Alper Canıgüz: Atama layiq olmaq, anamın haqsızlığını sübut etmək üçün yazıçı olmuşam

Alper Canıgüz 1969-cu ildə İstanbulda doğulub. Uşaqlığı Acıbademin müxtəlif məhəllələrində dalaşmaq və özündən düzüb-qoşduğu hekayələri dostlarına nəql etməklə keçib. Macəralarla dolu uşaqlıq illərində mütaliəyə böyük marağı olan Alper dünya klassiklərinin əsərlərini sevərək mütaliə edir. Xüsusən, Mişel Zevakonun serial-romanları onu maraqlı hekayələr uydurmağa həvəsləndirir. Kafka yaradıcılığı ilə tanış olanda isə uydurdurduğu hekayələrin zəifliyi onda bir balaca xəyal qırıqlığı yaradır. Amma tez özünə gəlir, Kafkanın ölü, özünün isə gənc olması ilə təsəlli tapır. Boğaziçi Universitetində “Psixologiya” ixtisası üzrə təhsil alır. Tələbəlik illərində düşündüyü hekayələri danışmaq əvəzinə yazmaq qərarına gəlir. 2000-ci ildə yazdığı ilk romanı “Tatlı rüyalar” türk ədəbiyyatına “psixo-absurd romantik komediya” kimi daxil olur. 2004-cü ildə dünyanın ən kiçik dedektivi 5 yaşlı Alper Kamunun macəralarını qələmə alır: “Oğullar ve Rencide Ruhlar”. Rəncidə olunmuş həyatları qapqara kosmopolit bir yumor əvəz edir: “Gizliajans” (2008), daha sonra “Cehennem çiçeği” (2013), “Kan ve Gül” (2017), “Kiyamet Park – Bir Kamu Davası 3” (2021) romanları ilə türk və Avropa oxucularını heyran etməyə davam edir…

Ülvi Babasoy

Klv.az saytı Alper Canıgüzlə müsahibəni təqdim edir.

– Nə vaxt sizin romanlarınızı oxusam, Kurt Vonnequtu xatırlayıram. Vonnequt müharibə əleyhdarı romanları və azad yazıçı kimliyi ilə bütün zamanların unudulmaz sənətkarlarından biridir. Sizin romanlarınız da bir müharibəni, yaradılışımızın ən böyük problemi – daxili dünyamızdakı savaşı ironik bir qəhqəhə ilə ifadə edir. Bunun səbəbini izah edə bilərsinizmi?

Bir varlıq kimi insan digər primatlardan (ikiayaqlı canlılardan) fərqlənərək nə vaxt özünü kəşf edəcək, həyatda yaşamaq qayəsini düşünəcək? Bu sualı – ölümü və ölümlü olduğunu dərk edəndə – deyə cavablandırmaq yerində olardı, zənnimcə. Son dərəcə güclü bir yaşamaq ehtirası ilə dünyaya gəlib, dünyada keçirdiyin hər günün əslində səni labüd sona bir addım daha yaxınlaşdırdığı həqiqəti ilə yaşamaq bir daxili müharibə deyə izah edilə bilər, şəksiz. İnsan beyninin genetik meyillərinə qarşı apardığı mübarizə cəmiyyətlərin tarixini yaradır. İstəsəniz, bunu ziddləşmə, dialektika adlandıra bilərsiniz. Məndə ironiya şəklində əks olunur. Haqqında danışdığınız daxili müharibənin mənim hekayələrimdə yumorla və əslində qara yumorla bu qədər iç-içə olmasının səbəbi isə məhz həmin ironiyanın özüdür.

– Uydurduğunuz hekayələri dostlarınıza nəql edərək gül kimi yaşayırdınız. Dünyanın ən çətin işi yazıçılıqla məşğul olmağa nə üçün ehtiyac duydunuz?

Tam bilmirəm, açığı. Bəlkə də hekayələrimi heç vaxt tanıya bilməyəcəyim dostlarımla da paylaşmaq istəmişəm. Ədəbiyyata pərvazsız bağlı olan atama layiq olmaq, ya da bu işlərlə məşğul olmağımı çox da xoşlamayan anamın haqsızlığını sübut etmək və bəlkə, bir gün hörmətini qazanmaq üçün də ola bilər. Bu cür işlərlə məşğul olanlarda görülən növdən bir ölümsüzlük illüziyası da məni ovsunlamışdır. Passiv, aqressiv bir formada öz qaydalarını özü qoyma mərəzindən əziyyət çəkməyim də mümkündür. Ya da bəlkə, başqa bir işlə məşğul ola bilməyəcək qədər tənbəl olduğum üçün yazıçı olmuşam.

– Həmyaşıdlarınız olan digər müəlliflər mediatik və üst səviyyə populyarlığa can atırlar. Hörmətli Canıgüzdə əksinə olmasının səbəbi nədir?

Açığı, eyni şeyləri təkrarlamaqdan xoşum gəlmir. Sadəcə, yeni bir kitab yazanda, ya da ortada həqiqətən qeyri-adi bir şeylər söyləyə biləcəyim mövzu olanda danışmağa üstünlük verirəm. Bunun xaricində ortalıqda çox olmağın oxucu ilə əsər arasına girmək kimi bir təhlükə yaradacağından narahatam.

