Jan-Pol Sartr. Varlıq və heçlik: Fenomenoloji ontologiya təcrübəsi

Əvvəli: Jean-Paul Sartre. Varlıq və heçlik: Fenomenoloji ontologiya təcrübəsi – KLV

 

Jean-Paul Sartre L`etre et le neant

Essay d`ontologie  phenomenologique

Paris, Gallimard, 1943

 

 “Varlıq və heçlik” – fransız yazıçısı və ekzistensialist düşünəri J.P.Sartrın (1905-1980) ən məşhur və azərbaycan dilinə tərcümə edilmiş ilk ən mühüm fəlsəfi əsəridir. 1943-cü ildə dərc olunaraq o, dərhal qənaətlərinin orijinallığı və obrazlarının insanın şüur və fəaliyyətinin özəllikləri, onun şeylər və başqa insanlar aləminə münasibəti, onun azadlığı və məsuliyyətinin məna və kökləri kimi ənənəvi fəlsəfi məsələlərə yeni gözlə baxmağa vadar etdi.

(davamı)

Percipi varlıq

Deyəsən, tədqiqatımızın sərhədinə çatdıq. Biz şeyləri öz təzahürlərinin əlaqələnmiş bütövlüyünə çevirdik, sonra müəyyən etdik ki, bu üzəçıxmalar, təcəllilər artıq özü görüntü olmayan bir varlığı tələb edirlər. Percipi bizi varlığı bizə şüur kimi açılan, üzə çıxan percipiens-ə səmtləndirir, ona doğru yollayır. Beləliklə, biz idrakın ontoloji əsasına, bütün başqa təzahürlərin ona zühur, təcəlli etdiyi ilk varlığa, onunla müqayisədə hər cür fenomenin nisbi olduğu absolyuta çatdıq. Bu, əsla kantsayağı anlamda subyekt deyil, subyektivliyin özü, özünün özünə immanentliyidir. İndi artıq biz idealizmdən qaçınmış olduq. Onunçün varlıq idrakla ölçülür ki, bu da onu ikililik qanununa tabe edir. Yalnız dərk olunan varlıq vardır – söhbət düşüncənin özündən gedir: fikir yalnız öz əsərlərində təzahür edir, yəni biz həmişə onu yalnızca hazır fikirlərin mənası kimi dərk edirik; və onların mümkünlük şərti kimi onu aradan çıxarmaq üçün filosof fikir axtarışlarında artıq formalaşmış elmləri öyrənməlidir. Əksinə, idrakdan qaçıb qeyb olan və onun əsası olan varlığı, əsla təsəvvür və ya hazır ifadələrin mənası kimi verilməmiş, bilavasitə olduğu kimi yaxalanan fikri tutduq və bu yaxalama, ələ keçirmə üsulu – idrakın fenomeni deyil, varlığın strukturunun  özüdür. Hərçənd Husserlin özü heç də həmişə öz əsas intuisiyasına sadiq qalmırdı, biz indi Husserl fenomenologiyası zəminindəyik. Bundan məmnunuqmu? Biz transfenomenal varlıqla üzləşdik, amma bu – varlıq fenomeninin göstərgə etdiyi varlıqdırmı, yoxsa fenomeninmi varlığıdır? Başqa cür desək, məhz elə görüntü olaraq, görüntünün varlığını əsaslandırmaq üçün şüurun varlığı yetərmi? Onu şüura vermək üçün biz görüntünün varlığını fenomendən qoparıb ayırdıq və ümid edirdik ki, şüur sonra görüntüyə onun varlığını qaytaracaq. Necə bir sayaq? Percipi-nin  ontoloji tələblərinin tədqiqi bizə bunu öyrənməyə imkan verər.

