Qapalı dairə, Aum, Ohm və sairə…
aummm…
aummm…
…bütün ağrıların səlib yürüşü başlayır
canımda xəstəlik, üşütmə
əzrayıl gün sayır…
uçub dağılmış qəbirdi yatağım
boş, bomboş, çox boşdur qucağım…
ruhumdakı gərginiklə düz mütənasibdir həsrətin şiddəti…
…alatoranda siqaret axtaran əllərim eynəyimlə rastlaşır
görüntü şəffaflaşır
sonra
siqaret, qəhvə və sairə…
***
aummm…
aummm…
…günün ən sıxıcı saatlarını, başımı qatıram işlə
və sonra yorğunluq bürüyür canımı
ruhumu sıxır bu vərdişlər
və işlər…
ruhumdakı gərgnliklə tərs mütənasibdir yoxluğunun müddəti…
arzular, xəyallar, yalanlar
gələnlər, gedənlər, qalanlar…
avtobus sürünür küçəylə
həmdəmlik başlayır gecəylə
eynəyim yorulub gözümdən
çıxarıb uzağa atıram özümdən
qorxuram bir anlıq
görüntü bulanıq
sonra,
siqaret, pivə və sairə…
***
aummm…
aummm…
siqaret, siqaret, siqaret
içki süz…
içki süüz…
içki süüüzzz…
beynimin içində anasız küçüklər
beynimin içində həyasız pişiklər
beynimin içində zəhərli ilanlar
beynimin içində duman var…
qapalı çevrədə boş şeydir olanlar
ağrı var, əzab var, yalan var
rutindir bu anlar,
baş qatım zamanla
carpe diem…
ölüm də gecikir boş yerə
qapanır dairə
sonra
siqaret, viski və sairə…
aummmmmmmmm!!!
Vilen Dank, Ohm!
Assurları düşünmək
Bir assur mənbəsində yazıldığı kimi;
ətraf cəsədlərlə doluydu
Nəyinsə başlanğıcı, nəyinsə sonuydu,
Misirlilər qüdsə yürüdü,
İzekel tələdəydi,
“Yahuda mühasirəsi” qanlı,
Misirlilər çılğın, assurlar imanlı,
Assurlar məni kədərləndirir,
İzekel qüdsün xilası üçün yol varmı?
Qədim dünya tarixi sıxır məni:
Assur mənbələri sevgidən yazırmı?
Manşetlik günahlar
Sən
Ya ehtiyatsızlıqdan,
Ya bəxtsizlikdən, təsadüfdən,
Maraq xatirinə getdiyin,
İşğaldan azad edilmiş ərazilərdə minaya düşürsən…
Buuumm!!!
Manşetsən!!!
Mənsə hər gün eşqdən azad edilmiş ərazilərdə
Manşetlik günahlar işləyirəm,
Eşqdən azad olunmuş ərazilərə
Sevdalar əleyhinə zinalar döşəyirəm.
Sən günah nədir, bilməzsən
Əlindəki paslanmış silahdan təsadüfən açılır güllələr
Gəlir daşa dönmüş qəlbimi deşir…
Sən aşiqsən, ruhunda yaz havası,
beynində kəpənəklər uçuşur,
Ruhunda qumrular gəzişir
Mənimsə zehnim toz-duman
Beynimin içində gərgədanlar sevişir…
Eşqdən azad edilmiş ərazilərdə
Zinaaxtaranlar zinaəleyhinə qadınlar daşıyır,
Zinadan təmizlənmiş ərazilərə…
Yavaş!
Tərpənmə!
Havaya uçacaqsan yenidən sevsən!
BUUUMM!!!
Sərxoşam, darıxmışam
Həyatla ölümün arasında duran qadın
Səninlə ulduzları seyr etdikmi?
Qürubuna baxdıqmı günəşin?
Neçə payız gəldi ömrümüzə, bilirsənmi?
İndi pəncərəmdə xəyal var,
Bu sənsənmi?
Səninlə günaha batdıqmı, qış gecələrində?
Səninlə danışdıqmı, ayrılığın dilində?
Mənə sorsan, sərxoşam, xatırlamıram.
Ölümdən və həyatdan çox danışdıq sakit, səssizcə, susqun
bütün gecələrimin tək həsrəti sən oldun,
gəldin yuxuma doldun.
Ürəyim bir quş kimi çırpındı qəfəsində
Mənsə təsəlli buldum sükutunun səsində,
Səninlə ayrılıqdan danışdıqmı gecələr?
Qapımızı döyərsə əlimizdən nə gələr?
Heç şeir oxudummu sənə sevdamız haqda?
Mənə sorsan, sərxoşam, unutmuşam…
Dodağımın ucundakı duaya,
Yanağıma süzülən göz yaşıma bağışla məni!
Sənə qədər uzandısa ömrüm,
Kəs yorulduğun yerdən.
Aldığım çiçəklər qədərdi sevgim,
Su ver hər sabah erkəndən…
Kim anlayacaqdı ki, bu kədərli adamı
Sən qəhrəmanlıq eşqinə düşməsən?
İndi heç xatırlamıram ən son nə zaman gəlmisən…
Üzümü nə vaxt görmüsən?
Sənin üçün bir sevgiysə gözlərim
Mənim üçün ömrün parodiyasıdır…
Boş ver, ağlamıram, susmuşam.
Məni sorsan sərxoşam,
Darıxmışam…
Aporia
İsayla eyni gündə çarmıxa çəkdilər,
Həmzəylə eyni gündə dəldilər ciyərimi,
Brutun xəncərindən itiydi
Kürəyimə saplanan xəncər.
Mən hər zaman sərsəri,
Mən hər zaman dərbədər…
Hüseynlə eyni anda Kərbalada,
Musayla Turda,
Məhəmmədlə Uhuddaydım.
Yusiflə eyni quyuda,
İbrahimlə eyni odda…
Əyyubla nələr gördüm,
Nələr…
Mən hər zaman əzablarda
Zülüm gördüm sərasər…
Yunusla balıq qarnında,
Yaqubla qaranlıqlarda,
Neçə haqq savaşında
Mən ancaq dardaydım, darda…
Mən hər sınaqda əzabkeş
İsmi bilinməz peyğəmbər…
Saçlarımı gilyotinlə vurdular,
Başımı dik tutdum,
Tərli köynəyimi dar ağacından asdım,
qurutdum…
Yüz pusqu qurdular, qaçdım,
Özüm özümlə savaşdım.
Mən ən yorğun savaşçıydım
Məndim ən asi bəxtəvər…