Zəminə Ziyayeva. Dil – mədəniyyətin daşıyıcısı

Kulturoloqlar mədəniyyətin əmələ gəlməsində sosial varlıq olan dilin müstəsna rolunu vurğulayırlar, eyni zamanda onu mədəniyyətin tərkib hissələrindən biri olaraq qəbul edirlər. Dilin xüsusiyyətlərindən bəhs edərkən müraciət edilən əsas mövzulardan biri məhz dil-mədəniyyət/ milli mədəniyyət əlaqəsidir. Dil mədəniyyətin ünsürüdür, çünki millətin bu günündə mövcud olanları ən yaxşı şəkildə ifadə etmək, eyni zamanda sərvəti nəsillərə ötürmək üçün bir vasitədir.

Dil millətin milli kimliyidir. Məhəlli dillər zamanla ədəbi dilə çevrilib həyatiliklərini qoruyur, ədəbi dil olaraq istifadə edilən bəzi dillər isə müxtəlif səbəblərdən tarix səhnəsindən silinib gedir, ölü dillərə çevrilir. Eləcə də müəyyən dillər fəaliyyət dairələrini genişləndirərək istifadə edildikləri coğrafiyanın lingua francası – üst dili pilləsinə yüksələ bilir. Bütün bu proseslər dilin funksionllığı ilə əlaqəli olduğu kimi, onun sosiallığı və istifadə edildiyi arealın coğrafi mövqeyi ilə də əlaqəlidir. Qafqaza səyahət edənlərin dediyi kimi bu coğrafiyada danışılan türkcə yüzilliklər boyu bu bölgədə yaşayan xalqların lingua francası olmuşdur. Rusların Qafqazı istila etməsi XIX əsrdən başlayaraq müəyyən zaman içində rus dilinin bölgə xalqları üzərindəki təsirini artırmış, arealda bilinqvizm şəraiti yaratmışdır. Bununla birlikdə Qafqazda danışılan türkcə tarixən olduğu kimi müasir dövrə qədər ortaq ünsiyyət dili kimi bölgədəki nüfuzunu qorumuşdur. İfadədə ifrata varmadan bu türkcənin bu ərazidə yaşayan xalqın – yerli etnosun milli kimliyinin tək göstəricisi və ən sağlam qoruyucusu olduğunu demək mümkündür.

Nüfuzlu dillər milli dillər üzərində təhlükəli təsirə malikdir. Yuxarıda rus dilinin Qafqazdakı təsiri vurğulandı. Bununla birlikdə ingilis dilinin də dünya dilləri üzərindəki təsiri gözardı edilməməlidir. Dövrümüzdə ingilis dilinin müasir səviyyəsi öz təsir dairəsini genişləndirməklə birlikdə, milli dillərin həyatiliklərinə də təhdid yaradır. Keçən günlərdə mətbuatda bir yazıya rastladım. Fransada yeni şəxsiyyət vəsiqələri təsdiqlənib və vəsiqələrdə Fransız dili ilə yanaşı İngilis dili də istifadə edilib. Bu hal Fransız Akademiyasının (Academie Française – Bu akademiya Fransada Fransız dilini qorumaq və inkişaf etdirmək üçün Kral XIII Louis tərəfindən 1635-ci ildə qurulmuşdur. Günümüzdə də fəaliyyətini davam etdirməkdədir) reaksiyasına səbəb olub. Belə ki, bu yanlış ortadan qaldırılmadığı halda hökuməti məhkəməyə verəcəklərini bəyan ediblər. Qeyd edilməlidir ki, Fransız dili də kifayət qədər inkişaf etmiş Avropa dillərindən biridir və hər iki dil eyni mədəniyyət dairəsinə mənsubdur.

Qafqazda əsrlər boyu mövcudiyyətini qoruyan Azərbaycan türkcəsinin XX əsrin 90-cı illərindən sonrakı mərhələsini nəzərdən keçirmək, müxtəlif dövrlərdə dövlət tərəfindən qəbul edilən rəsmi sənədlərin mahiyyəti ilə tanış olmaq dil – milli mədəniyyət əlaqəsi baxımından müəyyən nəticəyə gəlmək üçün əhəmiyyətlidir. Azərbaycanda müstəqilliyin bərpasından sonra (18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir) Azərbaycan Respublikası höküməti tərəfindən dil haqqında müəyyən qanun və fərmanlar qəbul edilmişdir. Bu qanunlardan ilki 22 dekabr 1992-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanunun birinci maddəsində belə qeyd edilmişdir: “Azərbaycan Respublikasının dövlət dili türk dilidir”. Yenə 1995-ci il Konstitusiyasında 21-ci maddə “Dövlət dili” ilə əlaqədardır. Bu maddə ilə Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu təsdiq edilmişdir. 30 sentyabr 2002-ci ildə üç fəsildən ibarət “Azərbaycan Respublikasında dövlət dili haqqında” yeni dil qanunu qəbul edilmiş, beləcə 1992-ci ildə qəbul edilən dil qanunu qüvvədən düşmüş hesab edilmişdir.

