Xaqani. Poliqlot (şeir)

 

Sevgilim bütün beynəlxalq dillərdə danışır.

Bir sözlə, poliqlotdur.

Onunla tanış olmaq üçün nə qədər dil-dil ötdümsə xeyri olmadı.

Mənə məhəl qoyub bildiyi heç bir dildə cavab vermədi.

Bir gözəl gün bildiyi bütün dillərdə davranışımı qiymətləndirib,

qəlbində bildiyi bütün dillərdə məni sevdiyini söylədi və

bu sözləri gözləri ilə gözlərimə tərcümə etdi.

Sevgimiz dildən-dilə düşdü.

Bir dəfə də dilimi qarnıma qoymayıb qəlbinə dəydim.

Bildiyi bütün dillərdə məndən küsdü.

Bir parça dilimə yiyə çıxa bilmədiyim üçün bildiyi bütün dillərdə ağladı.

Bildiyi bütün dillərdə dil-ağız eləyib əfv dilədim.

Bildiyi bütün dillərdə susdu.

Bildiyi bütün dillərdə bircə dəfə gülümsəməsi üçün

dil tökməkdən dilimdə tük bitdi yenə də heç bir dildə dillənmədi.

Dildən düşsəm də onu dilə tutub ümumi dil tapa bilmədim.

Dilini bilmədiyim üçün yanında dilim qısa oldu.

Dilim qurudu heç kəsin yanında danışmağa dilim olmadı.

Axır bir gün ürəyim dilimin ucunda olanı deyib ağlıma ağıl qoydu.

Dilimi könlüm ilə bir edib ona bildiyi bütün dillərdə bir qızılgül bağışladım.

Sevgilim dilə gəlib bildiyi bütün dillərdə məni sevdiyini söylədi.

Mən də qəlbimdə “Ey dili qafil! ” deyib

Ona cani dildən sarıldım.

Dodaqlarımız bildikləri bütün dillərdə elə danışdılar ki, nə dil bildi, nə dodaq.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ceyms Corc Freyzer. Qızıl budaq. Hökmdar cadugərlər – 2

Ç Dek 7 , 2022
(magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/  (davamı) Dünyanın bir çox başqa hissələrinin sakinləri də öz hakimlərindən təbii prosesləri xalqın xeyrinə idarə etmələrini gözləyir, uğursuzluq halındasa onları cəzalandırırlar. İsgitlərdə (skiflərdə) qıtlıq olanda onlar, göründüyü kimi, öz xaqanlarını dustaqlayırdılar. Qədim […]