Əvvəlcə qeyd edək ki, qavranıldığına görə qavranılan şeyin varlığı, olumu vardır. Hətta əgər mən bu masanı subyektiv izbasmaların, təəssüratların sintezinə müncər etmək istəsəm də, ən azı qeyd etmək lazımdır ki, o masa olaraq özünü bu sintez vasitəsilə açıb göstərir və bu sintezin transsendent sərhədi, əsası və məqsədidir. Masa idrakın qarşısındadır və onun və onun tərəfindən assimilə edilə bilməz, əks halda o şüur, yəni xalis immanentlik olardı və masa kimi yox olardı. Elə həmin səbəbə görə də, hətta əgər qəbul etsək ki, onu, vasitəsilə dərk olunduğu subyektiv təəssüratlar sintezindən sırf  məntiqi bir fərq ayırır,o hər halda bu sintez ola bilməz. Bu, onun əlaqənin sintetik aktivliyinə müncər olunması demək olardı. Lakin dərk olunan dərketmədə əriyib yox ola bilmədiyindən onun varlığının olduğunu qəbul etmək gərəkdir.Bizə deyəcəklər ki, bu varlıq  percipi-dir. Lap əvvəldən qəbul edək ki, masa təsəvvürlər əlaqəsindən ibarət olmadığı kimi, eynilə bu cür də percipi varlığı percipiens varlığa,  yəni şüura müncər etmək olmaz. Ən çoxu onu deyə bilərdik ki, onun bu varlığa münasibəti var. Amma bu nisbilik bizi percipi varlığın gözdən keçirilməsindən azad etmir.

Məsələ budur ki, percipi-nin modusu passivlikdir. Demək əgər fenomenin varlığı onun percipi-sindən ibarətdirsə, onda bu varlıq-passivlikdir. Nisbilik və passivlik–sonuncu percipi-dən ibarət olduğundan esse-nin səciyyəvi strukturları bunlar olacaqdır. Passivlik nədir? Bu dəyişikliyin nə mənbəyi , nə əsası, nə yaradıcısı olmayaraq dəyişildiyim halda mən passivəm. Deməli, varlığım mənbəyi özü olmayan bir varlıq üsulunu dəstəkləyir, üstündə saxlayır. Ancaq onun dəstəklənməsi üçün  həm də mənim mövcud olmağım zəruridir və bununla da mövcudluğum həmişə passivlikdən kənardadır. “Passiv dəstəkləmək”– bu, qoruyub saxladığım və eynilə elə “qəti surətdə rədd etmək” kimi azadlığımı çəkib özünə qatan bir fəaliyyət tərzidir. Əgər mən həmişəlik  “təhqir olunan kəs” olmalıyamsa, gərək öz varlığımda inadkar olum, yəni öz mövcudluğumda bu cür görünməyə çalışım. Amma bununla mən, necə deyərlər,öz incikliyimi öz hesabıma təzələyirəm, onu öz üzərimə götürürəm, ona (incikliyə, tərc.) münasibətdə passiv olmaqdan qalıram. Buradan çıxan alternativ belədir: ya mən öz varlığımda passiv deyiləm, və onda mən hətta əvvəlcə onların mənbəyi olmuş olmasam da, öz bağlılıqlarımın əsasına çevrilirəm; ya da ki, mən öz mövcudluğumda passivlikdən əziyyət çəkirəm, varlığım oturuşmuş, bərqərar olmuş varlıqdır, onda hər şey heçliyə qərq olunur. Beləliklə, passivlik ikiqat nisbi fenomendir; fəaliyyət göstərənin aktivliyi, və əzab çəkənin mövcudluğu ilə müqayisədə nisbi. Bu onu tələb edir, nəzərdə tutur ki, passivlik passiv mövcud olanın özünün varlığına toxuna bilmir. O–varlığın heçliyə deyil, bir varlığın başqa bir varlığa olan münasibətidir – Təsəvvür etmək olmaz ki, percipere varlığın perceptumuna1 təsir edir, çünki təsirə məruz qalmaq üçün perceptum varlıq əldə edənə qədər artıq hansısa bir üsulla verilməli və mövcud olmalıdır. Yaradılışı o şərtlə başa düşmək olar ki, yaradılmış olum , varlıq dərhal özündə qapanmaq və öz varlığını öz üzərinə götürmək üçün özünü təzələsin, yaradıcıdan qopub ayrılsın. Məhz bu mənada kitab öz müəllifilə yanaşı mövcud olur. Amma əgər sonsuzluğadək davam etməlidirsə, əgər yaradılmış varlıq ən kiçik hissəciklərinə qədər dəstəklənir, qorunub saxlanılırsa, əgər onun heç bir daxili müstəqilliyi yoxdursa, əgər o özü-özlüyündə heç nədirsə, onda yaradıq əsla öz yaradıcısından fərqlənmir, o, onda əriyib itir; qarşımızda təhrif olunmuş transsendentlik durur və yaradıcıya, yaradana öz subyektivliyindən hətta illüzor çıxış yeri belə qalmır.2 Hərçəndki pasiyentin passivliyi agentdən elə bu qədər passivlik tələb edir. Məhz bunu təsir və əks-təsir prinsipi ona görə ifadə edir ki, əlimizi sıxmaq, əzmək, kəsmək olar və əlimiz də sıxa, əzə, kəsə bilər. Qavrayışa, idraka nə qədər passivlik aid etmək olar? Onlar büsbütün aktivlik, spontanlıqdır. Deməli, esse percipi tələb etmişdir ki, şüur, heç nəyə təsir göstərə bilməyən xalis spontanlıq, onda öz varlığının olumsuzluğunu, yoxluğunu saxlayaraq, transsendent heçliyə varlıq versin.  Nə qədər cəfəngiyat! Passivliyi noesaya daxil edərək, Husserl bu etirazları dəf etməyə çalışırdı. Hyle1, və ya yaşananın xalis axını və passiv sintezlərin materiyası elə budur.

