SUN-TSZI. Qalibin strategiyası və taktikası (Forma, Qüdrət, Doluluq və boşluq)

 

(davamı)

FORMA

Sun Tszı deyib: qədimlərdə kim yaxşı döyüşürdüsə məğlubedilməz adını alırdı, hər vaxt da  düşmənə qalib gəlmək eşqi ilə alışıb-yanırdı.

Məğlubedilməzlik – özündə özü tamamlanır, qalib gəlmək imkanı düşməndən asılıdır.

Ona görə də, kim ki, yaxşı döyüşür, özünü məğlubedilməz edə bilər, amma düşməni məğlubiyyətə məcbur edə bilməz.

Buna görə də, belə deyilib: «Qələbənin nədə olduğunu bilmək olar, amma onu həyata keçirməyə də bilərsən».

Məğlubedilməzlik– müdafiə, qələbə imkanı isə hücum deməkdir.

Müdafiə olunursa, deməli, nə isə çatmır; hücum edilirsə, deməli, hər şey gen-boldur.

Kim yaxşı müdafiə olunursa, cəhənnəmin dibində gizlənir; kim ki, yaxşı hücum edir, səmaların yüksəkliyində hərəkət edir. Ona görə özünü qorumağı bacarır, eyni zamanda, tam qələbə qazanır.

Kim ki, başqa adamların gördüyündən artıq qələbə görmür, heç də yaxşıların yaxşısı deyil. Haçansa döyüşərək kimsə qalib gəlirsə, Səmaaltı ölkədə deyəcəklər: «yaxşıdır», lakin bu, yaxşıların yaxşısı olmayacaq.

Yüngül pərquları qaldırmaq bacarığını heç də böyük qüvvə hesab etmək olmaz; günəşi və ayı görmək iti görmə hesab olunmur: göy gurultusunun səsinə qulaq asmaq həssas eşitmə hesab oluna bilməz.

Ona görə o nə vaxt ki, döyüşür və qalib gəlirdisə, bu heç də onun ehtimallarına zidd olmurdu. Ehtimalları ilə zidd olmamaq– bu o deməkdir ki, onun başladığı hər şey mütləq qələbə bəxş edirdi, o artıq məğlubedilmişə qalib gəlirdi.

Ona görə kim ki yaxşı döyüşür, öz məğlubiyyətinin mümkünsüzlüyü üzərində dayanır və düşmənin məğlubedilmə imkanını əldən vermir. Bu səbəbdən də qalib gəlməli olan ordu əvvəlcədən qalib gəlir, sonra isə döyüşə hazırlaşır, məğlubiyyətə məhkum olan ordu isə əvvəlcə döyüşür, sonra isə qələbə axtarır.

Kim ki müharibəni yaxşı aparır, Yolu həyata keçirir və Qanuna riayət edir.

«Müharibə qanunu»na uyğun olaraq birincisi– məsafə, ikincisi– həcm, üçüncüsü say, dördüncüsü– çəki, beşincisi– qələbədir. Ərazi məsafəni, məsafə həcmi, həcm sayı, say çəkini, çəki isə qələbəni doğurur.

Ona görə qalib gəlməli ordu elə bil olan qəpikləri manatla, məğlubiyyətə məhkum ordu isə sanki manatı qəpiklərlə ödəyir.

Qalib gələn döyüşərkən bu min sajin yüksəklikdən dərəyə axan qarşısı alınmış suya bənzəyir. Bax elə bu da forma adlanır.

 

QÜDRƏT

Sun Tszı deyib: Kütləni idarə etmək azlığı idarə etmək kimidir: Əsas məsələ hissələrdə və rəqəmlərdədir.

Kütləni döyüşə aparmaq azlığı döyüşə aparmaq kimidir, əsas məsələ formasında və adındadır.

O şey ki, düşmənlə üz-üzə gələndə ordunu məğlubedilməz

edir,– bu, düzgün döyüş və manevrdir.

Ordunun zərbəsi daşla yumurtaya zərbə vurmaq kimidir: Doluluq və boşluq da bax elə budur.