2002-ci il tarixli dil qanunundan sonra əhəmiyyətli rəsmi sənəd (23 may 2012 tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı) “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması haqqındakı sərəncamdır. Bu sərəncamda dövlətin dil siyasəti yenidən nəzərdən keçirilmiş, müasir dövrə uyğunluq irəli sürülmüş və dövrün tələblərinə görə dilin fəaliyyət dairəsinin genişləndirilməsini hədəfləyən “Dövlət Proqramı”nın hazırlanması başlıca tələb olaraq ortaya qoyulmuşdur. Dövlət Proqramının hazırlanması ilə yanaşı sərancamda daha 2 əsas tələb də yer almışdır: Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və tərcümə işlərinin mərkəzləşdirilmiş qaydada aparılması üçün Tərcümə Mərkəzinin yaradılması.

Tərcümə Mərkəzinin yaradılması dövlət dilinin mərkəzləşdirilmiş qurumlarda tətbiqi məsələsinə yeni bir baxış və dövrün tələblərinə uyğun atılan gərəkli bir addım idi. Haşiyə çıxmaqda fayda vardır: Qədim dövr ərəb dilinin inkişafı Bağdadda qurulan tərcümə mərkəzləri ilə birbaşa əlaqəlidir. Tərcümənin dilin inkişafındakı müstəsna rolu Əli Bəy Hüseynzadənin dil siyasətində də özünü göstərmişdir. O, Avropanın ən məşhur yazıçı və şairlərinin əsərlərinin tərcümə edilərək 1900-cü illərin əvvəllərində Bakıda nəşr edilən “Füyuzat” jurnalında yayınlanmasına şərait yaratmış, özü də məhz bu işi görmüşdür. Beləliklə, tərcümə işi dili həm təzələyir, həm zənginləşdirir, həm də dilin fəaliyyət dairəsini genişləndirməklə dil əlaqələrinə də öz töhfəsini verir.

2013-cü il 9 aprel tarixli sərəncamla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın fəaliyyət proqramı təsdiqlənmişdir. Bu təxminən 17 səhifədən ibarət bir sənəddir. Proqramın “Tədbirlər Planı” nəzərdən keçirildiyi zaman tədbirlərin icra müddətinin bitəcəyi ən gec tarix kimi 2020-ci ilin göstərildiyi təsbit edilmişdir. Sənədin ən mühim hissəsindən biri 4-cü bölüm/ “Gözlənilən nəticələr” bölümüdür. Burada “Azərbaycan dilinin düzgün işlənməsində çevikliyin təmin olunması üçün müvafiq internet resurslarının yaradılması” və “Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsi” kimi maddələrdə dil amilinin müasir səviyyəsinin ən aktual problemlərinin həlli məqsəd olaraq qarşıya qoyulmuşdur. Dövrün tələblərinə cavab verən, milli dəyər olan dilin qorunması və zənginləşməsi üçün müəyyən öhdəliklərin həlli planlaşdırılmış, ümdə öhdəlik olan internet resurslarının yaradılmasındakı çevikliyin təmini dövlət sənədi ilə rəsmiləşdirilmişdir.

Müstəqillik illərindən sonra dövlətin milli mədəniyyətin təminatcısı olan dilə dair apardığı siyasət çoxşaxəlidir. Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi, latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, eləcə də dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi, son zamanlarda isə (18 iyun 2021-ci il) Azərbaycan dilinin orfoepiya normalarının qəbul edilməsi bu çoxşaxəliliyə nümunə olaraq göstərilə bilər. Bu rəsmi sənədlərlə dövlətin kifayət qədər ədəbi dili – dövlət dilini mühafizə etdiyi, inkişafının yol xəritəsini çizdiyi müşahidə edilir.

