İLKİN MÜLAHİZƏLƏR
Sun Tszı deyib: Müharibə böyük dövlət işidir, – bu, həyat və ölümün əsasıdır, bu, yaşam və məhvolma yoludur. Bunu anlamaq lazımdır.
* * *
O beş formada üzə çıxır.
(Onu yeddi cəhətlə ölçür və bu yolla vəziyyətini müəyyən edirlər). Birincisi –Yol, ikincisi – Səma, üçüncüsü – Torpaq, dördüncüsü – Sərkərdə, beşincisi– Qanun.
Xalqın düşüncəsi ilə hökmdarın düşüncəsi eyniləşəndə, xalq hökmdarla birlikdə ölməyə və yaşamağa hazır olanda, xalq qorxu və şübhə nə olduğunu bilməyəndə Yol əldə olunur.
Səma – işıq və zülmət, soyuq və isti, zamanın nizamı deməkdir.
Torpaq – uzaq və yaxın, kələ-kötür və hamar, enli və dar, ölüm və həyat deməkdir.
Sərkərdə – bu, ağıl, soyuqqanlılıq, humanizm, mərdlik və ciddilikdir.
Qanun – döyüş nizamı, komandanlıq və təchizat deməkdir.
Elə bir sərkərdə yoxdur ki, bu beş forma haqqında bilməsin, lakin o kəs qalib gəlir ki, onları əxz etsin. Kim ki, onları əxz etməyib, qalib gəlmir.
Ona görə müharibəni yeddi mülahizə ilə ölçürlər. Və bu yolla aşağıdakı vəziyyət müəyyən edilir:
Hökmdarlardan kim Yola malikdir? Sərkərdələrdən hansının istedadı var? Kim Səma və Torpaqdan istifadə edib? Kimdə qayda və əmrlərə əməl olunur? Kimin ordusu güclüdür? Kimin zabit və əsgərləri daha yaxşı təlim keçib? Kimdə düzgün mükafatlanma və cəzalanma var?
Bütün bunlara əsasən mən kimin qalib gələcəyini və kimin məğlubiyyətə uğrayacağını bilirəm.
Əgər sərkərdə mənim mülahizələrimi əxz edib həyata keçirməyə başlayarsa, o mütləq qələbə qazanacaq; mən onun yanında qalacağam. Əgər sərkərdə mənim mülahizələrimi əxz etmədən tətbiq edərsə, o mütləq məğlubiyyətə uğrayacaq; mən onun yanından gedəcəyəm. Əgər o qazanc hesabı ilə onları əxz edərsə, onlar qüdrətə çevrilib hüdudlardan kənarda da köməyə gələcək.
Qüdrət mənafeyə uyğun olaraq taktikanı həyata keçirmək deməkdir.
Müharibə aldatma yoludur. Buna görə əgər sən bir şey bacarırsansa, düşmənə göstər ki, guya bacarmırsan; əgər sən nəyə isə maliksənsə ona göstər ki, guya bundan istifadə etmirsən; hərçənd ona yaxınsansa göstər ki, guya uzaqdasan; əgər doğrudan da, uzaqdasansa, göstər ki, guya yaxınsan; onu qazancla aldadıb tələyə sal; onu dağınıq halına gətir və ələ keçir; əgər onda hər şey boldursa, hazır ol; əgər o güclüsə, ondan yayın; onu qəzəbləndirib dəli halına sal; özünü fağır göstərib onda lovğalıq hisslərini oyat; onun qüvvələri yenisə, əldən sal; onda onun qüvvələrində dostluq hakimsə, parçala, təfriqə sal; o hazır olmayanda hücuma keç; gözləməyəndə üstünə get.
Bütün bunlar ordu başçısına qələbə gətirəcək; lakin əvvəlcədən heç nə demək olmaz.
Kim ki, hələ döyüşdən qabaqkı mülahizələrlə qalib gəlirsə, onun qələbəyə şansı daha çox olur; kim ki, hələ döyüşə qədər mülahizələrlə qalib gəlmirsə, onun şansı az olur. Kimin şansı çoxdursa qalib gəlir; kimin şansı azdırsa məğlub olur; şansı heç olmayandan isə, ümumiyyətlə, danışmağa dəyməz. Buna görə təkcə bunu bir dəfə görməklə mənə artıq qələbə və ya məğlubiyyət aydın olur.
MÜHARİBƏNİN APARILMASI
Sun Tszı deyib: Müharibənin aparılması qaydası belədir:
Əgər sənin qırx yüngül və qırx ağır döyüş araban, yüz min əsgərin var, əgər sən ərzaq ehtiyatını 1000 mil məsafəyə göndərməlisən, amma daxili və xarici xərclərin, qonaq qəbul edilməsində çətinliklərin var, lak və yapışqan üçün material, döyüş arabalarının silahlandırılması tələb olunursa,– bütün bunlar üçün hər gün 1000 qızıl lazımdır. Yalnız bu halda 100 minlik ordunu döyüşə aparmaq olar.
