Klv.az saytı Yuri Trifonovun “Göyərçin ölümü” hekayəsini yazıçı-tərcüməçi Zahid Sarıtorpağın tərcüməsində təqdim edir.
Yuri TRİFONOV
Görkəmli rus yazıçısı Yuri Trifonovun (1925 -1981) yaradıcılığının qayəsini əsasən ötən əsrdə baş vermiş inqilab və ondan sonrakı dövrün hadisələri təşkil edir. Stalinizmin insanlara gətirdiyi eybəcərlikləri incəliklə çözən yazıçının “Çay kənarında ev”, “Tonqal şöləsi”, “Səbirsizlik”, “Qoca” romanları sovet dövrü ədəbiyyatının parlaq nümunələri hesab olunur. Yazıçı hekayələrində də sadə rus insanının ziddiyyətli, rəngarəng həyatlarını ustalıqla qələmə almışdır. Onun əsərləri bu gün də rus ədəbiyyatının inciləri sırasındadır.
(hekayə)
Bir dəfə səhər – səhər Sergey İvanoviç əynini geyinib, şapkasını qoyub pəncərəyə yaxınlaşdı ki, görsün hava necədi, qaloşlarını ayağına taxsınmı, yoxsa yox, bu vaxt gözünə bir göyərçin sataşdı. Döyüşkən göyərçinə oxşayırdı: kürəyi enli, başı balacaydı. Pərvazdakı ensiz novalçanın üstünə qonmuşdu, başını yana əyib otağı casus kimi çəpəki süzürdü. Bütün gecəni sulu qar yağdığı üçün hər yan nəmişlik idi, pəncərələr tərləmişdi və göyərçin, deyəsən, içərini yaxşı görə bilmirdi.
Göyərçinin gördüyü qışın ortasından bəri çərçivələrin arasına düşüb qalmış və hisdən qaralmış bir əlçim çirkli pambıq idi; pəncərəaltı çıxıntıda birinin içində quşüzümü, o birində kələm turşusu olan iki yarımkiloluq şüşə bərni qoyulmuşdu; bərnilərdən birinin ağzında boşqab, içində də qalın kağıza bükülmüş yağ vardı; nəfəsliyin cəftəsinə ilişdirilmiş, aynaların arasından sallanan tor zənbildə isə bir neçə bürüşmüş sosis gözə dəyirdi. Bir də o, Sergey İvanoviçin yuxusuzluqdan gözəçarpacaq dərəcədə şişkin, qoca üzünü, çal qaşlarını, kiprik çalmadan baxan gözlərini və çənəsini qaşıyan enli, yastı, tütündən saralmış, dırnaqları korşalmış barmaqlarını görürdü. Bunları görən göyərçin idi. Sergey İvanoviç isə uzun illərdi vərdiş etdiklərinə baxırdı: yenə yeddimərtəbəli “uçurum”, kərpic divarlarında yağış izləri olan evlər, üstündə boru və antennaların meşə kimi qaraldığı damlar, aşağıda – “uçurumun” dibində isə, dumanlı, bozarmış, çirklənmiş qar qalağıyla dolu həyət və səhər-səhər hərəsi səssizcə bir iş dalıyca tələsən adamlar. Bir də pərvazdakı həmin göyərçin. O, tünd çəhrayı çalarlıydı, gömgöy tüstüyə çalırdı, kürədə qızdırılımış poladın soyuyandan sonrakı rəngindəydi. Gözlənilməz, qəribə bir qonaq! Yaxınlıqda heç kim göyərçin saxlamırdı və buyur, o, gözlənilmədən peyda olmuşdu.
Sergey İvanoviç fikrirli – fikirli çənəsini qaşımaqda davam edirdi. Sonra tənbəki çubuğunun müştüyüylə şüşəni taqqıldatdı. Göyərçin ürküb ora-bura boylandı, amma yerindən dəbərmədi.
– Anaş… yanımıza uçub gələnə bir bax, – dedi Sergey İvanoviç. – Hava isə nifrindi, dünənkindən də pisdi.
O, çubuğunu yandırdı, qaloşlarını ayaqlarına keçirdi və tələsik çıxdı, çünki həmişəkindən üç dəqiqə gecikirdi. Klavdiya Nikiforovna isə, ərini kandarın qapısından ötürüb otağa qayıtdı, o da pəncərəyə yaxınlaşıb nifrin havanın pis günə qoyduğu həmin göyərçini gördü. Aşağıda həyətin çirkli nəmişliyi qaralırdı. Əriyən qar şüşələrdən şırran-şırran süzülürdü. “İlahi, batdağa bir bax, – Klavdiya Nikiforovna məyus oldu. – Doğrudan da dünənkindən betərdi.” O, nəfəsliyi açdı, pərvazın üstünə çörək qırıntıları səpdi və öz əziz qocasını düşündü ki, keşkə sürüşüb yıxılmayaydı.
