Əvvəli: Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 2
XI
Ser Yustas Pedlerin gündəliyindən
(davamı)
Gəmimizdə həyat ahəngdar gedir. Xoşbəxtlikdən dəniz xəstəliyi mənə əzab vermir. Bədbəxt Peqqet isə xırdaca yırğalanmadan göm-göy göyərir. İkinci katibim də sıradan çıxıb. Hər ehtimala qarşı o, kayutdan bayıra çıxmır. Maraqlıdır görəsən niyə? Dəniz xəstəliyi, yoxsa konspirasiya onu gizlənməyə məcbur edir? Burada cəmi iki babat bric oynayana və yalnız ayaqüstə duran qadına –missis Blerə diqqət yetirmişəm. Qadını Londondan tanıyıram. Onunla söhbətləşmək xoşdur, amma, təəssüf ki, bu uzunayaq eşşək-polkovnik Reys ondan əl çəkmir. Əlbəttə, öz növbəsində polkovnik də gözəldir. Ancaq, bu cür daha cansıxıcıdır. Polkovnik gənc qızlardan və qadın romanlarının müəlliflərindən ötrü lap əldən gedən kişilərdəndir.
Biz Madeyranı tərk edən kimi Peqqet özünə gəldi. O az qala sürünərək göyərtəyə çıxdı və dərhal iş barədə deyinməyə başladı. Əşşi cəhənnəm olsun, gəmidə nə iş! Düzdür, sanballı qəzetlərdən birinə xatirələrimi yazmağı vəd etmişəm. Ancaq, nə olsun! Gözləyərlər. Axi bizim dövrdə memuarı kim oxuyur? Əyalət şəhərlərindəki qocalmış xanımlar? Bir də axı, nəyi xatırlayım? Məşhur adamlarla necə görüşdüyümü? Peqqetin köməyilə bu görüşlər barədə artıq bir neçə maraqlı lətifə düzəltmişəm. Halbuki Peqqet belə iş üçün çox vasvasıdır. Bir fikirləşin, görüşə biləcəyim adamlarla “görüşməyi”, hətta nəzəri şəkildə olsa da, o, rəva görmür.
– Nə iş?- Peqqetin başına ağıl qoymaq istədim.-Əzizim, gedin bir güzgüdə özünüzə baxın. Siz ki, xəstəsiniz. Bu saat sizin üçün yeganə vacib iş günəş vannası qəbul etməkdir.
Peqqet nə isə donquldanıb getdi. Lakin tezliklə yenidən peyda oldu və qətiyyətlə bildirdi:
– Hər halda ser Yustas, sizin kayutda işləmək mümkün deyil. Ora sandıqlarla doludur.
Mən izah etməyə çalışdım ki, özünə hörmət edən hər hansı bir centlmen yola çıxarkən, heç olmazsa, bir dənə yataq dəyişəyi götürür. Lakin Peqqet sakitləşmədi:
– Ser Yustas, mənim daxmamda isə qətiyyən işləyə bilmərik. Sadəcə ikilikdə oraya sığışmarıq.
Doğrusu, Peqqetin “daxmasını” təsəvvür edirdim. Adi səfərlərimdə belə o, ən yaxşı kupeni , yaxud kayutu ələ keçirməyə cəhd edir. Katibimin bu dəfə də öz şakərindən əl çəkmədiyinə şübhə etmirəm.
– Yaxşı, şeylərinizin bir hissəsini mənim kayutuma keçirmək istəmirsinizmi?-deyə, istehzayla soruşdum.
Peqqet kimi adamlarsa istehzanı çox da dərk etmirlər. Dərhal onun çiçəyi çırtladı:
– Baş üstə ser, bu saat yazı makinasını və xırda çemodanı götürüb , gəlirəm.
– Peqqetin çemodanları adətən bir neçə yüz kiloqram gəlir və hamballar üçün ciddi problemə çevrilir.
– Yox! Yox!-qorxumdan tez dilləndim. Yaxşısı budur, öz işiniz üçün əlavə bir kayut tutasınız.
