(davamı)
ODLA HÜCUM
Sun Tszı deyib: Odla hücum beş cür olur: birincisi, adamları yandıranda; ikincisi, ehtiyatları yandıranda; üçüncüsü, ərzaq arabalarını yandıranda; dördüncüsü, anbarları yandıranda; beşincisi, döyüşçü dəstələrini yandıranda.
Odla hərəkət edəndə onların tətbiqi üçün əsas olmağını bilmək zəruridir. Odlu vasitələrinin əvvəlcədən ehtiyatlarını mütləq hazırlanması zəruridir. Odu işə salmaq üçün müvafiq şərait lazımdır; oddan istifadə etmək üçün müvafiq gün lazımdır. Həmin müvafiq gün havanın quru olmasıdır; gün isə ayın Tszi, Bi, İ, Çjen bürclərində olması deməkdir. Ay bu bürclərdə olanda günlər küləkli keçir.
Odla hücum edəndə ona uyğun olan beş növ həmləni tətbiq etmək zəruridir: əgər od daxildən əmələ gəlibsə, onu cəld xaricdən dəstəkləmək lazımdır; əgər od əmələ gəlibsə, lakin düşmən tərəfində hər şey sakitdirsə, hücuma keçmə və gözlə. Haçan ki, od ən yüksək həddinə çatır, onun dalınca get, əlbəttə, əgər bu mümkünsə; əgər mümkün deyilsə, öz yerində dur. Əgər odu xaricdən işə salmaq mümkünsə, daxildə kimi isə gözləmə, münasib vaxt seçib, işə ver. Əgər od küləyin təsirilə alışıbsa, külək altından hücum təşkil etmə. Əgər külək gündüz uzun çəkirsə, gecə sakitləşir.
Ümumiyyətlə, müharibədə odla hücumun beş növünü bil və bütün vasitələrlə ondan qorun. Ona görə də, odla əldə olunan hücumun köməyi aydındır. Su ilə əldə olunan hücumun köməyi güclü olur. Lakin su ilə qarşısını kəsmək olar, almaq isə mümkün deyil.
Əgər döyüşmək və qalib gəlmək, həmlə etmək və ələ keçirmək istəyirsənsə, eyni zamanda, adlarını çəkdiyim vasitələrə əl atmırsansa fəlakət alınar; o şey ki, «uzanan ilişmələr» adlanır,– o alınacaq. Buna görə də belə deyilir: savadlı hökmdar bu vasitələrə ümid edir, yaxşı sərkərdə isə onları həyata keçirir.
Əgər sərfəli deyilsə, yerindən tərpənmə; əgər qazanc əldə edə bilmirsənsə, qoşunu işə salma; əgər təhlükə yoxsa, vuruşma. Hökmdar öz qəzəbinə görə silaha əl atmamalıdır; sərkərdə öz hirsinə görə döyüşə başlamamalıdır. Sərfəli olduqda hərəkət edilir; əgər bu hücum sərf etmirsə, yerində qal. Qəzəb yenə sevincə dönə bilər, hirs yenə şənliyə çevrilə bilər, lakin məhv olan dövlət yenidən dirçələ bilməz, ölülər bir daha dirilə bilməz. Ona görə ağıllı hökmdar müharibəyə çox ehtiyatla yanaşır, yaxşı sərkərdə isə ondan çox çəkinir. Bu da dövlətdə sülhü qorumağın və ordunu salamat saxlamağın yoludur.
CASUSLARDAN İSTİFADƏ
Sun Tszı deyib: «Ümumiyyətlə, yüz minlik ordunu ayağa qaldırıb, min li* məsafəyə yürüşə göndərəndə kəndlilərin itkisi, hökmdarın xərcləri gündə min qızıla çatır. Daxildəki və xaricdəki həyəcanlar; ordunun yollarda əldən düşməsi və yeddi yüz min ailənin işə başlaya bilməməsi…»
Bir-birlərindən illərlə müdafiə olunurlar, qələbə isə bir gündə əldə olunur. Və belə bir şəraitdə titulları, mükafatları və pulu əsirgəmək, üstəlik düşmənin vəziyyətini öyrənməmək– bu antihumanizmin ən yüksək dərəcəsidir. Kim ki, bunları əsirgədi, insanlar üçün sərkərdə deyil, öz dövlətinin köməkçisi və qələbənin sahibi deyil.
Ona görə kamil hökmdarlar və müdrik sərkərdələr hərəkət edir, qalib gəlir, hünər göstərir, hamıdan üstün olurdular, ona görə ki hər şeyi əvvəlcədən bilirdilər.
