SUN-TSZI. Qalibin strategiyası və taktikası (Ərazinin formaları, Doqquz şərait)

 

(davamı)

 

ƏRAZİNİN FORMALARI

Sun Tszı deyib: Ərazi öz formasına görə açıq olur, maili olur, kəsilən olur, dərəli olur, dağlıq olur, uzaqda olur.

Haçan ki, mən də gedə bilərəm və o da gələ bilər, belə yer açıq yer adlanır. Belə yerdə hər şeydən əvvəl yüksəklikdə, onun günəşli tərəfində düşərgə sal və ərzaq ehtiyatının gətirilməsi yollarını təmin et. Əgər belə bir şəraitdə döyüşə girsən, sərfəli olar.

Haçan ki, getmək asan, qayıtmaqsa çətin oldu, belə yer maili yer adlanır. Maili yerdə əgər düşmən döyüşə hazır deyilsə, başlasan ona qalib gələrsən; yox əgər düşmən döyüşə hazırdırsa, döyüşə girsən qalib gələ bilməzsən. Geriyə qayıtmaq isə çətin olacaq: qazanmayacaqsan.

Haçan ki, döyüşə girmək nə mənə, nə də ona sərf edir, belə yer bölünən yer adlanır. Kəsilən yerdə, hətta əgər düşmən sənə sərfəli şərait yaratsa da, döyüşə girmə. Ordunu geri çəkib, uzaqlaş. Düşməni məhv et ki, ordusunun yarısını bura gətirsin; və əgər bu vaxt ona zərbə vursan, bu sənin üçün sərfəli olar.

Əgər dərəli yerə birinci gəlib mövqe tutsan, mütləq bütün əraziyə yayıl və beləcə düşməni gözlə; əgər o birinci gəlib orada mövqe seçsə, onun ardınca getmə. O zaman gedə bilərsən ki, o bütün sahəni tutmamış olsun.

Əgər dağlıq yerdə birinci gəlib mövqe seçsən mütləq yüksəklikdə qərar tut, onun günəşli tərəfində və beləcə düşməni gözlə: əgər birinci o gəlib səni qabaqlasa, qoşunu geri çəkib oradan uzaqlaş; onun ardınca getmə.

Uzaq ərazidə əgər qüvvələr bərabərsə, düşməni döyüşə çağırmaq çətindir, yox əgər döyüşə başlasan, üstünlük gözləmə.

Bu altı bənd ərazi haqqında təlim deməkdir. Sərkərdənin ali vəzifəsi ondan ibarətdir ki, bütün bunları dərk etsin.

Bu ona görə belə olur ki, qoşun tələsik geri çəkilir, başsız qalır, düşmənin əlinə keçir, dağılır, yerdə qalan hissələri başıpozuq halda qaçır. Bu altı fəlakət təbiətdən deyil, sərkərdənin səhvi ucbatındandır.

Şəraitin bərabər olduğu vaxt biri ilə onun üzərinə hücuma keçir, bu o deməkdir ki, qoşun geri çəkilir. Əsgərlər güclü, komandir zəifsə, bu o deməkdir ki, qoşunda başıpozuqluq  var. Haçan ki, komandirlər güclü, əsgərlərsə zəif oldu, bu o deməkdir ki, qoşun düşmənin əlinə keçəcək. Haçan ki, ali komandirlər öz rəislərinə qarşı hirslidirlər və ona tabe olmadan düşmənlə qarşı-qarşıya gələrlərsə, acıqlarından özbaşına döyüşə girəcəklər, bu onunla izah olunur ki, sərkərdə onların qabiliyyətlərinə bələd deyil.

Bu isə qoşunda pərakəndəlik deməkdir. Nə vaxt ki, sərkərdə zəif və sərt deyil o zaman əsgərlərin təlimi qeyri-müəyyənliklə fərqlənəcək, haçan ki, komandirlər və əsgərlər arasında sabit heç nə yoxdur, nə vaxt ki qoşunun düzülüşü və döyüş qaydaları tərs-məzhəbdir, bu o deməkdir ki, qoşunun içində heç bir nizam-intizam yoxdur. Haçan ki, sərkərdə düşməni qiymətləndirə bilmir, haçan ki, o öz kiçik qüvvələrini düşmənin böyük qüvvələri ilə vuruşa aparır, haçan ki, o zəif ola-ola güclünün üzərinə hücuma keçir, haçan ki, onun qoşununda seçmə hissələr yoxdur, bu o deməkdir ki, qoşun qaçmağa başlayacaq.

