Əvvəli: Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 3
XIII
(davamı)
Annanın söhbətinin davamı
Apardığım təhqiqat çıxılmaz vəziyyətə düşdü. Bu vaxtadək işi təklikdə görürdüm. Gizlətmək istəmirəm, bu, məni özünə çəkirdi. Lakin gözlənilmədən hər şey dəyişdi… Sirrimi kiməsə bildirmək vaxtı gəlib çatdı. Ancaq, kimə? Polkovnik Reysəmi? Şübhə etmirəm ki, o dərhal işi öz əlinə alar və məni hadisələrin sonrakı inkişafından uzaqlaşdırardı. Düzünü desəm, mənum polkovniklə ənəkdaşlığımı çətinləşdirən başqa səbəblər də vardı. Buna görə də missis Bleri partnyor seçdim. Mən onun xoşuna gəlirdim, o da mənim. Onun mükəmməl manerası, xəyalpərvər olmaması, sərbəst davranmaq bacarığı ürəyimcə idi. Onunla sirdaş olmaq qərarına gəldim. Kayutunun nömrəsini öyrənmək üçün telefonla zəng etdim. Azca xırıltıdan sonra kişi səsi bildirdi:
– Missis Bler, 71-ci kayut.
– Bəs, stüardessa haradadır?qeyri-iradi soruşdum.
– Miss, axşam saat ondan sonra stüardessalar işləmirlər.
– Bəs, bu gecə növbədə olan kim idi?..
– Miss, bizdə gecə stüardessaları yoxdur.
– Axı, bu gecə saat birdə mənim kayutuma stüardessa gəlmişdi!
– Bu, ola bilməz, miss. Yəqin, sizə belə gəlib.
Bu söhbət məni düşünməyə məcbur etdi. Əgər stüard haqlıdırsa,bəs, onda 22-sinə keçən gecə mənim kayutuma girən kim idi? Yalnız bir şeyi aşkar anlayırdım: mənim hiyləgər və təhlükəli, naməlum düşmənlərim var!..
– Ah, sizsinizmi, qaraçı qızı. Gəlin, gəlin! – missis Bler gəlişimdən sevindi. O, tündqızılı haşiyəli, sarımtıl-çəhrayı rəngli kimono geyinmişdi. Əla zövqü vardı!
– Qorxuram sizi darıxdıram-missis Blerə müraciət etdim, ancaq istəyirəm, sizə bir əhvalat barədə danışam.
– Siz cazibədar varlıqsınız. Hələ heç kim gecə yarısı mənim yanıma “bir əhvalatla” gəlməyib. Görünür, bu son dərəcə maraqlı əhvalatdır. Əyləşin və qəlbinizi yüngülləşdirin!
Bütün təfsilatı ilə söylədiyim əhvalat xeyli vaxt apardı. Axı, hər bir detal vacib idi. Məni axıradək dinləyən missis Bler dərindən nəfəsini çəkdi və tam sadəlövhlüklə nəticə çıxartdı:
– İlahi, Anna! Belə də iş olar? Pulsuz yola çıxmaq və cibində bir pens də olmadan naməlum ölkəyə getmək!
– Yaxşı, missis Bler, sabah baş verə biləcək hadisəyə görə bu gün kədərlənməyə dəyərmi? Deyin görüm, bütün bu tapmacalara görə siz nə fikirləşirsiniz?
– Xahiş edirəm, mənə “missis Bler” demə. Səninçün mən Suzannayam. İndi də iş barədə. Təsdiq edirsənmi ki, ser Yustasın ikinci katibi, o Reyborn… Məhz, o sızin kayutunuzda gizlənmişdi?
Başımın hərəkətilə bunu təsdiqlədim.
– Onda gəl fikirləşək. Ser Yustasın evində qadın öldürülür, təzə katibinə isə gecə saat birdə burada, gəmidə bıçaq zərbəsi vurulur. Məncə, bu iki hadisənin arasında əlaqə var… Bəs, stüardessanın görkəmi necə idi?
– Sifəti mənə tanış gəldi.
– Bəlkə o… qadın paltarı geyinən kişi imiş?
– Boyu kifayət qədər hündür idi-dedim.
– Onda tamamilə aydındır ki, bu, ser Yustas deyil! Mister Peqqet də deyil. Axi, onu sifətdən tanımaq çətindir… Bəlkə, müqəddəs Çiçester?
– Suzanna, bu haqda mən də fikirləşmişəm.
