğumuz varlıq fenomeni barədə bəzi dəqiqləşmələr edə bilərik. Şüur var olanların açılması–açılanıdır və var olanlar şüurun qarşısında öz varlıqları əsasında dururlar. Bununla belə var olanın varlığının özəlliyi ondadır ki, o, özü özünü şüur qarşısında öz kimliyi, nəliyilə açıb göstərmir. Var olandan varlığı tutub almaq olmaz, varlıq – həmişə var olanın nağd, üzönü əsasıdır, o onda hər yerdədir və o cümlədən də heç yerdə deyil; hansısa bir varlıq üsulunun varlığı olmayan və onu aşkara çıxaran və eyni zamanda da gizlədən bu varlıq üsulunda yaxalana, sezilib tutula bilməyən varlıq yoxdur. Hər halda şüur həmişə var olan üzərində yüksələ bilər – onun varlığına doğru tam olmasa da, bu varlığın mənasına doğru tam olaraq. Onun transsendensiyasının təməl özəlliyi ontik olanın ontolojiyə transsendə edilməsi olduğundan, onu məhz ontik-ontoloji adlandırmağa imkan verən də elə budur. O, özünü şüurda açıb göstərdiyindən, var olanın varlığının mənası elə varlıq fenomenidir. Bu mənanın özündə, mənanın özünü onun əsasında aşkara çıxardığı bir varlıq var. Məhz bu baxımdan sxolastikanın məlum arqumentini başa düşmək olar ki, ona görə varlığa aid hər cür cümlədə qəbih, çıxmaz bir dairə vardır, çünki varlıq barədə hər cür mühakimə artıq varlığı tələb edir, şərt qoyur. Əslindəsə çıxmazlıq yoxdur, çünki bu mənanın varlığından onun mənasına yenidən keçmək zərurəti yoxdur: varlığın mənası öz varlığı da daxil olmaqla hər cür fenomenin varlığı üçün uyğun gəlir. Biz artıq qeyd etmişdik ki, varlığın fenomeni – varlıq deyil. Amma o varlığı bildirir və onu tələb edir, hərçənd, düzünü desək, yuxarıda yada saldığımız onotoloji sübut məxsusi və yeganə olaraq, ona aid deyil: bütün şüur sahəsi üçün önəmli olan hansısa bir ontoloji sübut vardır. Amma varlığın fenomenindən çıxara bildiyimiz bütün nəticələri doğrulamaq üçün bu sübut yetərlidir. Hər cür əsas fenomen kimi varlığın fenomeni şüura bilavasitə açılır, görsənir. Ondan biz istənilən an Haydeggerin ontolojiyəqədərki, yəni anlayışlarda fiksə, bağ (bənd) edilməyən və aydınlaşma kəsb etməyən anlama adlandırdığı şeyi çıxara bilərik. İndi, deməli, bizə bu fenomenə üz tutmaq və onun köməyilə varlığın mənasını müəyyən etməyə cəhd etmək lazımdır. Ancaq qeyd edək ki:
1) mənanın bu aydınlaşdırılması yalnız fenomenin varlığı üçün uyğun gəlir. Şüurun varlığı tam başqa cürdür, onun mənası bir başqa tipli varlığın, bundan sonra təyin edəcəyimiz və özünü fenomenin özündə varlığına qarşı qoyan özündə varlığın açılma – açılanından başlayaraq, xüsusi bir aydınlaşdırmaya ehtiyac duyur; 2) özündə varlığın mənasının hazırki anda yerinə yetirdiyimiz bu aydınlaşdırılması yalnız ilkin ola bilər. Bizə açılacaq görünüşlər, görsənişlər bizim sonradan sezib tutmalı və müəyyən etməli olacağımız başqa mənaları, bildirimləri tələb edir, şərt qoyurlar. O cümlədən, əvvəlki düşüncələr də bir-birindən tam kəsilib ayrılmış iki sahəni ayırd etməyə imkan verdi: refleksivəqədərki cogito və fenomenin varlığı. Hərçəndki, belə olan tərzdə, varlıq anlayışının o özəlliyi var ki, o, iki – bir-birilə əlaqəsi olmayan sahəyə parçalanmışdır, amma bu iki sahənin bir rubrika altına necə gətirilə biləcəyini izah etmək gərəkdir. Bu, varlığın adı çəkilən tiplərinin gözdən keçirilməsinə vadar edir və yəqin ki, əgər onların ümumiyyətlə varlıq anlayışı ilə əsl münasibətlərini və onları birləşdirən münasibətləri müəyyən edə bilməsək, biz nə onun, nə də bunun mənasını gərəkən şəkildə sezib tutmağa qabil olmayacağıq. Həqiqətən də, özünü qarşıya qoymayan, sanmayan şüuru tədqiq edərək, müəyyən etdik ki, fenomenin varlığı heç bir halda şüura təsir göstərə bilməz. Bununla biz fenomenin şüurla münasibətlərinin realistik konsepsiyasını aradan qaldırdıq. Amma qeyri-refleksiv cogito-nun spontanlığını, özündənliyini tədqiq edərək biz həm də göstərdik ki, əgər o ona əzəldən verilmişsə belə, şüur nə öz subyektivliyindən çıxa, nə transsendent varlığa təsir edə, nə də ziddiyyət olmadan onlardan transsendent varlığın əmələ gəlməsi üçün zəruri olan passivlik elementlərini daxil edə, işə sala bilər: deməli, biz bu problemin idealistik həllini də aradan qaldırdıq. Deyəsən, biz arxamızca bütün qapıları bağlamışıq və transsendent varlığı və şüuru öz aralarında əlaqələnmə imkanı olmadan iki qapalı bütövlük kimi nəzərdən keçirməyə məhkumuq. Göstərməli olacağıq ki, problem realizm və idealizmdən ötədə, o tayda başqa bir həllə yol verir.