…Yalqız yaşayırdılar. Oğulları Fedya müharibədə həlak olmuşdu, qızını avtomobil mexaniki olan əriylə birgə doqquz il əvvəl şirnikləndirib Şimala aparmışdılar, yerini möhkəmləndirib elə orda da qalmışdı, nadir hallarda məktub yazırdı. Yaşı yetmiş beşi haqlasa da, Sergey İvanoviç ömrünün yarısını qoyduğu fabrikdə çalışmaqdaydı, doğrudu, indi çarpayı sexində usta deyil, alət anbarında anbardar idi. Klavdiya Nikiforovna isə, təsərrüfatı idarə edirdi. Əslində, Moskvada nə təsərrüfat ola bilər ki? Ya qastronoma gedərdi, ya süd almağa, ya da çəkməçiyə ayaqqabı aparardı.
Klavdiya Nikiforovna bu azıb gəlmiş göyərçini himayəsinə aldı: əvvəl-əvvəl hərdənbir dən atırdı, sonra bu, vərdişə çevrildi. Ona dən almışdı, bulka doğrayırdı, özü də hökmən ağ undan bişənini – göyərçin qara çörəyə dimdiyini də vurmurdu. Sergey İvanoviç zarafaca deyirdi ki, anaş, nədi, özünə məşğuliyyət tapmısan? Tezliklə iki barmağını ağzına salıb fıştırıq da çalacaqsan, yaylıq yellədəcəksən, yəqin hələ dama da dırmaşacaqsan.
Zarafat eləməyi öz yerində, yeri gəlmişkən, axır vaxtlar işdən qayıdınca maraqlanırdı:
– Hə, de görüm, ailəmizin üzvü necədi? Bu gün uçub gəlmişdi?
Göyərçin hər gün uçub gəlirdi və tezliklə yeddinci mərtəbəyə öyrəşdi, hətta özüylə dişisini də gətirmişdi, süd köpüyü bəyazlığındaydı, qişası kəhrəba rəngində olan gözləri qapqaraydı. Havalar qızanda, yəni artıq pəncərəni açmaq mümkün olanda, Sergey İvanoviç darıxdığından, bekar qalmasın deyə, bir böyründə dəyirmi deşik olan taxta yeşik düzəltdi və pərvazın üstə qoydu:
– Əzizlərim, bu da sizə Mossovetdən mənzil payı. Növbəsiz-filansız.
Bu mənzildə tezliklə, anası kimi bəmbəyaz, qarınqulu və tənbəl bir bala civildəməyə başladı. Bir aydan sonra o, böyük göyərçinlər boyda oldu, amma hələ də quruldaya və uca bilmirdi.
Göyərçinlər qonşu Marişkanın xüsusilə xoşuna gəlmişdi. Qızın doqquz yaşı vardı, xəstəlik ucbatından həftələrlə məktəbə getmirdi, boşuna gəzir, darıxır, gündüzlər geniş mənzillərində bilmirdi nəylə məşğul olsun. Klavdiya Nikiforovnanın Marişkaya – bu solğun üzlü, qıçları milçək ayaqlarına oxşayan qıza yazığı gəlirdi, həmişə yanına çağırırdı, o da gəlib pəncərənin yanında otururdu, yerkökü gəmirə-gəmirə göyərçinlərə baxırdı. Marişkanın valideynləri axşamacan işdə olurdular: Boris Yevgenyeviç kitabxanaçı idi. Aqniya Nikolayevna isə məktəbdə yuxarı sinif şagirdlərinə dərs deyirdi. Bir nənələri də vardı, Sofiya Leopoldovna səksən yaşlarında bir qarıydı, demək olar, kar idi, amma canı suluydu, hamıya xörək bişirir, mağazaya gedirdi.
Amma bahar yaman gəlmişdi.
Şəhərin üstündə buludları oynaşan mavi, rütubətli göy üzü gülümsəyirdi. Bütün qışı konserva və qara kartof satılan tərəvəz mağazasında indi istilikxana soğanı peyda olmuşdu. Səhərlər pəncərənin yanından sürətlə keçən boz kölgələr Klavdiya Nikiforovnanı diksindirirdi, yuxarıda tənəkələr danqıldayır, aşağılar guppuldayırdı – fəhlələr damdan qarı kürüyürdülər.
Apreldə bir neçə günün istisi orda-burda qalan qarı əritdi, bulanıq sel-su Moskvanı başına götürdü, amma günəş bu nəmişliyi tezliklə qurutdu, may ayında artıq səkilər təpimişdi. Mayda yeddinci mərtəbənin eyvanında sumağı sviterli, yaşıl rəngli xizəkçi kostyumu geymiş bir oğlan peyda oldu. Oğlan eyvanda dərslərini hazırlayırdı. O, stulda əyləşib, kök ayaqlarını bir-birinin üstünə aşırıb, gün işığından gözlərini qıyaraq nəsə əzbərləyir və karandaşla dəftərdə cızma-qara edirdi. Hərdən karandaşı dodaqları arasına alıb saxlayır, özünü elə aparırdı ki, guya tənbəki çubuğu çəkir, eyni zamanda, bıçaqla stula “bəzək” vururdu. Ara-bir qapıdan eyvana uzanan əl oğlana buterbrod, alma verirdi.
