Ülvi Babasoy. İnciçiçəyinin qoxusu

O zaman toxunmadan, surətimi yox, ədamdakı gözəlliyi sev, sadəcə… Məni sev. Bədənimi deyil, ruhumu sev. Dodaqlarımı deyil, səsimi, qoxumu duy, hiss et, sev… Qəfildən Etqar Keretin “On səkkiz yaşlı bir qızın məmələri” və “Sevgilim çılpaqdır” hekayələrinin bir gül ləçəyitək incə və gözəl qoxan qadın qəhrəmanlarının səslərini eşidirəm. Onlar bu sözləri qadını seksual obyekt kimi görən bütün kişilərə deyirlər.

Tükətim, istehlak birbaşa marka dəyərinə və vizuallığına xidmət edir. Bu gün hər hansı bir zinət əşyası materialına görə deyil, marka “dəyəri” baxımından qiymətlidir. Məşhur bir markanın adi metaldan, dəmirdən hazırlanan qolbaq və yaxud boyunbağı eyni əşyanın markasız qızılından bahadır. Tükətim toplumunda vizuallıq bir təhkiyə və təsvir forması kimi çıxır qarşımıza. Madam ki, təhkiyə dünyaları belə sərbəst və mediatikdir, axı niyə, nə üçün dünyanın özünü bir hekayə, roman kimi oxumayaq. Ya da əgər alternativ, çaparaq, sürətli mətnlər belə kiçik və aldadıcıdır və vecsizdirsə, niyə eynilə real dünya kimi qarışıq, ziddiyyətli, ancaq bir o qədər minimalist və qeyri-adi təhkiyə modelləri yaratmayaq? Etqar Keretin hekayələri marka dəyəri olan təhkiyə metodları təqdim edir. Minimalist, vizual və istehlak tələbatı olan Keret hekayələri sürətlənən tarix və zamanla da uzlaşır.

Son 50-60 ildə ədəbiyyatda yenilikçi ruhun ən yaxşı nümunələrini Samuel Bekket, Donald Bartelm, Tomas Pinçon, Don Delillo, Uilyam Berrouz, Piter Xandke, İtalo Kalvino, Xorxe Luis Borxes, Xulio Kortasar və Karlos Fuentes kimi yazıçılar yaratmışlar. Əlbəttə, bu o demək deyil ki, onlar qüsursuz təhkiyə metodları kəşf ediblər. Ancaq onlar olduqca oyunbazdırlar və modern həyatın mexanizmlərini ortaya çıxarmaq üçün süjet xəttini çılpaqlaşdırırlar. Bəzən Borxes kimi bir qədər intellektual, modern, alqoritmik bir dillə, bəzən də Fuentes kimi ənənəvi, zəngin dil, təhkiyə formaları ilə. Yüksək texnologiyaları aparıcı olan çağdaş cəmiyyətlərdə informasiyanı gələcəyin incəsənət və ədəbiyyatının düşəcəyi postnormal vəziyyətin həyəcan siqnalı kimi qiymətləndirmək olar.

Hələ bir əsr əvvəl Coys öz romanı haqqında deyirdi: “Bir ölkəyə gedərkən diqqətinizi cəlb edən ilk şey nə olur? Həmin ölkənin mədəniyyətinin böyüklük miqyası onun qoxusudur və ədəbiyyatına yayılan da bu qoxudur. Eynilə Rablenin orta əsrlər Fransası kimi, “Don Kixot”un yazıldığı dövrdəki qoxusu olan kimi “Uliss” də mənim zəmanəmin Dublini kimi qoxuyur”. XX əsrin sonlarında – eranın tamamlanma astanasında Patrik Züskind “Parfümer” romanı ilə orta əsrlər Parisinin qoxusunu köçürdü gələcək əsrə. Dini, siyasi, ictimai və fərdi qoxuları gizlədə bilməməyin mümkünsüzlüyünü cazibədar bir üslub və formada vizuallaşdırdı Züskind. Necə də kəlləmayallaq bir qoxu estetikasıdır. Coysun demək istədiyi də bu cür qoxu, estetika inqilabıdır?! Həm hə, həm də yox. Lakin Coysdan fərqli olaraq Züskind yalnız elitar sənəti qabartmır, kütləviliyi də onun yanında qoyaraq Lesli Fidler və Umberto Ekoya əl yelləyir. Etqar Keret isə yeni dünyanın zaman və məkanını əsas götürür və çağdaş dövrün minimalist mətnlərini yaradır, qoxusu isə virtual dünya qədər maksimalistdir.