Əgər müharibə gedir və qələbə uzanırsa,- silahlar kütləşir, qılınclar sınırsa; əgər qala uzun zaman mühasirə olunur və güc tükənirsə; əgər ordu uzun müddət çöldə qalırsa,- dövlətin vəsaitləri çatmır.
Haçan ki, silahlar küt oldu, qılınclar sındı,- güc qırılır və vəsaitlər tükənir, knyazlar sənin zəifliyindən istifadə edərək üstünə gəlir. Qoy o zaman sənin yanında ağıllı xidmətçilərin olsun, bundan başqa heç nə edə bilməzsən.
Buna görə müharibədə sürət hesabına müvəffəqiyyət barədə eşidiblər, hətta döyüşün ustalıqla aparılmadığı halda belə hələ heç kim onun uzanması ilə əldə olunan qələbəni görməyib, hətta döyüş ustalıqla aparılmadığı halda belə.
Hələ heç vaxt olmayıb ki, müharibə uzun çəksin və bu dövlətin xeyrinə olsun. Ona görə də kim ki, müharibələrin vurduğu zərəri axıra kimi dərk etmir müharibələrdən gələn bütün qazancı da axırına kimi anlaya bilməyəcək.
Kim ki, müharibə aparmağı bacarır iki dəfə çağırış aparmır, üç dəfə ərzaq ehtiyatı götürmür, təchizatı öz dövlətindən götürür. Ərzağı isə düşməndən alır. Buna görə onun əsgərlər üçün qidası da kifayət edir.
Müharibə zamanı dövlət təchizatı uzağa apardığı üçün yoxsullaşır. Təchizatı uzağa aparmaq lazım gələndə xalq kasıblaşır.
Kim ki ordunun yaxınlığındadır, baha satır; o, baha qiymətə satanda isə xalqın vəsaitləri tükənir; vəsait tükənəndə isə mükəlləfiyyəti yerinə yetirmək çətin olur.
Güc qırılır, vəsait tükənir, ölkəndə evlər boşalır; xalqın var– yoxu onda– yeddisinəcən azalır; hökmdarın əmlakı– döyüş arabaları sınıb – dağılır, atlar əldən düşür, dəbilqələr, zirehlər, ox-yay, sapand və kiçik qalxanlar, böyük və kiçik nizələr, kəllər və arabalar– bütün bunlar onda-altıya kimi azalır.
Buna görə ağıllı sərkərdə düşmənin hesabına qidalanmağa çalışır. Bununla bir funt dəyərində qidası özünün iyirmi funtluq qidasına bərabər olur; düşmənin bir pud kəpək və samanı özünün iyirmi puduna bərabər olur.
Düşməni qəzəb öldürür, onun sərvətini acgözlük qəsb edir.
Əgər döyüş arabaları ilə vuruş zamanı on və daha artıq döyüş arabası ələ keçirilibsə, kimlər tutubsa, qəniməti mükafat kimi onların arasında böl və bayrağı onlara ver. Öz döyüş arabalarını qənimət arabalarla əvəzlə və onlara minib hərəkət et. Əsgərlərlə isə yaxşı rəftar et və onların qayğısına qal. Bütün bunlar belə adlanır: Düşmənə qalib gəlmək və öz gücünü artırmaq.
Müharibə qələbəni sevir və uzanmağı xoşlamır.
Buna görə də müharibəni başa düşən sərkərdə xalqların taleyinin hökmdarı və dövlətin təhlükəsizliyinin ağasıdır.
STRATEJİ HÜCUM
Sun Tszı deyib: Müharibə aparılması qaydalarına görə ən yaxşısı düşmən dövləti bütöv saxlamaq, ikincisi, bu dövləti sarsıtmaqdır. Yaxşı olar ki, düşmənin ordusunu dağıtmağa qoymayasan. İkincisi, onu əzəsən. Ən yaxşısı düşmənin briqadasını bütöv saxlamaqdır, ikincisi onları əzməkdir. Yaxşısı düşmənin batalyonunu bütöv saxlamaqdır. İkinci yerdə onu əzməkdir. Düşmənin bölüyünü bütövlükdə saxlamaq, ikincisi onu əzməkdir. Ona görə yüz dəfə döyüşə girib, yüz dəfə qalib gəlmək – bu ən yaxşısı deyil; yaxşıların yaxşısı düşmən ordusunu vuruşmadan əsir almaqdır.