– Deyirsən ki, on yeddinci kayuta keçməyə təkid edirdi?
– Bundan nə olsun? Ola bilsin ki, on yeddinci kayutda hansısa görüş olmalıymış. Reyborn ora gəlib və onu bıçaqlayıblar… Bəs, o, kiminlə görüşməliymiş?
– Əgər o, kayutdan nə isə götürmək istəyibsə?-bir az susandan sonra Suzanna dilləndi. Tutaq ki, belədir. Belə olan halda axtarışın məğzi məlumdur. Ancaq orada, kayutda nə gizlədilə bilər ki?
-…Ya da özü nə isə gizlədib-sualıma cavab vermədən Suzanna sözünə davam etdi.
– Bəlkə, səndəki qiymətli vərəqi axtarırmışlar?
– Bu mənasızdır! Axı, orada göstərilən tarix artıq ötüb.
– Düzdür,-Suzanna razılaşdı. Yeri gəlmişkən, vərəq yanındadırsa, ver baxım.
– Vərəqi ona uzatdım. Suzanna qaşlarını çataraq diqqətlə oxudu.
– Yeddidən sonra nöqtə qoyulur, ikinci rəqəmdən sonra…
– Kiçik məsafə-tez dilləndim.
Suzanna ayağa qalxdı, vərəqi işığa tutaraq diqqətlə nəzərdən keçirməyə başladı.
– Axi, heç yeddidən sonra nöqtə yoxdur! Bu, yalnız kağız zay olduğundan nöqtə kimi görünür! Və əgər buna diqqət yetirsək…
Gözümü vərəqə zilləyərək Suzannaya yaxın oturdum. Qarşımda tamam başqa kombinasiya dururdu: 1 71 22.
– Görürsənmi?-Suzanna müzakirəni yekunlaşdırdı. Məsələ belədir:gecə saat birdə. İyirmi ikinci. Ancaq sənin on yeddinci kayutun yox, 71-ci. Mənim kayutum!..
Bu tapıntıdan biz tamam karıxdıq.
– Yaxşı, 22-si gecə saat birdə sənə heç bir hadisə üz verməyib?-nəhayət soruşdum.
– Heç nə-Suzanna təsdiq etdi.
Birdən ağlıma bir fikir gəldi.
– De görüm, Suzanna… Bu kayutu əvvəlcədən sifariş etmişdinmi?
– Yox, mən buraya başqa kayutdan köçmüşəm. Gəmi tərpənəndən sonra.
– Görürsənmi? Qauthemptonda bu kayutu kimin sifariş etdiyini təcili surətdə öyrənməliyik!
– Vacib deyil. İnzibatçı kiməsə izah edəndə ki, “71 nömrəli kayut missis Qreyin adina sifariş edilib”, özüm eşitdim. Üstəlik, o dedi ki, bu, məşhur rus balerinası Nadinin təxəllüsüdür. Bu yaxınlarda Parisdə böyük müvəffəqiyyət qazanmış həmin balerinadır. Artıq yola düşəndən sonra məlum oldu ki, Nadin gəmiyə gəlməyib. Beləliklə, mən bu kayuta keçdim.
Suzannaya get-gedə daha həyəcanla qulaq asırdım. O isə davam edirdi:
– Öz aramızdır, polkovnik Reys həmin Nadin haqqında xeyli maraqlı şeylər danışıb. Təsəvvür edirsənmi, müharibənin lap əvvəlində onu casusluqda təqsirləndiriblər, ancaq tutarlı sübut-dəlil olmayıb. Bir də onun haqqında belə söhbət gəzirmiş ki, “Polkovnik” ləqəbli bir ingilisin başçılıq etdiyi cinayətkar dəstənin üzvü olub. Guya, Nadin “polkovnik”in ən çox inandığı casus imiş. Ancaq, bu barədə də heç bir sübut…
– Deməli, yanvarın 22-sində görüş…
– Məhz, madam Nadinlə olmalıymış! Lakin nədənsə o, gəmiyə heç gəlməyib də.
– Nadin bu səfərə hazırlaşırdı!-birdən ağlıma gələn yeni versiyanı başa çatdıraraq dilləndim. – O hazırlaşmışdı, amma… Mənə belə gəlir ki, Marlouda öldürülən qadın elə Nadinin özüdür.
