(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Amma əgər dində, birincisi, fövqəltəbii varlıqların mövcudluğuna inam, ikincisi, onların hüsn-rəğbətini qazanmağa canatma özünə yer alırsa, onda bu onu nəzərdə tutur ki, təbiət hadisələrinin gedişi müəyyən dərəcədə elastik və dəyişkəndir və öz xeyrimiz üçün hər şeyə qadir fövqəltəbii varlıqları onu adətən cərəyan etdiyi məcradan çıxarmağa razı sala, yaxud da sövq edə bilərik. Təbiətin elastikliyi və dəyişkənliyi barədə müddəa magiya və elmin prinsiplərinə birbaşa ziddirlər, onlar hesab edirlər ki, təbii proseslər öz gedişində sapmaz və dəyişməzdirlər, buna görə də onları nə dilətutma və yalvarışlarla, nə də təhdid və qorxutmalarla öz məcrasından çıxarmaq olmaz. Bu iki rəqib dünya görüşü arasındaki fərq aşağıdakı prinsipial mühüm suala cavabdan asılıdır: dünyanı idarə edən qüvvələr şüurlu və şəxsi xarakterlidimi , yoxsa şüursuz və şəxssiz? Fövqəltəbii qüvvələrin rəhmə, hüzura gətirilməsinə can ataraq din allahlara şüurlu və şəxsi xarakter aid edir. Hər cür mərhəmət və hüzur diləmə onu nəzərdə tutur ki, rəhm dilənən varlıq şüurlu və özü bir şəxs olan varlıqdır, onun davranışında bir qeyri-müəyyənlik payı vardır və onun maraqlarına meyl və emosiyalarına dərrakəli yanaşma ilə onu öz davranışını dəyişməyə inandırmaq olar. Rəhmə, inayətə gətirmə heç vaxt cansız sayılan şeylərə və konkret xüsusatlar və davranışı mütləq dəqiqliklə məlum olan, şəxslərə münasibətdə heç vaxt tətbiq olunmur. Odur ki, o, dünyanın inandırma yolu ilə niyyətlərindən döndərmək mümkün olan şüurlu faillər tərəfindən idarə edildiyini və nəzərdə tutduğundan din fundamental şəkildə magiya və elmə əksdir. Sonuncular üçün özlüyündə aydındır ki, təbii prosesləri şəxsli, kimlikli fövqəltəbii varlıqların ehtiras və ya tühaflıqları deyil, dəyişməz mexaniki qanunların fəaliyyəti təyin edir. Düzdür, magiyada bu fərzetmə implisit (izahsız) şəkildə, elmdəsə eksplisit (izahlı) şəkildədir. Magiyanın işi çox vaxt ruhlarla, yəni şəxsli vasitəçilərlə bağlı olur ki, bu da onu dinlə qohum edir. Lakin magiya onlarla eynilə cansız qüvvələrlə davrandığı kimi davranır, yəni din kimi onları rəhmə, hüzura gətirmək əvəzinə o onları məcbur edir[1]. Magiya o fərziyyədən çıxış edir ki, insan və ya tanrı olmalarından asılı olmayaraq bütün kimlikli varlıqlar nəticə etibarilə hər şeyə nəzarət edən, lakin bununla belə ayinlər və cadu-pitiyin köməyilə onları yola gətirməyi bacaran şəxsin onlardan xeyir, sərfə əldə edə bildiyi şəxssiz qüvvələrə tabedir. Məsələn, Qədim Misirdə cadugərlər düşünürdülər ki, onlar hətta ali ilahiləri də öz buyruqlarını yerinə yetirməyə məcbur edə bilərlər və itaət görmədikləri təqdirdə onları məhv etməklə təhdid edirdilər. Bəzən cadugər bu qədər ifrata varmadan belə hallarda bəyan edirdi ki, Osirisin sümüklərini dörd tərəfə tullayar və ya əgər o inad edərsə, ona həsr etdiyi müqəddəs əfsanəni hamıya faş edər. Hindistanda indiyədək hinduizmin böyük üçlüyü – Brahma, Vişnu və Şiva – öz sehrlərinin köməyilə ən qüdrətli tanrılara belə təsir göstərə bilən brahmanlara “tabedirlər” və bu tanrılar öz ağaları olan bu cadugərlərin ağlına gəlib buyurduğu hər şeyi yerdə və göydə itaətkarlıqla yerinə yetirməyə məcburdurlar. Hindistanda belə bir deyim vardır: “Bütün dünya tanrılara tabedir;allahlar sehrlərə (mantralara); sehrlərsə brahmanlara tabedirlər; buna görə də brahmanlar – bizim allahlarımızdır”.
