“Fikirləşmək”lə boğuşanda

 

Klv.az saytı “Olmaz belə sadə fəlsəfə” layihəsi çərçivəsində fəlsəfə elmləri doktoru, filosof Niyazi Mehdinin esselərini təqdim edir.

 

«Fikirləşmək» boğuşanda

Bu yazının eklektliyi

Oxuduğunuz məqaləmin janrının və metodunun nə olduğunu  deyəmməyəcəm. Çünki bilmirəm. Nə dilçi etüddür, nə linqvistik metodla yazılıb, nə fəlsəfidir, nə hansısa fəlsəfi konsepsiydan itlənib. Ancaq deyəsən, eklektikdir, çünki eklektika həftə-becər (yeddi göyərtinin qarışığı?) kimi bir şeydir. Sözün yunanca normal anlamı vardı, seçilmişliyi, sonalamağı bildirirdi. Sonradan fəlsəfiləşəndə ordan-burdan prinsipində dürlü fəlsəfələrdən seçilib götürülmüş ideyaları yeni konsepsiya iddiası ilə qarışdırmış əsərləri bildirmişdi. İlk dəfə İsgəndəriyyəli Potamon (miladın 2-ci yüzili) bu sözdən öz məktəbinə ad qoymuşdu. Sonra 19-cu yüzildə eklektisizm bir memarlıq üslubunu bildirdi və ilk postmodern sayıldı. Leninin “yüngül əli” ilə «eklektika» marksist-leninçi fəlsəfədə aşağılayıcı sözə çevrildi: kiminsə fəlsəfi baxışlarını ordan-burdan götürülmüş yamaq-yumaq kimi suçlamaq üçün «eklektika» sözündən istifadə etdilər. Miladın başlanğıcında bir ilginc filosof vardı, İsgəndəriyyəli Filon. Bu ellinləşmiş (yunanlaşmış) yəhudi Platonu və İudaizmi gözəl bilirdi. Bir yeniliyi o idi ki, yəhudi dini hikmətləri ilə Platonun dedikləri arasında eynilik tapmışdı. Sonralar bu eyniləşdirmə paradiqması Kəlamda (İslam sxolastikasında) Qurani-Kərimlə bağlı ağıllı düşüncələrə itələnti verdi. Bax, bu Filonu bütün Sovet fəlsəfə tarixçiləri böyük eklektik adlandırdılar, yəni demək istəyirdilər ki, fəlsəfəsi bir şey deyil, ancaq yenə də fəlsəfəyə və dinə xeyri olmuşdu.

İndi isə öz eklektikama keçim.

 

Bir alınma sözün alma məntiqsizliyi

Mən filologiyada oxuyanda dilçi müəllimlərin söylədiyi sevimli deyim vardı: dilimizdə təmiz feillər arasında (yəni düzəltmə sözlərdən yaranmamış feillər arasında) ərəbcədən, farscadan alınma sözlər yoxdur. Yalnız feilləşdirilmiş isimlər və sifətlər alınma ola bilər.

Belə sözlərdən biri «fikirləşmək»dir. Bu sözün bizə gəlməsi qəribədir. «Düşünmək» olan yerdə hansı motivlərlə bizimkilər «fikir» ismini feilləşdirmişdilər? Nəinki feilləşdirmişdilər, hətta çox sevimli, çox yönlü sözə çevirmişdilər? Mən özüm «düşünmək» sözünü sönmə rejimindən çıxarmaq üçün tez-tez işlədirəm. Ancaq necə «fikir vermə/fikir ver», «fikrimə gəldi», «fikir eləmə», «fikirli olmaq» kimi gözəl variantlarda ərəbcədən arındırma işi aparasan?! Burada gözəlliyi öldürmədən əvəzləmə (substitusiya) aparmaq olmaz, yəni «fikir»in yerinə «düşüncə» qoymaq olmaz.