Ertəsi gün Peqqet Renessans dövrünün sui-qəsdçisi halətində qarşımda peyda oldu.
– Ser Yustas, dünən sizə on yeddinci kayutu boyun olmuşdular. Ancaq, o kayutun “başında” nəsə var. Bizə on yeddinci yox, başqasını veriblər.
Peqqetin qarmaqarışıq danışığından belə başa düşdüm ki, on yeddinci kayutun üstündə mister Çiçester və miss Bedinqfeld arasında ciddi söz-söhbət olmuş və görünür, qələbə qızın qismətinə düşmüşdür.
– Peqqet, əzizim, bizə həqiqətən on yeddinci kayutu vəd etmişdilər, lakin, ondan ötrü özünü həlak etməyinə dəyərmi? Sizinçün nə fərqi var, on üçüncü olsun, ya da iyirmi səkkizinci?
Peqqet qaş-qabağını tökdü, sonra sakitcə dedi:
– Qəribə işdir, ser. Səhər miss Bedinqfeldin kayutundan mister Çiçesterin necə çıxdığını öz gözlərimlə gördüm. Ser, o hər yanı diqqətlə gözdən keçirirdi.
– Peqqet, hər halda demək istəmirsiniz ki, bir-birlərinə qarşı olan missionerlə miss Bedinqfeld arasında… Sizin hərarətiniz var, əzizim! Miss Bedinqfeld suyuşirin qızdır. Bu gəmidə ən gözəl ayaqlar ona məxsusdur.
Gözlənildiyi kimi, Peqqet mənim bu sözlərimi bu qulağından alıb, o biri qulağından buraxdı. O, qadın ayaqlarına heç bir diqqət yetirməyən kişilərdən idi və buna görə də onların gözəlliyini qiymətləndirə bilməzdi.
– Öz aramızdı, Peqqet, məsləhət görürəm miss Bedinqfeldlə tanış olasınız, -sözümə davam etdim. –Onu şam yeməyinə bizim stola dəvət etdim. Yeri gəlmişkən , bal-maskarad olacaqdır, yaxşı olar ki, mənim üçün kostyum seçəsiniz.
– Doğrudanmı siz bəzənib-düzənəcəksiniz? -Peqqet dəhşətlə içini çəkdi.
Düzünü desəm, maskaradda iştirak etməyə elə bir həvəsim yoxdu. Ancaq, Peqqeti bürüyən dəhşət məni cuşə gətirdi.
– Əlbəttə! -cavab verdim. –Məsləhət görürəm, siz də məndən nümunə götürəsiniz. O, nədənsə dərhal yumşaldı. Bu vaxt dəqiq zərbə ilə bilyard şarını tora saldım:
– Demək, təcili surətdə maskarad kostyumlarımızla məşğul olun və altı yerlik stol sifariş verin. Kapitan, gözəl ayaqları olan qız, missis Bler…
– Lakin siz missis Bleri polkovnik Reyssiz dəvət edə bilməzsiniz -Peqqet sözümü kəsdi.
Peqqetin həsəd aparılası müşahidə qabiliyyəti var! Buna görə də o, hamı və hər şey haqqında bilir.
– Reys? O kimdir? -qaşlarımı təəccüblə çataraq, soruşdum.
Peqqet qəribə görkəm alaraq , ağzını qulaqlarıma yaxınlaşdırıb pıçıldadı:
– Deyirlər ki, o gizli idarədəndir. Böyük adamdır. Əlbəttə, mən bunu təsdiq edə bilmərəm, amma…
– Belə de! Gəmidə gizli idarədən adam var, ancaq zərfi mən aparıram!
Peqqet mənə bir az da yaxınlaşdı:
– Ümumiyyətlə, burada çox qəribəliklər var, ser Yustas. Yola təzə düşən vaxtı mənim xəstəliyimi xatırlayırsınızmı…
– Xatırlayıram. Sizdə qastrit vardır.
– Lakin bu, bu adi qastrir deyildir.
– Yalvarıram, Peqqet nöqtəsinə-vergülünəcən lazım deyil!
– Yaxşı ser. Ancaq, əminəm ki, məni qəsdən zəhərləmişdilər.
