Yaddaşlardan silinməyəcək II Milli Yaylaq Festivalı

Göygölün Hacıkənd qəsəbəsində keçiriləcək II Milli Yaylaq Festivalına çalışdığım Azərbaycan Milli Konservatoriyasının dəvətli olduğumu biləndə çox sevindim. Çünki Hacıkəndin nə qədər füsunkar gözəlliyə malik olduğunu bir gəncəli kimi bilirdim. Axı uşaqlıq illərim orada keçmişdi… Hər həftənin altıncı və bazar günləri atam ailəmizi Hacıkəndə dincəlməyə aparardı. Biz orada moruq, çiyələk, kəklikotu, qoz, fındıq, zoğal yığar, evə gətirib anamla qışa hazırlıq qismində kəklikotu qurudar, zoğal, moruq, qoz mürəbbəsi hazırlayardıq. Bir sözlə, həm dincələr, həm gəzər, həm də Hacıkəndin gözəl dağ havasından zövq alardıq. Beləcə uşaqlıq xatirələrimə qayıdaraq, iyulun 29-dan 31-dək Hacıkənddə keçiriləcək bu festivalın necə möhtəşəm olacağını xəyalımda canladırıb, həmin günü səbirsizliklə gözləyirdim.

Bəli, zənnim məni aldatmamışdı. Festivalın birinci günü günorta saatlarında Yaylağa çatar-çatmaz kiçikdən – böyüyə çoxsaylı insan axınının, maşın növbələrinin şahidi oldum. Hamı böyük həvəslə dağ başında qurulmuş o sehirli məkanı görməyə tələsirdi. Lakin maşın sıxlığı həddən artıq çox olduğu üçün biz vaxt itirmədən Azərbaycanın dilbər güşələrindən olan Göygölə qalxdıq. Əzəmətli Kəpəzin aynası adlandırılan, Azərbaycanın ən gözəl təbiət müzeyi sayılan Göygöl hər zamankı kimi çox gözəl idi. Gölün suyu o qədər duru idi ki, yuxarıdan baxanda gölün dibi aydın görünürdü. Nanə-yarpızlı samovar çayı içib, xamalı göy kətəsi yedikdən sonra xeyli gəzdik və Yaylağa rahat çatmaq üçün ora festivalın ikinci günü səhər tezdən getməyi planlaşdırdıq.

Səhər saatları olmasına baxmayaraq şənlik çal-çağırı, musiqi sədaları artıq hər yerə yayılmışdı. Milli Konservatoriyamızın “Naz-Nazı” milli alətlər qrupu (rəhbəri xalq artisti Malik Mansurov) öz çıxışına hazırlaşana qədər bizə ayrılmış üstü örtülü bir guşədə yer aldıq.

İlk dəqiqələrdən Yaylağın heyrətamiz gözəlliyi məni sehirləmişdi. Sanki başqa bir aləmdə idim. Təsəvvür edin, dağın ətəyində bugünkü zaman, dağın başında tarixi keçmişimiz… Belə təzadı yalnız orada görmək olardı. Uşaqlıq illərimdən efirdə gördüyüm tariximizlə bağlı film səhnələrinin göz önündə olması sözün əsl mənasında məni uzaq keçmişimizə aparmışdı. “Nəsimi”, ”Dədə Qorqud”, “Babək”, “Dəli Kür” kimi tarixi filmlərimizdə yer almış möhtəşəm səhnələr, bayram, el şənlikləri… at çapma yarışına qatılan kim… oxatma yarışında qalib olan kim… aşıqlar deyişməsində söz sahibliyini qazanan kim… qol gücü sınağında özlərini sınayan kim… pəhlivanlıq edən kim… çox saylı alaçıqlar, ağ çadır, qızılı, yaşıl, qırmızı çadır, nəhayət lap zirvədə Xan çadırı, bir sözlə, keçmişimizi xatırladan nə vardısa, göz oxşayırdı. Cıdır düzü, yaylaq bazarı, Aşıq Ələskər ocağı və bir çox tematik sahələr güşəsi diqqəti cəlb edirdi. Sənətkarlıq güşələrində Gəncə səbətləri, misgərlik nümunələri, nənələrimizdən bizə miras qalan kəlağayı mədəniyyətinin təbliği məqsədi ilə 150-dən artıq rəngbərəng çeşidli kəlağayı nümayişi… Xüsusi qurulan guşələrdə insanlar milli mətbəx yeməklərindən və milli şirniyyatlarımızdan dadırdılar. Xüsusən, əl işləri nümayişləri də mənim diqqətimi çox çəkdi. Çünki onların əksəriyyəti xeyriyyə məqsədi ilə satışa çıxarılmışdı.

