“Anna Karenina” əsəri rus ədəbiyyatının gəlmiş-keçmiş ən dəyərli incilərindən biridir. L.Tolstoy bu əsəri yazarkən öz otağında günlərlə ac-susuz qalır və xidmətçisinə yalnız vacib bir şey olduğu təqdirdə onu narahat edə biləcəyini tapşırır. Günlər keçdikcə Tolstoydan səs gəlmir və xidmətçi artıq qorxmağa başlayır. Otağa girməsi qadağan edildiyi üçün özü risk etməsə də, qohumlarına xəbər verir ki, gəlsinlər. Evə gələn qohumları Tolstoyu cenin (ana bətnində uşağın vəziyəti) vəziyyətində ağlarkən görür, nə olduğunu soruşduqlarında Tolstoyun cavabı “Anna öldü” olur.
Tolstoy “Anna Karenina”nı öz həyatı ilə də əlaqələndirmişdir. Kitabın ilk səhifəsində yazıldığı kimi “bütün xoşbəxt ailələr bir-birinə bənzər, hər bədbəxt ailənin isə bədbəxtliyi özünə görədir”. Tolstoy xoşbəxt ailələr dedikdə Levin ilə Kitini, bədbəxt ailələr dedikdə isə Anna ilə Karenini nəzərdə tutur. Anna öz həyat yoldaşına xəyanət edən, yüksək təbəqədən gözəl bir qadındır. O, bu xəyanəti nə pis, nə də ki, yaxşı zənn etmir. Sadəcə bu, onun düşüncəsində normaldır və bütün cəmiyyət bunu qəbul etməlidir. Halbuki, o dövrüdə rus əxlaq qanunlarına görə bu, çox pis davranışdır, lakin Anna bunu görməzdən gəlir. Hətta Anna insanların onu təhqir etməsinə baxmayaraq, bütün şənliklərdə iştirak edir. Bununla o, əvvəlki həyatına başqa biri olaraq deyil, məhz tam da özü kimi davam edir. Artıq eşq onu daha güclü bir insan halına gətirmişdir. Baxmayaraq ki, başqa qadınlar gizli eşqlərini elə sirr olaraq da saxlayır, lakin Anna bu eşqi açıq-aşkar yaşamaq istəyir. O, ətraf mühitin yaratdığı sərhədləri aşmağa çalışan güclü, eşqi üçün hər şeyini verməyə hazır olan, hər şeydən imtina edəcək bir qadındır. Anna Karenin ilə xoşbəxt olmayan bir evlilik keçirir, çünki o sevərək evlənməyib, yalnız oğluna görə bu evliliyə dözməyə məcburdur.
Kitab üç hissəyə bölünür: Anna ilə Vronskinin, Levin ilə Kitinin və Annanın qardaşı ilə həyat yoldaşının hekayələri. Tolstoy öz həyat fəlsəfəsini Levinin dilindən bizə ötürür.
Lilis əfsanəsinə görə tanrı ilk olaraq Adəmi və Lilisi yaratdı. Ancaq Adəm Lilisi xor görməyə başlayır. Nəticədə, Lilis bezib cənnətdən qaçır. Lilisin yoxluğuna dözə bilməyən Adəm hər gün tanrıya onu geri qaytarması üçün yalvarır. Ancaq Lilisin qərarı qətidir, o bir daha geri qayıtmayacaq. Burada Lilis asi bir qadın obrazını canlandırır. Bunu görən tanrı Lilisə bənzəyən başqa bir qadın yaradır (Həvvanı). Oyananda yanında Lilisi gördüyünü zənn edən Adəm artıq düşünür ki, Lilis mənə tabedir və mən nə desəm o olacaq. Bu əsərdə Lilisin baş əymədiyi üçün tanrının onu cəhənnəmə göndərməsini Tolstoy Annanın öz yoldaşı Kareninə xəyanət etməsi ilə bağlayır. Annanın bu böyük günahı işləməsini tanrının Lilisi cəhənnəminə alması ilə müqayisə edən Tolstoy Annanı nə yarğılamır, nə də pisləmir. Sadəcə olaraq Lilis ilə Annanın həyatını bir cəhətdən oxşatmağa çalışır.
Karenin heç vaxt Annanın ona xəyanət etməsini bilsə belə qəbullanmır. Sosyetenin yoldaşı haqqında dediklərini görməzdən gəlir və yox sayır. Hətta bir gün Annadan şübhələndiyi əsnada ona gizlin mesaj verir ki, onlar müqəddəs bağlarla bağlanıblar və xəyanət alçaqca bir işdir.
Anna Vronskinin at yarışında yıxıldığını gördükdə ağlamağa başlayır. Bunu görən Karenin əlini uzadaraq Annaya yarışdan getməyi təklif edir. Bir az düşündükdən sonra Anna razı olur, çünki o, Vronskinin qohumu olan Betsi ilə getməyi planlayırdı. Faytonda Anna artıq Kareninə hər şeyi açıqlamağa qərar verir. O, Vronskidən hamilə olduğunu, onu çox sevdiyini göz yaşları içərisində söyləyir. Karenin isə ona heç nə demir və ondan bu haqda düşünməsi üçün vaxt tələb edir və Annanı bağ evinə göndərir. Bağ evində qaldığı müddətdə Anna özünü çox pis hiss edir. Çünki tək düşündüyü artıq özü yox, gizli eşqi Vronskidir. Artıq Anna Vronskinin onu əvvəlki qədər sevmədiyini düşünürək günü gündən əriməyə başlayır. Lakin onun Vroniskiyə olan sevgisi artır, eşqi daha çox alovlanır. Özünün Vronskiyə hər şeyini verdiyini düşünür və Vronskidən də bütün sevgisini ona verməsini istəyir. Anna artıq heç xoşbəxt deyil. Vronski isə onun sadəcə çox qısqanc olduğunu düşünür.
