Dilbər Zeynalova. Obrazın genezisi: Cahandar ağa-Qazan xan

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan İsmayıl Şıxlı (1919-1995) xalq ruhunu, milli-mənəvi dəyərlər sistemini dərindən bilən, onun incəliklərini həssaslıqla duyan və qeyri-adi bir məharətlə bədiiləşdirməyi bacaran qüdrətli sənətkardır. Üzərində kifayət qədər uzunmüddətli yaradıcılıq axtarışları apardığı “Dəli Kür” romanının (1957-1967) həm bütöv epik mənzərəsi ilə, həm də təqdim etdiyi yeni tipli baş qəhrəmanı – Cahandar ağa obrazı ilə sovet ədəbiyyatı ənənələrinin ədəbi-estetik kriteriyalarından cəsarətlə uzaqlaşan İ.Şıxlı saxta və qondarma “beynəlmiləl abstraksiyanı” (Y.Qarayev) milli yaddaşla əvəzləndirdi. “Dəli Kür” romanında İ.Şıxlı sovet xarakteri əvəzinə milli xarakter, sovet həyat tərzi əvəzinə etnoqrafik həyat tərzi, sosialist-beynəlmiləlçi əxlaq kodeksi yerinə milli əxlaq və davranış anlayışlarını önə çəkmişdir. Az qala hər səhifəsi, hər sətri ilə torpaq, yurd, el qeyrəti, igid şərəf və namusu, yenilməzlik, əyilməzlik düşüncəsi, özünütanıma təlqin edən bu möhtəşəm əsər Cahandar ağa kimi qeyri-adi milli xarakter yetirən bir xalqın rus əsarəti və işğalı altında yaşamasının mümkünsüz və yolverilməz olduğunu gizli və sətiraltı bir manifest şəklində irəli sürürdü.

“Dəli Kür” romanının epik kontekstində əzəmətli milli xarakter kimi ucalan Cahandar ağanın bir elat-tayfa başçısı kimi hərəkət və dünyabaxış sistemi oğuz elinin başçısı Qazan xanın (“Kitabi-Dədəm Qorqud”) hərəkət və davranış parametrlərinə bir çox cəhətdən uyğun gəlir. Hətta bir sıra aparıcı istiqamətlərdə onların hadisələrə və proseslərə münasibətləri, demək olar ki, üst-üstə düşür. Cahandar ağa ailə və cəmiyyətlə bağlı hər bir taleyüklü məsələdə, xüsusən də milli-mənəvi dəyərlərin, tarixi-etnik yaddaşın qorunması və mühafizəsində əski oğuz tayfa qayda-qanunlarının diktəsi altında hərəkət edir, hətta bəzən sərt addımlar da atır. Yal-quyruğu qırxılmış atının alnına tərəddüd etmədən qurşun sıxır, namusunu təmizə çıxartmaq, içini qurd kimi gəmirən şübhələrdən qurtulmaq üçün canından əziz bildiyi bacısı Şahnigarı güllələyir, ata sözündən çıxmış oğluna da az qala həmin cəzanı tətbiq etmək istəyir. Bu sərt mövqe Cahandar ağanın tarixi ənənədən qəbul etdiyi və yaşatdığı milli heysiyyat normasıdır. Onun qeyd-şərtsiz qəbul etdiyi və mühafizəkarlıqla daşıdığı bu tarixi-milli norma daşlaşmış şəkildədir, onu dəyişdirmək, yumşaltmaq imkansızdır. Elə buna görə də, sanki bu obraz XIX yüzilliyin ortalarında Rusiya imperatorluğunun bir əyalətində deyil, əski çağların qədim oğuz cəmiyyətində yaşayır.