Mill-hausdakı boş otağı gözümün qabağına gətirdim. Yenə də məni orada keçirdiyim vahimə hissi bürüdü. Təhlükə, dəhşət, nəsə aydın olmayan hədə-qorxu hissi. Diyirlənib az qala eyvanın qapısının altına düşən karandaşı, fotokaseti xatırladım…
– Suzanna, axı, məhz 22-sində kaseti sənin ventilyatorunun altına tullayıblar!
– O günü əlimdən düşəni deyirsən?
– Hansının olmasının əhəmiyyəti yoxdur. Məsələ burasındadır ki, nə ücün onu gecə yarısı, həm də bu yolla qaytarıblar? Mənasızcasına. Kaset səndədir?
Suzanna qalxıb kaseti mənə verdi. Tropiklərdə şəkil çəkmək üçün plyonka dolanmış adi silindr idi. Lakin o mənə olduğundan ağır göründü. Hövsələsizliklə plastrı qoparıb, qapağı açdım… və çarpayının üstünə parlayan hamar daşlar töküldü.
– Bu nə daşlardır…- deyə, heyrətlə əlimi uzatdım.
– Ay dəli, görmürsən! – Suzanna içini çəkdi. Bunlar ki almazdır!
XIV
Almazlar!.. Heyranlıqla daşlara tamaşa edirdim. Onları çox sadəlöhvcəsinə şüşə qırıqlarına oxşatmaq olardı.
– Necə yəni almazlar?! Buna əminsənmi?
– Hə, qaraçı qızı! Mən xam almazları çox görmüşəm. Şübhən olmasın. Yaxşısı budur, gəl polkovnik Reysin de Birdəki oğurluq barədə dünənki söhbətını xatırlayaq. Məncə, bu əhvalat təsadüfən söylənilməyib.
– Görəsən, nə məqsəd var bunda? Bəlkə, təsir etmək üçündür?
– Bəs, onda bu “təsir” kimə qarşıdır? Ser Yustasa qarşı yönəlməyib ki!
Fikirləşdim ki, “bəlkə mənə toxuyur?” Buna görə soruşdum:
– Bəs, həqiqətdə polkovnik Reys kimdir?
– Bunu öyrənmək asan məsələ deyil! Çoxları onu yalnız ov həvəskarı kimi tanıyır. Axı, o, Afrikada tez-tez olur. Bəzilərinin fikrincə o, əks-kəşfiyyatdandir.
– İndi o, ser Lorensin varisidir və yəqin ki, varlıdır.
– Sözsüz ki, kasıb deyil. Yeri gəlmişkən… həm də sənə gözəl taydır.
– Yox, nə qədər ki, sən burdasan, mən tərəfə heç baxmır da.
– Niyə? Hamı bilir ki, mən öz Klarensimə sadiqəm. O mənim ərimdir, Forin ofisdə işləyir… Qulaq as, bəlkə Reys haqqında elə ondan öyrənək? Teleqram göndərərik. Hərçəndi teleqramlar Klarensi həmişə hirsləndirir, ancaq mən onları göndərməkdən ötrü lap ölürəm. Polkovnik məsələsinə qayıdaq. Anna onun xoşuna gəlirsən. Mübahisə etmə, bunu aydın görürəm. Gəl, onu ələ al!
– Ərə getməyə hazırlaşmıram.
– Amma, ərdə olmağı mən yaman xoşlayıram. Hətta Klarensin arvadı olsam da.
Söhbəti gəmidəki hadisələrin üzərinə qaytardım:
– Mənə belə gəlir ki, burada baş verən hər bir şeydə polkovnikin əli var. Bəlkə, o, bizi də izləyir? Əgər onun dünənki söhbətini xatırlasaq… Məgər yol vermək olmaz ki, bu almazlar…
– Yol vermək? Nəyə?-Suzanna maraqlandı.
Bu sualın cavabında tələsik başqa sual verdim:
– Fikir verdinmi?, Con Erdsleyin dostu barədə polkovnik bir kəlmə də söyləmədi? Onun başına nə hadisə gəlmişdir?
– Kələfin ucu bu almazlardadır!-Suzanna demək olar ki, mənə qulaq asmadan dedi. –Bilirsənmi, nədənsə mən əminəm ki, “qəhvəyi kostyumlu kişi” bunlara görə balerinanı öldürüb!
– O öldürməyib!-qətiyyətlə etiraz etdim.
– Bəs, onda kim öldürüb?
– Bilmirəm.