İndi isə gələk Kitiylə Levinin eşqinə. Kiti 18 yaşında, gənc və gözəl bir qız, Levin isə 30-lu yaşlarında təcrübəli, yaraşıqlı, kənd təsərrüfatı ilə məşğul olan gənc bir oğlandır. O hələ evlənməyib və eşqə müqəddəs, saf, ülvi bir hiss kimi baxır. O hər qadına aşiq olacaq bir insan deyil. Eşqi yalnız bir nəfərlə yaşamaq istəyir. Baxmayaraq ki, o dönəm Rusiyasının bütün kişiləri qadınlarla vaxt keçirir, lakin Levin elə biri deyil. Hətta, xəyanəti alçaqlıq zənn edən Levin Ananın qardaşı ilə söhbətlərində bunu vurğulayır. Levin bir neçə dəfə fərqli qadınlara aşıq olduğunu zənn etsə də, sonda əsl eşqin bu olmadığını başa düşür. Kitini görəndə isə onun gələcəyi üçün həyat yoldaşı olduğunu anlayır. Kiti, sadəcə, onu yaxın bir insanı olaraq görür və onun evlənmə təklifini qəbul etməyəcəyini düşünür. Hətta onun qəlbini qırmamaq üçün hər şey edir. Daha sonra planlar heç də Kitinin təxmin etdiyi kimi getmir. Baloda Vronskinin onunla yox, Anna ilə rəqs etdiyini görəndə qüruru incinir və bu eşq ona ağrı verməyə başladığından xəstə yatağına düşür. Levin ona evlənmə təklifi edəndə o, buna qarşı yox cavabını verir. Bir neçə müddət belə olur daha sonra sağalmağa başlayan Kiti artıq Levinin eşqini qəbullanır və Levinə geri dönür.
Əsərdə digər ailəvi cərəyan Annanın qardaşı ilə həyat yoldaşı arasında baş verir. Annanın qardaşı xoş rəftarlı, daim təbəssümlü, yaxşı bir insan olaraq təsvir edilir və həmçinin o, hiyləgər bir obrazdır. O, həyat yoldaşına başqa qadınlarla xəyanət edir və yoldaşı bunu görməzdən gəlir. Çünki qəbullana bilmir. Qəbullanmağa başladığı andan incinməyə başlayır. Ancaq o hələ də həyat yoldaşını sevir, lakin həyat yoldaşının artıq onu sevmədiyini düşünür. Artıq işlərin pisə doğru getdiyini görən kişi bacısı Annanı kömək üçün yanına çağırır və Annanın gəlməyi, doğrudan da, onlara yaxşı təsir edir. Anna qardaşının ailəsini birləşdirmək üçün getdiyi səfərdə, əslində, öz yuvasını dağıtmış olur, çünki o vaqonda Vronskinin anası ilə söhbətdə olur və daha sonra Vronski ilə tanışır. Beləcə, onların böyük eşq hekayələri başlayır.
Əslində Anna ərinə xəyanət etmək istəmir, o Vronskiyə heç üz də vermir. Lakin Vronskinin təkidi və eşqin cazibəsi ona qalib gəlir. Qəlbinə söz keçirə bilməyən Anna Vronskiyə aşiq olur.
Artıq Annanın hamilə olduğunu bilən həyat yoldaşı Annaya Vronskidən ayrılmasını və öz həyatlarına yenidən davam etmələrini təklif edir. Hətta Annanın uşağını öz adına keçirdəcəyini bildirir. Ancaq Annanın Vronskiyə eşqi gündən-günə böyüyür. O, Karenini, həmçinin oğlunu geridə qoyaraq öz məşuqu ilə yeni doğulan uşağını götürərək birlikdə İtalyaya qaçır. Onlar gözlərdən uzaq eşq yaşayırlar. Lakin geri dönəndə hamı tərəfindən rədd edilirlər. Bu Annanın psixologiyasının pozulmasına səbəb olur. O, Vronskinin artıq onu sevmədiyini düşünür. Olanların təsiri ilə artıq sağlam düşünə bilməyən Anna etdiyi hər şeydən peşmanlıq hissi keçirir və intihar edir. Annanın ölümündən sonra Vronski də böyük bir sarsıntı keçirtməyə başlayır və orduya yazılır. Vronski də bir növ intihar eləməyə çalışır. Çünki, əslində, o da Annanı çox sevir və Annasız həyatı artıq istəmir.
Romanın əsas fəlsəfəsi eşqin cəsurların işi olduğunu göstərməkdir. Kareninin özü bədbəxt evlilik həyatı keçirtdiyindən Annanın xoşbəxt olmaması üçün əlindən gələni edir. Ən əsası isə insan (Vronskini nəzərdə tuturam) hər şeyi əldə etmək üçün böyük mübarizə verir və əldə etdikdən sonra imtina edir. Bu, insanların psixologiyasında var. Mənim fikirlərim bu qədər ümid edirəm ki, oxuyarkən zövq ala və bu möhtəşəm romanın baş qəhramanlarının yerinə özünüzü qoya biləcəksiniz. Sevgi ilə qalın…