Amma bununla o yalnız haqqında danışdığımız çətinliklərə əlavə birisini əkləmişdir. Həqiqətən də, qeyri-mümkünlüklərini indicə göstərdiyimiz neytral verilər yenidən ortaya çıxır. Şübhə yoxdur ki, onlar şüurun “məzmununu” təşkil etmirlər, amma orada necə qaldıqları əsla bilinmir. Həqiqətən də hyle şüurdan meydana çıxa bilməz, əks halda o şəffaf olar və obyektə gedən yolda dəf olunması lazım olan çox möhkəmlik təsiri bağışlayan o əsası təklif edə bilməzdi. Amma əgər o şüura məxsus deyilsə, onda öz varlığını və qeyri-şəffaflığını haradan götürür? Eyni zamanda şeylərin qeyri-şəffaf möhkəmliyini və fikrin subyektivliyini o necə tutub saxlaya bilir? Onun esse-si ona percipi-dən gələ bilməz, çünki o qavranılmır, çünki şüur onun hüdudlarından kənara – obyektlərə doğru çıxır. Amma əgər o onu yalnız özündən götürürsə, onda biz yenidən şüurun ondan asılı olmayan varolanlara münasibəti çözülməz problemini buluruq. Amma hətta noesanın hiletik qatı var deyən Husserllə razılaşsaq belə, şüurun bu subyektivliyi necə dəf edə və obyektivliyə doğru çıxa bildiyini anlamaq olmur. Hyle-yə şey və şüur əlamətləri verərək, aid edərək, Husserl birindən o birisinə keçidi asanlaşdırmağı düşünürdü, amma yalnız ona nail oldu ki, şüurun rədd etdiyi və dünyanın bir hissəsi edilməsi mümkün olmayan bir hibrid varlıq yaratdı.