«Fikir»in «ləşdirmə” şəkilçisi ilə feilləşdirilməsi mənə qəribə gəlir. Çünki çox süni (qurama) olsa da yaman doğmalaşıb. Sözsüz, istənilən ərəb-fars isminə «ləşdir»məni artırmaqla onu feilləşdirmək olar. Elə «feilləşdirmək» özü buna bir örnək. Ancaq «feilləşdirmək»lə və ya özümüzün «yaxşılaşdırmaq» sözü ilə «fikirləşmək» arasında zorla sezilən semantik fərq var. «Feilləşmək» feil olmağı, feilə çevrilməyi bildirir. Fikrləşmək isə fikrə çevrilməyi yox, fikir etmək eyləmini bildirir. Nədən bizim türkcə gözəl-göyçək «düşünmək» sözümüz ola-ola morfoloji baxımdan qondarma «fikirləşmək» sözünü qurub sonra da işlədə-işlədə bu qədər varitantlarşdırmışıq?!

Baxın, görün özümüzün «düşünmək» kəlməsində necə ləzzətli anlamlar, anışmalar gizlənib. Onun kökü «düş» Ortaçağda «us» variantında ağılı bildirirdi. «Huşumdan çıxdı» sözündəki «huş» «düş»dəndir. İndiki Anadolu türkcəsində «us» çevik, vermili fəlsəfi sözə çevrilib. Biz isə Kantdan, Heqeldən yazanda «razum», «rassudok» fərqlərini bildirmək üçün ərəbin «zəka», «təfəkkür» sözlərinin arasında vurnuxuruq və yenə uğurlu variant tapammırıq.

 

Hər dönəmdə dilin yeni xalları    

Dönəmlər sanki bir-birinin içindən çıxır. 90-cı illər 80-ci illərdən çıxıb və bu qatar həmişə var. Dönəmlərdən sonrakılar öncəkilərdən çıxanda özləri üçün xeyli nəsnə çıxarırlar, ancaq həm də hər dönəm ulusun tarixinə öz yeniliklərini artırır. Bizim indimiz hələ də 80-ci illərdən çıxardığı «Jiquli»dən orda-burda istifadə edir. Ancaq 80-ci illər tində yığışıb tum çırtlayan «cayıllara» öyrəncəkli idi, di gəl o illərin mühitindən ayrılmamış «köhnə kişilər» hələ də saatlarla ayfonuna baxıb nəyisə oxuyan qız və oğlan siluetinə alışammırlar.

Bax, belənçi yeniliklər dildə özlərinə ad alanda dilə can verirlər. «Selfi» sözü, beləcə, ingiliscənin yetənəklərindəndir. Görün, nə qədər yumor səhnələri, zarafatlar, hətta ideyalar «selfi»nin işlənməsindən doğub.

Çağımızda Azəri türkcəsinin ciddi problemi odur ki, yeni olaylar və durumlarla bağlı məsələdə qısır dil təsiri bağışlayır. Sözsüz, reklamlar dil yaradıcılığına öz itələntisini verir. «Snikerləş» reklam çağırışı 20-30 il öncə TV-də səslənə bilməzdi.

Sözsüz, indi yazarlar Sovetlərdə ola bilməz məqalə, hekayə adları ilə Azəri türkcəsini zənginləşdirirlər. 20-30-cu illər «Göləqarğısancan» (Aqşirn Yenisey) ad tipində roman adı olmazdı. Ancaq yenə də dilimizdə çağa qısırlıq güclüdür. Niyə? Bunu sonrakı yazıda düşünüm.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Lev Qumilyovun şeirləri. Bağlıdır dünyaya qapı, azadlığa yol

SÖZÜN ÖNÜMÜZDƏ AÇDIĞI HƏYAT Lev Nikolayeviç Qumilyov – 110!     SƏN MƏNƏ DEYİRSƏN… Sən mənə deyirsən: sabah. Eh! Sabah Fələk başımıza hər oyun açar. Bütün kainata hakimdir Allah, Zamana tək onun qüdrəti çatar;   Bir saat vaxt vermiş – şərabtək şirin, Dante ahəngitək təkraredilməz. Geçiksən, qəm bağlar pəncərələrin, Sevincsə […]