(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Magiyanın köməyilə küləyi idarəetmə. Bir çoxları düşünürlər ki, küləyi əsdirmək və kəsdirmək mümkündür. Yakut çox icti bir gündə uzun bir yol getməli olduğu halda heyvan və ya balığın qarnından çıxarmış olduğu bir daşı götürüb at tükü ilə sarıyır və bir çubuğa bağlayır. Sonra çubuğu yelləyərək o, ovsun söyləyir və bundan sonra sərin bir meh gəlir. Doqquz günlüyə meh əsdirmək üçün daşı heyvan və ya quşun qanına batırıb gün altına qoymaq laxımdır. Bu zaman şaman göy cisminin hərəkətinə əks istiqamətdə üç dövrə vurur. Əgər qottentot küləyin avazımasını istəyrisə, o, ən qalın gönlərdən birini götürüb şüvüldən asır və inanır ki, şüvüldəki gönü yelləməklə külək gücdən düşüb dayanacaq. Odlu Torpaqdan olan cadugərlər küləyi kəsdirmək istəyəndə ona əks istiqamətdə balıqqulaqları atırlar. Yeni Qvineya yaxınlığındakı Bibili adalıları nəfəsləri ilə külək əsdirmək bacarıqları ilə məşhurdurlar. Buna görə tufan qopanda onların qonşuları boqadyimlər belə deyirlər: “Yenə də Bibilidən bu tərəfə üfürürlər.”Yeni Qvineyada külək əsdirmənin başqa bir üsuluna əl atırlar: bununçün yavaşca çubuqla “külək daşına” vurmaq gərəkdir. Çox vursan, tufan qopar. Şotlandiyada adugər qadınlar küləyi bu sözlərlə “əsdirirlər”:
Əskiyi daşa vururam,
Şeytanla yel qaldırıram.
Əsdirirəm, durdururam.
Qrenlandiyada belə hesab olunur ki, qadın hamiləlikdən öncə və zahılıq dövründə tufanı yatırtmaq qabilyyətinə malik olur. Bununçün ona bayıra çıxmaq, sinə dolusu nəfəs almaq və evə qayıtmaq yetər. Qədim Korinfdə tüğyan edən yeli sakitləşdirmək bacarığı ilə məşhur olan bir ailə yaşayırdı. Ancaq onların bu gərəkli işi necə etdikləri bizə bəlli deyil, yəqinki, bunun müqabilində onlar Korinf bərzəxi dənizçilərinin adi bir şöhrətindən qat-qat artıq bir şey kəsb edirdilər. Artıq xristianlıq (Konstantin) dövründə Konstantinopolda Sopater adlı birisi cadunun köməyilə küləkləri saxlamaq ittihamı ilə edam olunmuşdur. Məsələ ondaydı ki, Misir və Suriyadan gələn taxılla dolu gəmilər Bizans qara camaatını müsibət və qəzəbə düçar edərək, şələkət və qarşı küləklərin təsiri ilə yolda qalmışdılar. Fin cadugərləri, əksinə, fırtına ucbatından yolda qalmış dənizçilərə səmt küləyi satırdılar. Külək üç düyündə saxlanılırdı: birincini açanda mülayim külək, ikincini açanda güclü külək əsir, üçüncünü açandasa fırtına qopurdu. Ölkələri Finlandiyadan yalnızca bir körfəzlə ayrılmış olan estonlar öz şimal qonşularının sehrbaz qabiliyyətlərinə inanırdılar. Sadə eston kəndliləri yazda şimaldan və şimal-şərqdən qızdırmalı üşütmələr və yel iltihabları gətirən güclü küləkləri fin cadugərlərinin ayağına yazırdılar. Xaç günləri adı daşıyan üç yaz gününə onlar xüsusi bir qorxu ilə yanaşırlar. Onlardan biri Vozneseniye (merac, göyə qalxış,- tərc.,) gününə təsadüf edir. Fellin ivarları sakinləri belə günlərdə qapıdan eşiyə belə boylanmırdılar ki, Laplandiyadan əsən qarı, sərt külək onların axırına çıxmasın. Eston xalq mahnısında belə deyilir:
Yekə qanadları vurduqca bir-bir,
Müsibət gətirir bu Xaç küləyi!