Amma, gördüyümüz kimi percipi fərz edir ki, perceptum‘un varlıq qanunu – nisbilikdir. Bunu dərk olunanın varlığının idraka münasibətdə relyativ, nisbi olması kimi başa düşmək olarmı? Var olançün varlığın nisbiliyi – bu var olanın öz varlığını özündə deyil, özü olmayan bir varolanda tapması demək deyilsə, bəs nədir? Əlbəttə, əgər bunun altında onun öz məxsusi xaricisi başa düşülsə, varlığın özünə qarşı necə xarici olması başa düşülən olardı. Amma burada həmin hal deyil. Qavranılan varlıq şüurun önündədir, şüur ona çata bilmir, varlıqsa artıq daha şüura vara, nüfuz edə bilmir və  şüurdan ayrı düşdüyünə görə o, öz mövcudluğundan da ayrı düşmüşdür. Əgər ondan Husserl ruhunda bir irreallıq düzəltsək, bu da heç bir şeyə gətirib çıxarmayacaqdır. Hətta irreal olaraq da o mövcud olmalıdır. Beləliklə, nisbilik və passivliyin varlıq üsulunu bildirən iki tərifi heç bir halda varlığın özünə tətbiq oluna bilməyəndir. Fenomenin esse-si onun percipi-si ola bilməz. Şüurun transfenomenal esse-si fenomenin transfenomenal varlığını əsaslandıra bilməz. Fenomenalistlərin səhvi aşkardır: tam hüquqla obyekti onun təzahürlərinin əlaqələnmiş sırasına çevirərək, onlar onun varlığını onun təzahür üsulları ardıcıllığına müncər etməyi nəzərdə tuturdular və buna görə onlar onu yalnız varlığın bu üsullarına tətbiq oluna bilən anlayışlarla izah edirdilər, zira bu anlayışlar artıq mövcud olan varolanlar çoxluğu daxilindəki münasibətləri bildirir.

Ontoloji sübut

Varlıq lazımi qiymətini almır: biz fenomenin varlığının transfenomenallığının qəbulundan qaçınmağı düşünürdük, çünki şüurun varlığının transfenomenallığını kəşf etmişdik. Tam əksinə, görürük ki, bu transfenomenallığının özü fenomenin varlığından eyni şeyi tələb edir. Refleksiv cogito-dan deyil, refleksivəqədərki percipiens varlıqdan çıxarılan “ontoloji sübut” vardır. Biz indi elə bunu şərh etməyə çalışacağıq.