Oğlan almanı yeyib, cecəyini dördüncü mərtəbənin eyvanındakı alüminium vedrəyə tərəf vızıldatdı. Əgər dəysəydi vedrə danqıldamalıydı. Hərdən cecəni aşağıya necə gəldi tolazlayırdı, sürahının dalına sinib gözləyir, sonra boylanırdı ki, görsün kimə dəydi.
Tezliklə oğlan göyərçinləri gördü, eyvana sapandla çıxmağa başladı. O, göyərçinləri ərik çəyirdəyi, divardan qopardığı sement qırıqlarıyla vurmağa girişdi. Bir dəfə necə oldusa, Sergey İvanoviç bunu gördü və onu pəncərədən danlamağa başladı:
– Ay kişi qırığı, nə xuliqanlıq edirsən?
Oğlan gülümsündü, qızardı və otağa qaçdı.
Amma bir-iki gün sonra oğlan yenidən eyvanda peyda olub, köhnə vərdişinə girişdi. Sonra bir həftə yağış yağdı və göyərçinlər nəfəslərini dərdilər. Mayın ortalarında isə, yenidən günəşli havalar başladı və səhərlərin birində xışıldayan plaş geymiş, güllü çətir götürmüş uca boylu gənc bir qadın gözlənilmədən onlara gəldi:
– Salam. Mən altıncı blokda yaşayan Morqunovayam, – o, çətirini şıqqıltıyla bağlayaraq dəhlizə daxil oldu. – Mən göyərçinlərlə bağlı gəlmişəm.
– Xoş gəlmisiz, keçin otağa, – Klavdiya Nikiforovna onu içəri dəvət etdi.
– Yox, çox sağ olun, bir dəqiqəliyə gəlmişəm. Gəlişim ancaq göyərçinlərlə bağlıdı. Göyərçinlər sizindi, eləmi? Məsələ ondadı ki, sizin göyərçinlər bizim ailənin taleyində faciəli rol oynayırlar. Yox, məni düz başa düşün! Mənim prinsipcə göyərçinlərə heç bir etirazım yoxdu… – Morqunova elə ucadan və elə xoş ovqatla danışırdı ki, səsə qonşu Mariya Alekseyevna da otağından boylandı, karlığına baxmayaraq, Sofiya Leopoldovna da eşidib mətbəxdən bayıra çıxdı.
Sergey İvanoviç çətirli qadının nə istədiyini dərhal anşıra bilmədi. O, balaca dodaqları çəhrayı boyayla səliqəylə boyanmış qadının al yanaqlı çöhrəsinə, xışıldayan, parıltılı plaşına qaşqabaqla baxıb tənbəkini sümürərək “çox qəribədi, camaat niyə bu qədər korlanıb!” – deyə fikirləşdi. Bir şey olmamış başlayırlar ki, “elə gəldi, belə getdi..,” müharibə vaxtlarında nələr çəkdiyimizi artıq xatırlayan yoxdu. Qulaq kəsilib başa düşdü ki, qadın göyərçinləri burdan yığışdırmağı xahiş edir. İndi soruş görüm: axı niyə? Niyə yığışdırmalıyıq? Quşların kimə maneçiliyi var? –heç cavab da verməyəcək, çünki onun da ibnəliyi var – tərslik.
Bütün bunları Sergey İvanoviç özlüyündə düşünürdü, amma cınqırını da çıxarmadı. Klavdiya Nikiforovna qadına olduqca nəzakətli və ağıllı cavab verdi. Dedi ki, şagirdə dərslərini hökmən eyvanda hazırlamaq vacib deyil, əgər fikri dərsində olsa və onları daşa basmasa, göyərçinlərdən narahatlıq gələ bilməz. Əlbəttə, indi, deyilənə görə, şagirdlərin qayğıları çoxdu. Tanrıya şükür, ikisini böyütmüşəm, nəvəm də artıq üçüncü sinfə gedir, Murmanskda yaşayır. Deyilənə görə, indi oxumaq halva deyil. İstər Moskva, istərsə də hara olur-olsun. Uşaqlardan çox şey tələb edirlər…
Morqunova söhbətə vaxtı olmadığı üçün təəssüfləndiyini, iş dalıyca gedəcəyini bildirdi. Gethagetdə isə təkrarladı:
– Siz, lütfən, quşlarınızı burdan yığışdırın. Bu bizim şərtsiz-filansız xahişimizdi. Yoxsa ərim ictimai təşkilatlara müraciət etmək istəyir.
O, mehribanlıqla gülümsünüb getdi.