Onu fin cindarı bizə göndərir
Bizi məhv etməkdir onun diləyi.
Belə nəql edirlər ki, Fin körfəzində küləyə qarşı üzən gəmilərdəki dənizçilər bəzən qəribə bir yelkən gəmisi görürlər. O, gəminin arxasında görünüb onu daban-dabana izləyir. Yelkənli gəmi köpüklənən ləpələr arasında özünə yol edərək yan yelkənləri salınmış halda düz küləyə qarşı üzür. Az qalır ki, külək onun yelkənlərini üfürüb yırtsın. Matroslar bu gəminin Finlandiyadan gəldiyini bilirlər.
Üç düyün vurmaq və düyünlərin sayını artırdıqca küləyi şiddətləndirmək məharətini Laplandiyalı, habelə Şetland, Lüis və Men adalarından olan cadugərlərə aid edirlər. Şetland dənizçiləri indiyədək fırtınaları idarə etdiklərini iddia edən qarılardan düyünlənmiş yaylıqlar və ya saplar şəklində küləklər alırlar. Deyirlər ki, Leruikdə hələ də külək satan qoca qarılar yaşayır. Bəlli olduğu kimi, Odissey küləklər şahı Eoldan küləkləri dəri torbada düyünlənmiş halda almışdır. Yeni Qvineyadakı motumotu qəbiləsinin adamları küləklərin Oyabu cadugərləri tərəfindən göndərildiyini düşünürlər: hər bir külək onlarda öz bambuk çubuğunda saxlanılır və istədikdə onu bayıra buraxırlar. Toqodakı (Qərbi Afrika) Aqu dağının zirvəsində Baqba adlı bir sənəm vardır, belə sanılır ki, o, küləyi və yağışı idarə edir. Onun kahini küləkləri nəhəng bir küpdə saxlayır.
Çox vaxt fırtına küləyinə qorxudula, qovula, ya da məhv edilə bilən yaman bir varlıq kimi baxırlar. Fırtınalar və pis hava uzun sürə davam edəndə və mərkəzi eskimoslar qıtlıq çəkəndə, onlar fırtınanı tilsimləməyə çalışırdılar: dəniz yosunlarından uzun bir qamçı düzəldib dənizin sahilinə gedirdilər. Qamçını külək əsən tərəfə çırparaq “Taba!” (“Yetər!”) deyə qışqırırdılar. Bir dəfə, şimal-qərb küləkləri ucbatından sahilboyunda uzun müddət buz qaldığından yeyəcək qıtlığı yarananda küləksiz hava yaratmaq üçün eskimoslar belə bir ayin yerinə yetirdilər. Sahildə tonqal qalanıb ətrafına kişilər yığışdı və mahnı oxumağa başladılar. Sonra tonqala bir qoca yaxınlaşıb mehriban bir səslə külək oduğunu (ruhunu) tonqala yovuq gəlib qızınmağa dəvət etdi. Hesablamalara görə o gəlib çıxdıqda qoca odu oradakı bütün kişilərin su ilə doldurduqları bir qaba atdı və elə o andaca oda çoxlu ox yağdırıldı. Belə hesab olunurdu ki, demon (doğ, ruh) onunla pis davranılan belə bir yerdə qalmaq istəməz. İş tamamlansın deyə tüfənglərdən hər tərəfə atəş açır və Avropa gəmisinin kapitanından küləyə top atmağı xahiş edirdilər. 1883-cü il fevralın 21-də külək demonunu öldürmək niyyətilə bənzər ayin eskimoslar tərəfindən Bərrou burnunda (Alyaska) icra olunmuşdur. Qadınlar dəyənək və bıçaqları göydə oynadaraq doğu (demonu) evlərdən qovur, ocaq başına yığışmış kişilərsə ona tüfənglərdən atəş açıb üzərinə elə indicə bir ləyən su əndərdikləri közlərdən burum-burum buğ qalxan andaca onun üstünə ağır bir daş helləyirdilər.