Müharibədə düşmən ilə düzgün döyüş vasitəsilə çarpışılır, qələbə isə manevr ilə qazanılır. Ona görə də kim ki, manevri yaxşı tətbiq edir o, səma və yer kimi sonsuz,  Xuanxe və Yantszı kimi tükənməzdir.

Batır və yenidən doğur– günəş və ay belədir; ölür və yenidən dirilir- ilin fəsilləri belədir.

Səsin tonu beşdən artıq deyil, lakin bu beş tonun hamısının dəyişmələrini eşitmək qeyri-mümkündür; rənglər beşdən artıq deyil, lakin bu bütün beş rəngin dəyişmələrini görmək mümkün deyil; beşdən artıq dad yoxdur, lakin bu beş dadın dəyişmələrini duymaq qeyri-mümkündür. Döyüşdə hərəkət cəmi iki cürdür- düzgün döyüş və manevr, lakin düzgün döyüşdəki və manevrdə olan bütün dəyişiklikləri sayıb qurtarmaq mümkün deyil. Düzgün döyüş və manevr bir- birlərindən doğur və bu sonu olmayan dairəvi fırlanmaya bənzəyir. Kim onların axırına çata bilər?

Nəyinsə sürətlə axan gur selin özündə daşları aparmasına imkan verməsi, eləcə də onun qüdrəti adlanır. Nə ki, sürətlə uçan vəhşi quşların öz qurbanlarını caynağına keçirməsinə imkan verir, düşünülmüş zərbənin əvvəlcədən hesablanması deməkdir. Ona görə kim ki, yaxşı döyüşür qüdrəti bir göz qırpımlığında, əvvəlcədən hesaba alınması isə qısalığındadır.

Ordunun qüdrəti tətiyin dartılması kimi bir şeydir, zərbənin hesablanması isə elə bil oxun atılmasıdır.

Qoy hər şey qarışsın və təkrarən qarışsın və nizamsız çarpışma getsin, fərqi yoxdur, qoşunun dağılması mümkün olmur; qoy hər şey coşub-daşsın, forma itib getsin fərqi yoxdur məğlub olmaq mümkün olmur.

Qarışıqlıq nizam-intizamın olmamasından doğur, qorxaqlıq cəsurluqdan, gücsüzlük də gücdən doğur.

Qarışıqlıq və nizam-intizam– bu,– say deməkdir, cəsurluq və qorxaqlıq- ordunun qüdrəti deməkdir. Güc və zəiflik isə forma deməkdir.

Ona görə də kim ki, düşməni hərəkət etməyə məcbur etməyi bacarır, deməli, ona forma göstərir, düşmən mütləq onun dalınca gəlir; düşmənə nə isə verəndə o mütləq götürür, qazanc verməklə onu hərəkət etməyə məcbur edirlər, sonra isə gözlənilmədən qarşılayırlar.

Ona görə də kim ki, yaxşı vuruşur hər şeyi qüdrətdə axtarır, adamlardan isə hər şeyi tələb etmir. Ona görə o adamları seçməyi və onları qüdrətlərinə uyğun yerdə qoymağı bacarır.

Kim ki, adamları qüdrətinə görə lazım olan yerə qoymağı bacarır onları, eləcə də ağacları və daşları itələyib apardığı kimi vuruşmağa aparmağı bacarır. Ağacların və daşların təbiəti elədir ki, yer  hamar olanda onlar tərpənmədən qalır; eyni olanda isə onlar hərəkətə gəlir; onlar dördkünc olanda yerlərində düşüb qalır; girdə olanda isə fırlanıb gedirlər.

Ona görə də başqalarını döyüşə getməyə məcbur edənin qüdrəti girdə daşları dağlardan min sajin aşağı yuvarladan insanın qüdrəti deməkdir.

DOLULUQ VƏ BOŞLUQ

Sun Tszı deyib: kim ki, döyüş meydanına birinci gəlir və düşməni gözləyir, o güclə doludur; kim ki, gecikərək ondan sonra meydana gəlib döyüşə atılır, o artıq yorulub. Ona görə kim ki, yaxşı döyüşür, düşməni idarə edir və ona özünü idarə etməyə imkan vermir.