Ədəbi dilin qanunauyğunluqları ilə məşğul olan müəyyən qurumların mövcud olduğu dünya təcrübəsində də müşahidə edilir. Ölkəmizdə dilçilik elmi üzrə araşdırmaların mərkəzi Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutudur. Məhz bu səbəblə Azərbaycan Prezidenti 29 may 2012-ci ildə “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncam vermişdir. Tarixi “Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyəti”nin (Qurumun yaranma tarixi 1923-cü il göstərilsə də, cəmiyyətin rəsmi sənədlərində bu tarix 1920-ci ildir. Cəmiyyət tarixi-etnoqrafik, iqtisadiyyat, təbiət tarixi və türkologiya kimi bölmələrdən ibarət olmuşdur) bünövrəsi üzərində inşa edilən bu müəssisənin əsas fəaliyyət istiqamətləri həm də Azərbaycan dilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, Azərbaycan dilinin müasir tələblərə cavab verən qrammatikasının hazırlanması, müxtəlif tipli lüğətlərin tərtibi və onların elektron versiyalarının hazırlanmasıdır. Qurumun fəaliyyət istiqamətini işıqlandıran elektron portalında xüsusilə lüğətlərin elektron versiyaları haqqında hər hansı bir məlumat bazası yoxdur. Müasir dövr isə dilin inkişafında və tənzimlənməsində yeni yanaşmalar və çeviklik tələb edir. Bununla birlikdə ölkədə ədəbi dilin tələblərinə cavab verən müxtəlif elektron platformalar mövcuddur. Məsələn, son dövrlərdə Azərbaycan Respublikasının Prezidentinin Yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə hazırlanmış uğurlu bir layihə “Azərbaycan Dilinin Elektron Lüğətlər Korpusu”dur. Ədəbi dilə dair yanaşmalar və tənzimləyici qaydalar ədəbi dilin normalarını təyin edən rəsmi qurumun korpusu daxilində həyata keçirilsə, və yaxud bir korpus daxilində toplansa, cəmiyyət üçün daha əlverişli olmazmı? Məsələn, Türkiyədə 1900-ci illərdən başlayan dildə sadələşmə cərəyanı Türkiyə Cümhuriyyəti dövləti zamanında dil inqilabı ilə nəticələnmişdir. Ədəbi dilin normalarını tənzimləyən, türk dilinin tədqiqi məsələləri, lüğətlərin hazırlanması işi, elektron dil korpusu bütövlükdə Türk Dil Qurumunun öhdəliyindədir. Qeyd etmək lazımdır ki, Türk Dil Qurumu 1932-ci ildə Mustafa Kamal Atatürkün təlimatına əsasən Türk Dili Tədqiq Cəmiyyəti adıyla qurulmuşdur.

Azərbaycan dilinin müasir səviyyəsi yeni tələblər ortaya qoymuşdur. Nəzərə almaq lazımdır ki, bu dil sadəcə bu ərazidə danışılan və 10 milyonluq xalqın ünsiyyət təlabatını ödəyən bir dil deyildir. Elektron lüğətlər, ədəbi dilin yazı qaydaları, dil materailları dövlət sərhədindən kənarda yaşayan dil istifadəçiləri, eləcə də ölkə daxilində yaşayanlar üçün istifadəyə uyğun və əlçatan olmalıdır. Hər sahənin mobilləşdiyi bir dövrdə 5 ildən bir nəşr edilən və davamlı tənqidə məruz qalan orfoqrafiya lüğəti əldə və ya çantada daşınmır. Üstəlik bu lüğətin tərtibi və nəşri də kifayət qədər böyük bir vəsait tələb edir. Ölkədəki bir çox eksperimentlər onu deməyə əsas verir ki, hər hansı bir quruma tabe deyil, müstəqil şəkildə öz fəaliyyətini tənzimləyən dil quruculuğuna töhfəsini verə biləcək müstəqil dil müəssisəsinin qurulmasının zamanı yetişmişdir, hətta keçmişdir. Bu qurum ədəbi dilin inkişaf mexanizmi ilə birbaşa əlaqədar olmalı, dilə dair bütün qurum və quruluşlar bu qurumun nəzdində toplanmalıdır. Belə bir addım dil siyasətinin reallaşmasına xidmət edəcək, dilin tətbiqində əsaslı dönüş yaradacaq, həm siyasi, həm də mədəni bir hərəkat olacaqdır.

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nuranə Şabılı. Deyl Karnegiyə görə...

Ç İyl 20 , 2022
Bildiyimiz kimi, günümüzdə bir çox uydurma, şablon və “şəxsi inkişaf”dan çox satış sayını artırmaq məqsədi ilə yazılmış şəxsi inkişaf kitabları nəşr olunub və olunur. Özümün də bu problemlə dəfələrlə qarşılaşdığımı nəzərə alaraq və bu mövzuda təcrübəmə dayanaraq sizə həqiqətən inkişafınıza zəmin yaradacaq bir yazarı – Deyl Karnegini məsləhət görürəm. Bəli, […]