– Romanlarınızın mövzusu nə olursa olsun, orada sevgi, eşq baş roldadır. Qəhrəmanlarınız isə sevgisizlik, eşqsizlik problemi yaşayırlar.

Bəşəri məsələlərdir bunlar. Sözügedən mövzuların izini güclü, ya da zəif bir çox dramatik əsərlərdə görə bilərsiniz. Bir də Napaleonun sözü idi səhv etmirəmsə – “Hər kəs özündə olmayan şeylər üçün mübarizə aparır”.

– Gələk, Alper Kamu macəralarına. Kimdir bu Alper Kamu? Nə üçün adı həmişə Alber Kamyu ilə birlikdə çəkilir?

Əlbəttə ki, birbaşa Kamyuya istinad var. Qəhrəmanın intihara meyilli olması, həyata baxışındakı pessimistlik, hekayələrin “absurd”luqla əlaqəsi… Balaca bir ekzistensialist də deyə bilərik ona.

– Türk ədəbiyyatında media tərəfindən şişirdilmiş “məşhur” yazıçılar çoxdur. Yazdıqları romanlar da çox satılır və tənqidçilər də onların tərifçisidir. “Saqqal hesabatı” adlı yazınızla bu məsələləri tənqid edirsiniz. Sizcə buna ehtiyac var mı?

Tənqidçinin tənqidi yazar baxımından kritik bir mövzudur: Yazıçı olan şəxs təndiqçi ilə bayağı mövzularda mübahisə etməkdən qaçmalıdır. Bu da ortaya çıxan əsərin bədii xüsusiyyətlərinin yerli yerində olması və tənqidçinin yazıçının mətninə qarşı ədalətli və məsafəli davranmasıyla mümkün ola bilər. Lazımdırmı sualının sənətdə yeri olduğunu isə qəbul edə bilmərəm. Tutaq ki, “Mona Liza lazım olduğu üçünmü çəkilmişdir?

– Sizin nəsildən olan yazıçıların və eləcə də Türkiyədə ədəbi ictimaiyyətin Orxan Pamuka olan münasibəti birməanlı deyil. Bu barədə nə deyə bilərsiz?

Həm türk, həm dünya ədəbiyyatı üçün önəmli bir yazıçıdır. “Qara kitab”, məsələn, türk ədəbiyyatında ən sevdiyim romanlardan biridir. Çetin Altanın sözü ilə desək, yazıya layiq olmaq üçün yazır Orxan Pamuk. Siyasi mövqeyinin ədəbiyyatının önünə keçməsi bəlkə, şəxsi, bəlkə də, həyatın sürpriz bəxtsizliyi kimi yozula bilər. Yəqin ki, hər ikisidir. Amma hər hansı bir ədəbiyyatsevər belə bir sual verə bilər: Türk və dünya romanından böyük zövqlə oxuyacağımız iki roman hansılardır, sizcə? “Paris Notrdam kilsəsi” və “Qara kitab”dır, məncə.

– Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?

Təəssüf ki, Azərbaycan ədəbiyyatı haqqında çox məlumatım yoxdur və çox xəcalətliyəm. Amma təkliflərinizi həyəcanla gözləyirəm. Sənət adamlarının iş birliyi, siyasətçilərin, biznesmenlərin ortaqlığından daha çox önəmli və dəyərlidir. Bu məsələdə böyük əskikliklərimiz var. Belə bir təşəbbüsə kömək edəcək çox dəyərli insanlar var, əlbəttə. Murathan Mungan, Enis Batur ilk ağlıma gələn adlardır.

– Bəyəndiyiniz yazıçılar arasında Alper Canıgüz də varmı?

Özüm oxumaqdan zövq ala bilməyəcəyim bir şeyi heç vaxt yazmaram. Mənə dərd olmayan bir şeyi heç kimin dərd etməsini də gözləyə bilmərəm. Bu mənada, əlimdən gələnin ən yaxşısını etmək məsuliyyətini daşıyıram və əlbəttə, zaman-zaman ortaya çıxan dəyərli bir mətnə, işə baxıb sevinirəm. Amma, məncə, heç bir yazıçı, heç bir əsərindən tam razı qalmır.

– Söhbət üçün təşəkkür edirəm.

Mən təşəkkür edirəm.

Söhbətləşdi: Ülvi Babasoy

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Jan-Lük Qodar vəfat etdi

Ça Sen 13 , 2022
Klv.az saytı Avropa mətbuatına istinadən xəbər verir ki, Fransız “Yeni Dalğa” hərəkatının patriarxı, dünya şöhrətli rejissor Jan-Lük Qodar 91 yaşında dünyasını dəyişib. “Liberation” qəzeti onun  ölüm xəbərini yayıb. Qodar  3 dekabr 1930-cu ildə Parisdə varlı bir ailədə dünyaya gəlib. O, 1960-cı illərdə kino sənətində estetik inqilab etmişdir. Jan-Lük Qodar “Son […]