Hermann Hesse. Həsir kreslonun nağıl

Cavan oğlan çardaqda tək-tənha oturmuşdu. Məqsədi rəssam olmaq idi. Amma bunun üçün bəzi, çox çətin maneələri aşması lazım idi. O da hələlik çardaqda rahatca oturmuşdu. Zaman ötüb keçmiş, bir az yaşlanıb qocalmışdı. Saatlarla kiçik güzgünün qarşısında dayanıb sınaq üçün öz portretini çəkməyə alışmışdı. Bir albomu başdan ayağa bu cür şəkillərlə doldurmuş, bəzilərini bir o qədər bəyənməmişdi.

-Bu barədə təhsilim olmadığını düşünsək, hərdən öz-özünə danışırdı, bu şəkil əslində heç də pis deyil. Burnun yanındakı qırışlar da, düzü çox maraqlıdır. Belə çıxır ki məndə dahilərdən bəzi əlamətlər var, ya da buna bənzər nəsə. Sadəcə ağız kənarlarını bir az aşağıya uzadım, onda rəsm tamamilə özünəməxsus məna daşıyacaq, əməlli-başlı  melanxolik məna.

Təəssüf ki, bir müddət sonra yenidən nəzərdən keçirəndə, qətiyyən bəyənmirdi çəkdiyi rəsmləri. Bu yaxşılığa yozulmurdu, amma bunu yaradıcılığında uğur hesab edir, getdikcə özündən daha yaxşı işlər gözlədiyi qənaətinə gəlirdi.

Çardaqdakı əşyalarıyla heç də xoş və isti münasibətdə olduğu deyilə bilməzdi, amma bu əlaqəni pis də saymaq olmazdı. Onlara insanların böyük  əksəriyyətindən nə çox, nə də az haqsızlıq edirdi. Demək olar ki onları görmür, tanımırdı.

Bir portretini çəkməyə çalışıb, alındıra bilməyəndə, bəzən oturub kitab oxuyurdu. Kitablardan öyrəndiyinə görə, başqaları da onun kimi təvazökar, tanınmamış gənclər olaraq işə başlamış, daha sonra da çox məşhur şəxslərə çevrilmişdilər. Belə kitablar üçün ürəyi gedir, bu kitablarda öz gələcəyini oxuyurdu.

 

Günlərin bir günü kefsiz, ovqatı pozulmuş halda evdə oturmuş, çox məşhur hollandiyalı rəssamın həyatına göz gəzdirirdi. Oxuduğuna görə, yaxşı rəssam olmaq həsrəti əsil ehtiras kimi, hətta dəlilik dərəcəsində onun ruhuna hakim kəsilibmiş. Yaxşı rəssam olmaq arzusu adamın ruhunu öz əsarətinə almışdı. Cavan oğlan hollandiyalı rəssamla özü arasında bəzi bənzərliklər kəşf etdi. Bənzərliklər arasında, hollandiyalı rəssamın, pis havalarda çöldə işləyə bilmədiyi üçün, otağına çəkilib gözünə dəyən bütün əşyaların rəsmini çəkdiyini oxudu.

Məsələn, bir dəfə bir cüt başmağın, başqa səfər köhnə, əyri bir kətilin, həsirdən hörülmüş, cırıq-sökük, oturacağı taxtadan düzəldilmiş, kəndlilərin mətbəxdə istifadə etdiyi kreslonun rəsmini çəkmişdi. Eyni zamanda heç kəsin üzünə baxmayacağı kreslonu elə sevgi və sədaqətlə çəkmişdi ki, ortalığa çıxan əsər ən gözəl rəsmlərdən biri olmuşdu. Kitabın müəllifi bu həsir kreslonun rəsmi ilə bağlı insanı duyğulandıran xoş sözlər deyirdi.

 

Kitabın bu yerinə çatanda cavan oğlan oxumağa ara verib, düşünməyə başladı. Sınaqdan keçirmək istədiyi bir şey çıxmışdı qarşısına. Dərhal qərar verdi – çünki çox tez qərarlar verə bilən biriydi – bu böyük ustadı özünə nümunə götürəcək, ucalığa bu yolla çatmağa çalışacaqdı.