Ruhanilərin tarix boyu cadugərlərə bəslədiyi qəti ədavət də elə magiya və dinin köklü surətdə bir-birinə əks olması ilə izah olunur. Cadugərin lovğalıqla özünəgüvənməsi, onun ali qüvvələrə münasibətdə dikbaşlığı, onların hakimiyyətinə bərabər hakimiyyətə həyasızcasına iddia etməsi ruhanini hiddətləndirməyə bilməzdi. İlahi böyüklüyü pərəstişkarəna şəkildə duyması və onun qarşısında üticəsinə səcdə etməsi ilə hansısa bir ilahinin kahininə bu cür iddialar yalnız allaha mənsub imtiyaz və üstünlüklərin mürtədcəsinə və ya kafircəsinə qəsb edilməsi kimi görünməli idi. Bəzən bu düşmənçiliyin kəskinləşməsinə daha alçaq niyyətli sövqetmələr səbəb olurdu. Kahin özünü allah və insan arasında yeganə həqiqi havadar və vasitəçi olaraq bəyan və təqdim edirdi və onun maraqları, elə hissləri də çox vaxt ilahi lütfü qazanmanın keşməkeşli və sürüşkən yolundan daha düzgün və hamar səadət yolunu təbliğ edən rəqibinin maraqları ilə çox vaxt daban-dabana zidd olurdu.
Ancaq o bizə nə qədər adi görünsə də, göründüyü kimi bu antoqonizm dinin nisbətən daha sonrakı mərhələsində ortaya çıxmışdır. Daha erkən mərhələlərdə cadugər və ruhani funksiyaları çox vaxt birləşirdi, daha doğrusu, ayrılmırdı. Tanrılar və ruhların iltifatını insan dualar və qurbanvermələrin köməyilə qazanmağa çalışır və bununla eyni zamanda allah və ya iblisin köməyi olmadan öz-özlüyündə arzulanan təsirə malik ola bilən sehr və ovsunlara əl atırdı. Qısa desək, insan birnəfəsə dua və ovsunlar söyləyərək həm dini, həm də magik ayinlər icra edirdi, özü də əgər hər cür yolla istədiyinə nail olmağa can atırdısa, bu zaman öz davranışının nəzəri məntiqsizliyinə məhəl qoymurdu. Magiya və dinin bu birləşməsi və ya qarışması örnəkləri ilə biz artıq melaneziyalılarda və başqa xalqlarda rastlaşmışıq.
Mədəniyyətin daha yüksək səviyyəsinə qalxmış xalqlarda magiya və dinin qarışması qalıntı şəklində qalmaqdadır. O Qədim Misir və Qədim Hindistanda müşahidə olunmuş və hələ indiyədək də Avropa kəndliləri mühitində ona rast gəlinməkdədir. Sanskrit üzrə bir görkəmli mütəxəssis xəbər verir ki, “barəsində bizdə ən müfəssəl bilgilər olan ən erkən dövrdə qurbankəsmə ayinində onlardan ən primitiv magiyanın iyi gələn bol-bol fənd-fellər vardır”. Magiyanın Şərqdəki, xüsusən də Misirdəki rolundan danışaraq professor Maspero qeyd edir ki, “biz gərək “magiya” sözü ilə az qala labüd şəkildə insanın ağlına gələn o təhqiramiz mənanı bağlamayaq. Qədim magiya dinin özünün əsası olmuşdur. Allahın inayətini, lütfünü qazanmaq istəyən möminə onu allahın özünün ona bəyan etmiş olduğu və elə onlarla da onun özünü (allahı) ondan istədikləri şeyi etməyə vadar etdikləri ayinlərin, qurbanvermə, dua və ilahi nəğmələrin köməyilə ələ almaqdan başqa yol qalmırdı”.
Müasir Avropann savadsız zümrələrində magiya və dinin qarışmasının müxtəlif formaları indiyədək qalmaqdadır. Beləki, bir məlumata görə, Fransada kəndlilərin çoxu ruhaninin təbiət qüvvələri üzərində gizli və dəfolunmaz hakimiyyətə malik olduğuna inanmaqda davam edir. Böyük təhlükə halında yalnız təkcə özünün bildiyi və qılmağa haqqı çatdığı dualar oxumaqla təbiətin əbədi qanunlarının fəaliyyətini müvəqqəti dayandıra və ya geriyə döndərə bilər, ancaq bunun müqabilində o sonradan günahlarının bağışlanmasını diləməlidir. Guyaki küləklər, qasırğalar, dolu və yağış onun iradəsinə tabedir. Od ünsürü də onun itaəti altındadır: tək bircə sözü ilə alov sönür. Fransız kəndliləri inanırdılar (ola bilsin indiyədək inanmaqdadırlar) ki, xüsusi ayinlərin köməyilə ruhanilər Müqəddəs ruha allahın iradəsinə o qədər möcüzəli təsir göstərə bilən bir ibadət qıla bilərlər ki, o heç vaxt belə bir ibadətə qarşı çıxıb əksini etməz: bu tələb nə qədər zəhlətökən və düşüncəsiz olmuş olsa da, ondan tələb olunan hər şeyi buyurub etməlidir. Həyatın ən girli, dar məqamlarında bu cür ayinlərin köməyilə ilahi səltənəti hücumla ələ keçirməyə çalışan kəslər özlərini biehtiram və ya imansız apardıqlarını düşünmürdülər. Ağ ruhanilər (rahiblik etməyən ruhanilər) Müqəddəs Ruha ibadət etməkdən imtina edirdi, amma rahiblər, xüsusən də kapusinlər barədə belə deyirdilər ki, onlar məzlum və zavallıların dua və yalvarışlarına daha az acıyıb onlara hayan olurdular. Katolik ölkələrində kəndlilərin keşişlərə aid etdiyi ilahini nəyəsə məcbur etmə bacarığı, göründüyü kimi, qədim misirlilərin öz cadugərlərinə aid etdikləri qabiliyyətin dəqiq surətidir.