– Axı, Nadinin arxasınca içəri o girib! Və az sonra kətan kimi ağarmış oradan qayıdıb.
– Bu təbiidir:çünki, meyidi görüb. Yox, Suzanna həqiqi qatil Mill-hausa əvvəlcədən soxulubmuş. Həm də qapıdan yox, başqa yerdən.
Suzanna fikir içində mənə baxırdı. Nəhayət, o dedi:
– Axı, tamamilə mümkündür ki, ser Yustasın ikinci katibi və “qəhvəyi kostyumlu kişi” eyni adam olsun. Bunun üçün də onu təhlükə gözləyir və o, Pedlerə qoşulur ki, İngiltərəni tərk edə bilsin. Bu, onun üçün ən etibarlı üsuldur. Bax, belə. Əgər güman etsək ki, Reyborn “qəhvəyi kostyumlu kişidir”, onda sonrası aydındır. O, vərəqi salıb itirsə də oxumağa imkan tapıb: ”17. 1 22”. Və sənin kimi çaşaraq bunu belə başa düşmüşdür: On yeddinci kayut, ayın iyirmi ikisi, gecə saat birdə. Peqqetin maneçiliyi nəticəsində kayutu götürə bilmədiyindən, oraya başqa yolla girməyə çalışmışdır.
– Bəs, onu kim yaralayıbmış?
– Əlbəttə ki, Çiçester. Hər şey düz gəlir! Anna , əzizim, təbrik edirəm! “Qatillə bir kayutda!” sərlövhəli ilk reportajını “Deyli Büdcet”ə göndərə bilərsən. Onu birinci səhifədə dərc edəcəklər.
– Bəlkə biz nəyisə unutmuşuq?
– Yox, canım! Hər şey uyğun gəlir! Hətta başının forması da. Bu haqda Skotland-Yardda danışdığını xatırlayırsanmı?
– Dolisefalik?
– Bu nə deməkdir?
– Başın uzunsov forması.
– Bəs, bunun əksi necə adlanır?
– Braxisefalik.
– Bax, bunu deyirəm. Skotland-Yardda sən elə belə də demişdin.
– O vaxt səhv etmişdim!
– Kələk gəlmə, qaraçı qızı!-Suzanna gülümsündü.-Hər şeyi axıradək danış.
– Danışmağa daha bir şey qalmayıb!
– Beləmi?
Yaxşı, əgər təkid edirsənsə… O kobud və naşükür idi! Ancaq, onu başa düşmək olardı! O, təqib olunurdu. Və mən… mən bütün qəlbimlə ona acıyırdım!
Suzanna sakitcə mənə baxırdı.
– Demək belə,-o söhbətə yekun vurdu.-Belə başa düşürəm ki, reportaj olmayacaq!?
Dinməzcə başımı buladım.
– Və heç cür inanmırsan ki, o, həmin qadını öldürə bilərdi?
– Yox, buna inanmıram!
– Lakin intuisiya etibarsız hissdir, Anna!
– Başa düşürəm, onda qadını öldürmək fikri yarana bilərdi. Ancaq qaytanla bağlamaq!? Yox, bu ola bilməz!
XV
Ertəsi gün göyərtədə polkovnik Reyslə qarşılaşdım.
– Özünüzü necə hiss edirsiniz, miss?-deyə o, mənə yaxınlaşdı.
– Dəniz sakitləşdiyindən indi lap dünyanın o başına gedərəm.
– Sizdə olan həvəsə həsəd aparıram.
Hava əla idi. Polkovniklə bəzi əhəmiyyətsiz şeylərdən danışandan sonra o, səmimiyyətlə üzr istəyib ayrıldı. Mən isə dərhal miss Blerin kayutu yerləşən göyərtəni yığışdıran stüardı axtarmağa getdim.
– Zəhmət olmasa, deyin, bəyəm, kaseti gündüz vermək olmazdı?-stüardı tapıb soruşdum.
– Ümid edirəm ki, xanım qorxmayıb-stüard gülümsədi.-Mən tapşırığı yerinə yetirirdim.
Stüarddan bəzi məsələləri öyrəndim. “Kilmorden Kastl” Keyptaundan İngiltərəyə üzdüyü vaxt bir nəfər sərnişin stüarda bir kaset verib və xahiş edib ki, qayıdanbaş onu yanvarın 22-də, düz gecə saat birdə yetmiş birinci kayutun ventilyatoruna atsın. Həmin adam izah edib ki, onun bu zarafatyana hədiyyəsi, şübhəsiz, kayutda olan xanımı-çünki, artıq ona bilet alınıb, hədsiz sevindirəcəkdir.