Hər bir halda bəzi xüsusatları tezcə, gecikmədən müəyyən etmək olar, çünki onların çoxu indi danışmaq istədiyimiz şeydən özləri irəli gəlirlər.
Varlığın fenomeninin aydın görünüşünə çox vaxt kreasionizm adlandırdığımız xeyli yayğın bir xurafatla kölgə salınırdı. Dünyaya varlığı Allahın verdiyini düşündüklərindən, varlıq həmişə hansısa bir passivliyə mübtəla, yoluxmuş görünürdü. Amma ex nihilo1 yaradılış varlığın meydana gəlməsini izah edə bilməz, çünki əgər varlıq subyektivlik, qoy elə lap ilahi subyektivlik kimi başa düşülürsə, o, daxilisubyektiv varlığın modusu kimi qalır. O, orada, bu subyektivlikdə, hətta hansısa bir obyektivlik barədə özündə təsəvvür belə yarada bilməz və deməli, obyektiv olanı hətta yaratmaq arzusuna belə düşə bilməzdi. Hərçəndki, varlıq, onu subyektivlikdən kənarda qəfil, Leybnitsin ifadəsinə görə, sanki bir ildırım çaxması kimi fərz edirlərsə, bir varlıq olaraq yalnız öz yaradanına rəğmən kök sala, bərqərar ola bilərdi, əks halda o özünü onda əsaslandırmış olardı. Varlığı almanların Selbstandigkeit1 adlandırdıqları şeydən məhrum edərək, fasiləsiz yaradılış nəzəriyyəsi onu ilahi subyektivlikdə səpələnməyə məcbur edir. Varlıq Allahın önündə, nəzərləri qarşısında mövcuddursa, demək onun öz dayağı vardır, demək o ilahi yaradılışın kiçicik də olsa izinə, əsərinə malik deyil. Bir sözlə hətta yaradılmış olsaydı belə, özündə varlıq yaradılış vasitəsilə izah olunmayandır, zira o öz varlığını yaradılışın o tayında, ötəsində yerləşdirir. Bu onunla eynimənalıdır ki, varlıq yaradıla bilməyəndir. Amma buradan o ussonucunu, əqli nəticəni çıxarmaq olmaz ki, varlıq özünü yaradır. Bu onu nəzərdə tutardı ki, o, özündən qabaq olandır. Varlıq şüur kimi causa sui3 ola bilməz.