– Aydındır. Bu barədə Reynborla danışmısınızmı?
– Bəli, ser Yustas. O belə hesab edir ki, hər şey mən deyən kimidir.
– Bəri bax, o harda it-bata düşüb? Sauthemptondan çıxandan bəri onu görməmişəm.
– Özünü xəstəliyə vurub kayutdan bayıra çıxmır- Peqqet yenə pıçıldadı. –Ancaq, bu ört-basdır üçündür, ser. Mən əminəm . Bu cür daha rahat izləmək olur.
– İzləmək? Kimi?
– Bizim təhlükəsizliyimizi, ser Yustas.
– Peqqet , adamları ürəkləndurmək üçün sizdə nadir istedad var. Sizin yerinizə olsaydım, bal-maskarada cəllad paltarında və ya skeletə oxşar bəzənib gedərdim.
Katibimin özünü itirməsindən istifadə edərək sivişib göyərtəyə çıxdım. Miss Bedinqfeld Çiçesterlə qızğın söhbət edirdi. Mənim kimi bədən quruluşuna malik adamlar adətən əyilməməyə çalışırlar. Müqəddəs atanın ayaqları altına düşmüş vərəqi götürmək üçün xeyli qüvvə sərf etməli oldum. Çiçester hətta mənə təşəkkür etməyi də lazım bilmədi. Lakin vərəq Çiçesterin cibinə girənə qədər onu oxumağa macal tapdım. Orada bircə cümlə yazılmışdı: “Təklikdə oynamağa səy göstərməyin, əks təqdirdə sizin üçün yaxşı olmayacaq.” Axı, kimdir bu Çiçester? Peqqetin məlumatlarından istifadə etmək gərəkdir.
Missis Bler və miss Bedinqfeld bizimlə birlikdə nahar etdilər və qızın ayaqlarının həqiqətən də gözəl olduğuna qəti əmin oldum! Mənim müşahidə qabiliyyətli Peqqetim necə olub ki, bunu görməyib?! O, qadına nifrət ruhu altında maskalanmır ki? Florensiyaya eşq macəralarına görə getməyibmiş ki? İtaliyada onun nə ilə məşğul olduğunu yoxlamaq pis olmazdı. Bu ölkə haqqında söz düşən kimi Peqqet yoxa çıxır, ya da söhbəti başqa səmtə yönəltməyə çalışır. Peqqet və bir yığın sirr! İnanılası deyil!
XII
Bal gecəsi son dərəcə əla keçdi. Yalnız tək bir kostyumun əynimə gəlməsindən dilxor oldum. İngiltərədə sevimli qadınların qarşısında ayı qiyafəsində peyda olmaq, etiraf edim ki, unudulmazdır. Ancaq, ekvatorda ayı dərisində?! Missis Bler və polkovnik Reys bəzənməkdən imtina etdilər. Anna Bedinqfeld isə qaraçı paltarı geyinmişdi və çox füsunkar idi. Baş ağrısını bəhanə edən Peqqet tezliklə aradan çıxdı. Mən isə Cənubi Afrika fəhlə partiyasının üzvü mister Rivslə söhbətə başladım. Cənubi Afrikadakı şəraiti ətraflı öyrənmək istəyirdim. Şam yeməyinə şampan sifariş etmişdim. Stüard gəmidə olan növlərin ən yaxşısını –“Kliko-I911” gətirdi. Polkovnik Reysin dilini açmaq istəyirdim. Deyəsən, əvvəlcə buna nail oldum. Onun boşboğazlığı məni əyləndirdi, amma sonra birdən başa düşdüm ki, polkovnik söhbətin ipini öz əlində cəmləyib.
– Pedler, gündəliyinizdəki bütün sirləriniz təsadüfən ortaya çıxacaqdır – o gözlənilmədən mənə müraciət etdi.
– Əzizim Reys, mən hələ xərifləməmişəm. Axı, hökm deyil ki, özün elədiklərinin hamısını qələmə alasan. Ətrafdakıların əməllərini qeyd etmək kifayətdir.