O saat başa düşdüm ki, stuard bunun üçün əməlli-başlı mükafat alıb. Görünür, xanımın adı ona bəlli deyildi. Və buna görə də paroxod yola düşəndən dərhal sonra missis Blerin bu kayutu tutmasına baxmayaraq stüardın heç ağlına da gəlməyib ki, kaset ünvanına çatmayıb. Üstəlik, stüard dedi ki, hazırcavab sərnişinin adı Karten imiş. Onun bildirdiyi əlamətlərə görə Karten metroda ölən adama oxşayırdı.
Nəhayət ki, tapmacalardan biri açıldı.
Keyptauna yaxınlaşırdıq. Yeni tanışlarımı-ser Yustası və onun katibini, polkovnik Reysi, mister Çiçesteri gözdən qoymamağa çalışırdım.
Rəqs vaxtı birtəhər Peqqetin yanında oturdum və ondan soruşdum:
– Florensiya xoşunuza gəlirmi? İtaliyada, xüsusilə Florensiyada olmağı həmişə arzulamışam!
Xahiş edirəm, bağışlayasınız, miss Bedinqfeld, ser Yustas məndən məqaləsini gözdən keçirməyi rica etmişdir-deyə, Peqqet dərhal əkilmək istədi.
O getmək üçün ayağa qalxdı, lakin qolundan yapışıb əl çəkmədim:
– Ah, məni tərk etməyin! Məncə, ser Yustas sizə acıqlanmaz. Florensiya haqqında söhbətlərdən niyə qaçırsınız? Bu, nəsə bir sirr ilemi bağlıdır? Ölürəm sirlərdən ötrü!
– Siz nə danışırsınız, miss Bedinqfeld? Nə sirbazlıqdır! Məmnuniyyətlə sizə İtaliya barədə danışaram. Ancaq, bilmirəm ki, sizi nə maraqlandırır?
– Hər şey! Zeytun ağacları, evlər, şəkillər. Hansı şəkil sizin daha çox xoşunuza gəlir?
– E-e-e… Rafaelin… madonnası. Bəli, bəli məhz o.
– Köhnə, sevimli Florensiya. Arno və duomo sahilləri. Xatırlayırsınızmı?
– Əlbəttə!
– Hələ gözəl çayları demirəm?
– Bəli, çox gözəldir!
O, tələyə düşdü. Nə qədər çox soruşdumsa, bir o qədər qəti aydın oldu ki, Peqqet heç vaxt Florensiyada olmayıb. Bəs, harada olub? Yəni Mill-hausda?
Öyrəndiyim yeni faktları Suzannaya bildirdim. Səfər başa çatırdı, buna görə də gələcək planlarımızı müzakirə etdik.
– Mister Çiçester Durbana yola düşməyə hazırlaşır-missis Bler xəbər verdi. Ser Yustas isə dünən dörd bakal şampan şərabından sonra şəxsi vaqonunda mənə yer təklif etdi. O, Rodeziyaya gedir.
– Əla! Ser Yustasla Peqqeti sen izləyəcəksən, Müqəddəs Çiçesteri isə mən. Əgər Yustas polkovnik Reysi də öz vaqonuna dəvət etsəydi!
Suzanna kayuta getdi, mən isə təmiz hava almaq üçün göyərtədə qaldım. Gəmidə axırıncı gecə idi. Qaranlıq, boş göyərtədə külək vıyıldayırdı. Okean sularında fosfor işıldayırdı. Təbiətin cazibədar gözəlliyində zaman və məkan duyğusunu itirərək sanki yuxuya getmişdim…
Xışıltı səsi məni geri baxmağa məcbur etdi. Və bir an içərisində kimsə güclü əllərilə boğazımdan yapışdı. Bacardığım qədər müqavimət göstərdim:gah dişlədim, gah cırmaqladım, gah da dirsəklərimi işə saldım. Əbəs yerə cəhd edirdim! Əllər boğazımı daha bərkdən sıxır, olan-qalan gücüm isə tükənirdi. Birdən küt zərbə səsi eşidildi. Əllər boğazımdan açıldı və kimsə göyərtəyə yıxıldı. Ağır nəfəs ala-ala məhəccərdən yapışdım. Məni kim xilas etsə yaxşıdır… Reyborn.