Əvvəlcədən biliyi Allahlardan və şeytanlardan almaq və oturub oxşar quramalarla və hər cür hesablamalarla da bu biliyi əldə etmək olmaz. Düşmənin vəziyyətini yalnız adamlar vasitəsilə öyrənmək olar.
Ona görə casuslardan istifadənin beş növü var: yerli casuslar, daxili casuslar, əks casuslar, ölüm casusları və nəhayət, həyat casusları olur.
Bütün bu beş növ casuslar işləyir və onların yolunu öyrənmək mümkün deyil. Bu da əldə olunmaz sirlər adlanır. Onlar dövlət üçün xəzinə deməkdir.
Yerli casuslar düşmən ölkəsinin əhalisindən ələ alınır və onlardan istifadə olunur; daxili casuslar düşmənin məmurlarından ələ keçirilir və onlardan istifadə olunur; əks casuslar düşmənin casuslarından ələ alınır və onlardan istifadə olunur. Mən haçansa nəsə aldadıcı bir şeyi işə salıram, bu barədə casuslarıma xəbər verirəm və onlar da bunu düşmənə çatdırır. Bu cür casuslar ölüm casusları adlanır. Həyat casusları isə düşmənin niyyətlərindən xəbər gətirən casuslardır.
Ona görə ordu üçün casuslardan əziz heç nə yoxdur. Casuslar üçün verilən mükafatdan böyük mükafat yoxdur; casusların sirlərindən vacib sirr yoxdur. Kamil biliklərə sahib olmadan casuslardan istifadə edə bilməzsən; ədalətə və humanizmə sahib olmadan casusları işlədə bilməzsən; incəliklərə və dərinliklərə sahib olmadan casuslardan həqiqi nəticələr əldə edə bilməzsən: İncəlik! İncəlik! Casuslardan istifadə etmək üçün bundan vacib heç nə yoxdur.
Əgər casusun xəbəri hələ gəlməyibsə, amma xəbər artıq hamıya məlumdursa, o zaman həm casusun özü, həm onun xəbər verdiyi adam edam olunur.
Ümumiyyətlə, əgər düşmən ordusuna zərbə vurmaq, onun qalasına həmlə etmək, adamlarını qırmaq istəyirsənsə, mütləq əvvəlcədən ordu başçısının işində necə çağırıldığını, onun köməkçilərinin, mühafizə rəislərinin və mühafizə döyüşçülərinin necə adlandığını öyrən. Öz casuslarına tapşır ki, bütün bunları mütləq öyrənsinlər.
Əgər bilsən ki, sənin içində düşmənin casusu var və o səni izləyir, mütləq qazanc yolu ilə ona təsir et; onu yanına çağır və öz yanında yerləşdir. Çünki bu yolla sən əks-kəşfiyyatçı əldə edib, ondan istifadə edə bilərsən. Onun vasitəsilə hər şeyi öyrənə biləcəksən. Buna görə də sən yerli casusları da, daxili casusları da ələ ala və onlardan istifadə edə biləcəksən. Onların vasitəsilə sən hər şeyi öyrənəcəksən. Və buna görə də hər hansı bir yalan fikirləşib öz ölüm casusuna xəbər verərək düşməni çaşdıracaqsan. Onun vasitəsilə sən hər şeyi biləcəksən. Buna görə öz həyat casusunu öz ehtimallarına uyğun olaraq hərəkət etməyə məcbur edə biləcəksən.
Bütün bu beş kateqoriyalı casuslara mütləq hökmdarın özü bələd olmalıdır. Lakin düşmən barədə məlumatlar mütləq əks casus vasitəsilə öyrənilir. Buna görə əks casuslarla xüsusilə diqqətli olmaq lazımdır.
Qədimlərdə İn çarlığı ayağa qalxanda Sya çarlığında İ Çji idi; Çjou çarlığı ayağa qalxanda İn çarlığında Lyuy Yai idi. Yalnız aqil hökmdarlar və onların müdrik sərkərdələri öz casuslarını yüksək peşəkar etməyi bacarır və bunun vasitəsilə mütləq böyük əməllər həyata keçirirlər. Casuslardan istifadə etmək müharibədə ən əsas şeydir; bu ordunun söykənib hərəkət etdiyi əsas dayaqdır.
_______________
* 1li- qədim Çində 300 və ya 360 addım, hazırda-500 metr.
Tərcümə Əlisa Nicatındır