Sənət və dünyanı dadmaq yolu

Klv.az saytı “Olmaz belə sadə fəlsəfə” layihəsi çərçivəsində fəlsəfə elmləri doktoru, filosof Niyazi Mehdinin esselərini təqdim edir.

 

Sənət dünyanı dadmaq yolu

 

Əsər «bir qaşıq»

Mənim çox böyük quşqum var ki, indiki gənc yazarların çoxunda yaratdıqlarının tutumu (həcmi) ilə bağlı adekvat düşüncə yoxdur. Ona 5-6 səhifəlik hekayəsi 5-6 səhifə böyüklüyündə görünür, 100 səhifəlik romanının isə iriliyi 100 səhifədən ölçüsünü alır. Belə olduğu üçün gənc yazarlar bir səhifəlik şeiri, 5-6 səhifəlik hekayəni bütün dünyanı hansı yöndənsə göstərmək iddiası ilə yazmırlar. Halbuki əsl sənətdə dünya miqyasına iddia olur (və ya olmalıdır). Belə bir deyim var: qazandakı xörəyin dadını bir qaşıqdan da bilmək olar, ona görə bütün qazanı yeməyə gərək yox!

 

ƏSL SƏNƏT ƏSƏRİ HƏMİN «BİR QAŞIQ» OLMALIDIR.

 

Di gəl belə aydıranda bir sorunun cavabı açılmır: yazıb yaratdığın necə olmalıdır ki, dünyanın «dadını bildirən qaşıq» ola bilsin? Bax, ciddi soru budur. Əsər hansı cümlədən, hansı epizoddan, hansı jestdən başlamalıdır ki, dünyanın dadını bildirən «qaşığa» çevrilsin? Bu soru, qoy hələləik cavabsız qalsın. Öncə «qazandan», yəni bir model oluban dünyanın tutumuna iddia edən əsərdən danışım.

 

Orkestr dünyanın modeli kimi

Federiko Fellininin «Orkestrin məşqi» televiziya filmi əsl pritça, məsəl prinsipi ilə Batı dünyasının modelini, yəni görkünü, görüntüsünü verir. Onə görə də məşqdəki musiqiçilərin didişmələrini, dedi-qodularını ayrıca götürülmüş həyat səhnəsi kimi yox, bütün toplumun modelini göstərən metaforalar kimi qavrayırıq. Əski Çin bilgələri (müdrikləri) söyləmişdilər: dövlət musiqi prinsipində qurulmalıdır. Niççe və Hesse bu ideyanın dərinliyini yaxşı duymuşdular, ona görə dövlətin musiqi modelini vermişdilər. Həmin ideya Fellininin «Orkestrin məşqi» filmində yeni yönlərdən açılır: orkestrdə bir çox musiqi alətləri var ki, özlüyündə, yəni təkcə çalınanda melodinin gözəlliyini verə bilməyib də onu kobudlaşdırlar. Onlar yalnız orkestr çalğısının polifoniyasında öz partiyalarını səsləndirəndə musiqi gözəlliyinə qoşulurlar. Toplum və dövlət də belə qurulmalıdır. Hər kəs öz bacarığını sərf etməlidir və bu bacarığın tələb etdiyi «xanada» durmalıdır. Onda toplumun, dövlətin polifonik musiqisində hər kəs dəyər, önəm qazanar.

 

Filmik modeldə rakurs dəyişmələri

Filmdə məzmun maraqlı forma strukturunda verilir. Qabaqca dialoqlardan başa düşürük ki, orkestrin məşqinə intervyü üçün telejurnalist gəlib. Handan-hana aydın olur ki, biz nə telekameranı, nə də telejurnalisti görəcəyik. Çünki telekameranın obyektivi elə ekranın özüdür. Jurnalist isə kameradan o taydan çox bu tayda, bizim tərəfdə durub. Tamaşaçı özünü telejurnalistlə eyniləşdirir. Beləcə, Fellini tamaşaçıya alışmadığımız baxım bucağını verir. Biz öyrəşmişik, teleprosesə bu taydan baxaq. Teleproses veriliş hazırlayır və bizə «oradan» göstərir. Fellini isə bizi teleprosesin içinə salır və əmələ gələn verilişə oradan teleişçilər kimi baxırıq.

