Klv.az saytı “Olmaz belə sadə fəlsəfə” adlı layihəyə başlayır. Hər həftənin cümə axşamı fəlsəfə elmləri doktoru, filosof Niyazi Mehdinin gündəlik həyat, media, sənət, dilçilik, semiotika, ədəbiyyat, sevgi və qadınlar barədə yazılarını təqdim edəcək.
Abstrakt sənətdən ləzzət almaq üçün
instruktaj
Musiqi və bədən
Hamı yaxşı bilir ki, diringi hava altnda dingildəyəndə daha çox həzz alırsan. Bizdə hələ utancaqlığın etgisi, yüngül görünməyin qorxusu qaldığı üçün ağır adamlar bədənlərini musiqinin güzgüsünə çevirib ritm tutmurlar. Batıda isə Obamadan tutmuş milyonerlərəcən hamısı rəp, cəzz səsi gələn kimi yırğalanırlar. Ancaq musiqi havası yanıqlı olanda bizdə də, onlarda da, adətən, qaş çatılır, gözlər kədərlə axır…Bütün bunlar nə deməkdir? O deməkdir ki, musiqini somatik-bədən hərəktlərində, göz-qaşda təkrar edəndə onu öz cisminə interpretasiya edirsən, yəni çevirirsən və ya «tərcümə» edirsən. Etməsən, ləzzət almırsan. Necə ki üzünü gülümsəmə qırışına salmasan, təkcə ürəklə gülümsəmək olmaz.
Eşitdiyimə görə elə pianoçu məktəbi var ki, pianistə çaldığı havanı bədəni və üzü ilə yaşamağı qadağan edir, yəni tapşırır ki, düz otur, ləzzətdən yırğalanma, üzündə duyğu-filan bilinməsin. Ancaq bu eşitdiyim doğrudursa, yenə musiqiyə cismin reaksiyası qalır – barmaqların dillərdə gəzməsini deyirəm. Oxşar somatik, yəni bədən və jest reaksiyalarını futbol fanatları yapırlar. Futbola baxanda vurmaq, cəld ayaq atmaq, tullanıb topu tutmaq əməllərini fanatlar qollarının, ayaqlarının, boğazlarının xırda tərpənişlərində, gərilmələrində yaşayırlar, yaşamasalar, musiqi ritminə girməmiş dinləyici kimi soyuq qalarlar. Bu düşüncəni mənə Vaqif İbrahimoğlu söyləmişdi və özü ondan tamaşaçılara təsir üçün istifadə etmişdi.
Təsviri sənət və bədən
Sonralar Vaqifdən eşitdiklərim abstraksionizmi düşünəndə dadıma çatdı. Soru belədir, mən necə boyaların şırımlarından, süzülüb bir-birinə axmasından, burdan girib ordan çıxmasından, laxtalanmasından, narınlaşıb qalınlaşmasından ləzzət alım? Burada, axı, düşüncənin dramı, duyğuların faciəsi yoxdur ki, gərginlik məni tutsun. Mona Lizanın qımışığına baxa-baxa min fikir ağlıma gələ bilər. Divardan asılmış boya ləkələrindən nə fikir gələ bilər?!
Bax, bu sorunun qarşısında Vaqif İbrahimoğlunun sözləri dadıma çatdı. Sən abstraksionist şəkil qarşısında duranda soyuq qalmaq istəmirsənsə, baxdığına tutulmaq istəyirsənsə, öz bədənini pixoloji olaraq oradakıların əks-sədasına çevir. Yuxarıdan əriyib tökülən sarıya baxanda sən də əriyib tökül, saçaqlar kimi saçaqlan – qavrayışını belə düzənləyəndə psixoloji-duyğusal kontakt baş verəcək. Beləcə, duyğulara tutulanda onlar ardlarınca düşüncələr gətirə bilər və səndə non-fiuqurativ (yəni nəsnələrin formalarını göstərməyən) əsər meditativ, dərin düşüncələr dalğasına tutulumş hal yarada bilər.
Mənim bu məsləhətimə qulaq assanız, modern sənət qalereyasında abstraksionist əsərlər arasında darıxa-darıxa yox, bağ-bağat ətrində gəzirmiş kimi gəzərsiniz. Hərçənd bu məsləhətim belə bir soruya cavab vermir: nədən bilək ki, filan abstraksionist, kubist, sürrealist rəssamın çəkdikləri bədiliyi yüksək olan əsərdir?
Suala cavab
Cavab üçün başqa ölçünü götürməliyik. O sənətkar ki, yeni dil təklif və ya icad edir böyüklər sırasına düşür. O sənət əsəri ki bu dil əsasında qurulub bahalı əsər olur. Kandinskinin abstraksionizmi rəssamlıq üçün yeni dil olmuşdu. Maleviçin «Qara kvadrat»ı yeni rəssamlıq dilini-supramtizmi tətbiq etmişdi. Abstraksionizmin içində türlü dilləri yaradanlar uyğun üslubları yaradıblar. Abstrakt sənətdə qeometrizm, taşizm (kətanın ləklərlə doldurulması) və neoplastisizm belə cərəyanlar olmuşdur.
Bəzi sənət dillərinin yaradıcısı bir nəfər yox, bir kredoda birləşmiş bütöv bir məktəb olur. Bəzən isə iki və ya üç nəfər olur.
İncəsəntdə icad edilmiş yeni dil, yəni göstərmək-duyğulandırmaq, materialı düzmək qaydaları və ya bədii kod, adətən, miqrasiya edib qonşu sahələrə yayılır. Yayılıb orada həmin sahə üçün koda çevrilir. Pikassonun Brakla yaratdığı dil Korbyuzenin memarlığına keçmişdi. Anri Bretonun yazar kimi yaratdığı Sürrealizmin dili miqrasiya edərək rəssamlıqda Dalinin, Şaqalın yaradıcılığına kod vermişdi. Bundan çıxan sonuc, sən rəssamlıq əsəri ilə rastlaşanda tapmalısan, bu əsər yeni dil ortaya çıxarırmı? Çıxarmırsa, ikinci soru: artıq tapılmış yeni dilə bu əsər hansı yeniliyi verir? Toğrul Nərimanbəyovun yeniliyi kubizmin dilini İçəri şəhər tablolarına tətbiq etməsi idi. Səttar Bəhlulzadənin tabloları puantalizmin dilindən Azərbaycan mənzərələri üçün istifadə etmişdi. Aydındır ki, Toğrul Nərimanbəyovdan sonra Azəri realiyalarını kubizm estetikasında çəkənlər getdikcə həmin dilin mədəniyyətimiz üçün dəyərini azaldırlar və axırda olurlar epiqonçu sənətçilər.
Sonuc
Beləliklə, mən modernizmdəki rəssamlıq əsərlərini qavramaq üçün iki yolu açıb ağartdım. Birincisi, onları yaşamaq üçün psixolojini onların rəng rəqsinə buraxmalısan. Gərək adamda özünü şəklin rənglərinə transformasiya etmək mədəniyyəti olmalıdır.
İkinci yol rəssamlıq tarixi ilə bağlı bilikdən açılır. Sən bu tarixi biləndə əsərin yeni bədii dil, kod ixtira edib-etmədiyini bilirsən.