Varlıq özü-özlüyündə vardır. Bu o deməkdir ki, o nə passivlik, nə də aktivlikdir. Bunların hər ikisi insana aid anlayışlardır və insan davranışının üsul və ya vasitələrini bildirirlər. Aktivlik onda olur ki, dərkedən varlıq vasitələrdən hansısa bir məqsəddən ötrü istifadə edir. Onlar xidmət etməyə vadar etdiyimiz məqsədi özixtiyarlı şəkildə qoymadıqlarına görə üzərində fəaliyyətimizin təmrin, məşq etdiyi obyektləri biz passiv adlandırırıq. Bir sözlə, insan aktivdir, onun yararlandığı vasitələrsə passiv adlandırılır. Absolyuta tətbiqdə bu anlayışlar mənasını itirir. Varlıq, o cümlədən, aktiv deyil: məqsəd və vasitələrin olması üçün varlığın olması gərəkdir. O şeyin xeyrinə olan dəlil daha güclüdür ki, varlıq passiv ola bilməz, çünki passiv olmaq üçün də olmaq gərəkdir. Özündə varlığın qatılığı aktiv və passiv olandan ötədə, o taydadır. Varlıq həmçinin inkar və təsdiqin ötəsində, o tayındadır. Təsdiqləmə – həmişə nəyinsə təsdiqidir, yəni təsdiqləyici akt təsdiqlənən predmetdən fərqlənir. Amma əgər belə bir təsdiqləməni fərz etsək ki, onda təsdiq edilən elə indicə təsdiqləyəni doldurmuş və onunla üst-üstə düşmüşdür, onda bu təsdiqləmə aşırı doluluq və noemanın noezadan ani baş verən ayrılmazlığı üzündən təsdiqlənə bilməz. İdeyalarımızı daha aydın etmək üçün onu şüura münasibətdə təyin ediriksə, varlıq məhz elə buradadır: o – noezadakı noemadır, yəni heç bir əksiklik olmadan özünə mənsubluqdur. Bu baxış nöqtəsindən onu “immanentlik” adlandırmaq olmaz, çünki heç nəyə baxmayaraq, immanentlik – özünə münasibətdir, bu, sezilib tutulması mümkün olan dərəcədə özündən özünə ən kiçik, ufacıq bir kənaraçıxma, toxunub qayıtmadır, amma varlıq özünə olan münasibətdir, o özü-özünədir. O – gerçəkləşə bilməyən immanentlikdir, doğrulana, təsdiqlənə bilməyən təsdiqləmədir, fəaliyyət göstərə bilməyən fəallıqdır, çünki onu piy basmışdır. Hər şey elə bir durumdadır ki, sanki özünütəsdiqi varlığın təkindən, bətnindən azad etmək üçün varlığın basıb sıxmasından azad olmaq gərəkdir. Hərçənd, düşünmürük ki, varlıq hansısa bir diferensə edilməmiş, fərqləndirilməmiş özünütəsdiqdir: özündə fərqləndirilməmişlik təsdiqləmənin saysız üsulları olduğu dərəcədə özünütəsdiqlərin sonsuzluğunun ötəsində, o tayındadır. Biz bu ilk nəticələrə varlığın özündə varlıq olduğunu deyərək, xülasə verək. Amma əgər varlıq özündə varlıqdırsa, demək, o özünü dərk kimi özünə yönləndirmir: özünəni təşkil edən aramsız refleksiya eyniyyətə əsaslandığından, o – bu özünədir. Bax elə buna görə varlıq özünüdən o tayda olandır və ilk formulumuz yalnız dilin tələblərinin doğurduğu yaxınlaşmadır. Həqiqətdə, varlıq özü üçün məhz ona görə qeyri-şəffafdır ki, o özü ilə doludur. Bunu biz “varlıq nədirsə, elə odur” deməklə daha yaxşı ifadə etdik. Bu formul, ilk baxışda, ciddi analitikdir. Əslindəsə o, eyniyyət prinsipinə, bütün analitik mühakimələrin şərtsiz prinsipinə müncər edilməkdən, gətirilməkdən uzaqdır. Başlanğıc üçün deyək ki, o varlığın xüsusi bir sahəsini bildirir: bu – özündə varlıq sahəsidir. Görəcəyik ki, özü üçün varlıq, əksinə, var olan kimi özü olmadığı şeylə, var olmayan kimisə – olduğu şeylə təyin olunur. Burada söhbət, demək, regional və özlüyündə sintetik prinsipdən gedir. Bundan başqa, bu formulu: özündə varlıq – nədirsə, odur, ifadəsini – şüurun varlığını bildirən başqa bir ifadəyə qarşı qoymaq lazımdır; sonuncu, görəcəyimiz kimi, belə səslənir: şüur nədirsə, o olmalıdır. Bu yenə də bizə cümlədə “odur” sözünə verilməsi gərəkən xüsusi bir mənanı öyrədir: varlıq nədirsə, odur. Olduqları şey olmalı olan varolanlar meydana çıxdığı andan etibarən mövcud olanın varlığı təkcə aksiomatik olmaqdan qalır: bu artıq özündə varlığın təsadüfilik prinsipidir. Bu mənada eyniyyət prinsipi, analitik hökmlər prinsipi həmçinin varlığın regional, sintetik prinsipidir. O, özündə varlığın qeyri-şəffaflığını bildirir. Bu mənada