(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Yağış yağdırma ayinləri Cənub-Şərqi Avropada elə indilərdə də icra olunmaqdadırlar. Onlar nəinki yuxarıda sadalanmış mərasimlərlə eyni bir məntiqi özülə dayanırlar, həm də elə həmin məqsədlərlə icra olunan ayinlərlə təfsilatlarında belə oxşardırlar, məsələn, Delaqoa buxtasından olan baronqaların ayinlərilə. Quraqlıq uzun sürdükdə Fessaliya və Makedoniya yunanlarında mahaldakı bütün quyu və bulaqlara bir dəstə uşaq göndərmək adəti var idi. Dəstənin başında çiçəklərlə bəzədilmiş bir qızcığaz yürüyürdü, yoldaşları ovsunlar oxuyaraq hər duracaqda onun üzərinə su çiləyirdilər. Bu mahnıdan bir hissəsini veririk:
Tər şeh içində Perperiya
Edir bütün diyarı yamyaşıl;
Meşələrdə, təpələrdə
Yolboyu tanrıya dua qıl!
Zəmilərə, çöl-çəmənə
Tanrım çoxlu yağış göndər
Qoy bağ-bağat çiçəklənsin,
Bol-bol bar versin tənəklər,
Taxıllarda artsın dənlər
Xalqımız olsun bəxtəvər.
Quraqlıq zamanı serblər kiçik bir qızcığazı tam soyundurub ona ot, bitki və güllərdən düzəldilmiş, başdan-ayağa bədənini örtən bir don geyindirirlər. Onun üzünü də göyərtidən düzəldilmiş bir örtüklə örtürlər. Ona Dodola adı verirlər. O, qızların müşayiəti ilə kəndi gəzib dolaşır. Mərasim yürüşü hər bir evin qarşısında dayanır. Dodola durmadan rəqs edib oynayır. Qızlar Dodolanın mahnılarından birini oxuyaraq onun dövrəsində halay vururlar, ev sahibisə onun üstünə bir vedrə su tökür. Mahnılardan biri belə səslənir:
Kənddə gəzib dolaşırıq,
Göydə buludlar qaçır
Biz yeyin addım atdıqca
Buludlar da sıxlaşır.
Onlar bizi ötdülər,
Zəmilərə, meylərə
Yağış düşdü təzətər.
Hindistanda Puna obasında yağışa ehtiyac yarandıqda yerli oğlanlardan birini yarpaqlarla bəzəyir və onu “yağış racası” adlandırırlar. O, kənddəki bütün evlərə baş çəkir. Ev yiyələri və onların arvadları “yağış racasının” üstünə su çiləyir və yürüş iştirakçılarını cürbəcür təamlara qonaq edirlər. Bütün evləri gəzib dolaşdıqdan sonra oğlanlar “yağış racasının” yarpaq libasını çıxarır və bəxşişlərdən ziyafət təşkil edirlər.
Cənubi və Qərbi Rusiyanın bəzi vilayətlərində yağış yağdıran vasitə kimi çimməkdən istifadə olunur. Bəzən kilsə ibadətlərindən sonra dindarlar keşişi elə cübbəsindəcə yerə yıxıb üstünə su tökürdülər. Başqa hallarda bir dəstə qadın əziz Çələbi Yəhyanın (İoann Krestitelin) günündə bu əzizin budaqlardan, ot və bitkilərdən düzəldilmiş fiqurcuğunu suya salaraq çimişirlər.Kursk vilayətində yağışa ehtiyac duyulanda qadınlar yoldan keçən bir qəribi tutub çaya atır və dumuzdurub çıxarırdılar. Daha sonra əmin olacağıq ki, qərib adamı çox vaxt ilahi və ya hansısa təbii ünsürün (qüvvənin) təcəssümü kimi qəbul edirlər. Ermənilərdə yağış yağdırma ovsunu keşişin arvadını suya atmaqdan ibarətdir. Şimali Afrikadakı ərəblər quraqlığa qarşı vasitə kimi öz ərənliyi (vəliliyi) ilə tanınmış bir adamı quyuya salırlar (istəsə də, istəməsə də). Selebes (Sulavesi) adasının şimalındakı Minaqassa diyarında yağış yağdırmaqdan ötrü kahinin özü çayda (dənizdə) çimir. Mərkəzi Selebesdə uzun müddət yağış olmayanda və çəltik cücərtiləri qurumağa başlayanda bir çox kəndin sakinləri, xüsusən də gənclər bulağa yollanır və bərkdən qışqıraraq bir-birinin üstünə su çiləyir və ya bambuk borucuqlardan üfürülən su şırnaqları ilə bir-birini sulayırlar. Bəzən əlləri ilə suyu şappıldadaraq və ya suyun üzərinə tərsinə çevrilmiş boranı qoyaraq və onu barmaqları ilə taqqıldadaraq yağış damlalarının şappıltısını yamsılayırlar.