Cahandar ağanın davranış və taleyində Qazan xanın taleyi ilə səsləşən iki məqam diqqəti cəlb edir. Birinci məqam ata-oğul tarix-ənənvi münasibətilə bağlıdır. “Kitabi –Dədəm Qorqud” dan bəlli olduğu kimi, hadisələrin başlanğıcında Qazan xan oğlu Uruzun igidlik göstəricilərindən razı deyildir. O, öz oğlundan daha yüksək – Qazan xanın adına layiq keyfiyyətlər umur, onu özünün davamçısı yerində görmək istəyir. Bunları görmədikcə özünün, ulusunun gələcəyindən nigaran qalır, oğlundan gileyli, narazı gəzib dolaşır. “Qazan aydır:

Bəri gəlgil, qulunum oğul!

Sağım ələ bağdüğumda

Qartaşım Qaragünəyi gördüm,

Baş kəsibdir, qan tökübdür,

Çöndü alubdır, ad qazanubdır.

Solum ələ bağduğumda

Tayım Aruzu gördüm,-

Baş kəsibdir, qan tökübdür,

Çöndü alubdır, ad qazanubdır.

Qarşım ələ bağduğumda səni gördüm,-

On altı yaş yaşladın,

Bir gün ola, düşəm oləm, sən qalasan,-

Yay çəkmədin, ox atmadın,

Baş kəsmədin, qan dökmədin,

Qanlı oğuz içində çöndi almadın.

Yarınkı gün zəman dönüb, bən ölüb sən qalcaq tacım-taxtım sana veməyələr, deyü sonumu andım, ağladım, oğul!-dedi”.

Ancaq həlledici situasiyada vəziyyət dəyişir. Eposun “Salur Qazan tutsaq olub oğlu Uruz çıxardığı boyu bəyan edər” boyunda düşmən əsirliyində olan atanı həmin oğul – Uruz böyük şücaət göstərərək xilas edir, ölümdən qurtarır.

“Dəli Kür” romanında da Cahandar ağa ilə oğlu Şamxal arasındakı münasibət təqribən bu cürdür. Qazan xan kimi Cahandar ağa da oğlunu atasına layiq bir igid görmək istəyir. Şamxalın hərəkət və davranışları çox zaman atanın ürəyincə olmur, onu narahat və nigaran buraxır. Qazan xan-Uruz münasibətlərində olduğu kimi, burada da ən son, ən ağır məqamda Şamxal Cahandar ağaya layiq bir oğul olduğunu sübuta yetirərək bəraət ala bilir. Şamxal sularda qərq olmuş atasını axtarmaq üçün özünü Kürə atır, yorulub usanmadan dörd bir yanı arayır, nəhayət kiçik bir adada ulğun kollarının arasında son nəfəsdə olan Cahandar ağanı tapa bilir: “Atın baldırı sınmışdı, kişinin isə hələ nəfəsi vardı. Dili söz tutmasa da, gözlərindən ürəyindən keçənləri oxumaq olurdu. Şamxal atasının son anda onu görəndə əvvəlcə diksindiyini, sonra isə arxayınlıqla gülümsəməyə çalışdığını indi də unuda bilmir. Elə bil kişi demək istəyirdi ki, sən ki bu ağır günümdə məni axtarıb tapdın, bütün günahlarından keçirəm”. Göründüyü kimi, ata son anda öz yerində layiqli davamçısınının olduğunu görüb toxtayır.