Hər cür şüur nəyinsə şüuru, dərkidir. Şüurun bu təyinini ikili mənada şərh etmək olar: ya biz bunun altında şüurun öz obyektinin  varlığını əmələ gətirməsini başa düşürük. Ya da bu, şüurun öz ən dərin təbiətinə görə transsendent varlığa bir münasibət olduğunu bildirir. Amma bu formulun birinci mənası öz-özünü məhv edir: nəyisə dərk etmək – şüurun olmayan konkret və tam bir iştirak, olanlıq qarşısında olması, durması deməkdir. Şəksiz, hansısa bir yoxluğun, qaibliyin də dərki ola bilər. Amma bu qaiblik, olmayış zəruri olaraq  iştirak, olanlıq əsasında üzə çıxmalıdır. Biz isə gördük ki, şüur – əsl subyektivlikdir və təəssürat, izbasma subyektiv tamlıqdır. Amma bu subyektivlik ona izbasma tamlığı verərək, transsendent obyekti fərz etmək üçün özündən kənara çıxa bilmirdi. Deməli, əgər fenomenin varlığının hökmən, nə olursa-olsun, şüurdan asılı olmasını istəyirlərsə, onda gərək obyekt şüurdan öz iştirakı ilə deyil, qeybliyi, yoxluğu ilə, öz tamlığı ilə deyil, öz heçliyilə fərqlənsin. Əgər varlıq şüura məxsusdursa, onda obyekt başqa bir varlıq olduğu dərəcədə deyil, varlıq olmadığı dərəcədə şüur deyil. Bu – haqqında artıq bu girişin birinci bölümündə bəhs etdiyimiz sonsuzluğa bir ümiddir. Məsələn, Husserldə hiletetФik özəyin öz gerçəkləşməsini (Erfullung) bu hyle-də tapa bilən intensiyalarla canlandırılması bu subyektivlikdən çıxmaq üçün yetərsiz olmuşdu. Əsl obyektivləşdirən intensiyalar – qarşıda duran və subyektiv təzahürün ötəsində, o tayında təzahürlər sırasının sonsuz toplusunu nəzərdə tutan boş intensiyalardır. Bundan başqa, razılaşaq ki,  təzahürlər heç vaxt hamısı birdən verilə bilmədiyinə görə onlar onu nəzərdə tutur, önə gətirirlər. Məhz  elə sıranın, seriyanın sonsuz sayı üçün eyni zamanda şüurun qarşısında mövcud olmaq, biri istisna olmaqla bütün bu üzvlərin, hədlərin həqiqi yoxluğu ilə yanaşı obyektivliyin əsasını əmələ gətirir. Bu izbasmalar, təəssüratlar sonsuz saylarında üz önündə olsaydılar, onlar subyektivlikdə qovuşardılar, amma onların qaibliyi, olmamaqlığı onlara obyektiv varlıq verir. Beləliklə, obyektin varlığı xalis olmamaqlıq, yoxluqdur. O özünü çatışmazlıq kimi təyin edir. Bu – özünü gizlədən, heç vaxt verilməyəcək olan, özünü qeyb olan və əvəzlənən görünüşlərin ixtiyarına verəndir. Amma olmamaqlıq, yoxluq varlığın necə əsası ola bilər? Olmayan və gözlənilən subyektivlik  bunun vasitəsilə necə obyektiv olur? Gözlədiyim böyük sevinc, qorxduğum dərd bu faktdan bəlli bir transsendentlik qazanır – bununla razıyam. Amma bu immanentlikdəki transsendentlik bizi subyektivlikdən çıxarmır. Şeylərin görsənişlər, yəni təzahülər vasitəsilə verildiyi doğrudur. Amma onlardan hər biri təklikdə subyektiv hissi materiya – varlığın tamlığı deyil, hansısa bir çatışmazlıq – iştirak (olanlıq), qaiblik (olmamaqlıq) deyil, artıq transsendent varlıqdır. Və obyektin reallığını subyektiv hissi bolluğa və onun obyektivliyini yoxluğa, olumsuzluğa əsaslandırmağa çalışaraq, boş yerə hoqqabazlıq edirlər. Heç vaxt obyektiv olan subyektiv olandan, transsendent olan immanent olandan, varlıq yoxluqdan irəli gəlməyəcəkdir. Amma, bizə deyərlər, axı Husserl şüuru, bilinci transsendentlik kimi təyin edir. Həqiqətən də: o məhz bunu iddia edir, onun mühüm kəşfi elə bundadır. Amma noemadan irreal, noesaya korrelyativ və esse-si percipi olan bir şey qayırdığı andan etibarən o öz əsas müddəasına tamamilə dönük çıxır.

Şüur, bilinc – nəyinsə dərkidir. Bu o deməkdir ki, transsendentlik şüurun əmələgətirici strukturunu  təşkil edir, yəni şüur özü olmadığı varlığa yönəlmiş olaraq ortaya çıxır. Məhz bunu biz ontoloji sübut adlandırırıq. Şübhəsiz, etiraz edə bilərlər ki, şüurun bu tələbi özünün ödənilmə zərurətini sübut etmir. Amma əgər Husserlin intensional adlandırdığı, mühüm əlamətini az dəyərləndirdiyi şeyin analizinə müraciət etsək,  bu etiraz önəmini itirir. Şüurun nəyinsə dərki olduğunu demək, onu qəbul, etiraf etmək deməkdir ki, şüur üçün nəyinsə, yəni transsendent varlığın kəşfedici, açıqlayıcı intuisiyası olmaq ciddi vəzifəsindən kənarda varlıq yoxdur. Əgər əvvəlcə xalis subyektivlik verilsə, obyektivliyini müəyyən etmək üçün o, nəinki özündən kənara çıxmağa müvəffəq olmaz, hələ üstəlik “xalis” subyektivlik də ümumiyyətlə yox olar. Əsl mənasında subyektivlik adlandırıla bilən şey varsa, o da şüurun şüurudur.  Amma şüurun bu şüurunun (varlığının) hansısa bir sayaq adlanması gərəkdir və o yalnız kəşfedici, açıqlayıcı intuisiya adlandırıla bilər, əks halda o heçlikdir. Deməli, kəşfedici intuisiya  kəşf ediləni, açıqlananı tələb edir, nəzərdə tutur. Mütləq    subyektivlik  yalnız   açıqlananın  qarşısında  əmələ gələ bilər, immanentlik  yalnız  transsendent   olanı tutmaqla özünü  təyin  edə  bilər. Olsun  ki, burada  problematik  idealizmin  Kant  təkzibinin  əks–sədasını  taparlar. Amma  daha  çox Dekartı yada salmaq lazımdır. Burada biz idrak deyil, varlıq  müstəvisindəyik: söhbət  daxili  hiss  fenomenlərinin obyektiv və  fəzavi fenomenlərinin mövcudluğundan getmir, söhbət şüurun öz varlığında dərk etməyən və transfenomenal olanı tələb etməsindən, şərt qoymasından gedir. Xüsusilə də o cavab heç bir şeyə gətirib çıxarmayacaqdır ki, gerçəklikdəki subyektivlik obyektivliyi nəzərdə tutur və subyektivliyin özü obyektiv olanı yaradaraq özü-özünü əmələ gətirir. Gördük ki, subyektivlik obyektiv olanı yaratmaqda acizdir. Şüurun nəyinsə bilinci, dərki olduğunu demək – onun şüur olmayan və şüur onu açıqlayıb üzə çıxaranda özünü artıq var olan kimi göstərən varlığın açılma (aydınlanma) –açılan kimi gerçəkləşməli olduğunu bildirməkdir.