Bu beş bənd düşməni məğlub etməyin təlimini təşkil edir. Sərkərdənin ali vəzifəsi ondan ibarətdir ki, bütün bunları dərk etsin.

Ərazinin şəraiti yalnız qoşuna kömək üçündür. Ali komandan üçün elm ondan ibarətdir ki, düşməni qiymətləndirməyi bacarsın, qələbəni təşkil etsin, ərazinin xarakter və məsafəsini nəzərə alsın. Kim ki, bunları bilərək döyüşə başlayır, o mütləq qalib gəlir; kim ki, bunları bilmədən döyüşə girir, o mütləq məğlubiyyətə uğrayır.

Ona görə hərb elminə əsasən belə çıxır ki, mütləq qalib gələcəksən. Onda hökmdar sənə, hətta «vuruşma» desə də, mütləq vuruş. Hökmdar sənə «mütləq vuruş» demiş olsa da, hərb elminə görə əgər belə görünsə ki, qalib gəlməyəcəksən, onda vuruşma.

Ona görə də o sərkərdə ki, döyüşə başlayanda şöhrət axtarmır, geri çəkiləndə isə cəzadan yayınmır və daim xalqın rifahı və hökmdarın xeyri üçün düşünür, belə sərkərdə dövlət üçün əsl xəzinədir.

Əgər əsgərlərinə öz uşaqların kimi baxsan, onlarla lap dərin dərəyə də gedə bilərsən;  əgər əsgərlərinə öz sevimli oğlanların kimi baxsan, onlarla ölümə də gedə bilərsən. Lakin əgər onlara xeyirxah olsan, onlarla nə istəsən edə bilməyəcəksən: əgər onları sevsən, onlara hökm edə bilməyəcəksən; əgər onların arasında hərc-mərclik başlayarsa, sən isə nizam-intizam yarada bilmirsən, bu o deməkdir ki onlar sənin sözə baxmayan uşaqlarındır və onlardan istifadə etmək qeyri-mümkündür.

Əgər görsən ki, sənin əsgərlərinlə düşmənə hücum etmək olar, amma düşmən üzərinə hücum etməyin qeyri-mümkünlüyünü görə bilməsən, qələbənin yalnız yarısını qazana bilərsən. Əgər görsən ki düşmən üzərinə hücum etmək olar, amma belə əsgərlərlə düşmən üzərinə hücum etməyin qeyri-mümkünlüyünü görməsən, qələbənin yalnız yarısını qazana bilərsən. Əgər görsən ki, düşmən üzərinə hücum etmək olar, görsən ki, sənin əsgərlərinlə hücum etmək də mümkündür, amma yerli şəraitin hücum üçün qeyri-münasib olduğunu görməsən, qələbənin yalnız yarısını qazana bilərsən.

Ona görə də kim müharibənin nə olduğunu bilib hərəkətə gəlirsə, səhv etmir, bu vaxt ayağa qalxan bəlaya düçar olmaz.

Buna görə də belə deyilib: Əgər onu da tanıyırsan və özünü də tanıyırsan, qələbə uzaqda deyil; əgər bununla belə, göyü və yeri də tanıyırsan, qələbə bütünlüklə təmin olunub.

 

DOQQUZ ŞƏRAİT

Sun Tszı deyib:

Müharibə qaydası belədir; var dağınıq ərazi, qeyri-sabit ərazi, iddia edilən ərazi, qarışıq ərazi, kəsişən ərazi, ciddi durumlu ərazi, yolsuz ərazi, mühasirəli ərazi, ölüm ərazisi.

Haçan ki, knyazlar öz ərazilərində vuruşur,- bu dağınıq ərazi olacaq; haçan ki, özgə torpağında olub,  lakin onun dərinliklərinə gedilmir,- bu qeyri-sabit ərazi olacaq; haçan ki, mən onu tuturam və bu sərfəlidir; haçan ki, o tutub alır, ondan ötrü də bu sərfəlidir,- bu iddia edilən ərazi olacaq; haçan ki, mən də oranı keçə bilərəm və o da keçə bilər,- bu qarışıq ərazi olacaq; haçan ki, knyazın torpağı hər üçünə aiddir və kim ki, ora birinci gəlir, Kainatda (oxu: Çində- Səmaaltında) ölkədə hər şeyə sahib olur,- bu kəsişən ərazi olacaq; haçan ki, özgə torpağının içərilərinə gedilir və arxada çoxlu möhkəmləndirilmiş şəhərlər qalır,- bu, ciddi durumlu ərazidir; haçan ki, dağlar və meşələr, uçurumlar və yarğanlar, gölməçə və bataqlıqlar, ümumiyyətlə, çətin keçilən yerlərdən keçir,- bu yolsuz ərazidir; haçan ki, daxil olunan yol dardır, keçib gedilən yol isə dolayıdır, haçan ki, o öz kiçik qüvvələri ilə mənim böyük qüvvələrimə həmlə edə bilər,- bu mühasirəli ərazidir; haçan ki, sürətlə döyüşə atılıb xilas olunur, amma sürətlə döyüşə atılmayıb məhv edilir,- bu, ölüm ərazisidir.