qeyri-şəffaflıq, bir halda ki, biz “kənardayıq”, onun barəsində hökmən bilə və onu müşahidə edə biləcəyimiz mənada bizim özünə-yə münasibətdəki vəziyyətimizdən irəli gəlmir. Özündə varlığın heç də hansısa bir “kənarda” ya qarşı qoyula və mühakiməyə, qanuna, özbilincə (özünüdərkə) analoji ola bilən “içində” si yoxdur. Özündədə gizli, məhrəm heç nə yoxdur: o, səlt, sərasərdir. Hansısa bir mənada bunu sintez kimi təsəvvür etmək olar. Amma bu, bütün digər sintezlərdən ən pozulmazı, parçalanmazı olan özü ilə olan sintezdir. Buradan aşkar o çıxır ki, varlıq öz varlığında təcrid olunmuşdur və o özü olmayanla heç bir münasibət saxlamır. Keçidlər, hadisələr, varlığın hələ olacağı şey olmadığını və artıq olmadığı şey olduğunu deməyə imkan verən hər şey – bütün bunlarda ona prinsipcə imtina edilmişdir. Varlıq oluşmanın, təşəkkülün varlığı olduğundan, oluşmanın o tərəfində, ötəsindədir. O, nədirsə odur; bu o deməkdir ki, o özlüyündə hətta olmadığı şeyin varlığı olmaya bilməz: həqiqətən də, görürük ki, o heç bir inkarı gizlətmir. O – tam müsbətlikdir. Demək, o heç bir dəyişkənlik bilmir. O heç vaxt özünü özgə varlıqdan başqa bir özgəsi olaraq sanmır. O, başqa şeylə heç bir münasibət saxlaya bilməz. O özü sərhədsizdir və varlıq olmaqla bitir. Bu nöqteyi-nəzərdən, sonra görəcəyimiz kimi, o prinsipcə zamandan sivişib qeyb olur. O vardır və hətta uçub dağılanda da demək olmaz ki, o daha yoxdur və ya şüur artıq onu var olan kimi dərk edə bilməyəcək, çünki o zaman içərisindədir. Amma varlığın özü olmuş olduğu yerdə bir çatışmazlıq kimi mövcud deyil: varlığın pozitivliyinin tamlığı uçub dağılma yerində yenidən əmələ gəlir. O olmuşdur, indisə göz önündə başqa varolanlar var.
Nəhayət, və bu bizim üçüncü əlamətimiz olacaq, varlıq, olum vardır. Bu o deməkdir ki, varlığı nə mümkün olandan əmələ gətirmək, nə də zəruri olana müncər etmək olmaz. Zərurət var olanların əlaqəsinə deyil, ideal cümlələrin əlaqəsinə aiddir. Fenomenal var olanı heç vaxt başqa var olandan əmələ gətirmək olmaz, çünki o varolandır. Məhz bunu özündə varlığın təsadüfiliyi adlandırırlar. Amma özündə varlığı həmçinin mümkün olandan da çıxarmaq olmaz. Mümkün olan özü üçün bir strukturdur, yəni o varlığın başqa bir sahəsinə məxsusdur. Özündə varlıq heç vaxt nə mümkün, nə də mümkünsüz olur, o vardır. Şüur antropomorfik terminlərdə elə bunu ifadə edir. Deyirlər ki, özündə varlıq izafidir, yəni süur qətiyyən onu nədənsə çıxarmaq iqtidarında deyil – nə başqa bir varlıqdan, nə də mümkün və ya zəruri bir qanundan. Yaradılmamış, mənasız, başqa bir varlıqla heç cür bağlı olmayan özündə varlıq əbədi olaraq izafi, artıqdır.
Varlıq, olum vardır. O – özündə vardır. Varlıq nədirsə,odur.Varlıq fenomeninin ilkin araşdırılmasının fenomenlərin varlığına aid etməyə imkan verdiyi üç əlamət bunlardır. Hələki biz tədqiqatımızı irəli apara bilmərik. Onun özü üçün varlıqla münasibətlərini müəyyən və izah etməyə bizə heç də həmişə olduğu şey olan özündə varlığın nəzərdən keçirilməsi verməyəcəkdir. Beləliklə, biz “təzahürlərdən” çıxış edir və tədricən haqlarında hələ səthi və natamam bilgilərə malik olduğumuz iki tipə – özündə varlığa və özü üçün varlığa gəlirdik. Bir çox suallar hələ cavabsız qalır.Varlığın bu iki tipinin dərin mənası nədir? Hansı mülahizələrə əsasən onların hər ikisi ümumiyyətlə varlığa aiddirlər? O, varlığın iki bir-birindən tam kəsilib ayrılmış sahəsini özünə daxil etdiyindən, varlığın mənası nədir? Birləşməli olmayan bu sahələri faktiki olaraq birləşdirən münasibətləri izah edərək, idealizm və realizm boşa çıxdılarsa, bu problemin başqa cür həlli necədir? Və fenomenin varlığı necə transfenomenal ola bilər? Həmin suallara cavab verməyə çalışaraq, biz bu əsəri yazdıq.
(davamı var)
Tərcüməçi: Obaçı
1 heç nədən (lat.)
2 müstəqillik (alm.)
3 özünün səbəbi (lat.)
Davamı: Jan-Pol Sartr. Varlıq və heçlik: Fenomenoloji ontologiya təcrübəsi – KLV