Bir çox xalqlar hesab edirlər ki, yeri şumlamaqla və ya şumlamanı yamsılamaqla qadınlar yağış yağdırmqğa qabildirlər. Beləki, Qafqazdakı pşavlarda və xevsurlarda quraqlıq zamanı “yağış şumlaması” adlı bir ayin vardır. Qızlar kotana qoşulur onu su qurşağa çıxanadək dartıb çaya aparırlar. Belənçi hallarda erməni qız və qadınları eynilə bu cür hərəkət edirlər. Yaşca böyük bir qadın və ya keşişin arvadı cübbə geyir, kişi paltarı geymiş o biri qadınlarsa onun rəhbərliyi altında xışı suda axına qarşı çəkib aparırlar. Əgər Gürcüstanda quraqlıq çox davam edirdisə, nikah yaşına çatmış qızları cüt-cüt öküz qoşqusuna qoşurdular, keşiş yüyəni tuturdu və onlar dua edərək, cığ-vığ salaraq, ağlaya-ağlaya, gülə-gülə çaylardan, gölməçə və bataqlıqlardan keçirdilər. Transilvaniyada bir yerdə, torpaq quraqlıqdan cadar-cadar olanda bir neçə qız lüt soyunur, sonra o da çılpaq olan yaşca böyük bir qadının rəhbərliyi altında bir dırmıx oğurlayır və onu bütün zəmidən keçirməklə sürüyüb irmağa aparırlar. İrmağa çatanda onlar dırmığı suya buraxır, üstünə minir və bir saat ərzində onun hər bir küncündə od qalayıb saxlayırlar. Bundan sonra dırmığı suda saxlayıb evlərinə qayıdırlar. Hindistanın bəzi hissələrində yağış yağdırmanın elə bu cür üsuluna əl atırlar: çılpaq qadınlar gecə ikən kotanı zəmi boyu çəkib sürüyürlər, kişilərsə bu zaman bu həngamədən uzaq olmağa çalışırlar – onların iştirakı guya sehri dağıda bilər.
Bəzi xalqlar yağışı ölü vasitəsilə gətirməyə çalışırlar. Yeni Kaledoniyada yağış yağdıranlar bədənlərini qara rəngə boyayır; cəsədi qəbirdən çıxarır; sümükləri mağaraya aparıb birləşdirirlər və taro yarpaqlarının üstündən asırlar. Sümüklərə suyu elə tökürlər ki, o, yarpaqların üstünə axsın. Adalılar inanırdılar ki, mərhumun ruhu suyu özünə hopdurur, onu yağışa çevirir və yerə endirir. 1968-ci ildə Rusiyada məhsulu məhv etməkdə olan uzunmüddətli quraqlıq Taraşşan vilayətində bir kəndin sakinlərini öncəki ilin dekabrında ölmüş bir sapığın (raskolnikin) cəsədini qazıb çıxarmağa sövq etmişdir. Kəndlilərin bir qismi “Bizə yağış ver” deməklə cəsədi (qalıqları) döyəcləyir, qalanlarısa onun kəlləsinə ələkdən su tökürdülər. Ələkdən su tökmə burada aşkar surətdə leysanı təqlid edir və bizə Aristofanın (təq. m. ö. 445-385) ”Buludlar” komediyasında Strepsiadın Zevs[1] tərəfindən yağış göndərilməsini necə təsəvvür etdiyini xatırladır.Yağış yağdırmaq üçün toracilər çox vaxt ölülərin mərhəmətinə üz tuturdular. Beləki, Kalinqoa obasında məşhur bir başçının goru vardır. Torpaq vaxtsız düşmüş quraqlıqdan əziyyət çəkəndə adamlar bu gorun yanına gəlir, ona su töküb deyirlər: “Bizə rəhmin gəlsin, baba! Əgər istəyirsənsə ki, bu il ruzimiz olsun, onda bizə yağış göndər.”Bundan sonra onlar gorun üstündən su ilə doldurulmuş bambuk çubuğu asırdılar. Onun aşağı hissəsində içindən su daman kiçik bir deşik olur. Yağış yeri isladanadək bambuk çubuğunun içi aramsız doldurulur. Yeni Kaledoniyada olduğu kimi, burada da magiya dinlə qarışmışdır: ölmüş başçıya sırf dini xarakter daşıyan duaetmə onun qəbrində yağışın magik təqlidi ilə tamamlanır. Gördük ki, Delaqoa buxtası sahillərindən olan baronqalar yağış sehri, cadusu kimi əcdadların, xüsusən də əkizlərin qəbirlərini sulamadan istifadə edirlər. Orinoko çaybasarının bəzi hindu tayfalarında ölünün qohumları adətən onun dəfnindən bir il sonra onun qalıqlarını qazıb çıxarır, yandırıb külünü küləyə sovururlar. Belə hesab olunur ki, kül, mərhumun öz dəfninə görə mükafat olaraq göndərdiyi yağışa çevrilir. Çinlilər əmindirlər ki, əgər insanların nəşləri basdırılmayıbsa, yağış onların ruhlarına pis havada evsiz-eşiksiz qalmış diri adamların çəkdiyi narahatçılıq qədər rahatsızlıq verir. Buna görə dəfn olunmamışların bədbəxt ruhları hər şey edirlər ki, yağış yağmasın və çox vaxt onların səyləri öz bəhrəsini verir. Bu üzdən Çin yetkililəri quraqlıq zamanı, bir qayda olaraq, fəlakətli vəziyyətə son qoymaq və yağış yağdırmaq üçün dəfn olunmamış ölülərin qurumuş sümüklərini basdırırlar.