Başqa bir misal göstərək. Provansın bir çox kəndində belə bir inanc yer almaqdadır ki, keşiş qasırğaların qarşısını ala bilər. Heç də hər keşişin belə bir şöhrəti olmur, odur ki, kənddə pastor dəyişəndə dindarlar yeni keşişin bu bacarığa sahib olub-olmadığını hər vəchlə öyrənmək istəyirlər. Güclü bir qasırğanın elə ilk bəlirtiləri ortaya çıxan kimi onlar onu sınaq edirlər: tufan gətirən buludları ovsunlamağa məcbur edirlər və əgər nəticə gözləntiyə cavab verirsə, mömin əhalinin keşişə hüsn-rəğbəti və hörməti təmin edilmiş olur. Prixod (icma) keşişinin köməkçisinin şöhrəti bu baxımdan keşişin özünün şöhrətindən daha yüksək olduğu və onlar arasındakı münasibətlərin bu üzdən olduqca gərgin olduğu icmalarda (camelərdə) yepiskop bəzən keşişi başqa bir cameyə keçirməli olurdu. Qaskoniya kəndliləri həmçinin inanırlar ki, düşmənlərindən qisas almaq üçün pis adamlar bəzən keşişi müqəddəs Sekari ibadəti adlanan bir ibadət qılmağa sövq edirlər. Bu ibadəti çox az kəs bilir və onlardan da dörddə üçü heç bir şeyin xatirinə onu qılmağa razı olmazlar. Yalnız bədxah keşiş bu iyrənc ayini yerinə yetirməyə cürət edər və əmin ola bilərsiniz ki, buna görə ona məhşər günü çox ağır bir əcr veriləcəkdir. Oş şəhərinin vikarisi, yepiskopu və hətta arxiyepiskopu belə bu cür günahı bağışlamağa haqlı deyildir. Bu haqq tək bircə Roma papasına məxsusdur. Müqəddəs Sekari ibadətini (duasını) yalnız Bayquşların hər bucaqda ulaşdığı, toranlıqda yarasaların səssiz uçuşduğu, qaraçıların gecələdiyi və murdarlanmış mehrabının altında qurbağaların gizləndiyi xaraba və xali qalmış bir kilsədə icra etmək olar. Bədxislət keşiş də öz sevgilisi ilə gecələr elə buraya gəlir. Düz saat on birdə o bu bədduanı dal-qabaq donquldamağa başlayır və saatlar məsum bir şəkildə gecəyarını vuran andaca onu bitirir. Keşişə onun sevgilisi kömək edir. Onun xeyir-dua verdiyi hostiya (mərasim atributu, qalac – tərc.) qara və üçbucaq şəkillidir. Müqəddəsləşdirilmiş çaxırla vəftiz etmək əvəzinə o, içərisinə xaç suyuna çəkilməmiş çağa atılmış quyudan su içir. O bir çox başqa şeylər də edir ki, onlara heç bir saleh xristian heç gözünün ucu ilə də baxmaz, əgər baxsa ömrünün sonunadək kor, kar və lal olar. Barəsində belə bir bəddua edilmiş şəxsə yavaş-yavaş quruyub qaxaca dönür. Heç kim bilmir ona nə olub. Heç həkimlər də baş çıxara bilmirlər. Onların xəbəri yoxdur ki, onu müqəddəs Sekari duası yavaş-yavaş zəlil edir.
(davamı var)
Tərcüməçi: Obaçı
[1] İnsana xidmət etmələri məqsədilə ruhları ovsunlama “ekzorkizm” termini ilə işarə edilir (özlüyündə magiyadan və rəhmdiləyici kultdan fərqli olaraq).
Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Magiya və din – 3 – KLV