Jean-Paul Sartre L`etre et le neant
Essay d`ontologie phenomenologique
Paris, Gallimard, 1943
“Varlıq və heçlik” – fransız yazıçısı və ekzistensialist düşünəri J.P.Sartrın (1905-1980) ən məşhur və azərbaycan dilinə tərcümə edilmiş ilk ən mühüm fəlsəfi əsəridir. 1943-cü ildə dərc olunaraq o, dərhal qənaətlərinin orijinallığı və obrazlarının insanın şüur və fəaliyyətinin özəllikləri, onun şeylər və başqa insanlar aləminə münasibəti, onun azadlığı və məsuliyyətinin məna və kökləri kimi ənənəvi fəlsəfi məsələlərə yeni gözlə baxmağa vadar etdi.
VARLIĞIN AXTARIŞLARINDA
Fenomen ideyası
Müasir fikir var olanı – onu aşkar edən təzahürlər seriyasına çevirərək, mühüm bir tərəqqiyə nail olmuşdur. Bununla fəlsəfəni ağırlıq, yük altında saxlayan bir sıra dualizmləri aradan qaldırmaq və onları fenomen monizmilə əvəz etmək istəmişlər. Buna müvəffəq olunubmu?
Hər şeydən öncə o dualizmdən şəksiz azad oldular ki, o olduğu halda var olanda daxili xariciyə qarşı qoyulurdu. Onun altında obyektin əsl təbiətini baxışlardan gizlədən üz qabığı, səthi (üstlük) qişa başa düşülürsə, artıq daha xarici olan yoxdur. Öz növbəsində, mövcudluğunu öncədən duymaq və ya fərz etmək mümkün olan, amma həmişə nəzərdən keçirilən obyektin “daxilində” qaldığından, məğzinə heç vaxt varıla bilinməyən şeyin sirli, məhrəm reallığı kimi əsl təbiəti də artıq yoxdur. Var olanı aşkara çıxaran təzahürlər nə daxili, nə də xaricidirlər: onlar hamısı eynidəyərlidirlər, hamısı başqa təzahürlərə yön verir, göstərgə edirlər və onlardan heç birini digərindən üstün tutmaq olmaz. Güc (qüvvə), məsələn, öz təsirləri (təcil, sapma-kənaraçıxma və s.) maskalanmış naməlum qəbildən olan metafizik canatma deyil: o – öz təsirlərinin toplusudur. Eynilə bu cür elektrik cərəyanının da gizli iç üzü, astarı yoxdur: o – onu üzə çıxaran fiziki-kimyəvi təsirlərin (elektroliz, karbon telin qızması, qalvanometrin oxçuğunun, əqrəbinin meyletməsi (yanavurması) və s.) toplusundan başqa bir şey deyil. Onu açıb göstərmək üçün bu təsirlərdən heç biri yetərli deyil. Onlardan heç biri öz arxasında duran nəyəsə işarə etmir: o, özü-özünü və bütövlükdə bütün sıranı bildirir. Buradan, əlbəttə, o irəli gəlir ki, indi varlıq və görünənliyin dualizmi fəlsəfədə vətəndaşlıq hüququnu itirir. Görüntü var, mövcud olanın bütün varlığını içəriləyən gizli bir reallığa deyil, öz təzahürlərinin bütöv bir sırasına səmtləndirir, yön verir. Və öz tərəfindən görüntü də bu varlığın (olumun, olmaqlığın) heç də əsasdan məhrum aşkarlanması deyil. İndiyədək noumenal reallıqlara inanmaq olardı, görüntünü sırf mənfilik sayırdılar. O – “varlıq olmayan idi”; onun illüziya və yanlışlıq varlığından savayı bir varlığı yox idi. Amma bu əlborcu olaraq alınmış bir olum, varlıq idi, o boş bir bəhanə idi və ən böyük çətinlik görüntüyə nəsə alababat bir rabitəlilik verməkdə və onun qeyri-fenomenal varlığın dərinliyində əriyib getməsinə yol verməməkdə idi. Amma madam ki, biz Nitşenin “arxa dünyaların illüziyası” adlandırdığı şeylə əlaqələri bir dəfə kəsmişiksə və artıq təzahürün arxasındakı varlığa daha inanmırıqsa, bu sonuncu tam müsbət bir şey olur, onun mahiyyəti – daha varlığa qarşı qoyulmayan, əksinə, varolanın olumu, varlığı məhz elə onunla özünü göstərdiyi şey (o şey ki, varlıq özünü onunla üzə çıxarır, – tərc.) olduğundan, onun (varlığın) ölçüsü olan “görünənlikdir”. Beləliklə, biz, məsələn, Husserl və ya Haydeggerin “fenomenologiyası” nda rast gəlmək mümkün olan fenomenə, fenomen və ya nisbi mütləqlik ideyasına gəlib çıxırıq. Fenomen nisbidir, çünki “görünənlik” öz təbiətinə görə özünü ona göstərdiyi bir kimsəni nəzərdə tutur, amma Kantsayağı Erscheinung-un1 ikili nisbiliyi yoxdur. O, yüksəkdən absolyutun (mütləqin) əsl varlığına işarə, göstərgə etmir. O nədirsə, həmin şeyliyində mütləq olandır, çünki o özünü olduğu kimi faş edir. Fenomeni necə varsa elə tədqiq və təsvir etmək olar, çünki o özünü mütləq şəkildə izhar edir.