Keretin “Nimrod dəlilikləri” hekayəsində bir neçə dostun silsilə şəkildə davam edən depressiv halları kafkavari bir formatda göstərilir. Oxucu da virtual formada daxil edilir dəliləşmə, havalanma ritualının içinə. Dostların içləri çöllərinə, çölləri içlərinə çevrilir. Sürətlənən zamanda Keret vizual, yığcam və semiotik çalarları olan geniş bir dil yaradır. “Sürpriz yumurta” hekayəsində kişi yas içindədir. Çünki çox sevdiyi xanımını avtomobil vurub öldürüb. Qadının meyitinə qoyulan tibbi diaqnoz isə daha ağırdır. Əgər qəza baş verməsəydi də öləcəkdi. Çünki bütün bədəninə xərçəng yayılmışdı. “Gombul” hekayəsində hər bir insanın normal kimliyi və bir də qaranlıq tərəfləri, kölgə arxetipi qadının yerinə keçən kişi, kişini əvəz edən qadının davranışlarında reallaşır. Hekayələr kadrlar kimi axır. Hər bir cümlənin şəklini çəkirik beynimizdə.

“On səkkiz yaşlı bir qızın məmələri” və “Sevgilim çılpaqdır” hekayələrində gündəlik həyatda hər yerdən boylanan real və virtual pornoqrafik kadrların şüuraltı tezliyi və sinxronizasiyası lağa qoyulur. Şüur gözünü itirən kişilərin qadınlara seksual obyekt və materiya kimi baxarkən necə gülünc və acınacaqlı duruma düşdükləri səhnə-səhnə canlandırılır.  Erotikasız erotika var bu hekayədə. Lakin həmin erotik situasiya diksindirir, enerjisi itələyicidir. “On səkkiz yaşlı bir qızın məmələri”nə göz dikən “axmaq qoca”nın əxlaq normalarından dəm vurması və gəncləri əxalaqsızlıqla ittiham etməsi kitab səhifələrindən çıxıb oxucunun qarşısında dayanır.

“Sevgilim çılpaqdır” hekayəsində isə Günəşə qənşər dayanan gözəl bir qadından hər kəsin “kəsməsi” Şərq toplumuna bədii psixoanalitika bucağından baxışdır. Keret belə bir mövzunu qadın bədəninin cazibəsi ilə paralelləşdirir. Gözəl və zərif bir qadının bədəni gündəlik dərdləri də unutdurur. Qızın bədəninə baxan kişilər gündəlik qayğılardan uzaqlaşır və elə bu an erotikasız erotikanın nirvanasında hiss edirlər özlərini.

Təsəvvür edin ki, birdən Ceyms Coys alabaxta quşu kimi qızlara boylanan kişilərin arasından ortaya çıxır. Həmin kişilərə qoşulur və ağzından su axıda-axıda qızlara baxır. Qızlara yaxınlaşdıqca inciçiçəyinin qoxusu burnundan beyninə və oradan ürəyinə yayılır. Başını bir qadın həyası ilə aşağı dikir və ürəyindən keçirir: Nəyi gizlətsəniz də, nəyi ört-basdır etsəniz də, qoxunuzu əsla gizlədə bilməzsiniz. Elə bu an Patrik Züskind və Etqar Keretin yaratdığı qoxu dünyasına da daxil olur.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ceyms Corc Freyzer. Qızıl budaq. Hökmdar cadugərlər - 1

Ç Noy 30 , 2022
  (magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/  (davamı)  Göstərilən verilər ona tanıqlıq edir ki, bir çox ölkə və xalqlarda magiya təbiətin böyük qüvvələrini insanın rifahı üçün idarə etdiyinə iddia edirdi. Bu işdə usta olanların iddialarına güvənclə yanaşan toplumda […]