– Bəs, sətiraltı mənalar?- polkovnik etirazını bildirdi.
– Yox, əgər işə psixoanalitiklər qarışacaqlarsa, onda sirrimi açan deyiləm-deyə, onunla razılaşmadığımı bildirmək istədim.
– Həyatınız maraqlı olmalıdır, polkovnik-deyə, miss Bedinqfeld Reysə az qala məftunluqla baxaraq birdən söhbətə qoşuldu.
Polkovnik də şirlər haqqında qorxulu əhvalatlar danışmağa başladı və hiyləgərliklə fikrini belə yekunlaşdırdı: şirlərə güllə atan kişilər mübahisəsiz –filansız güllə atmayanları üstələyirlər. “Şir haqda danışmağın vaxtı çatmayıbmı?”-deyə, fikirləşdim.
– Öz aramızdır- deyə, danışmağa başladım. Mənim bir dostum da Şərqi Afrikada ov edibdir. Bir dəfə gecə çadırdan çıxanda o, sıçramağa hazırlaşan şiri görür. Dostum bir an içərisində yerə yatır və şir onun üzərindən tullanır. Vəhşi bir də sıçrayır. Ovçu yenidən yerə yatır. Şir üçüncü sıçrayışa hazırlaşanda, dostum çadıra girib silahı götürür, bayıra çıxanda çox təəccüblənir: şir yox olmuşdu. Onda o, ehtiyatla çadırın ətrafını nəzərdən keçirir. Bu vaxt nə görsə yaxşıdır? Şir alçaqdan sıçrayışa hazırlaşırmış.
Əhvalat alqışlarla qarşılandı.
– İlahi! -missis Bler heyrətlənmişdi. Belə söhbətlərdən sonra Afrikada necə səyahət etmək olar?
– Boş şeydir! -dedim. Sizə şəxsi vaqonumu təklif edə bilərəm.
– Ser Yustas, çox lütfkarsınız! Ancaq, bax, sizi öz sözünüzlə tutaram, ha!
– Qulluğunuzda həmişə hazıram!
– Bir həftədən sonra biz Cənubi Afrikadayıq -Bler təntənə ilə dedi.
– Ah, Cənubi Afrika, -heyranlıqla söylədim. Meyvələr, fermalar, qızıllar, almazlar.
– Almazlar! -səsini uzadaraq missis Bler təkrar etdi.
– Almazlar! – miss Bedinqfeld dərindən nəfəs aldı və polkovnikdən soruşdu: – Siz Kimberlidə olmusunuz?
Şəxsən mən Kimberlidə olmuşdum, lakin ağzımdan söz qaçırmamaq üçün vaxtında özümü saxladım. Polkovnik isə… suallar ona dolu kimi yağdı. Şaxtalar necə olur? Almazı necə çıxarırlar..? O, suallara işi bilənlər kimi cavab verdi. Hətta almaz oğrularına qarşı məşhur de Bir kompaniyasının tətbiq etdiyi ehtiyat tədbirlərindən bəhs etdi.
– Demək, bircə dənə də almaz gizlətmək mümkün deyil? – missis Bler dilxorcasına soruşdu, sanki Cənubi Afrikaya məhz elə bu məqsədlə gedirmiş.
– Mümkün olmayan heç nə yoxdur. Məsələn, bir qarətçi qiymətli daşı öz yarasında gizlədibmiş.
– Heç iri oğurluqlar olurdumu?
– Olurdu. Məsələn, müharibə qabağı…-Polkovnik mənə tərəf döndü: – Siz o işi xatırlayırsınız, Pedler?
Mən başımı buladım.
– Danışın! Xahiş edirəm! – miss Bedinqfeld təkid etdi.
