Səma Qasımova. “Həyat ağacı” üzərində sonsuzluq və ölməzlik

Samuel Bekketin “Qodonun intizarında” pyesində absurdluğun bədii ifadəsi

Estraqon: Hər şeydən başlamaq olar.

Vladimir: Hə, ancaq nədən başlamağı dəqiqləşdirmək lazımdır.

Bəli, “Nədən başlamaq?” Hər kəs özünə bu sualı tez-tez verir. Bəlkə də, yalnız həyatda qayəsi olan insanların özünə verdiyi bir sualdır bu. Kim bilər?! Bəlkə də, Samuel Bekket də öz obrazlarının “Nədən başlamaq?” sualının qarşısında aciz qaldığını əsərində göstərmək istəmişdir. Həyatın, yaşamağın mənasını itirmiş iki obraz: Vladimir və Estraqon. Həyatda heç bir qayələri yox, boş söhbətlər, boş əməllər, boş təkrarlar. “İnsanlar belədir də, ayaqlar günahkar olduğu halda ayaqqabılardan şikayətlənirlər.”- deyən Vladimir bunu bir daha təsdiq edir. Öz taleylərindən, tək-tənhalığından şikayətlənən Estraqon və Vladimir Qodonu gözləyirlər. Heç bir zaman görmədikləri bir şəxsi. Hər gün “bu gün gələcək” deyə, eyni məkanda gözləyirlər. Axı, “Gedək” – deyib, yerindən tərpənməyən bu insanlar hansı ümidi gözləyirlər?! Bəlkə də, Samuel Bekket bu obrazların simasında əsrarəngiz, sirlərlə dolu bu dünyada heç nə əldə edə bilməyən insanın nəyə doğru gedəcəyini bilmədən, kor-koranə yaşamağını göstərməyə çalışmışdır. Qodo onlar üçün bir ümiddir. Qodo bu iki obraz üçün həm yaşamağın, həm də fəlakətin səbəbidir. Özlərini asmaq istəyən bu iki şəxs “Qodo gələr, bizi tapmaz” – deyərək bu əməllərindən imtina edirlər, həm də onu gözləmək üçün olduqları yerdən tərpənmirlər. Öz ömür səhifələrini mənasız, cansıxıcı günlərlə doldururlar.

“Boş-boş danışıqlara vaxt itirməyək. Fürsətdən istifadə edib, nəsə etmək olar. Kiməsə kömək etmək hər gün nəsibimiz olmur” – deyən Vladimir ilə yazıçı əsərin bütün səssizliyini bu məqamda pozur. Qəhrəmanın bütün cəmiyyətə, bəşəriyyətə hayqırtısı eşidilir. Yazıçı obrazın dili ilə insanlara çatdırmaq istəyir ki, hər birimiz həyatımızda bir-birimizə kömək etsək, yaxşılıq etsək, ruhumuz, mənimiz o qədər pak, təmiz və həyəcansız olar.

Əsərdə boş bir məkanda yalnız bir ağac təsvir olunur. Vladimirin söylədiyindən aydın olur ki, bu ağac Söyüd ağacıdır. Bu ağacın üzərində I pərdədə yarpaq olmasa da, II pərdədə var. Məncə, yazıçının çatdırmaq istədikləri də elə bu anda gizlənir. Bunun özü isə bizə çox böyük mənanı ifadə edir. “Həyat ağacı” üzərində sonsuzluq və ölməzlik. Bəlkə də, bu iki obrazın intihar cəhdlərinin alınmamasının səbəbi də budur. Həyatı və ölməzliyi vəd edən, necə ölümü qəbul edə bilər?!

Əsərdə şlyapa epizodu, Vladimirin şeir deməsi, dialoqlar zamanı Estraqonun dilindən verilən ifadələrin təkrarlanması həyatın hər gün onlara yeni bir gün kimi deyil, eyni günün yenidən başlamasını, bəlkə də, bir naməlumluğun içində olmaqlarını göstərir. Poçço və Lakki obrazı əsərə daxil olarkən, pyesin məzmunu sanki dəyişir. Əsərin mahiyyəti bu iki obrazla daha da zənginləşir. İncə hissləri olmayan, naqis cəhətləri olan insana baxmaq kifayət edər ki, Samuel Bekketin yaratdığı Poçço obrazını anlaya bilək. Poçço hətta etdiyi əməli belə boynuna alır, “… insan kimi rəftar etmirəm…”. Lakki onu əyləndirmədiyi, əsəbiləşdirdiyi üçün artıq onunla pis rəftar edir. Onun düşüncəsincə o, buna layiqdir. Əgər bir insanda belə bir düşüncə varsa, o zaman gücsüzü düşünməz, əzməyə çalışar.

Poççonun “hansı ki, sizin gələcəyiniz ondan asılıdır?” -deyərək nəzərdə tutduğu Qodo bizə bir daha onu göstərir ki, bu simvolik qəhrəman Tanrının simasıdır. Necə ki, əsərdə Oğlan obrazıda onun elçisi kimi görünür.

Bəzən bu iki obrazın – Estraqon və Vladimirin ağlından çıxıb getmək belə keçir. Amma gedə bilmirlər, Qodonun onları cəzalandırmasından qorxurlar. Kim bilir, bəlkə də, Vladimir və Estraqon bu gözləyişlə bir ömür Qodonun intizarında qalacaqdılar.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

İsmayıl Əliyev. Şeirlər

Ç İyn 29 , 2022
SƏSLƏNİŞ I Olmur, a dostlar, olmur! Eşq ağlımdakı kimi, Həyat istədiyim kimi. Bu vəziyyət, a dostlar, Gedəcək hara kimi? II Sizlər, sizlər, insanlar, Kömək edin mənə Və yanımda olun. Unudum onu, Tamam unudum.   HƏYAT I Bir söylənişdir həyat Şükür və ya şikayət içində. Bir günahdır həyat Tövbəni gözləyən. II […]