Sergey İvanoviç və Klavdiya Nikiforovna, Morqunovanın son sözlərindən bir qədər karıxdılar, amma götür-qoy edib bütün bunların əhəmiyyətsiz, boş şeylər olduğu qərarına gəldilər. Diribaş qadın Mariya Alekseyevna isə (on bir il eyni yerdə – “Qastronom”da kassir işləmişdi) dedi ki, Morqunovanı tanımasa da, ötən il onun evində Daşa adlı axsaq bir qulluqçu saxladığını, indisə həmin qadının tərəvəz dükanının yanında bir professorun evində işlədiyini bilir. Mariya Alekseyevna həmin Daşayla kimyəvi təmizləmə sexində tanış olub və o, Morqunova barədə olmazın şeylər danışıb: deyir, heç nədən ərini döyür, əri də onu cəzasız buraxmır. Hər şənbə onların qonağı olur, içki məclisi, aləmi bürüyən musiqi səsi… o qədər hay-küylü salırlar ki, qonşular divarı döyüb şikayət edirlər. Yəni indi Morqunova artıq-əskik danışsa, onun da barəsində deməyə söz var. Uzaq başı həmin Daşanı axtarıb tapmaq olar, tərəvəz dükanının yanındakı binada olur və onu hamı tanıyır; axsaqdı, nəzəri cəlb edəndi.
Sofiya Leopoldovna da qəzəblənmişdi, hirsindən partlayırdı:
– Həyasızlığa bir baxın! Fikir verin bir! Klavdiya Nikiforovna, sizin yerinizə olsaydım, onun cavabını yaxşıca verərdim!
Sergey İvanoviç əlini yelləyib otağa keçdi. Pəncərədən baxıb Vasili Potapoviçi gördü: o, divarın dibində yerə bərkidilmiş taxta stola sarı addımlayırdı, orada isə artıq qoca Kolesov və cavan oğlan – hiyləgər və simic Mişanya Jabinuşaqların əhatəsində oturmuşdu; bazar günü domino vurmağa yığışmışdılar. Sergey İvanoviç, adətən, axşamüstülər, ciddi, illərlə sınanılmış və rəqib kimi bir-birinə qarşı barışmaz olan adamlar yığışanda oynayırdı. İndi isə, Vasiliy Potapoviç oynamağa hazırlaşırdısa, həm də qoca Kolesov ordaydısa, getməmək günah olardı.
– Gedim naharacan bir az girələnim, – Sergey İvanoviç Klavdiya Nikiforovnanın arvadlarla hələ də boş-boş söhbət etdiyi dəhlizə çıxarkən dedi. – Çağırarsan…
Bir neçə gün keçdi, Klavdiya Nikiforovna oğlanın göyərçinləri necə daşa basdığını yenə gördü. Təzəcə onu məzəmmət etməyə başlamışdı ki, qəfil Morqunova balkona çıxdı, əynində Çin ipəyindən parıltılı xalat vardı, bir kəlmə də demədən oğlanın əllərinə-əllərinə çırpmağa başladı: al gəldi! ala! ala! Oğlan ağlamağa başladı. Morqunova Klavdiya Nikiforovnaya sarı çevrildi və bütün həyətin eşidəcəyi bir səslə dedi ki, sabahacan göyərçinləri burdan yığışdırıb rədd eləməsəniz, sizinlə evlər komitəsi məşğul olacaq.
Əlbəttə, Sergey İvanoviç göyərçinləri yığışdırmağı heç ağlına belə gətirmədi. Bir də ki, axı, hara yığışdıraydı? Dolaba? Bəlkə onlardan şorba bişirəydilər? Doğrudu, bu arada göyərçinlər məsələsi qısa müddətə də olsa unuduldu: gecə Boris Yevgeniyeviçin arxasınca gəlib apardılar. Bu, anlaşılan idi. Səs-küy, tappıltı, söz-söhbət… təbii ki, sakinlər ayılıb dəhlizə çıxdılar. Aqniya Nikolayevna saçları daranmamış, rəngi qaçmış, sərxoş kimiydi, hürkmüş halda baxırdı, Sofiya Leopoldovna isə ucadan qışqırırdı. Təkcə Marişka sakit idi, yuxulu-yuxulu əsnəyirdi, Boris Yevgeniyeviç onu qolları üstə qapıyacan apardı. Sakinlər onunla vidalaşdılar. Klavdiya Nikiforovna dedi:
– Bu nə məsələdi, Boris Yevgeniyeviç?
O, baxıb gülümsədi:
– Klavdiya Nikiforovna, məgər bilmirsiniz, axı mən dünən adam öldürmüşəm!
Sonra Sergey İvanoviç və Klavdiya Nikiforovna uzun müddət yata bilmədilər, çayniki qızdırdılar, baş verənləri pıçıltıyla müzakirə etdilər: Yəni, Boris Yevgeniyeviç adam öldürə bilər? Bir yandan, o, zarafatcılın biriydi, bəlkə də məzələnirdi. Olsun ki, kitabxanada qiymətli kitabları korlayıb, ya da buna bənzər nəsə bir hoqqa çıxarıb.