Ona görə də, dağınıq ərazidə vuruşma; qeyri-sabit ərazidə dayanma; iddia edilən əraziyə daxil olma; qarışıq ərazidə əlaqələri itirmə; kəsişən ərazilərdə müqavilələr bağla; ciddi durumlu ərazidə qarətlə məşğul ol; yolsuz ərazilərdən keç, get; mühasirəli ərazilərdə baş çıxar; ölüm ərazisində isə vuruş.

Kim ki, qədimlərdə döyüşləri yaxşı aparıb, elə bacarıq göstərib ki, düşmənin ön və arxa hissələri bir-birindən xəbər tuta bilməyiblər, böyük və kiçik qoşun birləşmələri bir-birlərinin köməyinə gəlməyiblər, alicənablar və alçaqlar bir-birlərinin dadına çatmayıblar, alilər və aşağılar bir-birləriylə birləşməyiblər; qədimlərdə elə edirdilər ki, düşmənlərinin əsgərləri bir-birlərindən ayrı düşürdülər və bir yerə cəm olmurdular, amma əgər qoşun birləşdirilib cəmləşirdisə də o vahid olmurdu (Haçan ki sərfəli olurdu hərəkət edirdilər; əgər sərfəli olmurdusa yerlərində qalırdılar).

Cəsarət edib soruşuruq: əgər düşmən böyük sayda və nizam-intizamla gəlirsə, onu necə qarşılamalı? Cavab verirəm: ona nə əzizdirsə, ondan qabaq ələ keçir. Əgər ələ keçirsən, o sənin sözünə baxacaq.

Müharibələrdə ən əsas şey sürətdir: o haraya qədər çatmağa nail olubsa, onu əldə et; onun ağlına gəlmədiyi yolla get; onun ehtiyat etmədiyi yerdə həmlə et.

Ümumiyyətlə, qonaq qismində müharibə etməyin qaydası ondadır ki, düşmən ərazilərinin dərinliklərinə gedərkən bütün fikir və qüvvələrini bir yerə cəmləyəsən. Bu təqdirdə ölkə sahibi sənin öhdəndən gələ bilməyəcək.

Dolu zəmiləri qarət edərkən öz ordun üçün kifayət qədər ərzaq təmin et; səylə öz əsgərlərinin qayğısına qal və onları yorma; onların ruhunu möhkəmlədib, qüvvələrini birləşdir. Qoşunu irəli apararkən öz hesablarına və planlarına uyğun hərəkət et və elə et ki, heç kim sənin planlarından xəbər tutmasın.

Öz əsgərlərini elə yerə at ki, orda çıxış yolu olmasın və bu zaman onlar ölər, amma qaçmazlar. Əgər onlar ölümə getməyə hazır olacaqlarsa qələbəni necə əldə etməmək olar? Və döyüşçülər də, başqa adamlar da bu vəziyyətdə öz bütün qüvvələrini səfərbər etmiş olacaqlar. Haçan ki, əsgərlər ölüm təhlükələrinə məruz qalır, onlar heç nədən qorxmurlar; onların çıxış yolu olmayanda möhkəm dururlar; haçan ki, onlar düşmən torpaqlarının dərinliklərinə getdilər, onları heç nə saxlamır; artıq heç bir çıxış yolu olmayanda onlar vuruşurlar.

Bu səbəbdən də əsgərlər heç bir təlqin olmadan ayıq olurlar, hər hansı bir təsir olmadan güc əldə edirlər, hər hansı xahişsiz bir-birləri ilə mehriban olurlar, heç bir əmr olmadan öz rəislərinə etibar edirlər.

Əgər hər hansı bir öncəgörməni qadağan etsən və hər hansı şübhəni kənara atsan, əsgərin beyni ölənə kimi kənar şeylərlə məşğul olmaz.

Haçan ki, əsgərlər deyirlər: «Bizə artıq sərvət lazım deyil»- bu o demək deyil ki, onlar sərvəti sevmirlər. Haçan ki, onlar deyirlər: «Bizə artıq həyat lazım deyil!»- bu o demək deyil ki, onlar həyatı sevmirlər. Döyüş əmri eşidiləndə oturan zabitlərin və əsgərlərin göz yaşları yaxalığına axır, kimlər ki, uzanıb göz yaşları yanağı ilə süzülür. Lakin adamlar heç bir çıxış yolu olmayan vəziyyətə salınanda onlar Çjuan Çju və Tsao Kuy kimi cəsur olurlar.