Ona görə ən yaxşı müharibə ilk növbədə düşmənin niyyətini məhv etməkdir, ikincisi onun müttəfiqlərini sıradan çıxarmaqdır; sonra isə yerdə onun ordusunu əzməkdir. Ən pisi qalanı mühasirə etməkdir. Mühasirə qaydalarına görə qalanın bu cür mühasirəsi bunun qaçılmaz olduğu zaman edilir. Böyük qalxanların, mühasirə arabalarının, xəndəklərin qazılması, döyüşə hazırlıq üç ay vaxt tələb edir; fəqət öz səbirsizliyinə üstün gəlməyi bacarmayan sərkərdə öz əsgərlərini qarışqa kimi həmləyə göndərir; nəticədə zabit və əsgərlərin üçdə – biri öldürülür, qala isə alınmamış qalır. Mühasirənin fəlakətli nəticəsi belədir.
O kəs ki, müharibə aparmağı bacarır özgə ordusunu döyüşə girmədən əsir alır; özgə qalalarını mühasrə etmədən ələ keçirir; özgə dövlətin ordusunu uzun zaman saxlamadan sarsıdır. O, hər şeyi mütləq bütövlükdə saxlayır və Səmaaltı ölkədə (yaxud Kainatda- Çində) öz hakimiyyətini qorumuş olur. Ona görə silahı küt olmağa qoymadan da qazanc əldə etmək mümkündür; strateji hücum da bax elə budur.
Döyüş aparılması qaydaları belə öyrədir: Əgər sənin gücün düşmənin gücünə nisbətən on qat çoxdursa, onu dörd tərəfdən mühasirəyə al; əgər sənin gücün beş dəfə artıqdırsa, ona hücum et; əgər sənin gücün iki dəfə artıqdırsa onu iki hissəyə böl; əgər qüvvələr bərabərdirsə, onunla döyüşə girməyi bacar; əgər qüvvə azdırsa, ondan müdafiə olunmağı bacar; əgər səndə, ümumiyyətlə, nə isə pisdirsə ondan yayınmağı bacar. Az qüvvə ilə inadkarlıq etmək səni güclü düşmənin əsirinə çevirir.
Dövlət üçün sərkərdə – bu elə bil arabaya bağlanmış yedəkdir: əgər bu yedək möhkəm bağlanıbsa, dövlət şübhəsiz güclü olur; əgər yedək ayrılırsa dövlət heç şübhəsiz ki, zəif olur.
Ordu öz hökmdarından üç məqamda ziyan görür:
Ordunun hücum etməməli olduğunu bilməyərək, ona döyüşə başlamaq əmrini verdikdə; O zaman ki, ordunun geri çəkilməli olmadığını bilməyərək, ona geri çəkilmək əmrini verdikdə; bu o deməkdir ki, hökmdar ordunun əl-ayağını bağlayır, ordu komandirlərini çaşbaş qoyur. Ordunun bu cür taktikasını ona rəhbərlik edən sərkərdəni də dövlətin başqa orqanlarına təyin olunma əsasları ilə təyin etdikdə; o zaman ordu komandirləri çaxnaşmaya düşür.
Ordu çaşıb qalaraq həyəcana gələndə knyazlar tərəfindən bəla gəlib haqlayır. Bu artıq o deməkdir ki, özün öz ordunu dağıdıb, qələbəni düşmənə verirsən.
Ona görə bilirlər ki, beş halda qalib gəlirlər: Haçan vuruşmaq lazım olduğunu və haçan lazım olmadığını bildikdə; haçan böyük qüvvələrdən və haçan da kiçik qüvvələrdən istifadə etməyi bacardıqda; yuxarıdakılarla aşağıdakılar eyni bir arzu ilə yaşadıqda; haçan ki, özləri ehtiyatlı olub, düşmənin ehtiyatsızlığını gözlədikdə; sərkərdəsi istedadlı olduqda, hökmdar isə ağalıq etmədikdə; bu beş vəziyyət qələbənin dərk edilməsi yoludur.
Buna görə də belə deyilir: əgər onu və özünü də tanıyırsansa. yüz dəfə də istəsən döyüşə gir, təhlükə olmayacaq; əgər özünü tanıyır, onu isə tanımırsansa, bir dəfə qalib gəlib, ikinci dəfə məğlubiyyətə uğrayacaqsan; əgər nə özünü, nə də onu tanıyırsansa, hər dəfə döyüşə girsən məğlubiyyətə uğrayacaqsan.
Tərcümə Əlisa Nicatındır
Davamı: SUN-TSZI. Qalibin strategiyası və taktikası (Forma, Qüdrət, Doluluq və Boşluq) – KLV