(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Dünyanın bir çox başqa hissələrinin sakinləri də öz hakimlərindən təbii prosesləri xalqın xeyrinə idarə etmələrini gözləyir, uğursuzluq halındasa onları cəzalandırırlar. İsgitlərdə (skiflərdə) qıtlıq olanda onlar, göründüyü kimi, öz xaqanlarını dustaqlayırdılar. Qədim Misirdə qıtlıq zamanı müqəddəs fironları qınayırdılar. Təbii proseslərin gedişinə görə müqəddəs heyvanlar da cavabdeh sayılırdı. Uzunsürən və amansız quraqlıq zamanı ölkədə qırğın və ya başqa fəlakətlər baş verirdisə, kahinlər müqəddəs heyvanları tutub onlara hərbə-zorba gəlirdilər və əgər, məsələn, epidemiya səngimirdisə, bu canlıları öldürürdülər. Keçmişdə Niuye mərcan adasını və Vəhşi Adanı çar sülaləsi idarə edirdi. Ancaq onun nümayəndələri eyni zamanda baş kahin olduqlarından və hesab olunduğu kimi, yeməli bitkilərin artımına təkan verdiklərinə görə aclıq zamanı xalq qeyzlənib onları öldürürdü. Ən sonda, qətllər sırasından sonra heç kəs taxta oturmaq istəmədəyindən təkbaşçılığa son qoyuldu. Çinli müəlliflər xəbər verirlər ki, Koreyeda yağış ya çox az ya da həddən artıq yağanda və məhsul yetişməyəndə, buna görə məsuliyyət hökmdarın üzərinə düşürdü. Belə hallarda biriləri onun devrilməsini, o birilərisə öldürülməsini tələb edirdilər.
Amerika hinduları Meksika və Peruda monarxik və teokratik imperiyalar olduğu dövrlərdə sivilizasiyaya çox yaxın olmuşlar. Bu ilahiləşdirilmiş hökmdarların sələflərinin görücülər, araçılar olub olmadığını iddia etmək üçün bu ölkələrin tarixinin erkən çağları bizə çox az məlumdur. Ola bilsin, bu tarixi ardıcıllığın izi Meksika hökmdarlarının taxta çıxma zamanı içdikləri andda özünü göstərir. Onlar günəşi işıq saçmağa, buludları – yağış yağdırmağa, çayları – axmağa, torpağısa – bol məhsul verməyə məcbur edəcəklərinə and içirdilər. Əlbəttə, sirr haləsi və qorxu atmosferi ilə çulğanmış cadugər və ya görücü Amerika hinduları arasında çox böyük nüfuz sahibi idi və bizdə bu prosesə dair doğrulayıcı verilər olmasa da, bir çox hallarda o, başçıya və baş hakimə çevrilə bilərdi. Düzdür, Ketlin xəbər verir ki, Şimali Amerikada ara həkimləri və görücülər “əyanlar sayılır və bütün icma onlara təkcə elə sağaltma məsələrində bilici olduqlarına görə deyil, xüsusən hər şeydən öncə məşğul olduqları okkult (axirətlə bağlı, – tərc.,) sənətlər və magiya sahəsindəki məharətlərinə görə ən böyük ehtiram göstərir. Bütün tayfalarda həkimlər – ruhçağırıcı, maq, öncəgörəndirlər. Biz hətta onları baş kahinlər adlandırardıq, çünki onlar bütün dini ayinlərə rəhbərlik və nəzarət edirlər. Xalq onlara qeybdən xəbər verənlər kimi baxırdı. Hərb və sülh zamanı onlar şuralarda başçılarla yanaşı otururlar. İctimai önəmi olan hansısa bir addım atmazdan əvvəl hökmən onların ən böyük ehtiramla qəbul edilən fikirlərini soruşurlar. Maydu tayfasının (Kaliforniya) şamanları elə bu sayaq ən nüfuzlu adamlar olmuşlar və olmaqdadırlar. Bəlli bir idarəetmə sistemi olmadıqda şamanın şözünün çəkisi çox sanballı olur. Şaman zümrəsinə böyük qorxu ilə yanaşırlar və bir qayda olaraq, onun nümayəndələrinə başçılardan daha çox itaət göstərirlər.”