 

Bəs, göstərilən formalar məzmuna nə verir? Tamaşaçı tamaşa edəndə özünü unudub düşünməyə də bilər ki, tamaşa edir. Bu bir qavrayış tipidir. Görünür, filmi üçün bu tipi Fellini qəbul etmir. O istəyir ki, tez-tez tamaşaçı tamaşa etdiyinin fərqində olsun, deməli, özünü qıraqdan ya pusan, ya da baxıb izləyən və beləcə, çək-çevir edən araşdırıcı kimi duysun. Çünki yalnız araşdırıcılıq məsafəsindən filmə baxanda oradakı aşırı realizmdə verilmiş didişmələrə uymayıb, onların axarına tam düşməyib onları metafora kimi anlamaq olar. Film, məhz, belə, yəni gözlənməz strukturlarda qurulduğu üçün «bir qaşıq oluban» dünyanın dadını bildirir.

 

Dünyanın musiqidə görünməsi üstünə

Musiqi tekstinin dünya modelinə çevrilməsi təsviri sənətlərə baxanda bir az başqa yolla gedir. Musiqi hadisələri birbaşa göstərmir (səs yamsılamalarından başqa). Əsl musiqi dünya üstünə qlobal duyğular oyadır. Bu deyilənlər simfonik musiqiyə də aiddir, bizim muğamlara da. Musiqi pisdirsə, onun daşımaq və ötürmək istədiyi duyğular cılızdır. Duyğuların cılızlığı isə onların dünya əhatəsinəcən genişlənə bilməməsi ilə bağlıdır. Televiziyadan, radiodan hər gün neçə-neçə mahnılar eşidirik, sonralar heç kim onları zümzümə etmir. Gözəl mahnıları isə eşidəndə öz şəxsi dünyamızı, problemlərimizi istəsək, başlayırıq, həmin mahnıların «terminlərində» düşünməyə, duymağa. Və ya olaylar bizdə duyğular oyadır, sonra isə onları eşitdiyimiz gözəl musiqinin oyatdığı duyğuların dilinə çevirərək zənginləşdiririk. Sevən və ya sevinən adamın öz duyğularını necə musiqiləşdirmək istədiyini yadımıza salaq. Və ya başqa bir hal. Musiqini dinləyə-dinləyə dərin düşüncələrə dalın (nənələr demişkən «aranı dağa, dağı arana daşıyın»). Ya da musiqinin oyatdığı duyğularla nəsnələrə, adamların üzlərinə baxın (sənədli filmlərdə tez-tez belə «montajlar» edirlər). Görəcəksiniz ki, eyni nəsnə musiqili və musiqisiz xeyli fərqli görünür.

 

Sənət əsəri «qaşığa» bu cür çevrilir

Deməli, belə! Musiqi, film, roman dünyanın hər hansı bir fraqmentini model kimi göstərir. Ancaq bu göstərmə bizə güclü təsir edəndə fraqmentin modeli kimi görünmür, qazandakı yeməyin dadından xəbər verən qaşıq kimi bütün dünyadan xəbər verir. Ona görə də bir şeir də, 5-6 səhifəlik hekayə də bütün dünyanın modeli ola bilər. Dünyada bütün olanları bitdə-bitdə göstərməklə yox, qazandakı yeməkdən xəbər verən bir qaşıq yemək kimi.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İsa Hüseynov. Bir az romantika

Klv.az saytı İsa Hüseynovun “Bir az romantika” hekayəsini təqdim edir.     Yay qurtarmışdı. Plyaj boşalmışdı. Qum soyumuşdu. Onlar qumun üstünə xalça salıb yanaşı uzanmışdılar. Arada Şərqiyyə başını qaldırıb ağır- ağır gözlərini onun üstündə gəzdirirdi. Murada elə gəldi ki, dənizlə, sahillə birgə bu ala gözlərin dərinliyində də sükut və rahatlıq […]