– Hər şey qaydasındadırmı?-deyə o, məni müdafiə edə-edə soruşdu.
Bu bir an bəs elədi ki, cani ayağa sıçrayıb qaçmağa üz qoysun. Reyborn onun dalınca atıldı, amma salonun girəcəyində birdən dayandı. Onun yanına qaçanda yerə sərilmiş bir kişi gördüm.
– Onu əzişdirmisiniz?-deyə soruşdum.
– O özü büdrəyib kəllə-mayallaq aşdı.
Reyborn kibrit çəkdi və onun zəif işığında… Peqqeti gördüm. O, huşsuz idi.
– Heç demə bu Peqqet imiş…-Reyborn özünü itirdi.-Heç vaxt ağlıma gəlməzdi ki, o, belə fikrə düşə bilər! Onu tanıdınız? Orada, göyərtədə?
– Belə qaranlıqda?
Reyborn diqqətlə mənə baxıb dedi:
– Hər halda bilmək istərdim ki, siz kimsiniz və bu iş barədə çoxmu bilirsiniz?
– Az bilmirəm, mister… Lukas!
O, qolumu dirsəkdən yuxarı möhkəm sıxdı.
– Bu adı hardan bilirsiniz?
– Məgər bu, sizin adınız deyil?-sakitcə cavab verdim.-Yoxsa sizi “qəhvəyi kostyumlu kişi” adlandırmağı daha üstün tutursunuz?
– Cadugər!-deyə məni itələdi.
– Mən sizin dostunuzam!-bərkdən dilləndim. Bir daha sizə köməyimi təklif edirəm.
Lakin artıq o, özünü ələ almışdı və mənə qaşqabaqlı nəzər salaraq dedi:
– Kömək? Sizdən? Heç cür!
– Bir başa düşün, siz mənim əlimdəsiniz! Kapitana bir balaca işarə kifayətdir ki…
– Bu saat siz mənim əlimdəsiniz, miss. Sizi hop qaldırıb köpək balıqlarına yem əvəzi göndərərəm.
Boş-boşuna gülümsəyərək susdum. Alovla oynadığımı başa düşürdüm. Nəhayət, o, soruşdu:
– Adınız nədir?
– Anna Bedinqfeld.
– Doğrudanmı heç nədən qorxmursunuz?
– Niyə ki? Qorxuram. Eşşək arısından və kinayəli qadından.
O yavaşca güldü. Sonra ayağı ilə Peqqetin hərəkətsiz vücuduna toxundu və soruşdu:
– Bununla nə edək? Bəlkə, ataq suya?
– Necə istəyirsiniz?-süni soyuqqanlılıqla cavab verdim.
– Siz lap qəddarsınız?-miss Bedinqfeld!
– Öz aramızdır, siz artıq ikinci dəfədir ki, adam öldürməkdən vaz keçirsiniz…
– Başa düşmədim…
– Marloudakı qadın-deyə izah etdim.
Onun üzü elə bil qəfil ağrıdan qıc oldu. Sonra səssizcə dedi:
– Düz deyirsiniz. O qadını öldürə bilərdim. Düşünürdüm ki, bacararam. Ona… nifrət edirdim.
Fikirləşdim ki, madam bu dərəcədə nifrət edirmiş, demək Nadini çox sevirmiş. Qısqanclıq dalğası qəlbimi bürüdü. Əgər Nadin yanımda olsaydı tərəddüd etmədən onu boğardım. Lakin özümü ələ alaraq, adi səslə dedim:
– Siz hər şeyi söylədiniz, lakin mənə “gecəniz xeyrə qalsın” deməyi unutdunuz.
– Gecəniz xeyrə qalsın, miss Bedinqfeld. Əlvida!
– Görüşənədək, mister Lukas.
O səksəndi və mənə yaxınlaşdı.
– Sizcə, biz yenə görüşəcəyik?
– Dağ dağa rast gəlməz, insan insana rast gələr!
– Bunun baş verməməsi üçün hər şeyi edərəm.
– Onsuz da biz görüşəcəyik!
– Lənət sənə kor şeytan, hardandir sizdə bu inam?
Dodaqaltı qımışaraq Reybornun böyründın sivişib keçdim. O, arxamca bir necə addım atıb dayandı və yenə də “Cadugər”-deyə dilləndi. Ola bilsin ki, mən belə eşitdim…
Davamı: Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 5
Tərcümə edən: Novruz İbrahimoğlu