Dilbər Zeynalova. Mətndə sənədliliyin və bədiiliyin sintezi

(H.İsaxanlı “Mənim Qarabağım və ya Qarabağ düyünü”)

 

Elə bir unvеrsаl düşüncə sistemi yoxdur ki, оnun dахilində müəllifin öz siması, öz surəti оlmаsın. Şənətkarın «mən»i həttа ən məşhur ideyalara da nüfuz edir, hər həqiqətin аrхаsındа оnun subyеktiv bахışlаrı üzə çıхır.

Görkəmli təhsil qurucusu, şair, yazıçı-publisist Hamlet İsaxanlının zəngin, mükəmməl və səmimi  poetik “mən”i   “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsərində bütün rəngarəngliyi və bütövlüyü ilə əks olunmuşdur. Məşhur ədəbiyyatşünas J.F.Jakkarın düşüncəsinə görə, ədəbiyyat hər zaman  özünəistinaddır: onun yaranmasında  “özü haqqında diskurs” iştirak edir, bu da ədəbiyyatla digər nəsnələr arasındakı sərhədi müəyyənləşdirir.

H.İsaxanlı “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsərində bilərəkdən, şüurlu şəkildə  bədiilikdən (sözün geniş mənasında) imtina edir: mətn “sənəd” dir. Yəni özündən başqa hər şeyə şahidik edir və “sənət əsəri” çərçivəsindən kənara çıxır. Bu məqamda  bədii nəsrə (“sənət əsəri”nə) münasibətdə paradoksal şəkildə iki proses baş verir: müəllif eyni vaxtda bədiilikdən həm uzaqlaşma, həm də yaxınlaşma mövqeyindədir.

Əslində, “Mənim Qarabağım və ya Qarabağ düyünü”nün mətnində sənədliliyin diqqət mərkəzində dayanması ilkin qırılma nöqtəsidir – mətn özünün, təxəyyül mənasında, bədii olmadığını iddia edir və bununla da, paradoksal şəkildə, həqiqətəbənzərlikdən imtina olunur –sənədli nəsrdə  sənədlərə əsaslanma, gerçəkliyə, reallığa istinad mütləqdir. Sənədlilik, gerçək faktlara bağlılıq bədii nəsr üçün  qaynaq,  mənbə rolu oynayır. Bədii nəsrin əsasında təxəyyül dayandığından real faktlara əsaslanan mövzular öz yerini təhkiyə üsulu vasitəsilə sənədli nəsrdə tapır. L.Qinzburqun qeyd etdiyi kimi “Janrlar dialektik şəkildə inkişaf edir, sənədli nəsr bədii mətni  mümkün  formalar  və mövzularla zənginləşdirir, lakin sonra bədii nəsr  bu mövzuları mənimsəyərək sənədli mətnə təsir edir,  xüsusən də nəqletmənin üsullarını, süjetin inkişafını müəyyənləşdirir” .

“Mənim Qarabağım və ya Qarabağ düyünü” əsərində hadisə və faktlar əsərin konsepsiyasına uyğun şəkildə qurulur, sistemləşdirilərək ümumiləşdirilir, faktın obrazlaşdırılması baş verir. Hər bir bədii-sənədli əsərdə olduğu kimi, burada da müəllifin subyektiv yanaşması yer almaqdadır: Mən azərbaycanlıyam. Hər azərbaycanlının öz Qarabağnaməsi var. Harada doğulduğundan, peşəsindən, cinsindən asılı olmadan hər azərbaycanlının bir Qarabağ sevgisi, Qarabağ ağrısı var… Azərbaycan və erməni xalqları, Azərbaycan və Ermənistan arasındakı münaqişələr tarixi, xüsusilə son dövrlərdə baş verənlər, mənim öz müşahidələrim, başıma gələnlər, Azərbaycan və erməni xalqlarının həyatı və qayğıları barədə  Azərbaycan və erməni mətbuatında yazılanlar, indiki vəziyyətdə nə etməli, gələcəyimiz necə ola bilər sualarına cavab axtarışı…”

H.İsaxanlının keçmişə aid düşüncələrində bir neçə komponent iştirak edir: informativ (tarixi hadisə, şəxs haqqında məlumat), konseptual (tarixi prosesin gedişi və mahiyyəti, onun faktorları, tarixdə mübarizə edən qüvvələr və s.), aksioloji (tarixi hadisələrin müəyyən prioritetlər baxımından qiymətləndirilməsi). Burada əhəmiyyətli cəhət odur ki, tarixi keçmiş haqqında təəssüratlar müəllifin mütəəssirliyi, emosianallığı kimi empatik komponenlərlərlə şərtlənir: o, tarixdə baş verən hadisələrin heyranlığını, ağrısını, qürurunu da sanki öz şəxsi  həyatından keçib gələn bir  nəsnə kimi qavrayır. Bu və ya digər tarixi hadisəni xatırlayarkən, onu müəyyən bir semantik kontekstdə yerləşdirir: “Məskən saldığımız, dincəldiyimiz dağlarda Borçalı-Qarayazı aşıqları ilə yanaşı, bəzən erməni sənət adamları ilə də görüşlər olurdu. Bizim cəm olduğumuz yerlərdə, o cümədən, Dolama yolu deyilən yerdə erməni müğənnilərin qarşımızda konsert proqramı ilə çıxış etdikləri yadımdadır. Bu, əlbəttə, sovet zamanı idi. Erməni müğənnilər azərbaycan, hətta Türkiyə türklərinin mahnı, şərqilərini həvəslə ifa edirdilər”.

Hamlet İsaxanlının nikbin ovqat yaradan,  düşünməyə sövq edən “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsəri Azərbaycan nəsrinə yeni bir poetik-publisistik intonasiya gətirdi. Heç şübhəsiz, bu əsər Azərbaycan ədəbiyyatında sənədli nəsrin inkişafına,  bu istiqamətdə yaradıcılıq axtarışlarının güclənməsinə təkan verəcəkdir.

                                     

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Emin Zeynalov. "Həsənəli və Bahar” dastanının ideya və məzmun xüsusiyyətləri

Dastanlar folklorumuzun qədim və zəngin janrlarındandır. Bu janr hər bir xalqın özünə aid olan milli-mənəvi dəyərləri, adət-ənənələri, etnoqrafik ünsürləri, dini və dünyəvi görüşləri özündə ehtiva edir. Dastanlarımıza nəzər saldıqda xalqın dini-mifoloji düşüncəsinin daha qabarıq şəkildə əks olunduğunu görürük. Bu düşüncə İslam dini yarandıqdan sonra daha da zənginləşmiş və dastanlarımıza yeni […]