May ayının ortaları idi. Günəş öz şüalarını ətrafa saçmağa davam edirdi. Zəif meh əsir, yarpaqlar pıçıldaşır, quşlar cəh-cəh vururdular. Dağ döşündə lalələr, otlar rəqs edir, kəpənəklər Vətən torpağını gəzməkdən doymur, dayanmadan uçuşurdular.
Bu əsrarəngiz təbiətin qoynunda, dağın ətəyində Siralı kəndi yerləşirdi. Kənd sərhədə yaxın olsa da, ora köçən çox idi. Sara da ailəsi ilə birlikdə bura köçəli artıq üç aya yaxın idi. Buna baxmayaraq, Sara hər gün təbiət qoynunda gəzir, təmiz və səfalı havadan həzz alırdı. Saranı kənddə hamı çox sevirdi. O, çox gözəl və ağıllı idi. Kəndin yerlisi olan Aras isə onu bir başqa sevirdi. Hər dəfə bəhanə tapıb onunla görüşür, birlikdə ana təbiətin qoynunda gəzirdilər. Sara da Arasdan xoşlanırdı. Lakin bunu ona deyə bilmirdi, utanırdı.
Bir dəfə Sara kənddəki yeni dostları ilə gəzişəndə onların evindən görünən dağa çıxmaq istədiyini demişdi.
– Aras: Sara, bir gün ora da gedərik, amma ora təhlükəlidir. Mina ola bilər – dedi.
– Olsun, çox hündürlüyə qalxmarıq. Sadəcə güllər toplayaraq.
Təhlükəli olsa da , Aras Saranı qırmaq istəmədi: Yaxşı, amma qoca Palıd ağacını görürsən? Oradan yuxarı qalxmayacağıq – dedi.
Dostlar razılaşdılar. Elə həmin gün Sara anasından razılıq aldı ki, dağa qalxsın. Anası bunun təhlükəli olduğunu bilirdi. Amma Saranın bunu belə çox istədiyini görüb razılaşmışdı.
Həmin gün Sara səhərdən anasına kömək edirdi. İşlərini tez bitirib dağa çıxmaq üçün Arasla görüşəcəkdi. Sara çox sevinirdi. Həm çoxdan istədiyi dağa çıxacaqdı, həm də Arasla birlikdə olacaqdı. Çünki, hər dəfə Arasla görüşəndə dostları və kiçik bacısı onunla olurdu.
Nəhayət, Sara işlərini bitirdi. Aras onu evlərinin yanında gözləyirdi. Dostlar görüşdülər, söhbət edə-edə dağa tərəf addımladılar. Sara və Aras başlarına gələn maraqlı hadisələri bir-birinə danışıb gülür, əylənirdilər. Başları söhbətə necə qarışmışdısa, özlərinin dağın başında olduğunu hiss etmədilər. Birdən Sara ətrafa baxanda özünün çox hündürlükdə olduğunu hiss etdi.
– Aras, biz haradayıq? Necə oldu ki, biz bu qədər hündürlüyə qalxdıq?
Aras bir an duruxdu, ətrafa baxdı. Onlar dağın zirvəsində idilər.
– Mən qorxuram, Aras.
Aras da qorxmuşdu, lakin qorxduğunu Saraya hiss etdirmədi ki, qız daha da qorxmasın.
– Qorxma, Sara. Mən varam, mən bu dağların qoynunda böyümüşəm. Gəl dərhal qayıdaq. Sağ tərəfə getmə, deyirlər ki, orada mina olur. Ardımca gəl.
Sara və Aras yavaş-yavaş dağdan enməyə başladılar. Onlar ehtiyat edirdilər ki, birdən minaya ayaq basarlar. Bir az aşağı düşəndə Sara dağ küləyindən rəqs edən gülləri gördü. Onları anası üçün dərmək istədi. Birdən ayağı ilişib yerə yıxıldı, diyirlənməyə, başladı. Sara qışqırdı:
– Aras, kömək elə.
Aras bunu eşidib ətrafa baxdı. Gördü ki, Sara sağa tərəf diyirlənir.
– Sara, bir yerdən tut – deyib ona tərəf qaçmağa başladı.
Birdən böyük bir partlayış səsi eşidildi. Kənd təşvişə düşdü. Saranın anası öz-özünə: Görəsən, bu dəfə hansı evin işığı söndü – dedi..