Aydan Nağıyeva. Mövlud Süleymanlının “Yel Əhmədin bəyliyi” povestində ata və oğul konflikti

“Ata və oğul münaqişəsi” motivli əsərlər qədim zamanlardan indiki dövrə qədər öz aktuallığını qoruyur. Bu tip əsərləri oxuyarkən onları nə maraqlı etdiyini çox düşünmüşəm. Onların ümumi süjet xəttimi? Arxa plandakı obrazlarmı? Yoxsa ata və oğul arasındakı konfliktlər? Bəlkə də günah sayılan ehtiraslı istək?

Hər kəsin öz tanrısı vardır. Amma bu bir həqiqətdir ki, dünyada çox evlərdə evin tanrısı atadır. Uşaqlıqdan etibarən insanlar nə vaxt kədərlənsələr, sirdaş axtarsalar, özlərini xoşbəxt hiss etmək istəsələr analarına sığınarlar. Analar müqəddəsdir, doğmadır, haqları tanrıya bərabərdir, amma obraz olaraq tanrı deyildir. Tanrı yaradan, hər şeydən uca, sitayiş edilən, ona çatmağa çalışılan, amma əsla çata bilmədiyimizdir. Evin bir çox yükünü üzərinə götürən, yuvanın qoruyucusu, çalışqan, daim nələrsə almasını və ya etməsini ümid etdiyimiz atalar evlərin kiçik tanrılarıdır. Varlığın qorxusu isə tanrının qəzəbindəndir, amma yaradılışdan etibarən ən çox etdiyi şey də tanrıya qarşı gəlmək, onu qəzəbləndirməkdir.

Əvvələ qayıdaq. Dünyada ilk dəfə günahın işləndiyi gündə ilk ata-oğul konflikti başladı. Bu elə bir mövzudur ki, əsrlər yox, min illər keçsə belə hələ də davam etməkdədir.

Ata və oğul birlikdə təxmini olaraq bir əsrə yaxın vaxtı əhatə edirlər. Atanın onun atasından qalmış həqiqətləri və bu həqiqətləri oğluna, sonrakı nəsillərə də öyrətmə istəyi yaşadıqları əsri formalaşdırır. Tarix atalar və oğullarının həqiqətləri üzərində qurulur. Öyrəndiyi həqiqətləri qəbul etməyən və ya əvvəlcə özünü qəbul etmiş kimi göstərib üsyana hazırlaşan, çox zaman da bu üsyandan qalib çıxaraq öz doğrularını formalaşdıran və bunu bir qrup insana aşılayan oğulların olduğu zaman dilimlərinə intibah deyildi. İntibah-oyanma dövrü bəzən  güclü inkşaf təkanları yaradarkən, bəzən də sürətli dağılmanı özündə gətirdi. Amma hər iki halda yeniliyin ən pis tərəflərini götürərkən  üzərində yaşadığımız bu üstdən sıxılmış kürənin daha da sıxıldığı vaxtlar davam etdi. Mövlud Süleymanlının “Yel Əhmədin bəyliyi” povesti də belə vaxtlardan birini özündə bədii dillə oxucuya çatdırırdı.

Qədim dövrlərdən qarşımıza çıxan ata və oğul, yenilik və köhnəlik,  təbiətə bağlılığın gətirdiyi xoşbəxtlik, yanlış qavranılan yeniliyin gətirdiyi bədbəxtlik zaman keçdikcə özünü daha maraqlı və fərqli formada göstərir. Povest, əslində, adı ilə bizə ilk ikiliyi yaşadır. “Yel Əhmədin bəyliyi” adını iki formada düşünə bilərik. Birincisi bəy- toyu edilən, evlənən oğlan mənasındadır, əsər də məhz Əhmədin bu bəyliyi ilə başlayır. İkincisi isə bəy – başçı, hökmran, hakim, ağa mənasındadır və əsər məhz bu mənanın həqiqəti ilə davam edir. Mənə görə hər iki məna əsərin məğzini özündə birləşdirir. Əslində, ata və oğul arasında ilk konflikt əsərin ilk cümlələrində başlayır. Həmid – Əhmədin atası qaçıb, hamı Əhmədin də qaçmasını gözləyir, lakin o bunu etməyi düşünmür. Qaçışların onda yaratdığı hisslər ata və oğul arasında hələ Əhməd körpə ikən yaranan kiçik bir yaranın daha böyüyüb iltihablanması kimi davam edir. Əhməd sanki yarasını sağaltmaq yerinə onun olduğu yeri kəsib tullayır və həyatda yaşadığı yer üçün yenilikçi, amma mənəviyyatı yarım bir insan yerini alır. Əsər əvvəldən sona qədər qaçış həsrətilə keçir. Kənd daim bu nəsil nümayəndələrinin hamısı kimi Əhmədin də qaçışını gözləyir. Əhməd isə qaçmır, Həmidin əksinə olaraq o qaçmağı seçmir. Əhməd atasının bu hərəkətinə sanki nifrət edirdi və bu nifrəti ona da göstərə bilmək üçün atası geri gələnə qədər heç bir yerə getmirdi.