Bununla bir yerdə bacarıq və çinləşmənin (reallaşdırmanın) dualizmi aradan qalxır. Hər şey fail, işləyicidir. Hərəkətin (işləyin) arxasında nə bacarıq, nə exis2, nə də güc var. Biz, məsələn, Prustun “dahiliyə malik olduğu” və ya “dahi olduğu”deyildiyi mənada dahiliyin əsərləri yaratmağın onların yaradılması ilə başa çatmayan, bitməyən bir xüsusi qabiliyyət kimi başa düşülməsindən imtina edirik. Prustun dahiliyi – özlüyündə onun əsəri və onun (əsərin) yaradılması subyektiv qabiliyyəti deyil. Bu – onun şəxsiyyətinin təzahürləri toplusu kimi əsərin özüdür. Bax elə, misal üçün, buna görə də biz görüntü və mahiyyətin dualizmini bir kənara ata bilərik. Görüntü mahiyyəti gizlətmir, onu açıb göstərir; o elə mahiyyətin özüdür. Var olanın özlüyü, mahiyyəti artıq onun daxilində olan bir xassə deyil. Bu – öz təzahürlərinin sıralanmasını idarə edən aşkarlanan qanun, verilmiş sıranın məntiqi əsasıdır. Fiziki reallığı (məsələn, elektrik axınını, cərəyanını) onun müxtəlif təzahürlərinin cəmi kimi təyin edən Puankare nominalizminə Dühem uslu, məntiqi olaraq özünün anlayışdan onun təzahürlərinin sintetik birliyini düzəldən nəzəriyyəsini qarşı qoydu. Əlbəttə ki, fenomenologiya əsla nominalizm deyil. Amma son nəticədə sıranın əsası olaraq mahiyyət təzahürlərin əlaqəsi olmaqdan savayı bir şey deyil, yəni o özü bir təzahürdür. Mahiyyətlərin intuisiyasının (məsələn, Husserlin Wesenschau3sunun) necə mümkün olduğunu izah edən elə budur. Fenomenal varlıq özünü belə aşkara çıxarır, o, öz mahiyyətini elə mövcudluğunu büruzə verdiyi kimi üzə çıxarır və o, öz aralarında əlaqələnmiş təzahürlər sırasından başqa bir şey deyildir.
Bu o deməkdirmi ki, biz var olanı onun təzahürlərinə çevirərək, dualizmin bütün formalarını aradan qaldırmağa müvəffəq olmuşuq? Daha çox, göründüyü kimi, biz onların hamısını dualizmin yeni bir formasına – sonlu və sonsuzun dualizminə çevirmişik. Doğrudan da, var olanı təzahürlərin sonlu sırasına müncər etmək olmaz, çünki onlardan hər biri daim dəyişilən subyektə olan münasibətdir. Obyekt Abschattung4-un yeganəliyindən keçməklə aşkara çıxanda yalnızca subyektin varlığı faktı verilmiş Abschattung-a baxış nöqtələrinin artma mümkünlüyünü nəzərdə tutur.