Çox vaxt hava ilə bağlı cadu sehrlərində heyvanlar mühüm rol oynayırlar. Şimali Avstraliyanın anula tayfasına aid yerliləri yağışla ağzıyekə quşu (Euristomos) assosiasiya edir və onu yağış quşu adlandırırdılar. Bu sonuncu – anuların totemidir. Həmin qəbilənin kişiləri guya yağış yağdırmaq qabiliyyətinə malikdirlər. Bununçün onlar bir ilan tutur və onu bəlli bir sututara atırlar. Bir ara sonra ilanı oradan çıxarıb öldürür və sahilə atırlar. Sonra ot saplaqlarından göyqurşağı şəklində bir hörmə toxuyub onunla ilanın üstünü örtürlər. İndi ancaq ilanın üzərində ovsun oxumaq və göyqurşağını yamsılamaq qalır ki, yağış yağsın. Aborigenlər öz hərəkətlərini onunla izah edirlər ki, məhz bu yerdə çox qədim zamanlarda ağzıyekə ilanla yaşamışdır. İlan sututarda yaşayır və göyqurşağı və buludlar peyda olub yağış yağanadək suyu göyə fısqırtmaqla yağış yağdırırdı. Yava adsının müxtəlif hissələrində yağış yağdırmanın ən adi üsulu – bir və ya iki ayrıcinsli pişiyin çimizdirilməsidir: bəzən heyvanları suya musiqinin müşayiəti ilə bir dəstə adam aparır. Bataviyanın özündə aradabir uşaqların pişiklə yürüşünü görmək olar. Onlar heyvanı suya salıb buraxırlar.
Vambuqve qəbiləsinin (Şərqi Afrika) cadugəri yağış yağdırmaq istəyəndə, qara bir qoyunu və qara dananı aydın gün işığında ümumi komanın çatısına çıxarır. Sonra o onların qarınlarını yarır və içalatlarını hər tərəfə tullayır. Bundan sonra o qaba su və davacatlar doldurur. Sehr baş tutubsa, qabdakı su qaynayır və yağış yağmağa başlayır. Əksinə, əgər cadugər yağış yağmasını istəyirsə, komanın içinə girir və orada balqabaqdan düzəldilmiş qabda dağ büllurunu qızdırır. Vaqoqo əhli yağış yağdırmaq üçün ölmüş ulularının qəbirləri başında qara bir quşu, qara qoyunu və qara inəyi qurban kəsirlər. Yağış sezonunda yağış yağdırıcı qara paltar geyinir. Sumatra bölgələrindən birində yağış yağdırmaq üçün kəndin bütün qadınları yarıçılpaq bir qiyafədə çaya gedirlər. Suya girib bir-birinin üstünə su çiləyirlər. Sonra çaya qara bir pişik atıb bir müddət üzməyə məcbur edirlər, sonrasa hər tərəfdən üstünə su çilənən pişik sahilə çıxır. Quraqlıq zamanı qarolar (Assam) çox uca bir dağın başında qara bir keçini qurban kəsirlər. Bütün hallarda ovsunlarda səmanı qara buludlarla dolduran qara rəngdən istifadə olunur. Beləki, beçuanlar axşamçağı öküz qursağı yandırır və inanırlar ki,”qara tüstü qara buludları yığıb yağış yağdıracaq.” Timor adası sakinləri yer ilahəsinə yağış yağdırması üçün qara donuz, günəş allahınasa günəşli hava olması üçün ağ və ya kürən donuz qurban edirlər. Apqonlara yağış lazım olanda onlar qara öküz, günəşli hava gərəkəndəsə – ağ öküz qurbanı verirlər. Əgər Yaponiyanın yüksək dağlıq nahiyələrindən birində uzun sürə yağış olmursa, kahin başda olmaqla (o, yanında qara bir it aparır) bir dəstə kənd sakini dağ axınına doğru yönəlir. Mənzil başına gəlib çatdıqda iti bir daşa bağlayıb güllə və ox ataraq onu öldürürlər. İtin qanını qayalara çiləyərək kəndlilər silahı yerə atır və murdarlanmış yeri yumalı olan yağış göndərməsi üçün axın ilahisi əjdəhaya dua etməyə başlayırlar. Adət tələb edirdi ki, belə hallarda heyvanın rəngi qara olsun (arzulanan qara buludların rəmzi kimi). Amma əgər yaxşı hava lazımdırsa, qurban verilən heyvan qənirsiz dümağ olmalıdır.
(davamı var)
Tərcüməçi: Obaçı
[1]Strepsiad – Aristofanın adı çəkilən komediyasının komik personajı. Onin fikrincə, yağış, Zevs xəlbirdən yerə işəyəndə olur.
Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Hava üzərində magik nəzarət – 4 – KLV