Düşməni özü gəlməyə məcbur etmək o deməkdir ki, onu qazancla tələyə salır; düşmənə getməyə imkan verməmək o deməkdir ki, onu zərərinə tutub saxlayırsan. Ona görə, hətta güclü olan düşməni əldən salmaq olar. Hətta tox olanı ac qalmağa məcbur etmək olar, hətta möhkəm oturanı da yerindən tərpətmək mümkündür.

O hara üz tutacaq, ora getmək lazımdır. Özün o səni gözlədiyi yerə get. Kim ki, insan gözə dəymədiyi yerlərdən min li yol keçib gedir və bu zaman yorulmur, elə yerlərdən keçir ki, oralarda insan gözə dəymir.

Həmlə edib, ələ keçirmək o deməkdir ki, onun müdafiə olunmadığı yerə hücum edirsən; müdafiə olunmaq, eyni zamanda, mütləq əldə saxlamaq o deməkdir ki, onun həmlə edə bilməyəcəyi yeri qoruyursan. Ona görə kim ki, hücum etməyi bacarır, düşmən harada özünü müdafiə edəcəyini bilmir.  Kim ki, müdafiə olunmağı bacarır, düşmən haradan hücum edəcəyini bilmir.

Əsl  ustalıq!

Əsl ustalıq! Hətta onu təsvir etmək üçün forma belə yoxdur. İlahi ustalıq! İlahi ustalıq!– onu ifadə etmək üçün, hətta söz belə yoxdur. Buna görə o düşmən taleyinin hakimi ola bilir.

Haçan ki, irəli gedilir və düşmən də mane olmaq gücündə olmur– o deməkdir ki, onun boşluğuna zərbə endirilir; haçan ki, geriyə gedilir və düşmən də təqib etmək gücündə olmur– o deməkdir ki,düşmən səni haqlamaq iqtidarında deyil.

Ona görə əgər mən döyüşə girirəmsə, qoy düşmən hündür qalalar yüksəldib, dərin xəndəklər qazsın, fərqi yoxdur, o mənim qabağımda dayana bilməz. Bu ona görədir ki, mən onun elə yerinə hücum edərəm ki, o mütləq qorunmalıdır. Əgər mən döyüşə girmək istəmirəmsə, qoy yer seçim və mövqeyimi müdafiə edim, mən getməli olduğu yerdə düşmənin qarşısını aldığım üçün o mənimlə vuruşa başlaya bilməz.

Ona görə mən düşmənə hər hansı bir forma göstərirəmsə, özüm o formada olmayacağam, mən bütövlüyümü saxlayacağam, düşmən isə hissələrə bölünəcək. Bütövlüyümü saxlayıb mən birliyi təmin edəcəyəm, düşmən isə hissələrə bölünərək onluqlar təşkil edəcək. Onda mən onun hissələrinə hücum edəcəyəm. O zaman biz çox olacağıq, düşmən isə az. Kim ki, çoxluqla azlığa zərbə endirməyi bacarır, onunla döyüşənlər az olduğundan, qalib gəlmək asandır.

Düşmən bilmir ki, harada döyüşməli olacaq. Əgər o bunu bilmirsə, onda o çox yerdə döyüşə girməli olacaq. Əgər belə yerlər– o yerlər ki, onun döyüşməyə hazır olduğu yerlərdir– çox, deməli, onun mənimlə vuruşacağı yerlər az olacaq. Buna görə əgər o ön hissələrdə döyüşə hazırdırsa, onun arxada qüvvələri az olacaq. Əgər o arxada döyüşə hazırdırsa, öndə qüvvələri az olacaq. Əgər o sol cinahda döyüşə hazırdırsa, sağ cinahda qüvvəsi az olacaq.  Hər yerdə döyüşə hazır olan kəsin  qüvvəsi azdır. O kəsin qüvvəsi çoxdur ki, özgəsini hər yerdə döyüşə hazır olmağa məcbur edir.