Beləliklə, biz xalis görüntüdən, görsəntidən  yola düşmüşdük   və səlt, sərasər varlığa gəlib çıxdıq. Şüur – mövcudluğu mahiyyət tələb edən, onu şərt qoyan varlıqdır və əksinə, o – mahiyyəti mövcudluğu nəzərdə tutan, yəni görüntüsü, görsəntisi varlıq tələb edən varlığın şüurudur. Varlıq hər yerdədir. Əlbəttə, biz şüura  Haydeggerin  Dasein üçün saxladığı tərifi tərtib edə bilər və deyə bilərdik ki, o – öz varlığında varlıq məsələsini qaldıran varlıqdır, amma onu tamamlamaq və təxminən bu cür formulə etmək tələb olunardı: bu varlıq, o özü olmayan bir varlığı şərt qoyub tələb etdiyindən, şüur – onunçün öz varlığında öz varlığı barədə məsələ duran bir varlıqdır. Əlbəttə, bu varlıq fenomenlərin, arxalarında noumenal varlıq  gizlənmiş varlığı deyil, onların transfenomenal varlığından başqa bir şey deyil. Bu, verilmiş masanın, tütün bükümünün, çırağın, dünyanın ümumiyyətlə şüur tərəfindən nəzərdə tutulan, anlaşılan varlığıdır. O sadəcə tələb edir ki, zühur edənin, üzə çıxanın varlığı təkcə təzahür etdiyinə görə mövcud olmasın. Şüur üçün özü özündə olanın transfenomal varlığı.

  Tərcüməçi: Obaçı

 

1 qavrayan (lat.)

2 Elə məhz bu səbəbə görə substansiyanın dekartçı doktrinası öz məntiqi bitməsini spinozizmdə tapır.

3 materiya, maddə, material (yun.)

 

Davamı: Jan-Pol Sartr. Varlıq və heçlik: Fenomenoloji ontologiya təcrübəsi – KLV

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Tehran Əlişanoğlu. Müasir Azərbaycan ədəbiyyatı oçerkləri: Rafiq Tağının qalaktikası

Rafiq Tağı (1950-2011) müstəqillik dövrü ədəbiyyatının tanınmış siması, yazıçı və publisistdir. Hekayə və esse ustası kimi şöhrət qazanmış, müasir Azərbaycan hekayəçiliyini ideya-bədii yeniliklərlə zənginləşdirmişdir. Gənclik illərindən bədii yaradıcılıqla məşğul olan Rafiq Tağı həkimliklə yanaşı yazıçılıq peşəsini seçmiş, böyük istedadı, günün ağrılı problemlərini ədəbiyyata gətirən yazıları, iti qələmi ona az bir […]