Nəzərdən keçirilən Abschattung-u sonsuzluğadək artırmaq üçün bu yetərlidir. Bundan başqa, təzahürlər sırası sonlu olsaydı, bu o demək olardı ki, keçmiş obrazlar yenidən peyda ola bilməzlər, busa cəfəngdir, yaxud da onlar hamısı birdən verilə bilərlər, bu da ki, daha da cəfəngdir. Doğrudan da, necə lazımdır elə də anlamaq lazımdır ki, bizim fenomen nəzəriyyəmiz şeyin reallığını fenomenin obyektivliyilə əvəz etmişdir və o, sonuncunu sonsuz olanın köməyilə əsaslandırmışdır. Bu fincanın reallığı onun olmasında yox, ondadır ki, o Mən deyil. Bununla demək istəyirik ki, onun təzahürləri sırası iradəmizdən asılı olmayan bir əsasla bağlıdır. Amma özlüyündə və bir hissəsi olduğu sıraya müraciətdən kənarda götürülmüş təzahür yalnız intuitiv və subyektiv tamlıq: subyektə müəyyən bir təsir üsulu ola bilər. Fenomen öz transsendentliyini açmalıdırsa, gərək subyektin özü həmin təzahürünün hədlərindən kənara – üzvü, bir bağı olduğu bütöv bir sıraya doğru çıxsın. Gərək o, qırmızını qırmızıdan alınan izbasma, təəssürat vasitəsilə dərk etsin. Qırmızı – izbasmaların, təəssüratların verilmiş sırasının əsasıdır; elektrik axınını elektroliz vasitəsilə alırlar və s. Amma əgər obyektin transsendentliyi təzahür üçün həmişə özü-özündən üstün olmaq zərurətinə əsaslanırsa, buradan o çıxır ki, obyekt prinsipcə təzahürlərin sonsuz sırasını tələb edir, nəzərdə tutur. Beləliklə, əlbəttə, özü öz sonluluğunda işarə olunan təzahür eyni zamanda təzahür – təzahür olunanın üzə çıxması olaraq dərk olunmaq üçün sonsuz olana keçidi tələb edir. Bu yeni əkslik: “Sonlu və sonsuz” və ya daha yaxşısı, “Sonludakı sonsuzluq” varlıq və görünənliyin dualizmini əvəz edir: doğrudan da özünü göstərən şey obyektin yalnız bir aspektidir və obyekt bütövlükdə bu aspektdə və bütövlükdə ondan kənardadır. Bütövlükdə daxilindədir, çünki o bu aspektdə aşkara çıxır: o, verilmiş təzahürün eyni zamanda bu sıranın əsası olan strukturu kimi özü-özünə işarə, göstərgə edir. Bütövlükdə kənardadır, çünki sıranın özü bütövdə heç vaxt təzahür etmir və üzə çıxa da bilməz. Beləcə xarici olan yenə də daxiliyə və özünü göstərməyən varlıq – təzahürə qarşı qoyulur. Eynilə bu cür fenomenə, ona transsendentlik verən hansısa bir “qabiliyyət” – sırada, real və ya mümkün təzahürlər seriyasında açılmaq qabiliyyəti qayıdır. Hətta onu yaratdığı əsərlərə müncər etsək də, Prustun dühası bununla belə onun yaradıcılığına mümkün baxış nöqtələrinin sonsuz sayına bərabər olacaqdır ki, bunu da Prust irsinin “tükənməzliyi” adlandıracaqlar. Amma transsendentliyi və sonsuzluğa gedişi nəzərdə tutan bu tükənməzlik hansısa bir “exis” – obyektdə tutulduğu andakı, məqamdakı bir hal deyilmi? Nəhayət, mahiyyət onu üzə çıxaran fərdi görüntüdən tam ayrılır, çünki o prinsipial olaraq fərdi təzahürlər sırasında aşkara çıxmalı olandır.