Ona görə də kim ki, döyüşü yaxşı aparır, Şuayjana bənzəyir. Şuayjan Çanşan ilanıdır. Onun başından vuranda, o quyruğu ilə vurur, onun quyruğundan vuranda, o başı ilə vurur; əgər onun ortasından vursan, o həm başı, həm də quyruğuyla vurur.

Cəsarət edib soruşuram: «Qoşunu Çanşan ilanı kimi etmək mümkündürmü?» Cavab verirəm: «Mümkündür». Axı U və Yue çarlıqlarının əhalisi bir-birlərini sevmirlər. Lakin əgər onlar bir qayıqda çayı keçmiş olsalar və tufana düşsələr, onlar sağ əl sol ələ kömək etdiyi kimi bir-birlərini xilas edəcəklər.

Bu səbəbdən də əgər, hətta atları bağlasan və arabaların çarxını yerə basdırsan belə fərqi yoxdur, buna hələ bel bağlamaq olmaz. Bax onda ki, əsgərlər bir nəfər kimi cəsur oldular, qoşunun idarə edilməsinin ən böyük ustalığı da budur.

Haçan ki, güclülər və zəiflər eyni dərəcədə mərdlik nümayiş etdirdi, bu ərazinin qanunlarının təsiridir. Ona görə də mahir sərkərdə elə bil ordusunun əlindən tutub aparır və sanki ordu deyil bir nəfərdir, bu o deməkdir ki, çıxış yolu olmayan vəziyyət yaranıb.

Sərkərdənin işi bax budur: o həmişə sakit və bu cəhətdən başqaları üçün əlçatmaz olmalıdır; o özü nizam-intizamlı olub, başqalarını da bu cür saxlamalıdır. O öz zabitlərinin və əsgərlərinin gözlərini və qulaqlarını çaşdırmalı, onların nəyi isə başa düşməsinə imkan verməməlidir. O öz niyyətlərini və planlarını dəyişməli və başqalarının bunlardan xəbər tutmasına yol verməməlidir. O olduğu yeri dəyişməli, öz-özünə dairəvi yol seçməli və qoymamalıdır ki, başqaları bundan xəbər tutsun.

Ordunu irəli apararkən onu elə bir şəraitdə qoymalıdır ki, elə bil göyə dırmaşanlar pilləkənsiz qalır. Qoşunu irəli aparıb, knyazın torpaqlarının içərilərinə girərək və həlledici döyüşlərə başlayaraq gəmiləri yandırmaq, ocaqları söndürmək lazımdır; əsgərləri elə aparmaq lazımdır ki, elə bil qoyun sürüsünü qovursan: onları ora qovursan, onlar da ora gedir; onları bura qovursan, onlar da gedir bura. Bütün ordunu toplayıb onu təhlükəyə məruz qoymaq lazımdır; bax əsl sərkərdəlik işi budur.

Doqquz ərazinin dəyişilməsi, sənə sərfəli olan sıxılma və açılma insan hisslərinin qanunlarıdır. Bütün bunları dərk etmək lazımdır.

Ümumiyyətlə, hücum xarakterli müharibə belədir: əgər düşmən torpağının içərilərinə girsə, onda onlar birləşəcəklər, əgər uzağa getməsələr, pərən-pərən düşəcəklər.

Haçan ki, öz ölkəndən çıxıb sərhədi keçərək müharibəyə başlayırsan, bu ayrılma ərazisi olacaq; haçan ki, yollar hər tərəfə açıq oldu, bu kəsişən ərazi olacaq; haçan ki, dərinliklərə gedirsən bu vəziyyətin ciddi olduğu yer olacaq; haçan ki, dərinliklərə getmirsən, bu qeyri-sabit yer olacaq; haçan ki, arxada alınmaz yer, öndə isə dar yerlər oldu, bu mühasirə ərazisi olacaq; haçan ki, getməli yer yoxdur, bu ölüm zonası olacaq.