Həmid isə Əhmədin tam əksi idi. Əhməd yenilik, Həmid köhnəlik idi. Əhməd gələcəyə, müasirliyə nə qədər yönəlmişdisə Həmid də o qədər keçmişinə bağlı idi. Həmid sanki şifahi xalq ədəbiyyatını simvolizə edirdi. Daim özünü, keçmişini, yaranışı və yaradılışı axtarırdı. Daim üzü Arana gedirdi. Dərviş kimi yeriyirdi. Şifahi xalq ədəbiyyatından sonra Həmidin simasında klassik dövr ədəbiyyatı gəlir. Klassik ədəbiyyata xas olan vəhdəti-vücud vəziyyəti qarşımıza çıxır. Vəhdəti-vücud, xüsusilə, sufi təliminin əsasını təşkil edir. Həmid Nəsiminin beytini deyir, sanki daha sonra vəhdəti-vücud halına keçir və canı dayanmadan səfər etməyə başlayır. Həmid artıq real dünyadakı kimi deyil, tanrının yolunda bir  dərviş kimi hiss edir. Həmid özü də bilmədən yel kimi hərəkət edirdi. Bir müddət sonra qaçdığını, harasa getdiyini anlayanda, yəni reallığa qayıdanda artıq o vəhdət halından çıxırdı və hərəkəti yavaşıyırdı. Həmid həm də müəyyən əlamətlərinə görə dövrün tipik kişisi idi. İllərlə ailəsini, onu sevən yoldaşını “nə edərlər?” deyə düşünmədən atıb gedən Həmid oğlu olduğunu biləndə və onun başqasından ola bilmə ehtimalını dərk edəndə tez geri qayıdır. Namus, qeyrət və maraq onun bu səyahətinə son verir. O, həyatını ölənə qədər evində, amma dərin məyusluq, sıxıntı, əzab və əsəb içində keçirdir. Arana qayıda bilməməsi onu çox sıxır və havası çatmayan bir quş kimi əvvəl qaçmaq üçün çırpınır, daha sonra isə ürəyi dayanıb ölür.

Bu zamanlarda Əhməd atasının burada olduğu vaxt ona öyrətdiyi həqiqətləri qəbul etmir. Öz həqiqətlərini axtarır. Onu da atası kimi səsləyən bir varlıq idi sanki, amma bu o qədim Aran deyildi. Atasının ölümündən sonra yola çıxan Əhməd bir müddət sonra qayıdır. Əhmədin qayıtması Jan Jak Russonun: “Bir hissə toprağı himayəsinə alıb, “bu mənimdir” deyə bilən və ona inanacaq qədər saf insanlar tapan ilk insan, mədəni və müasir cəmiyyətin ilk və həqiqi qurucusudur” sözlərini yadıma salır. Əhməd yenilik gətirir kəndə. Bir-iki adamda olan pul artıq onda da da var. Əhməd pulları sayəsində öz bəyliyini, ağalığını qurmağa başlayır. Atası nə edirsə, Əhməd onun əksini edir. Hamını özündən asılı – borclu vəziyyətə salır. İnsanlar Əhmədə atasına etdiklərinin əksinə qorxu və hörmətlə yanaşır. Əhmədin gəlişi ilə kəndə feodal və kapitalist ünsürlər gəlir. Həmiddə olan qədim dövr ədəbiyyat mərhələləri Əhməddə yeni dövrə doğru gedir. Əhməd sürətlə inkişaf edən cəmiyyəti göstərir. Möylə dayı və onun hıçqırığı inkişafdan narahat olub etiraz edənlərin simvoludur. Əsərin ən təsirli yeri sonudur. Əhmədin Arana yox, əks istiqamətə faytonla gedənlərin ardı ilə getməsi Avropalaşmanın təsiri altında inkişaf etdiklərini düşünən, amma uçuruma gedən gələcəyi simvolizə edir.

Yer kürəsində ilk günahın işləndiyi gün ata və oğul arasında mübahisələr başladı və yüksəliş dövrləri ancaq bu konfliktlərin gücləndiyi dövrlərdə baş verdi.

Oğullar yeniliklər edərkən cəmiyyət inkişaf etdiyinə inandı.

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Məhəmməd Teymur. Qəhvəli süd-Tozlu süd

Ça İyl 5 , 2022
M.Teymur (1892-1921) – Misir novellisti və dramaturqu. Təhlisini Parisdə alıb. O, Qahirədə “Teatrın Dostları Cəmiyyəti”ni yaradıb. Bir sıra komediya və dram, həmçinin ərəb teatrına, məhşur aktyor və rejissorlara həsr olunmuş məqalələr müəllifidir. “Gözlər nə görür?” adlı kitabında toplanmış hekayələri Misir realist novellalarının ilk nümunəsi sayılır. *** Bu gün səhər yatağımdan […]