Beləliklə, əksliklərin müxtəlifliyini onların hamısının əsasında duran dualizmlə əvəzləməklə biz nəsə itirdik, yoxsa qazandıq? Bunu biz tezliklə görəcəyik. İndisə hələ “fenomen nəzəriyyəsi” nin ilk ardımı, nəticəsi odur ki, kantsayağı fenomen noumenə səmtləndirdiyi, yön verdiyi kimi təzahür varlığa yön vermir (ona qaytarmır). Təzahürün arxasında heç nə olmadığından və o yalnız özü-özünə (və təzahürlərin bütün sırasına) işarə, göstərgə etdiyindən, o öz varlığından savayı heç bir dəstəyə malik deyil və varlıq – subyekti varlıq – absolyutdan ayıran heçliyin nazik örtüyü, pərdəsi ola bilməz. Əgər təzahürün mahiyyəti artıq daha hansısa bir varlığa qarşı qoyulmayan görünənlikdirsə, onda bu görünənliyin varlığı qanuni problemi ortaya çıxır. Məhz elə bu problem burada bizi məşğul edəcəkdir, elə o bizim varlıq və heçlik tədqiqatlarımızın çıxış nöqtəsi olacaqdır.
Varlığın fenomeni və fenomenin varlığı
Təzahürün altında onun özündən fərqli hansısa bir var olan durmur: onun öz məxsusi varlığı vardır. Deməli, ontoloji tədqiqatlarımızda üzləşdiyimiz birinci varlıq (olum, olmaqlıq) təzahürün varlığıdır. O özü də təzahürdürmü? Əvvəlcə o belə də görünür. Fenomen – özünü aşkara çıxaran şeydir və biz onun barəsində danışa və müəyyən dərəcədə onu anlaya bildiyimizə görə varlıq bu və ya başqa sayaq özünü hamının qarşısında aşkar edir. Deməli, varlığın fenomeni, varlığın belənçi olaraq təsvir olunan təzahürü olmalıdır. Ürəkbulanma, xiffət və s. bu varlığı öz bilavasitəliyində bizə faş edəcəkdir və ontologiya varlıq fenomeninin, o özünü aşkarladığı şəkildə, yəni bilavasitə təzahür etdiyi (olduğu) kimi təsviri olacaqdır. Amma hər cür ontologiyaya belə bir ilkin sual qoymaq lazımdır: bu sayaq alınmış varlıq fenomeni fenomenin varlığı ilə eynidirmi, yəni: qarşımda özünü faş edən, mənə bilavasitə özünü göstərən varlıq, bu varlıq mənə təzahür edən var olanların, mövcudluqların varlığı ilə eyni qəbildəndirmi? Burada, elə gəlir ki, çətinliklər yaranmır. Husserl göstərdi ki, eydetik reduksiya həmişə mümkündür, yəni həmişə konkret fenomendən onun mahiyyətinə keçmək mümkündür və, Haydeggerə görə də, “insan reallığı” ontik-ontoloji təbiətə malikdir, yəni o həmişə fenomeni onun öz varlığına keçirə, köçürə bilər. Amma təkcəli obyektdən mahiyyətə keçid bənzərdən bənzərə keçiddir. Var, mövcud olandan varlığın fenomeninə keçiddəmi belədir? Var olandan varlığın fenomeninə keçmək, məsələn, qırmızının verilmiş çalarından onun mahiyyətinə keçdikləri kimi onun varlığına keçmək deməkdirmi! Diqqətlə nəzər salaq.