Azərbaycanın kifayət qədər məşhur simalarını da burada görmək olardı. Festivalda diqqəti cəlb edən məqamlardan biri də çoxsaylı yerli və xarici turistlərin iştirak etməsi idi. Belə ki, xarici turistlərin burada olması Azərbaycanımızın milli mədəni dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması üçün gözəl bir şərait idi. Onların hər birinin öz ölkələrinə qayıdarkən Azərbaycan mədəniyyətinin bir hissəsini, bir parçasını aparacaqlarını və bizim xalqımızın necə sülhsevər, dostsevər, qonaqpərvər bir xalq olduğunu bəyan edəcəkləri yerli jurnalistlərə verdiyi müsahibələrdən bilinirdi. Festivalda 22 ölkədən, o cümlədən qardaş Türkiyədən, Rusiyadan, Ukrayinadan, Özbəkistandan, Qırğızıstan, Qazağıstan, Monqolustan, İrandan… kollektivlər və qonaqlar yer almışdı. Azərbaycan Milli Konservatoriyasının “Naz-Nazı” milli alətlər qrupu öz çıxışını Nüşabə Kərimova və Məhərrəm Həsənovun ifasında “Xudayar təsnifi” ilə başladı və alqışlar altında xalq mahnısı “Gəncədən fayton gəlir”lə, F.Əmirovun “Gülür ellər” mahnısı və “Qarabağ şikəstəsi” ilə tədbir davam etdi. Milli alətlərimizin ahəngi xarici qonaqların marağına səbəb olmuşdu. Digər ölkədən gələn kollektivlərin də al-əlvan çıxışları yaylağa xüsusi rəng qatırdı. Xeyli gəzərək Yaylaq ab-havası ilə axşama doğru şəhərə qayıtdıq və mənim festivalla bağlı xoş təəssüratlarımın yalnız kiçik bir qismi beləcə başa çatdı.

Mən bir pianoçu kimi ifaçılıq fəaliyyətim dövründə ölkəmizdə və xarici ölkələrdə keçirilən fərqli musiqi festivallarında solist, ya müşayiətçi olaraq iştirak etmişəm. Ancaq II Milli Yaylaq Festivalı qədər geniş miqyaslı, fərqli olduğu qədət təntənəli bir festival heç yerdə görməmişəm və sonda mənə ancaq möhtəşəmliyi ilə yaddaşlardan silinməyəcək belə gözəl tədbir keirdikləri üçün Gəncə şəhərinin rəhbərliyinə və Mədəniyyət İdarəsinə təşəkkür etmək qalır.

Naibə Şahməmmədova,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Milli Konservatoriyanın dosenti

Əməkdar müəllim

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

SUN-TSZI. Qalibin strategiyası və taktikası (Müharibədə mübarizə, Doqquz dəyişiklik, Yürüş)

Ca Avq 11 , 2022
(davamı) MÜHARİBƏDƏ MÜBARİZƏ Sun Tszı deyib: Müharibə aparmağın qaydası belədir: sərkərdə hökmdardan göstəriş alıb, ordunu formalaşdırır, qoşunu yığır və düşmən ilə təmasa girib mövqe seçir. Döyüşdə mübarizədən çətin heç nə yoxdur. Döyüşdəki mübarizədə ən çətini dolayı yolu düz yola, fəlakəti qazanca çevirməkdir. Ona görə də kim ki, bu cür dolayı […]