Bu hadisədən bir-iki gün sonra evlər komitəsinin üzvü Brıkin gəldi. Binamızda hamı Brıkini – istefada olan bu polkovniki yaxşı tanıyırdı: səhərdən axşamacan həyətdə dolaşır, qayda-qanuna nəzarət edir, süpürgəçiləri işlədir, ya da evlər idarəsində oturub ictimai işçi kimi çilingərlərə və su xətti çəkənlərə göstərişlər verirdi; Brıkinin tabeçiliyində olmayan bu adamlar çox vaxt ona qulaq asmaq istəmirdilər, o isə, kiməsə komanda vermədən heç cürə yaşaya bilməzdi. Yetmiş yaşındaydı, bütün günü təmiz havada gəzdiyinə görə üzü milis işçilərininki kimi qıpqırmızı idi. Bu Brıkin hələ mənzil-mənzil dolaşıb ödəniş etməyənlərlə mübarizə də aparırdı, onunla mübahisə edənlərin iş yerlərinə ərizə də yazıb göndərirdi.
Brıkin mənzilə daxil olunca ilk növbədə:
– Sısoykina evdədi? – soruşdu.
Klavdiya Nikiforovna:
– Yoxdu, – dedi.
– Ona çatdırın ki, iki gün ərzində martın ödənişini etməsə, məsələni yoldaşlıq məhkəməsində araşdıracağıq. İş yerinə də yazacağıq.
– Yaxşı, yoldaş Brıkin, mütləq çatdırarıq. Amma biz çoxdan ödəmişik!
– Bilirəm. Sizinlə də bağlı bir söhbət var. İçəri keçmək olar?
Brıkin cavab gözləmədən içəri addımladı, dərhal da pəncərənin önünə keçib göyərçinlərə baxdı:
– Bunları yığışdırmaq lazımdı, –dedi, – vətəndaşlar. Altımış ikinci mənzildəki qonşular etiraz edirlər. Qaydaya görə, quş saxlamağa ixtiyarınız yoxdur.
– Hansı qaydaya görə? – təzəcə işdən gəlib çay içən Sergey İvanoviç soruşdu.
Balaca Marişka da burdaydı, o da masa arxasında oturub çay içirdi.
– Elə bir qayda var. Bəs nə! Əgər qonşular etiraz edirsə, heç bir ev heyvanı saxlaya bilməzsiniz, eləcə də quş, bunun fərqi yoxdu. İş cərimələnməyə qədər gedib çıxa bilər, odur ki, məsləhət görürəm, yığışdırasınız.
– Neynək, – Sergey İvanoviç köksünü ötürdü. – Təbii ki, yoldaş Brıkin, işin gedib cərimələnməyə qədər çıxmasına imkan vermərik. Onları biz gətirməmişik ki, saxlayaq. Olub-olmamalarının bizdən ötrü elə də bir fərqi yoxdu. Amma, bax, bu qızcığaz onlarla başını qatır. noolacaq ki, qoy siz deyən olsun.
– Qızcığaz sizinki deyil axı. Bu, səbəb ola bilməz.
– Bizimdi, bizimdi, – deyə Klavdia Nikiforovna Marişkanın başını tumarladı.
– Hardan sizinkidi? Heç suyu çəkmir. – Brıkin qızıl dişlərini göstərib gülümsündü. Sergey İvanoviçə sarı əyildi, qırmızı yanaqları tuluğ kimi sallandı, yavaşdan dedi: – Məsləhət görmürəm özünüzə öyrədəsiniz..
Bu vaxt Aqniya Nikolayevna görünüb, Marişkanı şam yeməyinə çağırdı.
– O, artıq şam yeməyinə başlayıb, – Klavdiya Nikiforovnadedi. – Budur, qəşəngcə yeyir.
– Yox, yox, özgələrə mane olmaq lazım deyil, Marişka, sağollaş, gedək.
Aqniya Nikolayevna otağa daxil oldu, Brıkinlə salamlaşdı, o isə qeyri-müəyyən şəkildə, üzünə baxmadan, başını tərpətdi. Elə çıxdı ki, guya onun salamını aldı. Anası Marişkanın əlindən yapışdı, amma qız ayağa durmaq istəmədi, bublik yeyə-yeyə, tələsmədən nəlbəkidəki çayını içməyə davam elədi.
– Sizin qızınız bizə heç bir maneçilik eləmir, –Sergey İvanoviçdedi.
– Başa düşürəm, amma sizdə qonaq var, uşaqsa evə getməlidi.
– Eybi yoxdu, qoy çay içib isinsin.
– Marişa, xahiş edirəm, zirək ol!
Hamı, hətta Brıkin bublikləri aşıran qıza gülümsəyə-gülümsəyə baxırdı, təkcə anası qaşqabaqlı durmuşdu, balasını bir ana kimi yox, soyuq baxışlarla süzürdü.
– Nooldun? – Aqniya Nikolayevna soruşdu.
– Ana, bu əmi deyir ki, göyərçinləri burdan yığışdırmaq lazımdı.
– Deyirsə, – deməli, lazımdı.
– Ana, onlara ya-zı-ğım gəlir axı!
– Çox da yazığın gəlir. Qalx! Sağollaş, gedək. Nənən bizi gözləyir, – o, Marişkanı qolundan yapışıb masa arxasından dartdı.
– Hə, hə, göyərçinlərinizi hökmən burdan yığışdırmaq lazımdı, –Bırkin dedi.
Birdən-birə Marişkanın solğun üzü əyildi, gözləri yumuldu və hönkürdü. Klavdiya Nikiforovna onu ovundurmağa çalışdı, bublikdən ovcuna dürtüşdürdü. Sergey İvanoviç də yerindən qalxdı, Aqniya Nikolayevna istədi Marişkanı zorla dartıb aparsın, o isə daha da bərkdən hönkürdü. Anası ona bir kəlmə də söz demirdi, üzü elə bil, donmuşdu, yalnız qapıya çatanda hirsindən dodaqlarını gəmirməyə başladı.
Ana və qızı gözdən itincə Brıkin dedi:
– Sizin də əcəb qonşularınız var! – O, başını buladı. – Ancaq quşlarla bağlı ləngiməyin haa. Sabahacan həll edin.
Sergey İvanoviç və Klavdiya Nikiforovna elə də məyus olmadılar: göyərçinsiz yaşamışdılar, yenə də yaşayacaqdılar. Cərimə ödəməyə heç kimin həvəsi yoxdu. Klavdiya Nikiforovna quşları yığışdırdı, – artıq uçmağa başlamış bala göyərçini də həmçinin,– yeşikqarışıq aparıb bir tanışlarına – liftçinin oğluna verdi. Balaca oğlan elə sevindi ki!
Axşam göyərçinlərdən söhbət açmadılar. Elə bil heç olmayıblarmış. Şam yeməyindən sonra Mariya Alekseyevnagilə “duraki” oynamağa getdilər. Evə qayıdıb yatağa girəndən sonra isə, Sofiya Leopoldovna qapını döydü ki, Marişka ağlayır, gözünə yuxu getmir, istəyir göyərçinlərə baxsın.
– Göyərçin-zad yoxdu! Qurtardı! Hamısı uçub getdi! – Sergey İvanoviç incik halda dedi.
Növbəti gün Sergey İvanoviç evə gələn kimi Klavdiya Nikiforovna sevincək:
– Qonaqlarımız gəlib! – dedi.
– Kimlər gəlib ki?
– Bax, budur…
O axşam Sergey İvanoviç və Klavdiya Nikiforovna bolluca güldülər.
– Bizim onlara yazığımız gəlirdi, yedizdirib bəsləyirdik. Onlarsa bizi cərimələtdirib müflis etmək istəyirlər!
Tezliklə liftçinin oğlu qorxmuş halda yüyürüb gəldi:
– Klava xala, göyərçinlər sizdədi?
– Burdadı, burdadı. Götür öz malını, yaxşı qoru…
Göyərçinləri ona verdilər. Sergey İvanoviç isə çəkici götürüb navalçanın dəmirini əzib elə düzəltdi ki, göyərçinlər bir də uçub gəlsə, qona bilməsin.
Sergey İvanoviç səhər yorğan-döşəkdən qalxıb ayaqyalın pəncərəyə yaxınlaşdı, ilahi, göyərçinlər yenə burdaydılar. Oturmağa yer olmasa da dırnaqlarını dəmirə ilişdirib sallaşmışdılar. Üçü də burdaydı. Anlamaq olmurdu ki, necə biclik işlədib dururdular burda. Bu sallaşmış göyərçinlərin çox zavallı görkəmi varıydı. Sergey İvanoviç və Klavdiya Nikiforovna özlərini itirmişdilər. Mariya Alekseyevnanı qardaşı uşağıyla birgə gəlib baxmağa çağırdılar və Marişkanı da səslədilər. Marişka xəstəydi, yatırdı, əvəzində Sofiya Leopoldovna beli bükük halda gəldi, başı da əsirdi. Mariya Alekseyevnanın qardaşı oğlu savadlı adam idi, institut tələbəsiydi, dedi ki, göyərçinlərin xüsusi vərdişləri olur. Onların sizin pəncərəni tərk etmələri, məsələn, eynən Sergey İvanoviçin tənbəkini tərgitməsi kimi çətin bir işdi. Sofiya Leopoldovna da təəccübləndi, ah çəkdi, sonra Klavdiya Nikiforovnaya pıçıltıyla dedi:
– Bizdə isə bədbəxtlik baş verib: Aqniyanı işdə ixtisara salıblar. Bilmirəm necə yaşayacağıq. Kitabları satmağa başlamışıq, xalçamızı xırıd elədik… – Və bərkdən: – Yox, sizin quşlardan olmaz. Mən onları qətiyyən əldən buraxmazdım!
Sergey İvanoviç qaşqabağını tökmüşdü.
– Yaxşı, eybi yoxdu, – mızıldandı. – Çox sallaşıb qala bilməzlər, yorulacaqlar…
Göyərçinlər həqiqətən də harasa uçub getdilər, amma sonra qayıdıb, yenə də əvvəlki kimi dırnaqlarını novalçaya ilişdirib, səbrlə ordan asıldılar. Onlar beləcə bütün günü asılıb qaldılar. Onların bu qədər sədaqətli olmalarından heyrətə gələn Sergey İvanoviç qərara aldı ki, nə olursa, qoy olsun, quşlar burda qalacaq. Belə quşları azdırmaq olmaz.
İki gün sakitçilik oldu, üçüncü gün Brıkin gəldi.
– Hə, nə deyirsiz, vətəndaşlar? Akt tərtib edəcəyik?
Ona yeşiyin olmadığını və hətta novalçanı belə bilərəkdən əydiklərini göstərdilər, liftçinin oğlu barədə dedilər, bir də lənətə gəlmiş göyərçinlərin qayıdıb öz yerlərindən necə sallandıqlarını, onlarla bacarmağın mümkünsüzlüyünü bildirdilər. Caynaqlarını ilişdirib asılmış göyərçinlərə Brıkin bir xeyli baxdı, başını yırğaladı, qırmızı yanaqları səyridi. O, hansı göyərçinin dişi, hansının erkək olduğunu soruşdu, onları tutub götürməyə cəhd elədi, hətta pərvazın üstə azacıq çörək qırıntısı da səpdi.
Göyərçinlərlə əyləndikdən sonra, köksünü ötürüb sakitcə dedi:
– Bütün bunlara baxmayaraq, vətəndaşlar, təcili yığışdırmaq lazımdı. Özü də, and olsun, bu zibilləri saxlamaq – bağışla məni, Rəbbim, – bilirəm ki, heç nəyinizə lazım deyil. Əgər o qızdan ötrü deyirsinizsə, sizə tam məsuliyyətiylə söyləyirəm, – o, səsini qısdı. – Onlar buranın sakinləri deyil. Aydındı?
– Qız kimdi! – Sergey İvanoviç əlini yellədi. – Bizə aidiyyatı yoxdu.
– Bizə ərizə daxil olub, nəzərə almağa və ölçü götürməyə borcluyuq. Göyərçinlər bizim dövrümüzdə gərəksiz və şübhəli quşlar sayılır. Özü də, şagird dərslə məşğul olanda, onlar maneçilik törədir.
– Nə demək olar, aydındı. Siz də vəzifənizi yerinə yetirirsiz…
– Bəs siz nə fikirləşirdiz? Yaşlı adamam, hər dəfə yeddinci mərtəbəyə qalxıb-düşmək guya asandı? Elə bilirsiz təkcə sizsiz? – Brıkinin yanaqlarının qırmızısı bir az da qatılaşdı, moruğu rəngə çalmağa başladı, səsi ucaldı, ölgün gözləri gözlənilmədən qəzəblə Sergey İvanoviçə dikildi. – Niyə bu qədər dil tökməliyəm. Sizi çağırış vərəqiylə yoldaşlıq məhkəməsinə çağırarlar, akt tərtib edib cərimə nallayarlar, vəssalam! Özü də çox çəkməz!
Sergey İvanoviç güc-bəla iki günlük möhlət ala bildi.
Şənbə günü axşam Sergey İvanoviç göyərçinləri səbətə qoyub üstlərini əskiylə örtdü və Leninqrad vağzalına getdi. Qərara aldı ki, onları Klindən o yanda yaşayan bacısına aparsın – Moskvadan yüz beş kilometr uzağa. Klavdiya Nikiforovna qocası sarıdan çox nigarançılıq keçirirdi, xüsusilə də, onu toxunma canlıq geyməyə və çətir götürməyə məcbur etmədiyinə görə üzülürdü. Son həftələr tez-tez leysan yağırdı, bazar günü də selləmə tökmüşdü. Klavdiya Nikiforovna göyərçinləri, qonşuları, Brıkini lənətlədi, hər cür ehtiyat tədbiri görməyi xəyalından keçirdi.
Sergey İvanoviç gecə yarıdan keçmiş gəldi – üzgün idi, amma razı qayıtmışdı, üstəlik, geriyə bir dəstə yasəmənlə dönmüşdü. Danışdı ki, göyərçinləri əla yerləşdirdilər, ondan yaxşısını heç xəyala da gətirmək olmaz. Bacısı qızlarının hər ikisi quşlara görə özlərini son dərəcə xoşbəxt hesab etdilər. Göyərçinləri çardaqdakı mənzilə apardılar, onların indi hər şəraiti var, pəncərələri baxçaya baxır, yoxsa burdakı kimi – paslı novalça, qonmağa yer də yoxdu. Orda genişlik var, hava, yasəmənlər… istəyirsən lap yüz il qurulda özünçün, can sağlığıyla…
– Hesab elə ki, bizim quşcuğazlar, doğma evlərini tapıblar, – Sergey İvanoviç söhbətini bitirib yorğun-yorğun gülümsündü. – Daha qayıtmazlar…
Göyərçinlər həftənin ikinci günü qayıtdılar.