Təkcəli obyektdə həmişə rəng, iy və s. kimi keyfiyyətləri ayırd etmək olur. Və onlardan başlayaraq, hər işarənin bir mənası olduğu kimi, həmişə onların içərilədiyi mahiyyəti təyin etmək olar. “Obyekt–mahiyyət” toplusu mütəşəkkil bir bütöv əmələ gətirir: mahiyyət obyektdə deyil, o – obyektin mənası, onu açıb göstərən təzahür sırasının məntiqi əsasıdır. Amma varlıq – nə obyektin başqa keyfiyyətlərlə yanaşı dərk edilən keyfiyyəti, nə də obyektin mənasıdır. Obyekt öz mənası, bildirimi olaraq varlığa yön vermir, səmtləndirmir. Məsələn, varlığı haradasa olmaq, iştirak kimi təyin etmək olmaz, çünki qayiblik, olmayış da varlığı açıb göstərir, ona görə ki, burada olmamaq – haradasa başqa yerdə olmaq deməkdir. Obyekt varlığa malik deyil və onun mövcudluğu varlığa aidlik və ya hansısa tam başqa bir münasibət növü deyil. O vardır – bu onun olumunun, olmaqlığının üsulunu təyin edə bilən yeganə şeydir. Zira, obyekt varlığı maskalamır, habelə açıb göstərmir də: o, onu maskalamır, çünki arxasındakı varlığı tapmaq üçün var olanın hansısa keyfiyyətlərini aradan qaldırmaq əbəs bir səy olardı; varlıq bütün keyfiyyətlərə eyni dərəcədə xasdır və o varlığı açıb göstərmir, çünki varlığını tutmaq üçün obyektə yönəlmək əbəs olardı. Var olan fenomendir, yəni keyfiyyətlərin mütəşəkkil bir məcmusu kimi özü özünü bildirir. Özünü, öz varlığını yox. Varlıq – sadəcə hər cür açılışın şərtidir: o – açılmış varlıq deyil, aşkarlanmaq üçün olan varlıqdır. Bu isə, demək ki, Haydeggerin haqqında bəhs etdiyi ontolojiyə keçidimi bildirir? Yəqin ki, mən bu masadan və ya bu stuldan onların varlığına keçə və varlıq-stul və ya varlıq-masa barədə məsələ qoya bilərəm. Amma bu anda mən artıq hər cür açılışın şərti olmayan, özü nəsə açılıb üzə çıxarılmış bir şey, hansısa bir təzahür olan və bu keyfiyyətdə,öz növbəsində, öz mümkün açılışının əsası olaraq, varlığa ehtiyac duyan varlıq – fenomenə diqqətlə baxmaq, zillənmək üçün gözlərimi masa – fenomendən kənara çəkirəm.
Əgər fenomenlərin varlığı həll olub varlığın fenomeninə keçmirsə, və əgər bununla belə biz bu cür varlıq fenomeninə müraciət etməyərək, varlıq barədə heç nə deyə bilmiriksə, onda hər şeydən öncə varlığın fenomenini fenomenin varlığı ilə birləşdirən dəqiq münasibəti müəyyən etmək gərəkdir. Əgər diqqətə alsaq ki, əvvəlki qeydlərin bütün toplusu birbaşa varlıq fenomeninin aydınlaşdırıcı, açıqlayıcı intuisiyası ilə təlqin edilmişdir, onda bunu etmək bizimçün asan olacaqdır. Olumsuzluğu, varolmamanı açılış şərti kimi, varlığısa anlayışlarda fiksə edilə bilən təzahür kimi nəzərdən keçirərək, biz lap başlanğıcdan anladıq ki, bilik təzahürün müstəqil mövcudluq hüququnu əsaslandıra bilməz, yəni fenomenin varlığını varlığın fenomeninə müncər etmək olmaz. Bir sözlə, varlığın fenomeni müqəddəs Anselmin və ya Dekartın sübutunu ontoloji adlandırdıqları mənada “ontolojidir”. Bu varlığın çağırışı, səsidir. Fenomen olaraq o transfenomenal əsas tələb edir. Varlığın fenomeni varlığın fenomenallığını tələb edir. Bununla biz demək istəmirik ki, varlıq fenomenlərin arxasında gizlənir (biz fenomenin varlığı maskalaya bilmədiyini gördük) və ya fenomen özündən fərqli varlığa yön verən, ona tərəf göndərən bir görüntü olardı (məhz elə görüntü olaraq fenomen mövcud olur, yəni varlıq əsasında özünü işarə edir, bildirir). Əvvəlki mülahizələr onu nəzərdə tutur ki, fenomenlə birgə mövcud olsa da, fenomenin varlığı fenomenallıq şərtindən – yalnız açılıb üzə çıxma dərəcəsində mövcud olmadan qaçınmalıdır və deməli, varlıq özü barəsində mövcud olan biliyi içəriləyir və əsaslandırır.
Tərcüməçi: Yusif Rəhimoğlu (Obaçı)
1 təzahür (alm.)
2 hal (yunan)
3 mahiyyəti görmə (alm.)
4 çalar, obraz, rakurs (açı)
Davamı: Jean-Paul Sartre. Varlıq və heçlik: Fenomenoloji ontologiya təcrübəsi – KLV