Türkan Nağıyeva. Axşamın balaca qonağı

(hekayə)

Evə işdən gec və yorğun gəldim, elə gələn kimi də çantamı, ayaqqabımı bir tərəfə, üst geyimlərimi bir tərəfə atıb yataq otağıma keçdim. O qədər yorğun idim ki, səhər məni gözləyən işləri düşünmədən yatağıma uzandım, həm də ki, yağışlı, soyuq havada qətiyyən iş görməyi sevmirəm. Uzanan kimi də yuxuya getdim. Üstündən bir az keçmişdi ki, qapı möhkəm-möhkəm döyülməyə başladı. Qorxdum. Yağış daha da güclənmişdi, güclü külək də az qalmışdı evləri yerlə yeksan etsin. Hava şəraitini bir kənara qoydum, gecənin bu saatı qapımı döyən kimdir?!

Qorxa-qorxa qapıya yaxınlaşıb – kimdir?- dedim.

-Aç qapını, islandım, aç – deyə uşaq səsi cavab verdi. Tez açdım qapını.

-Kimsən, balaca? Nə işin var bu vaxt bayırda? Sənin valideynlərin yoxdu? – ard-arda suallarımı verdim, lakin uşaq qorxmuş halda mənə baxır və heç nə demirdi.

– Balaca, adın nədi sənin? Gecənin bu vaxtı nə işin var burda? – yenə uşaqdan səs çıxmadı, hürkmüş, balaca gözləri ilə mənə baxır, lakin dinmirdi. Onun susqunluğu məni hiddətləndirməyə başladı, bu an ildırım çaxdı və uşaq səsdən qorxub qışqırdı, mən də onun qolundan tutub tez içəri saldım. Sanki hələ indi dərk edirdim uşağın soyuqda qaldığını, onu içəriyə almaq lazım olduğunu. İçəri keçən kimi balaca gedib divanda əyləşdi və gözlərini hələ də mənim üzərimdən çəkmirdi, mən də ondan gözümü ala bilmirdim. Bu balacada sanki doğmalıq hiss etmişdim, hətta bənzərlik də var. Bu uşaq kimdir və məni hardan tapıb gəlib gecənin bu saatında? Beynimdə çoxlu suallar dolanır, balaca isə susmaqda qərarlıdır deyəsən. Yaxınlaşdım ona, əyildim, əllərimi dizlərinə qoyub gözlərinin içinə baxdım. Balaca qızcığaz necə də mənə bənzəyir, lap elə bil özüm özümə baxıram. Bu bənzərlik təsadüfdürmü? Lakin o, sanki məndən qorxurdu. Bir daha sual verməyə cəhd etdim:

– Balaca xanım, adını da bilmirəm, demək də istəmirsən, yaxşı. Heç olmasa onu de görüm səni bu havada bayıra çıxmağa məcbur edən kimsə var?

– Sən!

– Mən?! – əllərimi uşağın dizlərindən çəkib tez ayağa qalxdım. Elə təəccübləndim ki bu cavaba, onu da reaksiyamla qorxutdum deyəsən.

– Mən niyə? Sən məni tanıyırsan heç? – səbirsizcə suallarımı ard-arda verdim.

– Tanıyıram, sən Nigarsan. Mənim də adım Nigardır.

-Aa, adaşıq ki, nə gözəl. Heç olmasa bunun xətrinə mənim suallarıma cavab ver. – gülümsəyərək dedim ki, qorxu dolu baxışları üzündən sovuşsun. Qızcığazın dizindəki yara diqqətimi çəkdi, əlimi dizlərindən çəkəndən sonra fikir verdim.

– Bu yara nədir belə? Harda yıxılmısan?

-Bilmirəm, yadımda deyil. Mən yıxılandan sonra ayağa qalxıram, sonra yaranın niyə olmasını da, ağrısını da yadımdan çıxardıram, mən sənin kimi deyiləm…

– Yaxşı, bəs niyə mənə acıqlısan? Dedin ki, məni tanıyırsan. Hardan tanıyırsan məni?