Qran-Çakodakı lenqua hinduları qasırğanın şiddətli əsintisini “ruhun qaçışı” adlandırırdılar. Onu qorxutmaq üçün üstünə çır-çırpı tulazlayırlar. Güclü külək komalarını yerindən oynadanda cənubi amerikalı payaqua hinduları küləyə qarşı qaçıb onu kösövlərlə qorxudurlar. Digər hindular tufanı qorxutmaq üçün havaya yumruq atırlar. Amansız tufan quayakuru hindularını təhdid edəndə kişilər silah götürüb evdən çıxır, qadın və uşaqlarsa külək ruhunu qorxutmağa çalışaraq var güclərilə haray-həşir salırlar.Tufan zamanı Sumatra adasındakı bir batak kəndinin sakinləri qılınc və nizələrlə yaraqlanaraq öz komalarından bayıra qaçışırdılar. Onların başında raca dururdu və onlar hay salıb qıy çəkərək görünməz düşməni kəsib doğrayırdılar. Bir qoca qadın öz evinin tufandan qorunması zamanı uzun bir qılıncı sağa-sola çalaraq havanı kəsib budamaqla ən böyük fəallıq göstərmişdi. Dəhşətli bir ildırım onların lap yaxınlığında çaxanda Borneo adasından olan kayanlar sanki fırtına ruhunu qorxudaraq hərbə-zorba gəlməklə qılınclarını yarıyadək qınlarından çıxarırdılar. Avstraliya aborigenləri səhralarında cəld hərəkət edən nəhəng qırmızı qum sütunlarını köçəri ruhlar sayırlar. Bir dəfə pəhləvan cüssəli bir qaradərili onu bumeranqla məhv etmək üçün belə bir sütunun ardınca düşmüşdü. O, üç-dörd saatdan sonra çox yorğun bir halda qayıdıb söyləmişdi ki, Kuçi adlı ruhu öldürüb, amma Kuçi də onu ildırımla vurmuşdur, odurki onun ömrünün bitməsinə az qalıb. Şərqi Afrika bədəviləri barədə məlumdur ki, “heç bir qasırğa, tozanaq ardınca yalın xəncərli onlarla kişi düşmədən onların yanından keçə bilməz, onlar, inanca görə, qasırğanı minib çapan şər ruhu qovmaq niyyətilə toz sütununun (səmumun) düz ortasına zərbələr endirirlər.”
Bu cür misallar işığında Herodotun[1] müasir tənqidçilərin cəfəngiyat adlandırdıqları bir hekayəti tam etimad doğurur. Hekayətin həqiqiliyinə zamin durmayaraq o nəql edir ki, bir dəfə psillərin ölkəsində (indiki Tripoli) səhradan əsən ssəmum küləyi bütün sututarları qurutmuşdu. Xalq gənəşib tam tərkibdə cənub küləyinə qarşı müharibəyə yollandı. Lakin səhraya girəndə döyüşçülər səmuma düçar olub hamısı bir nəfərədək məhv olmuşlar. Bu əhvalat onların təbillər və siclərin guppultusu altında döyüş yürüşündə boğanaqlı qırmızı qum dumanında necə heçliyə qovuşduqlarını görmüş kəslərdən biri tərəfindən nəql edilib ötürülə bilərdi.
(davamı var)
Tərcüməçi: Obaçı
[1] Herodot (e.ə. 490 – 480 arası – e. ə. təq. 425) – qədim yunan tarixçisi
Davamı: Manşet Tərcümə Ceyms Corc Freyzer. Qızıl budaq. Hökmdar cadugərlər – 1 – KLV