Yəqin ki, hər biriniz İlqar Fəhmini müəyən qədər tanıyırsınız. Bu yazımda əsas məqsədim onun poeziyasına qonaq olmaqdır. Mənfisiylə, müsbətiylə bir dünya cızmış bu qələm sahibini hamıdan fərqləndirən əsas xüsusiyyət müraciət etdiyi hər janra öz ruhundan üfürməyi məharətlə bacarmasıdır. Şairin bir qələm məhsulunu diqqətinizə çatdırmaq istəyirəm.
“O qızın” əsəri. İlk baxışda adi şeir parçası kimi görünsə də, dərin fəlsəfi mahiyyətə malikdir. Beytləri oxuyarkən şairin keçmişlə gələcəyi, köhnəliklə müasirliyi, klassik romantizmlə realizmi necə məharətlə sadəcə bir ifadə – “o qızın” ifadəsi ilə bir-birinə qovuşdurduğunun şahidi ola bilərik. Həm də bütün varlığı, ruhu ilə. Beytlərin ilk hissəsi bizə orta dövr təsiri bağışlasa da, ikinci hissəsi müasir dövrümüzlə səsləşir. Həm də bütün çılpağlığı ilə. Qələm işinin ecaskarlığı da məhz bu hissədədir. “O qızın” sanki iki aləm arasında xəyali körpüdür…
İnsan düşüncəsinin yetişə bilmədiyi yüksəkliyi şair bir kəlmə ilə fəth etməyi bacarır…
O qızın
Saçları bir zülfü-pərişan idi.
Cümlə cahan zülfünə qurban idi.
O qızın
İndi səliqəylə daranmış başını qar tutur.
Saçlarını sanki qara rəng uduzur, ağ udur.
Gözləri bir nərgizi-fəttan idi.
Kirpiyi sanki iti peykan idi.
O qızın
İndi daha parlamayır gözləri ulduz kimi.
Kirpiyi üstə gözünün yaşı donur buz kimi.
Boy-buxunu sərvi-xuraman idi.
Qamətinə sərv özü heyran idi.
O qızın
İndi bükübdür belini acı həyat gör necə.
Sanki çəkib ömrü boyu qəm yükünü gizlicə.
Ləbləri bir qönçeyi-xəndan idi.
Busəsi çox dərdlərə dərman idi.
O qızın
İndi əsəbdən gecə-gündüz dodağın çeyniyir.
Eh, bu qədər qayğı ki, var, al dodağı neyniyir.
Nitqi şirindi, şəkəristan idi.
Hər sözü məna dolu ümman idi.
O qızın.
İndi şikayət dolu sözlər oturub nitqinə.
Axşamacan ah eləmək adəti olmuş yenə.
Aşiqi bir tazə qəzəlxan idi.
Çəkdiyi ancaq qəmi-hicran idi.
O qızın
Aşiqinin indi qələm tutmağa yox taqəti.
Neyləsin aşiq, belə gəldi qədəri-qisməti…