Ona görə də əgər döyüşün yerini və gününü bilirsənsə, min li məsafədən də hücum edə bilərsən. Əgər ki, nə döyüş yerini, nə də döyüş gününü bilirsən, sol cinahla sağ cinahı qoruya  bilməzsən, sağ cinahla solu qoruya bilməzsən, ön hissə ilə arxa hissəni, arxa hissə ilə isə ön hissəni müdafiə edə bilməzsən. Bu həm uzaq– on li* məsafədən, həm də yaxın bir neçə li məsafədən belədir.

Əgər bu cür– mənim düşündüyüm kimi düşünsən qoy Yue qoşunu çox olsun, bu onlara qələbə üçün nə verəcək? Məhz ona görə də belə deyilir: «Qələbəni düzəltmək olar».  Qoy düşmənin ordusu lap çox olsun, ona döyüşə girmək imkanı verməmək olar.

Ona görə də düşməni qiymətləndirib, onun planlarını ləyaqət və səhvləri ilə öyrənirlər, düşmənə təzyiq edib onun hərəkətinin və dincliyinin qanunlarını öyrənirlər, ona bu və ya digər formanı göstərib onun ölüm və həyat yerlərini, toqquşaraq onun gücünün harda çox və harda az olduğunu öyrənirlər.

Qoy ordunun forması onun formasızlığı olsun. Əgər forma yoxdursa, hətta ən içərilərə soxulmuş casus belə heç nədən baş çıxara bilməz. Hətta müdrik belə hansı bir nəticəyə gələ bilməz. Bu formuldan istifadə edərək o qələbə qazanmaq işini kütlənin üzərinə qoyur, lakin kütlə bunu başa düşə bilməz. Bütün insanlar mənim necə qalib gəldiyimi bilirlər. Lakin vasitəsilə qələbə qazanılmasını təşkil etdiyim formanı heç vaxt bilməyəcəklər. Ona görə döyüşdə qələbə heç vaxt əvvəlki şəkildə təkrar olunmur. O öz formasının saysız-hesabsızlığına uyğundur.

Ordudakı forma suya bənzəyir: suda olan forma– yüksəklikdən qaçmaq və alçaqlığa can atmaqdır; orduda olan forma dolu ilə üz-üzə gəlməkdən qaçmaq və boşluğa zərbə endirməkdir. Su ərazidən asılı olaraq öz axarını müəyyən edir; ordu düşməndən asılı olaraq qələbəsini təşkil edir.

Ona görə ordudakı qüdrət dəyişəndir, suda dəyişməz forma yoxdur. Kim ki, düşmənə baxaraq dəyişikliklərə və çevrilmələrə malik olur, o qələbə qazanır və bu da ilahilik adlanır.

Ona görə də, təbiətin beş elementi arasında dəyişilməz qalib yoxdur; ilin dörd fəsli arasında vəziyyətini dəyişməz saxlayan yoxdur. Günəş daha çox davamlı və daha çox qısa bir vaxtda işıq saçır, ayda isə həyat və ölüm var.

­­­­­­­­­­___________________

*  1 li- qədim Çində 300 və ya 360 addım, hazırda-500 metr.

 

(ardı var)

 

                                                                          Tərcünə  Əlisa Nicatındır

Davamı: SUN-TSZI. Qalibin strategiyası və taktikası (Müharibədə mübarizə, Doqquz dəyişiklik, Yürüş) – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milan Kundera. Ağla sığmayanın sərhədi nəzarətsizdir

XX əsrin roman səmasını iki böyük ulduz işıqlandırmışdı. Xəyallar aləmi ilə real dünyanı bir-birinə qarışdıran magik realizm və ekzistensializm. Kafka bu iki ulduzun yazıçılarını və manifestlərini nə gördü, nə də tanıya bildi. O çox tez öldü. Maraqlıdır ki, yazdığı romanlarla bu iki estetik inqilabı qabaqladı. Daha maraqlısı budur ki, bunları […]