– Məni bu yağışada, palçıqda qoyan adamı necə tanımayım ki! – artıq beynimdə dolaşan sualların sayı artırdı. Təəccüb dolu baxışlarımı gözlərinə zillədim, bu səfər onun üzündə qorxu görmədim, əksinə, sevgi hiss etdim. Onu incitdiyini düşündüyü adama belə sevgi dolu nəzərlərlə baxan uşağa necə acıqlanasan ki? Əlimdən tutdu, gözlərimə baxıb xəfif gülümsədi. Bu zaman elə qəribə hisslər keçirdim ki, sanki bir an onunla həmyaşıd oldum. Çox qısa müddət, elə bil ki, mən də məsum bir uşaq oldum, qayğısız, sevgi dolu, şən… Bayırda yağışın, küləyin səsi kəsilmişdi. Əlimdən tutan balaca Nigar pəncərənin önünə apardı məni. Bu an Günəş o qədər güclü işıldadı ki, elə bil lap evin içindən şüalarını üzümüzə yansıdırdı. Bir an gözlərimiz qıyıldı, heç nə görə bilmədik, bir neçə saniyə sonra işıltı azaldı, bayırın gözəl mənzərəsi gözümüzün önündə durdu. Məsumə xalanın nəvələri, Arif əminin uşaqları, digər qonşu uşaqlar – hamısı mənə əl eləyib bayıra çağırırlar. Necə təəccüblənməyəsən?! Bir anın içində nağıllar aləminə düşdüm, yoxsa ağlımı itirirəm mən?! Balacanın üzünə baxdım, mənim fikrimi belə soruşmadan əlimdən tutub məni həyətə dartıb apardı. Uşaqlar hamısı dövrə yaradıb voleybol oynayırdılar, lakin top havada 2-3 vuruşdan artıq oynamırdı, yerə düşən kimi də uşaqlar şaqqanaq çəkib gülüşürdülər. Hava o qədər gözəl idi ki, bayaqkı havadan əsər-əlamət qalmamışdı.

Məni də oyuna dəvət elədilər. Təəccüblənməyi belə bir qırağa qoyub, anın ləzzətində itib batmışdım. “Heç bitməsin bu gördüklərim” deyirdim öz-özümə. Boyum çox hündür olduğundan rahat oynaya bilim deyə dizlərimi yerə qoyub uşaqların oyununa qatıldım. Balaca Nigar topa elə bərk vurdu ki, asfaltın üstündə bir neçə metr aralıya dığırlandı. Uşaqlar hamısı birdən topun arxasınca qaçdılar, qaça-qaça bir-birini gah itələyib gülürlər, gah topu alan qaçır, digərləri də gülüşərək onu tutmağa çalışır. Mən isə hələ də dizlərim üstdə onları heyran-heyran seyr edirəm. Nigara baxıb necə həsəd apardım, bir bilsəniz… Saf, məsum, ardında qayğı, ağrı, acı gizlətməyən o gülüşlərindən mənə də pay versin istədim. Xoşbəxtliyinə, gülüş dolu anlarına, qayğı nədir bilmədiyi həyatına məni də ortaq etsin istədim. Beynimdəki fikir parçalarını bir araya toplaya bildim, nəhayət və hər şey mənə indi aydın oldu. Mən, doğrudanmı, bu balaca qızcığazı unutmuşam?! Yəni həyatımın kiçicik bir hissəsində belə yer yoxdur balaca Nigara? Qapımı döyməsə idi, gəlib əlimdən tutmasa idi varlığını xatırlamayacaqdım deməli…

Uşaqlardan biri adımı çağırıb topu mənə tərəf atdı, tam topu tutacağım anda yuxudan ayıldım. Çarpayıdan tez qalxdım, bir müddət düşüncələrə daldım, olan-bitəni anlamağa çalışdım. Dizimdəki balaca çapıq izinə sataşdı gözüm, o an üzümə kiçik bir təbəssüm qondu. Ayağa qalxdım, pərdəni araladım, günəşin şüaları otağıma doldu. Hava o qədər gözəl idi ki, dünənki havadan əsər-əlamət qalmamışdı…

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Vaqif Sultanlı. Kulikovo döyüşü (hekayə)

Be Sen 5 , 2022
– Bura Kulikovo çölüdür, – bayaqdan bəri xaki rəngli yol çantasını alt-üst edərək uyğun geyim arayan, səsinin ahəngindən rus olduğu aşkar sezilən qadın dilləndi. Qadın sözünü bitirməmiş bələdçi səsgücləndirici ilə qatarın Tula vilayətindən, Kulikovo çölünün yaxınlığından keçdiyi bildirdi. Gözlərini kitabdan ayırıb qatarın pəncərəsindən görünən boz çölləri süzərək bunca təsadüf ola […]