Cənubi Amerikada da cadugər və ara həkimləri birbaşa hökmdar olmaq yolunda idilər. Braziliya sahilində ilk yurdsalanlardan biri, fransız Andre Teve xəbər verir ki, hindular “öz pajelərinə (ara həkimlərinə) o qədər böyük ehtiram və pərəstişlə yanaşırlar ki, az qala onları ilahiləşdirirlər. Sadə xalqın onlarla qarşılaşanda necə səcdəyə düşdüklərini və buna bənzər dualarla onlara necə üz tutduqlarını görmək olar:”Lütf et ki, nə mən, nə də balalarım xəstələnib ölməsinlər.”Ancaq əgər bu “pajelər bir qələtə, xətaya yol verərlərsə və öndeyimləri çin olmazsa, xalq onları “paje” tituluna və rütbəsinə layiq olmayanlar kimi tərəddüdsüz öldürür. Lenqua hindularında (Qran-Çako) hər bir klanın öz “kasiki”, yəni başçısı vardır. Amma onların hakimiyyəti böyük deyil. Başçı vəzifəsi onun üzərinə çoxlu ənamlar, bəxşişlər vermək öhdəliyi qoyur, odurki o, nadir hallarda varlı olur və o, bir qayda olaraq, təbəələrindən daha nimdaş paltar geyir. Maqın vəzifəsi – tayfanın düşmənlərinin üzərinə bəla və fəlakətlər göndərmək və öz soydaşlarını düşmən magiyasından qorumaqdır. Bu xidmətlərin haqqı yaxşı ödənilir; onların sayəsində cadugər cəmiyyətdə böyük nüfuz və yüksək məqam sahibi olur.
Malayyada racaya və ya hökmdara fövqəltəbii qabiliyyətlərə malik bir varlıq kimi adətən vahiməli bir pərəstişlə yanaşırlar. Güman etməyə əsas vardır ki, bir çox afrikalı başçılar kimi raca bu məqama adi cadugərlikdən irəli çəkilmişdir. İndiyədək malaylılar inanırlar ki, racanın şəxsiyyəti dənli bitkilərin artımına və meyvə ağaclarının bar verməsinə təsir edir. Güman edilir ki, bir qədər az dərəcədə olsa da, elə həmin bərəkətləndirmə qabilyyətinə racanın canişinləri və hətta müxtəlif bölgələri idarə edən Avropa mənşəli şəxslər də malikdirlər. Beləki, Malay yarımadasının bölgələrindən biri olan Selanqorda çəltiyin yaxşı və ya pis bar verməsi çox vaxt yerli məmurların əvəzlənməsi ilə əlaqələndirilir. Selebes (Sulavesi) adasının cənub hissəsindəki turateylər hesab edirlər ki, çəltiyin məhsuldarlığı onların hakimlərinin davranışından asılıdır və pis idarəçilik – bunun altında onlar qədim adətlərə əməl etməyən şəxsin idarəçiliyini başa düşürlər, – qıtlığa aparır.