Ərini qapının ağzında qarşılayan Klavdiya Nikiforovna ağladı. Göyərçinlərin, nahardan bir az öncə, günorta gəldiyini dedi və bildirdi ki, oğlan onları artıq sapandla daşa da basıb.
Sergey İvanoviçi qəribə hisslər, heyrətqarışıq bir qorxu bürüdü, barmaqlarının ucunda pəncərəyə yaxınlaşdı. Göyərçinlər yenə caynaqlarını paslı navalçaya ilişdirib, asılmışdılar. Onların muncuq kimi xırda gözləri Sergey İvanoviçin üzünə sevgiylə baxırdı.
Brıkin özünün üçüncü gəlişində yoldaşlıq məhkəməsinə çağırış vərəqi gətirdi: məhkəmə şənbə günü, saat on yeddidə, qırmızı guşədə keçiriləcəkdi.
Yenicə girmiş yayın isti günlərindən birinin axşamüstü çağıydı. Uşaqlar bağ evlərinə və pioner düşərgələrinə getdiyindən həyət boş idi, yüngül meh asfaltdan qovaqların açıq gümüşü rəngli tükcüklərini sovurudu. Onlardan bəziləri yeddinci mərtəbəyəcən qalxmışdı, pəncərədən içəri dolmuşdu, isti havadan güc alıb daha şövqlə qanadlananları isə, damın, antennaların üstüylə, mavi göy üzünə dikəlmişdi. Klavdiya Nikiforovna pəncərədən baxıb qocasının səbəti yelləyə-yelləyə həyətdə necə yeridiyini seyr etdi.
O, bir saatdan sonra qayıtdı. Səbət boş idi. Klavdiya Nikiforovna dərhal Sergey İvanoviçdən çaxır iyi gəldiyini və əllərinin necə əsdiyini duydu.
– Verdin? – nədənsə Klavdiya Nikiforovna qorxa-qorxa soruşdu.
– Narahat olma, anaş. Daha hər şey qaydasındadı… Yaxşı olacaq, anaş…
– Nədən sevincək olub belə içmisən? Dayan görüm… – Klavdiya Nikiforovna Sergey İvanoviçin pencəyinə ilişmiş bəyaz, xırda bir tükcüyü götürdü.
– Bu, tükcükdü, anaş. Qovaq tükcüyü, başa düşdün? Sənə deyilənləri başa düşdün, a qarıcığım? Sən bir bunun yanaqlarına bax! – Segey İvanoviç Klavdiya Nikiforovnanın yanaqlarını uzaq gənclik çağlarında etdiyi kimi barmaqları arasına aldı, bir az qaba və sərxoş-sərxoş sıxıb-silkələdi. Klavdiya Nikiforovna da o dönəmləri xatırlayıb gülümsədi.
Onun pencəyindən götürdüyü bəyaz tükcük aramla havada süzdü, hərlənə-hərlənə enməyə başladı, amma külək onu cənginə alınca yuxarılara qalxdı və sakitcə, heç kim görmədən Sergey İvanoviçin çiyninə qondu.
Bəs sonra?
Yay uzun və quraqlıq keçdi, payız – yağışlı, soyuqlar düşdü, üçüncü blokda istilik sistemi xarab oldu. Brıkin gəldi, akt tərtib etdi, iki gecə kürk, şuba geyib yatdılar, Klavdiya Nikiforovnaya dişləri əzab verirdi, Aqniya Nikolayevnanı qızıyla və Sofiya Leopoldovnayla birgə harasa Moskvanın qurtaracağına köçürdülər, onların iki otaqlı mənzilinə isə yeni sakinlər gəldi. Yeddi nəfər idilər, hamısı da Tuladan, sonra qış çıxdı, aradan bir yay da ötüb-keçdi, amnistiya elan edildi, Sergey İvanoviçə pensiya təyin elədilər və o işdən çıxdı, indi səhərin gözü açılandan dominoya qurşanır. Sonra, festival öncəsi, xariciləri qarşılamaq üçün göyərçin saxlayıb artırmaq haqda əmr çıxdı, indi quş saxlayanları daha cərimələmirdilər, əksinə, sağ ol deyirdilər. İndi göyərçinlər artıb-çoxalmışdılar. Hər yerdə – meydanlarda, həyətlərdə, dəstə-dəstə gəzişirdilər, kök, tosqun quşlar idi, uçmağa tənbəllik edirdilər, bütün günü quruldayırdılar, haranı gəldi, xüsusilə də, həyət-bacaları, eyvan və pərvazları batırırdılar, onların sarıya, qurğuşun rənginə çalan bu zir-zibilindən heç kim xilas ola bilmirdi. Hava pis olanda Sergey İvanoviç evdə oturur, rəngli polietilen qabıqlı simlərdən balaca səbətlər toxumaqla başını qarışdırırdı. Belə sim kəsikləri ya telefonlara aid idi, ya da başqa məqsədlərçün istifadə olunurdu, onları Sergey İvanoviçə Mariya Alekseyevanın artıq institutu bitirib müəssisədə işləyən qardaşı oğlu gətirirdi.
1968