Bu səbəbdən də dağınıq ərazidə mən bütün istəkləri bir yerə cəmləyəcəyəm; qeyri-sabit ərazilərdə hissələr arasında əlaqələri saxlayacağam; iddialı əraziyə düşməndən sonra üz tutacağam; qarışıq ərazidə müdafiəyə diqqət verəcəyəm; kəsişən ərazidə əlaqələri gücləndirəcəyəm; ciddi vəziyyət yerində ərzağın aramsız gətirilməsinə nail olacağam; çətin keçilən ərazidə yolumla irəli gedəcəyəm; mühasirə yerində özüm yol açacağam; ölüm zonasında əsgərlərə təlqin edəcəyəm ki, onlar sağ qalmayacaqlar. Əsgərin hissləri elədir ki, mühasirəyə düşəndə onlar müdafiə olunurlar; heç bir çıxış yolu olmayanda onlar vururlar;  vəziyyət  çox  ciddi  olanda, onlar  itaət  edirlər.

Ona görə də kim ki, knyazların niyyətlərini bilmir, əvvəlcədən onlarla saziş bağlaya bilməz; kim ki, şəraiti– dağları, meşələri, uçurumları, yarğanları, bataqlıqları və gölməçələri tanımadı, o qoşunu irəli apara bilməz; kim ki, yerli bələdçilərə müraciət etməsə, o ərazinin xeyrindən bəhrələnə bilməz.

Kim ki, bu doqquz maddədən heç olmasa birini bilməsə, qoşunu hegemon ordu ola bilməz.

Əgər hegemon ordu böyük dövlətə qarşı çıxarsa o öz qüvvələrini bir yerə yığa bilməz. Əgər hegemonun qüdrəti düşmənə qarşı çevrilərsə, o sazişlər bağlaya bilməz.

Bu səbəbdən də Kainatda (hegemon Səmaaltı ölkədə – Çində) müttəfiqlər dalınca qaçmaz və Kainatda hakimiyyəti cəmləşdirə bilməz. O yalnız öz şəxsi iradəsini yayıb düşmənə öz qüdrətilə təsir edir. Buna görə də o düşmən qalalarını alıb onların dövlətlərini yıxa bilər.

Hegemon mükafatlandırarkən ümumi qanunlara əməl etməyib sərəncamları adi idarəetmə qaydasında imzalamır. O öz ordusu ilə elə rəftar edir ki, sanki bir adamı idarə edir. Orduya hökm edərkən işlər barədə danış. Onların izahına isə varma. Orduya sərəncam verərkən gəlir barədə danış, zərər barədə yox.

Əsgərlər yalnız ölüm yerinə atılandan sonra mövcud ola bilərlər; onları yalnız ölüm yerinə doldurandan sonra onlar yaşaya bilər; onlar yalnız bəlaya düçar olandan sonra döyüşün taleyini həll edə bilərlər.

Ona görə də döyüşün aparılması qaydası düşmənin planlarını səylə öyrənib, ona öz niyyətinə uyğun hərəkət etmək imkanı verməkdən ibarətdir; bundan sonra onun bütün diqqətini nəsə bir şeyin üzərində cəmləyib sərkərdəsini lap min li uzaqda olsa belə öldürməli. Bu da işi ustalıqla görmək deməkdir.

Ona görə də hücum günü bütün zastavaları bağla, daxildən bir nəfər xəbərçinin də keçib getməməyi üçün nəzarət-buraxılış məntəqələrini məhv elə. Hökmdar öz şurası ilə hərəkət edir və işlərə əncam verir, müharibəyə aid məsələlərdə isə öz sərkərdəsi ilə məsləhətləşir.

Nə vaxt ki, düşmən açılmağa və bağlanmağa başladı, mütləq sürətlə onun daxilinə gir. Ona nə əzizdirsə, onu ələ keçirməyə çalış və sakitcə oturub onu gözlə. Müəyyən olunmuş xətlə get, lakin düşməni gözdən qaçırma. Bu minvalla da döyüşü həll edə bilərsən.

Ona görə əvvəlcə özünü məsum bir qız kimi göstər, düşmən o dəqiqə qapını açacaq. Sonra isə tələdən qurtaran dovşan kimi aradan çıx və düşmən müdafiə olunmağa imkan tapmayacaq.

 

 (ardı var)

                                                                          Tərcümə Əlisa Nicatındır

Davamı: SUN-TSZI. Qalibin strategiyası və taktikası (Odla hücum, Casuslardan istifadə) – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Salman Rüşdini bıçaqlayanın kimliyi məlum oldu. Video

Hindəsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb.  Hadisə 75 yaşlı yazıçının “Chautauqua” İnstitutundakı mühazirəsindən əvvəl baş verib. Belə ki, zaldakı şəxslərin biri səhnəyə çıxaraq Rüşdi və ondan müsahibə götürən müxbirə hücum edib. Şübhəli yazıçıya 10-15 bıçaq zərbəsi endirib. “Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya […]