Müasir türk ədəbiyyatının istedadlı nümayəndəsi Murat Menteşlə Ülvi Babasoyun söhbəti
– “Azərbaycan” deyəndə yadıma “salam” gəlir. Çünki mən uşaqkən dövlət televiziyasında Huşəng Azəroğlu adlı bir müğənni oxuyardı: “Azərbaycan diyarından sizə salam gətirmişəm”. Mən də sizləri dostluqla, sevgiylə, hörmətlə salamlayıram. Romanlarımı oxuyan, oxumayan hər kəsə ehtiramımı bildirirəm.
Arzu edirəm ki, suallarınıza verdiyim cavablar sizə bəslədiyim könüldən məhəbbəti gizlətməsin. Dediklərim, bir yazıçı kimi ədəbiyyatla bağlı fikirlərimi dürüst bir şəkildə təqdim etmək üçündür. Sizinlə söhbətdən duyduğum məmnuniyyət və sevinci təkrar vurğulamaq istəyirəm.
– Romanlarını “Saatda 300 km sürətlə gedən bir avtomobilə” bənzədən Murat Menteş zamanı üstələməkmi istəyir? Halbuki pastiş ve parodiyalar toruyla hörülən romanlar yazırsan. Yəni müasir dövrdən yazsan da, obyektivi keçmişə sarı çevirmisən.
– Mən postmodernist yazıçı deyiləm. Romanlarımın “postmodern” adlandırılmasına məna verə bilmirəm. Çünki: 1. “Dil oyunları” etmirəm. Ədəbiyyat hadisəsi yaratmağa çalışıram. 2. Hekayəyə, süjet xəttinə əhəmiyyət verirəm. 3. Romanlarımdakı eyhamlar müasir təhkiyə texnikası ilə bağlıdır. Yəni oxucuların anlamayacağı yazılar yazmıram. “Mətnin tək hakimi” olmağa da çalışmıram.
Parodiyalarla da işim yoxdur. Bəli, yumora üstünlük verirəm. Amma parodiya başqa şeydir. Romanlarımın mərkəzində və ya paralel hekayələrdə sizə pastiş kimi görünən nədir, bilmirəm. Açığı, romanlarımda üzümü keçmişə tərəf çevirdiyimi də düşünmürəm. Əksinə, bizdən sonrakı nəsillərin gündəlik ünsiyyətinə, danışığına mənbə ola biləcək nəql etmə səviyyəsinə çatmağa çalışıram.
Nəticə olaraq, oxucuya xidmət etməyi düşünən bir yazıçıyam. Çünki oxucu kraldır. Bu, “yazıçı təlxəkdir” mənasına gəlməz.
Səmimiyyətlə deyirəm: yeganə məqsədim, oxucuların kitaba ödədiyi pulun və oxumağa ayırdığı vaxtın əvəzini verməkdir. Oxucu gülsün, maraqlansın, məlumat əldə etsin, həyəcanlansın. Həqiqətən, son model bir idman avtomobili ilə boş yolda sürətlə gedirmiş kimi coşsun. Ədəbiyyatın, dilin əhəmiyyətinə dair qənaəti möhkəmlənsin. Habelə, kitabı öz əsəri kimi mənimsəsin, yəni istəyirəm ki, məni, müəllifi unutsun. Oxuduğu hekayə onun üçün dəyərli bir şəxsi təcrübə meyarı olsun.
– Elə postmodern ədəbiyyatda da oxucu əsasdır. Hər bir oxucu sayı qədər mətnin yozum və şərhi var.
– Sadə, anlaşıqlı və qısa cümlələrdən yaranan romanların bir o qədər heyrətamiz süjet xətti olan mətnlərdir. İkisi bir arada necə olur?
Yazmağa başladığım ilk illərdə uzun və mürəkkəb cümlələr qurmağı sənətdə kamillik əlaməti olaraq görürdüm. Zaman keçdikcə qərara gəldim ki, oxucuların əsəbi ilə oynamayım. Bədiiliyi qısa cümlələrlə verməyə başladım. Yəni həm dilin zənginliyini, ifadə gücünü qorumaq, həm də oxucuların rahat həzm edəcəyi mətnlər yazmağa çalışdım. Beləliklə, həm estetikadan, ədəbiyyatdan güzəştə getmədim, həm də oxucunu razı salmağa çalışdım.
Qeyr-adi süjet xətti ilə qısa cümlələr qurmaq arasında bir əlaqə varmı? Güman etmirəm. 20-ci əsrin kütləvi sənəti filmdir. 21-ci əsrdə isə kino və seriallar internetlə birləşərək özünüifadə sahəsindəki hakimiyyətini möhkəmləndirdi. Roman 19-cu əsrdən sonra taxtdan endirilib. Bugünkü romanının nüfuzu daha çox kinoteatrla əlaqəsindən doğur.
Bir çox roman yazan kimi mən də kinonun çatmayacağı ədəbi imkanları araşdırıram. Kino və seriallarda süjet xətti, qurğu, əsasən, adi bir xarakter daşıyır. Tamaşaçının rahat qəbul edəcəyi hekayələr yazırlar. Mürəkkəb bir özünüifadə mexanizmi qurmaqdan çəkinirlər. Halbuki romanda oxucuya yazılı izahlar, məlumatlar vermək vasitəsilə süjet xəttini daha dolaşıq, daha çılğın hala gətirə bilirsən. Beləliklə, roman əsasında film çəkiləndə insanlar “Romanı daha yaxşı” idi deyirlər.
– Əziz Murat, “Dublyorun dilemması” və “Qorxma, mən varam”, məncə, modern türk ədəbiyyatının ən yaxşı romanları arasındadır. Süjet xətti, dil və ideya baxımdan möhtəşəmdirlər. “Ruhu-Mücərrəd” romanında daha çox populyarlığa meyil var sanki. Səncəsi?
– Elə düşünmürəm. Sözümə inanın. “Ruhu-Mücərrəd”i yazarkən həm üslub, həm də süjet cəhətdən şəxsi düçüncələrimi dəyişdirmədim. Hadisələri qarışdırmaq da istəmədim. Yenə də bir çox sürpriz səhnələrə yer verdim. Bundan başqa, “Ruhu-Mücərrəd”də 100 yaşında bir qazinin macərasını yazdım və bununla da, ilk iki romana nisbətən fərqli bir dünya qurmağa çalışdım.
– “Hər kəs layiq olduğu cəzanı tapsa, dünya alt-üst olar”. (“Qorxma, mən varam” ) Bu cür aforizmlər romanlarında çoxdur. Amma o qədər ironiya və yumor dolu bir üslubda təqdim edirsən ki, oxucuya ləzzət verir. İşin məğzini anlayanda isə şoka düşür. İkisini bir yerdə cəmləmək və gülüşə çevirmək yəqin ki, asan deyil. Bir sözlə, oxucuya nəsihət vermədən nəsihət vermək deyə bilərik?
– Romanların bir müdriklik axtarışından irəli gəldiyini düşünürəm. “Roman yazanlar şüuraltını Freyddən, sinfi mübarizəni Marksdan əvvəl kəşf ediblər”. Jül Vern “texnologiya kahini” olaraq anılır. Konan Doyl, Dostoyevski, Balzac, Dikkens, F.K. Dik, Stiven Kinq kimi müəlliflərə diqqət yetirəndə cinayət, qadın, təhsil, hüquq, psixoanaliz, din, texnologiya, virtual gerçəklik kimi bir çox məsələdə liderlik etdiklərini görürük.
Mənim romanlarımda aforizmlərin olması, qısa və aydın məzmuna önəm verməyimin nəticəsidir. Əslində mənim üçün romanın məğzinə yayılan, onun ideyasına hopan lakonik və fəlsəfi bir ifadə tərzi əsasdır. Nəsihət verməyə həvəsli deyiləm. Oxucuların özlərinə aid bir fikrin yaranmasına töhfə vermək mənə daha uyğun görünür. Bizlər informasiya çağının yazıçılarıyıq . Yəni oxucularımızın çoxu bizdən daha ağıllı və daha biliklidir. Məsələn, bir nevropatoloq, bir hüquq professoru, “Everest”ə çıxmış bir alpinist və ya bir memara nəsihət verə bilərəmmi? 19-cu əsr roman yazarı qədər özündənrazı danışa bilərəmmi? Bir az müşükül məsəldir sanki.
– Bir sual da “Behzat Ç.”dən. Əmrah Serbes hələ 25 yaşındaykən “Hər təmas iz qoyur” romanını yazdı. Ardından “Son qazıntı” gəldi. “Behzat Ç.” ( Bir Ankara Detektivi) serialı Türkiyə və Azərbaycan insanını ekran başına topladı. Mənə maraqlıdır, necə olur ki, 25 yaşında bir gənc yazıçı ölkəsini bu qədər yaxşı tanıya bilir! Bu qədər yaxşı… Roman 10 il əvvəl yazılsa da, aktualdır. Hörmətli Menteş bununla bağlı nə deyə bilər?
– Əmrah Serbes ecazkar bir yazıçıdır. Son dərəcə ağıllıdır. Mənə görə, bir ədəbiyyat dahisidir. Eynilə Alper Canıgüz kimi. Hər ikisi də yaxın dostumdur və onlarla fəxr edirəm. Əmrahın çox gənc yaşda Türkiyəni yaxşı tanıması, insanı anlaması, hadisələri yetkin bir şəkildə şərh etməsi… Bəli, dünyada bənzərinə az rastlanan bir vəziyyətdir. Mən onun yaşında avaranın biriydim.. Əmrah necə bu qədər gözəl romanlar və hekayələr yazır? Sirrini bilmirəm. Deyəcəyim tək gerçək onun bir dahi olması.
Türkiyənin sosial, siyasi, iqtisadi, psixoloji problemləri… Bəli, əhatəli, sərfəli bir həll yolu tapılmadı.
Təəssüf ki, siyasət fəlsəfədən, elmdən və incəsənətdən üstün tutulur. Din isə fərdi bir seçim olmalıdır. Siyasəti texniki bir fakt olaraq görməyimiz lazımdır. Fərdlərin idarə edilməsi və əmr almasına ehtiyac olmamalıdır. Demokratiyanı “kəmiyyətin, kütlənin suverenliyi” deyil, “xarakterin kök salması” kimi tətbiq etməyimiz lazımdır. Bunun üçün də yüksək keyfiyyətli bir təhsilə, sülhsevər, azadlıqsevər və plüralist bir anlayışa sahib olmalıyıq. Güman edirəm, Əmrah Serbes bütün bu məsələlərin həlli üçün səy sərf edilmədiyini, hər kəsin öz mənafeyini güddüyünü çox yaxşı görürdü.
– Alper Canıgüz, Murat Menteş və Əmrah Serbes. Bu imzalar Türkiyədəki ədəbi ictimaiyyət tərəfindən “underground literature” deyə səciyyələndirilib. Amma çox keçmədi ki, özləri, köhnəlmiş fikirləri o dünyalıq oldu. Nədənsə sən və həmyaşıdların ədəbiyyatşünasların diqqətini istənilən səviyyədə cəlb etmədi. Halbuki hər üçünüzün romanları dinamik, aktual və ədəbidir. Xüsusilə “Dublyorun Dilemması” dodaq uçuqladacak dərəcədə ədəbi heyrət doğurur. Bunun səbəbi nə ola bilər?
– Əslində aramızda yeraltı ədəbiyyatına ən yaxın yazıçı Əmrah Serbesdir. Əmrah şiddəti, qorxunu, qəzəbi aşağı təbəqəyə məxsus çarəsizliyi çox yaxşı şərh edir. Alper Canıgüzün romanları müasir və universal ab-havadadır. Elə buna görə də dünyada məşhurlaşır, məsələn, Fransa və Almaniyada. Murad Uyurkulak və Hakan Gündayı da xatırlamaq istəyirəm. Hakan Günday Türkiyənin ən böyük yeraltı yazarıdır. Murad Uyurkulak isə romanlarında siyasi və ictimai məsələləri son dərəcə ədəbi və ağıllı bir üslubla əks etdirir. Mən isə komik macəra romanları yazan adamam. Bu qədər bariz.
Bodlerin bir sözü var: “Sadəcə gözəl bir şer yazmaq üçün yazılan şeirdən daha gözəl nə ola bilər? Biz də populyar olmağı, pul qazanmağı, alqışlanmağı deyil, sadəcə gözəl bir roman yazmağı düşünən insanlarıq.
Haqqımızda akademik işlər görülür. Əsərlərimiz gənc alimlərin diqqətini cəlb edir. Amma Türkiyədə akademik çalışmalar kitab kimi nəşr olunub xalqa təqdim olunmur Çox az elmi iş kitablaşır. Kitab nəşri olan universitet sayı azdır. Bir çox elmi işlər universitetlərin öz bazasında qalır, yalnız tələbələrə təqdim olunur.
Bizim yazdıqlarımız yeni dövrün əyləncəli amma keyfiyyətli əsərləri kimi görünür. Yəni romanlarımızdakı fəlsəfi, ictimai, ədəbi xarakterlərin təhlilinə o qədər də maraq göstərmirlər.
– Müasiri olduğun Azərbaycan yazıçılarından kimləri oxudun?
Azərbaycan yazıçılarını yaxşı tanımıram. Bunun birinci səbəbi, eyni dilin ləhcələrini danışırıq. Məsələn, gəncliyimdə, Çingiz Dağçını İstanbulda yaşayan bir yazıçı kimi tanıyırdım. Halbuki o, Krım tatarıdır. Həyat yoldaşım da Krım tatarıdır. Çingiz Aytmatov, güman edirəm ki, sizə də bizim qədər yaxındır. Yəni kim azərbaycanlı, kim qırğız, kim tatar, kim Türkiyədən ayırd etmək bir az müşküldür.
Çox gənc yaşda, Azərbaycan şeiri ilə maraqlanırdım. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Rəsul Rzanın şeirləri ilə tanışam. Əsrarəngiz yazıçı Qurban Səidin məşhur romanı “Əli və Nino”nu çox sevə-sevə oxumuşam. Anar Rzayevin “Dantenin yubileyi”ni oxumuşam. Kamal Abdullanın “Gizli Dədə Qorqud”unu çox bəyənmişəm.
Amma sizin bizi çox yaxşı bilməyinizə qarşılıq mənim sizi layiqincə tanımamağım qəbul edilməzdir. Sizdən bunun üçün üzr istəyirəm. Əgər mənə kömək etsəniz, çox sevinərəm. Mənim üçün çox maraqlıdır ki, Azərbaycanın Alper Canıgüzü kimdir?
– Bundan sonra görəcəyin işləri Azərbaycan oxucusu ilə paylaşsan, çox yaxşı olardı.
– Yeni bir roman üzərində işləyirəm. Qısaca şərh etmək çox çətindir. Hadisələr böyük bir gəmidə baş verir Romanlar bizə həyatı öyrədir. Fəlsəfə, din, elm isə bir çox prinsipdən, qaydadan söhbət edə bilir. Biz də bunları dərk edirik. Ancaq həyatı daha təsirli qavrayış romanlarla, hekayələrlə olur.
Tutaq ki, “Məhəbbət əzablı bir hadisədir” sözünü hamımız anlayırıq. Lakin “Əli və Nino”nu oxuyanda sevgi acısını dərk edirik. Romanlar yalnız əylənmək üçün oxunmur.