Cahandar ağa ilə Qazan xan taleyindəki ikinci səsləşmə məqamı isə onların hər ikisinin qara qayğılı yuxu gördükdən sonra eyni hadisə – ailə, yurd yağmalanması ilə üz-üzə qalmalarıdır. “Kitabi Dədə Qorqud” eposunun “Qazan xanın evinin yağmalanması” boyundan məlum olduğu kimi, başının dəstəsi ilə ova çıxmış Qazan xan yatıb qara qayğılı yuxu görür. Yuxunun əlamətləri vahimələndirici olduğundan Qazan xan geriyə, yurduna dönməyi qərarlaşdırır. Qonur atına minərək təlaş və səksəkə içində üç günlük yolu bir gündə qət edir, gəlib görür ki, yurd yağmalanmış, var-dövlət dağılmış, qoca anası, arvad-uşağı əsir-yesir aparılmışdır. O, düşməninin üzərinə hücum çəkib, ailəsini, var-dövlətini xilas edir, yağıdan qisasını alır. Cahandar ağa da biçinçilərə baş çəkdiyi zaman yaylaqda qoyub gəldiyi ailəsi, köç-külfəti barədə qarışıq-dolaşıq yuxu görür. Bacısı Şahnigar xanımın yuxusuna girməsi və yuxuda ona xəbərdarlıq etməsi Cahandar ağanı daha da vahimələndirir. O, yuxudan ayılıb nigaran və pərişan halda at belində yaylağa, köç-külfətinin yanına üz tutur. Cahandar ağa üç günlük yolu bir günə gedən Qazan xan kimi geriyə qeyri-adi sürətlə dönür: “Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, körüklü çayları nə vaxt adladığını bilmədi… O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı… Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tər gəlirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanmasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı… Aman allah, sən belə bir rüsvayçılıq eləmə”. Cahandar ağanın yuxusu çin çıxır, onun ailəsinə basqın edilmiş, qızı qaçırılmış, ancaq təsadüf nəticəsində dostu Həsən ağa qızı Salatını Allahyarın adamlarından xilas edib, geri gətirmişdir. Cahandar ağa baş verən əhvaltadan dərin sarsıntı keçirir və qəzəbindən üç gün ağzıüstə döşəli yatandan (Beyrəyin qara xəbərini alan Qazan xan da otağına çəkilib günlərlə üzüstə qapanır) sonra atını, silahını götürüb düşməni Allahyarla haqq-hesab çürütməyə gedir və ona lazım olan cəzanı verir. Göründüyü kimi, qara qayğılı yuxu, yuxunun çin çıxması, ailəyə basqın edilməsi, daha sonra isə qəhrəmanın düşmən üzərinə gedərək, şərəfi uğrunda ölüm-dirim savaşına girməsi Qazan xan və Cahandar ağa xarakter və talelərini qəribə şəkildə uzlaşdırır.

Aralarında yüzillərlə ölçülən böyük zaman məsafəsi dayanmasına baxmayaraq, Qazan xan və Cahandar ağa obrazlarında oxşar mənəvi-keyfiyyətlər kimi təzahür edən xarakter cizgilərinin, əxlaq, davranış və hərəkət bənzərliklərinin müşahidə olunması qanunauyğun bir uzlaşmadır. Bu uzlaşmanın əsas həlledici səbəbi isə həmin obrazların eyni milli genlərdən gəlməsi, eyni mənəvi-əxlaqi dəyərlər sistemi üzərində pərvəriş tapmasıdır. Göründüyü kimi, Cahandar ağa obrazının simasında cəmləşən milli xarakter keyfiyyətləri öz genetik kodları etibarilə etnosun mənəvi-tarixi yaddaşına, folklor və etnoqrafiya qaynaqlarına bağlıdır. Bəlkə də, elə buna görədir ki, “Dəli Kür” romanı istedadlı yazıçı qələminin məhsulu olan qüdrətli bir nəsr əsərindən başqa, həm də möhtəşəm bir xalq eposuna bəzəyir.

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ziyarətçi - Mario Varqas Lyosanın hekayəsi

Mario Varqas LYOSA (Xorxe Mario Pedro Varqas Lyosa) – 1936-cı ildə doğulub. Peru nasiri, dramaturqu, esseçisi və siyasi xadimidir. 2010-cu il üçün ədəbiyyat üzrə Nobel mükafatı laureatı və 2021-ci ildən etibarən Fransa Akademiyasının üzvüdür. Vaxtilə ölkə prezidentliyinə namizəd də göstərilib.   Ziyarətçi Hekayə Dükanın ta ağzına qədər uzanan qumluq ərazi onun düz […]