Saravaklı dayaklar inanırdılar ki, məşhur ingilis canişini raca Bruk lazımi tətbiqi zamanı düyü bolluğuna gətirib çıxara bilən hansısa sehrli qabiliyyətə malikdir. Buna görə, o, tayfanı ziyarət edəndə ona gələcək ildə səpilməli olan toxumları gətirir və o, əvvəlcədən xüsusi bir məhlula salınmış qadın boyunbağısını onun üzərində yelləyərək onları “mayalandırırdı.” O, kəndə girəndə qadınlar onun ayaqlarını əvvəlcə su, sonra hindqozu südü və yenidən su ilə yuyurdular. Ona dəymiş olan bütün suyu isə dayaklar sonralar bunun bol məhsul gətirəcəyinə inanaraq öz təsərrüfatlarında istifadə etmək üçün saxlayırdılar. Brukun ziyarət edə bilmədiyi ucqar tayfalar ona ağ parça qırıqları bir az qızıl və gümüş gödərirdilər. O, onları öz “bərəkəti ilə münbitləşdirdikdən” sonra yerlilər onları tarlalarına əkir yaxşı məhsul gözləyirdilər. Bir avropalının samban tayfasında məhsulun az olmasına dair qeydinə başçı belə cavab vermişdir: “Başqa cür ola da bilməz, axı raca Bruk bir dəfə də olsun bizi ziyarət etməyib.” O, raca Bruku onun tayfaısını ziyarət edib onun torpağına əvvəlki bərəkətini qaytarmağa razı salmağı xahiş etmişdir.
Hakimlərin, idarəçilərin, sayəsində torpağı bərəkətləndirdikləri və təbəələrinə başqa nemətləri bəxş etdikləri sehrli və ya fövqəltəbii qabiliyyətlərə malik olmalarına inam Hindistandan İrlandiyadək yurdlanmış ari xalqlarının əcdadlarına da xas idi. Bu inam bizim öz ölkəmizdə də gözəçarpan iz saxlamışdır. Qədim hind qanunları toplusu olan Manu Qanunları yaxşı şahın idarəçiliyinin sonuclarından bəhs edərək bildirir: “Hakimi bəndələrinin əmlakını ələ keçirməkdən qaçınan ölkədə insanlar vaxtında doğulur və uzun ömür sürürlər. Və əkinçilərin məhsulları bol-bol olur, uşaqlar ölmür və heç bir eybəcər bala doğulmur.” Homer Yunanıstanında başçı və şahlardan müqəddəs və ilahi insanlar kimi bəhs edirdilər. Onların yer-yurdları ilahi yer-yurdlar, cəng arabalarısa müqəddəs arabalar idi. Belə sanılırdı ki, yaxşı hökmdarın idarəçiliyi qaratorpağı bolluca arpa və buğda məhsulları verməyə, ağacları – çoxlu bardan başını əyməyə, sürüləri – çoxalmağa, dənizisə – balıqla xıjlanmağa vadar edir. Orta əsrlərdə Danimarka kralı I Valdemar Almaniyada səyahət edəndə analar balalarını, əkinçilər toxumları gətirirdilər ki, o, onlara toxunsun; zənn edilirdi ki, kralın əl sürtdüyü uşaqlar daha yaxşı boy atacaqlar. Elə həmin səbəblərə görə də əkinçilər kraldan yerə toxum atmağı xahiş edirdilər. Qədim irlandlarda belə bir inanc var idi ki, kral əcdadların adətlərini gözlədiyi təqdirdə hava yumşaq, məhsul – bol, mal-qara – artımlı, sular – bol balıqlı, meyvə ağaclarısa – barlı-bəhərli olar. Müqəddəs Patrikin adına çıxılan kilsə qanunu adil kral idarəçiliyinin xeyirli nəticələri arasında “yaxşı havanın, sakit dənizin, bol məhsulların və barlı-bəhərli ağacların” adını çəkir. Əksinə, aclıq, qıtlıq, çorvurma və qısırlıq hökmdarın pis olmasının danılmaz sübutları kimi qiymətləndirilirdi.
