Mövlana Cəlaləddin Rumi. İnsanın məqamı haqqında

(“Fih ma Fih” əsərindən seçmələr)

Məclislərinin birində iştirakçılardan biri Mövlanaya deyir: “Mən nəsə unutmuşam, amma dəqiq xatırlaya bilmirəm nəyi”. Mövlana cavabında deyir: “Bu aləmdə unudulmamalı olan yalnız bir məsələ var. Bütün hər şeyi unutsan, yalnız onu unutmasan, təsəvvür et ki, heç nəyi unutmamısan. Əksinə, dünyada hər şeyi yadında saxlasan və yalnız onu unutsan, elə bil hər şeyi unutmusan. Elə bil şah səni hər hansı bir vilayətə xüsusi bir vəzifəni həyata keçirmək üçün göndərir. Sən gedirsən və yüzlərlə iş görürsən, amma ən əsas görməli olduğun işi yaddan çıxardırsan. Sən həmən ən əsas işi görmədikdə elə bil heç bir iş görməmiş sayılırsan. Deməli, insan da bu dünyaya xüsusi bir iş görmək üçün göndərilib və həmən işi həyata keçirmədikdə insan heç bir iş görməmişdir.

“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir”. (Əhzab surəsi, 72).

Bax gör səma nə qədər güclüdür və insanı heyrətə salan nə qədər möcüzəvi işlər bacarır. Daşları ləl-cəvahirata, yaquta, dağları qızıl və gümüş mədənlərinə çevirir. Torpaqda olan bitkiləri dirildir, böyüdür və hər yeri cənnətə çevirir. Torpaq toxumlar udur və böyüdür. Dağlar da, müxtəlif mədənlərlə və qiymətli daşlarla doludur. Onlar bu qədər möcüzəvi işlər görə bilirlər, amma bir işi yerinə yetirə bilmirlər. Həmən iş də yalnız insana məxsusudur.

“Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik”. (İsra surəsi, 70).

Ayədə “Biz göyləri və yerləri hörmətli etdik” demir. Deməli, insan elə bir iş görə bilir ki, onu nə göylər, nə yer, nə də dağlar yerinə yetirə bilir. İnsan da həmən işi həyata keçirəndə zalımlıq və cahillik ondan uzalaşır. Sən “mən bütün işləri görürəm, amma o işi görmürəm” desən, bil ki, yanlışdasan. İnsan ondan başqa heç bir iş üçün yaradılmamışdır.

Sənin “mən bütün işləri görürəm, amma əsas işdən başqa” sözünü daha anlaşılan formada bənzətmək istərdim. Təsəvvür elə sənin şahların belə xəzinəsində tapılmayan, Hind poladından hazırlanmış, tayı-bərabəri olmayan qılıncın var. Amma sən həmən qılıncdan iylənmiş ətləri doğramaq üçün ət baltası kimi istifadə edirsən. Öz-özündə də düşünürsən ki, mən həmən qılıncı boş-bekar saxlamamışam və istifadə edirəm. Yaxud qızıldan qazanın var və sən həmən qazanda çuğundur qaynadırsan. Yaxud da müxtəlif daş-qaşlarla bəzədilmiş, olduqca qiymətli xəncərin var və sən həmən xəncəri divara batırıb ondan balqabaq asmısan. Axı həmən balqabağı adi taxta, və ya dəmir qarmaqdan da asmaq olar. Amma sən öz-özlüyündə qiymətsiz xəncəri boş-bekar saxlamadığını düşünürsən. Bil ki, Allah səni çox qiymətli yaratmışdır. Sən qiymətdə cahandan da bahasan. Çox heyif ki, qiymətini tapmırsan. Özünü çox ucuza satma, sən inanılmaz dərəcədə qiymətlisən.

“Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur”. (Tövbə surəsi, 111).

Allah buyurur ki, “Mən sizin vaxtınızı, özünüzü, malınızı və yaşayışınızı alıram. Əgər bu sadalananları mənə xərcləsəniz, onun mükafatı əbədi cənnətdir”. Sən çox qiymətlisən və özünü cəhənnəmə satsan, özünə böyük bir zülm etmiş olarsan. Bu, bayaq dediyim kimi bahalı xəncəri balqabaq asmaq üçün qiymətli xəncərini divara sancmış insana bənzəyir.

Özünə təsəlli vermək üçün bəhanə gətirirsən ki, mən özümü ali işlərlə məşğul etmişəm və ömrümü hüquq, tibb, fəlsəfə, məntiq, astronomiya və s. kimi elmləri öyrənməyə sərf etmişəm. Axı sən başa düşməlisən ki bunların hamısı sənin üçündür. Hüquq öyrənməyinin məqsədi budur ki, kimsə sənin çörəyini oğurlamasın, paltarını cırmasın, sənə xəsarət yetirməsin və sən salamat qalasan. Astronomiya və astrologiya oxuyursansa, deməli, planetlərin, ulduzların, bürclərin hərəkəti, onların sənin həyatına təsiri ilə maraqlanırsan. Amma diqqətlə düşünsən, bütün bunların sənin üçün olduğunu anlayarsan. Sən əsassan, bunlar isə sıradan məsələlərdir. Əsas olmayan işlər sənə bu qədər qeyri-adi hisslər yaşatdığı halda, əsas işin sənə hansı həzzin yaşadacağını təsəvvür etmək belə çətindir.

Sən bu aləmdə əsas qidanın nə olduğunu unutmusan və yalnız bədənini bəsləməklə məşğulsan. Anla ki, bu bədən sənin atındır və bu aləm sənin axurundur. Sənin qidan atın qidası ilə eyni ola bilməz. Sadəcə insan özünü bədənini bəsləməyə sərf etdiyi üçün mənəvi şahlıq süfrəsindən kənarda qalmışdır.

Məcnunun hekayəsi məsələni tam açıqlayır. Günlərin bir günü Məcnun öz yaşadığı qəsəbədən Leylinin yaşadığı yerə getmək istəyir. Öz dəvəsini hazırlayır və yola düşür. Dəvəsinin də həmən qəsəbədə yeni dünyaya gəlmiş balası var idi. Məcnunun fikri yolda olanda və dəvəsini idarə edəndə onu Leylinin yaşadığı məskənə tərəf aparır. Amma Məcnun Leylinin xəyalına dalıb cilovu əldən buraxanda dəvə yenidən balasının olduğu qəsəbəyə qayıdarmış. Məcnun özünə gələndə başa düşürmüş ki, yenidən öz qəsəbəsinə qayıdıb. Bu minvalla üç ay yolda qalan Məcnun sonda istəyinə çata bilmədi. Axırda nalə çəkərək dedi: “Bu dəvə mənim bəlamdır!” Dəvədən endi və piyada Leylinin evinə getdi…

 

Farscadan çevirəni: Rüstəm Lazımov

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Dünyanın seçilmiş on şairi – biri Məmməd İsmayıl...

Bz Sen 11 , 2022
Azərbaycandan çox-çox uzaqlarda – 25 ildən yuxarıdır ki, professoru olduğu qardaş Türkiyənin Çanaqqala 18 Mart Universitetindəki həm bədii yaradıcılı­ğı, həm də elmi-pedaqoji fəaliyyəti ilə bütün türk dünyasında tanınan Məmməd İsmayıl bu dəfə dünya çapında yeni uğurları ilə gündəmə gəldi. Rumınyanın “Edıturan Reveres” nəşriyyatı “Planetin poeziyası” (Planeta Poeziei) seriyasın­dan həmyerlimizə həsr […]