Günay Yediyarlı. Elçinin “Bayraqdar” povestində qaçqınlıq

Müasir Azərbaycan ədəbiyyatında qaçqınlıq mövzusunda çoxlu bədii əsərlər yazılıb. Yaddaşlarda dərin iz buraxmış bu ədəbi nümunələr oxucunun keçmiş və gələcək, olum və ölüm, sülh və müharibə barədə düşüncələrinə aydınlıq gətirir. Çağdaş Azərbaycan nəsrində qaçqınlıq mövzusuna öz yaradıcılığında geniş yer verən yazıçılarımız çoxdur. Onlar öz əsərlərində həm itirilən torpaqların ağrı-acısından, həm də doğma el- obalarından köçkün düşmüş insanların əzablı həyatından yazır, bu böyük faciəni dastana çevirirlər. Bu ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri də Elçin Əfəndiyevdir. O, müasir Azərbaycan nəsrinin təkamülündə çox fəal iştirak etmiş, gördüklərini və eşitdiklərini bədii sənət dilində əbədiləşdirən ədiblərimizdən biridir. Azərbaycan ədəbiyyatı üçün böyük hadisə olan “Bayraqdar” povesti də yazıçının 2000-ci illərdən başlayaraq yazdığı, müasir ədəbiyyatımızda ən uğurlu hadisəyə çevrilmiş əsərlərindəndir. Əsər oxucunu həm qaçqınların ağır, çətin güzəranına acıdır, həm də düşmənə qarşı güclü nifrət hissi oyadır.

Povestin əsasında duran mövzu, nə iki qaçqın yeniyetmənin (Əbülfət və Cəmilənin) nakam sevgisidir, nə də Əbülfətin faciəli və vaxtsız ölümü. Çünki bütün bunlar tam məzmunu əhatə edə bilmir. Burada əsas olan Qarabağ müharibələrində öz doğma torpaqlarından zorla didərgin düşən, erməni təcavüzünə məruz qalan insanların yaşadıqları sıxıntılardır. Ya da qısacası, kədərdir. Povestin tam, vahid sujet xətti yoxdur. Yazıçı sanki ayrı-ayrı parçaları məharətlə, böyük ustalıqla bir yerə toplamağı bacarmış və bütöv bir həyat parçası yaratmışdır. Hər obrazın acılarla dolu olan öz həyat hekayəsi var və bu kiçik hekayələr birləşib bir povest yaradıb. Hadisələrin mərkəzində yataqxanada özünə və ailəsinə sığınacaq tapan, ailəsinin gündəlik ruzisini atadan qalma sənəti qəzet satmaqla çıxaran özü demiş bu həyatda oğlundan və üçrəngli bayraqdan qiymətli heç nəyi olmayan Bayraqdar kimi tanınan Surxaydır.

Ədəbiyyat həm də hadisəni, əhvalatı və tarixin bəzən ən önəmli bir anını əbədiləşdirməkdir ki, sabah həmin əsər bir sənəd rolunu oynayır. Elçin də əsərində Azərbaycan xalqı üçün çox önəmli bir dönəmi-1990-cı illərdəki acınacaqlı həyatı, ictimai-tarixi dəyişiklikləri və bütün bunların qurbanı olan insanları, bir günün içində qaçqına çevrilmiş bir cəmiyyətin faciəsini geniş və hərtərəfli təsvir etmişdir. Burada ağır döyüş səhnələri, qəhrəmancasına həyatını itirən şəhidlər yox, bir göz qırpımında qaçqına çevrilən, doğma yurd-yuvasından didərgin düşən, hər gecə başını yastığa qoyduğunda öz elinin, öz obasının xəyalını quran, sanki ruh gedib bədəni qalan insanların- qaçqınların ağrılı taleyi, ağır psixoloji vəziyyəti var. Qaçqınların ağır faciəsini yazıçı quru təsvirlərlə deyil, bədii vasitələrlə verir. Obrazlar hər biri fərqli dünyagörüşünə, zəyif və güclü xarakterə malik olsalar da, onları bir ümumi cəhət birləşdirir: eyni tale…Və bu obrazların hər birinin eyni vəzifəsi. Sanki onlar o ağrılı həyatı, böyük kədəri bizə öz həyat hekayəsi ilə anlatmağa, başa salmağa çalışır. Qarabağ mövzusunda yazılan bu əsərdə kədər olduğu qədər də ümid var. Elə bir ümid ki, o, əsər boyu nə yazıçını tərk edir, nə də onun qəhrəmanlarını. Həm ümid, həm xəyal, həm də arzu…Sətirlərdən kədəri, acını duyan oxucu o ümidi, arzunu da duyur. Bu da oxucunu həm sevindirir, həm də təsirləndirir.

Əsər təsirli, çox kədərli, amma eyni dərəcədə də, düşündürücü bir sonluqla bitir. Bu acı taleli insanlar yerləşdikləri Fəhlə yataqxanasının həyətində on yeddinci yas mərasimi keçirir. Doğulduğu andan öz doğma elindən, Şuşasından ayrı qalmayan bu insanların yatanda da yuxularına gəlməzdi ki, indi başqa yerdə dəfn olunurlar. Bu dəfəki yas mərasimi isə Bayraqdarın yeganə oğlu Əbülfət üçün qurulmuşdu. Öz yeganə oğlunu itirən Surxay qəlbində əbədi yuva salan bayrağını yas məclisində də dalğalandırır. Belə bir anda belə bayraq onun üçün müqəddəs olaraq qalır. Çünki bu bayraq təkcə Surxayın, onun ailəsinin deyil, öz yuvalarından, isti ocaqlarından zorla qoparılmış bütün qaçqın ailələrini Qarabağa, doğma Şuşalarına bağlayan son ümiddir. Kiçik bir hissə oxucuya çox dərin vətənpərvərlik hisləri aşılayır. Bəlkə də, sırf vətənpərvərlik mövzusunda yazılan böyük bir əsərdən daha çox. Belə qiymətli əsərlər sayəsində o torpaqlar unudulmadı, əbədi yaddaşlara köçürüldü. Bu cür əsərlər bizi zəfərə gətirən amillər oldu. Bu gün isə daha da qiymətlidir, çünki qazanılmış qələbənin önəmini gənc nəslə çatdırır.

Kaş bu əsəri hər kəsin əli çatan bir yerə qoya bilsək.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aydan Nağıyeva. Mövlud Süleymanlının “Yel Əhmədin bəyliyi” povestində ata və oğul konflikti

“Ata və oğul münaqişəsi” motivli əsərlər qədim zamanlardan indiki dövrə qədər öz aktuallığını qoruyur. Bu tip əsərləri oxuyarkən onları nə maraqlı etdiyini çox düşünmüşəm. Onların ümumi süjet xəttimi? Arxa plandakı obrazlarmı? Yoxsa ata və oğul arasındakı konfliktlər? Bəlkə də günah sayılan ehtiraslı istək? Hər kəsin öz tanrısı vardır. Amma bu […]