– Di yaxşı. Sizin çoxunuza, yəqin ki, Lorens Erdsleyin adı məlumdur. Ser Lorens Cənubi Afrika maqnatı, çoxlu qızıl şaxtalarının sahibi idi. Müharibə ərəfəsində Cənubi Amerikada, Britaniya Qvianası cəngəlliklərində almaz yataqlarının tapılması barədə mətbuatda xəbərlər verildi. Yeni Kimberli haqqında söz-söhbət gəzdi. Çox keçmədən iki nəfər gənc tədqiqatçı Cənubi Amerikadan qayıtdılar və özləri ilə xam almazların nadir kolleksiyasını gətirdilər. Daşlar iri, ən müxtəlif rənglərdə idi. Hə, belə! Con Erdsley həmkarı Lukasla birlikdə Kimberliyə gəlir ki, kolleksiyanı ekspertə göstərsin. Elə həmin dövrdə məşhur oğurluq baş verir. Bir şeyi qeyd etmək lazımdır ki, daşları İngiltərəyə göndərməmişdən qabaq onları xüsusi zərflərə qoyub möhürləyir, seyfdə qoruyurlar. Seyfin iki açarı ayrı-ayrı adamlarda olur. Lakin, üçüncü bir adam da vardı. Onda açar yox idi, amma gizli şifri bilirdi. Gördüyünüz kimi ciddi ehtiyat tədbirləri həyata keçirilirdi. Adətən hazır almazları banka aparır, oradan isə İngiltərəyə (zərflərdə) göndərirdilər. Hər bir zərfdə də 100 min funt sterlinqlik daşlar dəsti. O vaxt belə əməliyyatlardan birində bank işçisində şübhə doğur. Zərflərdən birinin möhürü onların xoşuna gəlmir. Dərhal zərfi açırlar. Zərfdən almaz əvəzinə … qənd qırıntıları tökülür. Nədənsə Con Erdsleydən şübhələnirlər. Yəqin ona görə ki, o, dəlisov adam kimi tanınmışdı. Mən onu hələ Kembricdən tanıyırdım. Onun borc və cərimələrini atası ödəyərdi. Beləliklə, Conu şübhə altına aldılar. Hətta o vaxtlar, gözdən pərdə asmaq üçün Cənubi Amerika almazı barədə əhvalatın şayiə olduğu haqda söz-söhbət də yayılmışdı. Bir sözlə, gənc Erdsleyi həbs etdilər və axtarış zamanı ondan bir neçə de Bir almazi tapıldı. Düzdür, iş məhkəməyə gedib çıxmadı, çünki Ser Lorens oğurlanmış almazların pulunu-cəmi yüz min verdi və de Bir geri çəkildi. Qoca Erdsley tezliklə öldü. Görünür, oğlunun oğurluqda əli olması dərdi onu qəbrə apardı. Con isə çox keçmədən müharibədə həlak oldu. Və nəhayət axırıncısı, bildiyiniz kimi, Ser Lorens vəsiyyətnamə qoymadan, ürəkkeçmədən ölmüşdür. İndi onun bütün var-dövləti uzaq qohumuna mənsubdur.
Polkovnik söhbətinə ara verdi və ətrafa çökən səssizlikdə birdən kiminsə ustufca səsi gəldi. Hamı çevrilib baxdı-qapida mənim təzə katibim Reyborn dayanmışdı. O ağappaq ağarmışdı. Ola bilsin, polkovnikin söylədiyi əhvalat onu sarsıtmışdı. Amma, bu bir an çəkdi. Ona tuşlanmış baxışları görən Reyborn dönüb uzaqlaşdı.
– O kimdir? – Anna Bedinqfeld həyəcanla soruşdu.
– Mister Reyborn, – dedim. – Mənim ikinci katibim.
– Sizə çoxdanmı xidmət edir?
– Bir o qədər də yox-qeyri-müəyyən cavab verdim.
– Hər halda yenə?-miss Bedinqfeld təkid etdi.
– Hm-m… Köhnə bir dostumun məsləhətilə onu yola düşməzdən qabaq işə qəbul etmişəm.
Almazlar əhvalatına heç olmasa bir balaca marağım olduğunu bildirməyin vacibliyini başa düşərək, Reysdən soruşdum:
– Ser Lorensin həmin uzaq qohumunu tanıyırsınızmı?
– Gəl, hələ bir tanımayım da, – Reys gülümsündü. Həmin adam mənəm.
Davamı: Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 4
Tərcümə edən: Novruz İbrahimoğlu