Bu xurafatların son qalığı, ola bilsin, ingilis krallarının əllərini toxundurmaqla sarıca xəstəliyini sağalda bildiklərinə inam idi. Bu xəstəlik (sarıca, xənazir) “kral” xəstəliyi adını daşıyırdı. Ecazkar sağaltma vergisindən çox vaxt kraliça Elizabet (1558 – 1603) yararlanırdı. 1633-cü ilin İvan günündə I Karl (1625 – 1649) Holiruddakı kral kilsəciyində bir dəfəyə yüzlərlə xəstəni sağaltmışdır. Amma bu praktika, yəqin ki, öz zirvəsinə onun oğlu II Karl (1660 – 1685) dövründə çatmışdır. Hökmdarlığı ərzində bu monarx yüz minə qədər sarıcalı xəstəyə əl sürmüşdür. Bəzən onun ətrafında dəhşətli basabas yaranırdı. Bir dəfə şəfa arayan altı ya da yeddi yüz adam ayaq altda qalıb ölmüşdü. Sağlam düşüncəli bir insan olaraq kral III Vilhelm (1688 – 1702) bu kələkbazlıqda iştirak etməkdən nifrətlə imtina etmiş elə həmin pis qoxulu yığnaq onu sarayını quşatlayanda onlara sədəqə verib qovmağı buyurmuşdu. O, ilk və sonuncu dəfə əlini xəstənin üzərinə qoyduqdasa ona belə demişdir: “Tanrı sənə ən yaxşı sağlamlıq və daha çox ağıl versin.” Lakin elə gözlənildiyi kimi, bu praktika kütbeyin fanatik II Ceykobun (1685 – 1688) yelbeyin qızı kraliça Anna (1702 – 1714) dövründə də mövcud olmaqda idi.
Fransız kralları da özlərinə, elə öz sözlərinə görə, Xlodviq (481 – 511) və Müqəddəs Lüdovikdən (1226 – 1270) irs aldıqları toxunuşla sağaltmaq qabilyyətini aid edirdilər, halbuki ingilis krallarına guya bu Tövbəkar Eduarddan miras qalıb. Tonqa adalılarının başçıları da sıracanı (əsli, sarıca,-tərc.,) və bağır bərkiməsini elə bu cür, ayaqlarını toxundurmaqla sağaltmağa qabil hesab olunurdular. Müalicə sırf homeopatik idi, çünki güman edilirdi ki, xəstəlik və müalicə kral qanından olan bir zatla yaxud da ona məxsus bir predmetlə təmasdan baş verirlər.
Deyilənlərə əsasən belə bir əsaslandırılmış qənatə gəlmək olar ki, dünyanın bir çox hissələrində hökmdar birbaşa qədim cadugər və ara həkimlərindən mənşə alır (onların soyundandır). Xüsusi şamanlar sinfinin ayrıcalaşması çağından etibarən onun üzərinə cəmiyyətin əmin-amanlığını və rifahını təmin edən vəzifələrin icrası qoyulmuşdur. Bu adamlar tədricən var-dövlət və hakimiyyət əldə edir, onların ən yaxşılarısa müqəddəs hakimlərə çevrilirdilər. Ən bəsirətli zəkalar üçün magiyanın yanlışlığı vaxt keçdikcə get-gedə daha apaydın olur və o, yavaş-yavaş din tərəfindən sıxışdırılıb çıxarılır. Başqa sözlə, cadugər öz yerini kahinə verir, osa təbii proseslərin gedişini insanın xeyrinə bilavasitə idarə etməyə canatmadan əl çəkərək, elə həmin məqsədə dolayı yolla – tanrılara üztutmanın köməyilə çatmağa çalışır. Qoy onun daha öz gücü ilə nail olmağı mümkün saymadığı şeyləri onunçün onlar etsinlər. Baş hakim tədricən magiyadan sırf kahin funksiyalarının – dua etmə və qurban vermənin xeyrinə imtina edir. Lakin insani və lahuti (ilahiyə aid, -tərc.,) olan arasındakı sərhədlər hələ qeyri-səlis və yayğın olduğundan bəzi hakimlər xəyal edirlər ki, təcəssümlə ilahiliyə nail olmaq olar. Təcəssüm barədə təlim və onunla bağlı ali hakimlərin əsl ilahiliyi nəzəriyyəsi sonrakı fəsildə araşdırma predmeti olacaqdır.
(davamı var)
Tərcüməçi: Obaçı
Davamı: Ceyms Corc Freyzer. İnsan obrazında təcəssüm etmiş Allahlar – 1 – KLV