SÖZÜN ÖNÜMÜZDƏ AÇDIĞI HƏYAT
Lev Nikolayeviç Qumilyov – 110!
SƏN MƏNƏ DEYİRSƏN…
Sən mənə deyirsən: sabah. Eh! Sabah
Fələk başımıza hər oyun açar.
Bütün kainata hakimdir Allah,
Zamana tək onun qüdrəti çatar;
Bir saat vaxt vermiş – şərabtək şirin,
Dante ahəngitək təkraredilməz.
Geçiksən, qəm bağlar pəncərələrin,
Sevincsə bir daha yaxına gəməz.
XATIRLAYIR İXTİYARLAR…
Xatırlayır ixtiyarlar, xatırlayır nəvələr;
Ulduzların öz yolundan sapmadığı zamanlar,
Bir-birilə evlənərdi bir-birini sevənlər,
Savaşardı bir-birilə layiqini bulanlar.
Artıq kimə tay olasan, bölüşməyə kimin var,
Hansı dərdi söyləyəsən daha səbir daşına?
İndi qurdlar ulaşmada, indi zavallı quşlar
Dolanırlar viran qalmış şəhərlərin başına. (1937)
YOXSUL OLSA DA TORPAQ…
Yoxsul olsa da torpaq, zəngindir tariximiz,
Nə mənzillər, nə illər sarsar yaddaşımızı.
Müqəddəs ataların adına and içən biz,
Bu gün utancımızdan əyirik başımızı.
Evdə xanımın belə baxammırıq üzünə.
Sındırılmış, riyakar, bu ürkək nəzərləri
Bilə-bilə qatırıq al şərabın gözünə,
Qərq edirik qədəhdə eyibləri, şərləri. (1935)
BİZİM ATLAR YEL QANADLI…
Bizim atlar – yelqanadlı, bizim qızlar – tər çiçək,
Düzəngahlar – sonsuz, azad, çöllərimiz – gen qucaq.
Amma atlar yorulacaq, qızlar qısqanc olacaq,
Sonsuz, azad çöllərisə bəmbəyaz qar örtəcək.
Mənim başqa istəyim var: dərdlərimi unudub,
Bir ocağın ətrafında dostlarımla oturum.
Bizi hər vaxt şənləndirən “səadətdən” məst olub –
Xoş ətirli şərab ilə qədəhləri doldurum.
«PETERBURQ» silsiləsindən
Pilləkan
Tozlu pillələrdə ay ilə çıraq
Zaman keçirirlər pıçıldaşaraq.
Amma qaranlıqdır döngələr yaman,
Orada Roqojin – mənfi qəhrəman;
O, hər xışıltını dinşəyən qulaq,
Ona çətin deyil bıçaq saplamaq.
Qaranlıqmı belə dönmüş məşhərə,
Qorxu toxumları səpir hər yerə?
Zaman öz rəhmini tükədir boşa,
Kimə ki, bıçaqla qalmış baş-başa.
Pillələr üstündə aymı qalıb tək?
Qorxuncdur caninin əlinə düşmək. (1935)
“TARİX” silsiləsindən
Özgə sözlərdədir gizli məkanı
Özgə zəfərlərin, qəbahətlərin,
İnad əcdadların, sağır zamanın,
Bizlərə naməlum xəyanətlərin.
Ötən əsrlərin, qərinələrin
Kəfkiri ürəktək sinəmdə vurur.
Başqa həyatlar və başqa ölümlər
Başqa kəlmələrdə yaşayıb durur.
Ölümün onları haqladığı yer
Dönüşü olmayan elə məkandır,
Adı kitablardan silinsə belə
Zülümdən doğulan izləri vardır.
Onlar yaşayırlar – qəbir daşları,
Etimad edərək can verənlərin,
Amalı uğrunda qan tökənlərin
lal sirdaşları.
Taleyin mili
Əfsus ki, hər kəsə bir cür tor qurur.
Əsrlər ardından gələn sədalar
Ürəktək qəlbimin içində vurur.
Mən iki ürəklə ölmərəm bir də,
Yaşayıb yad gündə, yad kəlmələrdə. (1936)
YOL
Tüm yolların başı sevgidir desək
Dünya boş görünməz o zaman bizə.
Torpağa yenidən bir nəzər etsək
Bir başqa aləmtək görünər gözə.
Yaxşı tanımırıq ana torpağı,
Yerdəki həyatı örtür buludlar.
Biz burda zamanın vaxtsız qonağı,
Əbədi dünyada öz evimiz var.
POEZİYA
Vaqif olmaq üçün bəşər sirrinə,
Bəzən yetməyəndə buna gücümüz,
Sığınıb sözlərin möcüzəsinə
Şeirlər qoşmağa başlayırıq biz.
Yollar qarşımızda açılır bir-bir,
Bu yeni dünyaya əlini uzat;
Özü sözümüzün önündə gedir
Sözün önümüzdə açdığı həyat.
BİLGİ
Yeni söz deməyə acizik müdam,
Köhnə sözlərin də yox bilicisi.
Cani[1] olmaq istər indi hər adam,
Ayırd etmək üçün yaxşını, pisi.
Biz koruq. Elmsə, sözün doğrusu,
Yeni bilgilərin möcüzəsidir.
O, bahar çağının göy gurultusu,
Məsih badəsinin bir şöləsidir.
NƏTİCƏ
Məkanımız – düşüncələr,
zamanımız bol.
Bağlıdır dünyaya qapı,
azadlığa yol.
Könül açan xəbərlər də
səssiz-səmirsiz.
İndi dünün dəyərini
anlayırıq biz.
Rus dilindən çevirən:
Afaq Şıxlı (Moskva)
[1] F.M.Dostoyevskinin “Cinayət və Cəza” əsərinə işarə