Çardaqdakı otağında sağına, soluna göz gəzdirdi və başa düşdü ki, arasında yaşadığı əşyalara demək olar ki, baxmayıb. Həsir üzlü oturacağı olan, kənara atılmış kreslonu əvvəlcə görə bilmədi. Başmaq-zad da yox idi. Bundan sonra kefi bir az pozuldu, böyük adamların həyatları haqqında oxuyarkən tez-tez qapıldığı bezginlik çökdü üzərinə. O böyük insanların həyatında xüsusi əhəmiyyət daşıyan kiçik şeylərin, qeyri-adi tapıntıların onun həyatında olmadığını və bunları boş yerə gözlədiyi qənaətinə gəldi.

 

 

Amma çox keçmədən ozünə gəldi,  xüsusilə belə vəziyyətlərdə şan-şöhrətə aparacaq çətin yolu inadla getmək lazım olduğunu anladı. Balaca otağındakı bütün əşyaları bir-bir nəzərdən keçirdi, qəfildən həsir kreslonu kəşf etdi, bundan  model olaraq istifadə edə bilərdi. Kreslonu ayağıyla çəkib özünə bir az yaxınlaşdırdı. Rəsm karandaşını yonub, eskiz dəftərini düzlərinin üstünə qoyub həsir kreslonun rəsmini çəkməyə başladı. Ehtiyatla çəkilən bir neçə xətt kreslonu kifayət qədər canlandıra bildi. Bir neçə xətdən sonra kreslonun silueti açıq-aydın ortaya çıxdı. Kreslonun bir küncündəki üçbucaq formalı tünd kölgənin sehrinə qapılıb onu rəsmdə qabarıq təsvir etdi. Elə çaşıb qalmışdı ki, qəfildən nədənsə narahat olmağa başladı. Uzun müddət rəsmlə məşğul olduqdan sonra dəftəri bir az uzaqlaşdırıb rəsmi sınayıcı baxışlarla süzdü. Həsir kreslonun çox pis çəkildiyini hiss elədi.

Hirslə yeni xətt çəkdi, gözlərini əsəbi-əsəbi kresloya dikdi. Alınmamışdı. Əsəbiləşib, küsdü.

-Ay səni iblis həsir kreslo! deyə, hövsələdən çıxıb çığırdı. Sənin kimi kaprizli heyvanı ömrümdə görməmişəm.

Kreslo bir az cırıldadı və tövrünü pozmadan belə cavab verdi:

-Eyy, mənə bax görüm! Nəyəmsə, oyam! Bundan sonra dəyişmək fikirim yoxdur.

Cavan oğlan kreslonu ayağının ucu ilə itələdi. Kreslo arxaya çəkildi. Əvvəlkindən fərqli görünürdü.

-Model sənin kimi axmaq kreslo olanda belə olmalıdır, deyə səsini ucaltdı. Əyri-üyrü olmayan yerin yoxdur.

Həsir kreslo gülümsədi və yumşaq səslə dedi:

-Perspektiv, cavan oğlan, perspektiv!

Cavan oğlan yerindən atılıb, qışqırdı:

-Perspektiv, eləmi! İndi də kreslonun biri mənə dərs keçir! Perspektiv mənim işimdir, sənin yox! Başa düşdünmü! Bunu yadında saxla!

Kreslo daha heç nə demədi. Gənc rəssam ağır addımlarla çardaqda vurnuxdu. Bu arada ağacla döşəməni döyəcləməyə başladılar. Aşağıda hay-küyə hövsələsi olmayan yaşlı bir müdrik yaşayırdı. Gənc rəssam oturdu, çəkdiyi son portreti qarşısına qoydu. Portret xoşuna gəlmədi. Həyatda portretdəkindən daha şevimli və maraqlı görünürdü, bu yalan deyildi. Yenidən kitabı əlinə alıb oxumaq istədi. Kitabda hollandiyalı rəssamın kreslosu ilə bağlı başqa məlumatlar da vardı, bu onu əsəbiləşdirirdi. Kreslo barədə özünü çox incidirdi, onsuz da…

 

Cavan oğlan papağını axtardı, çölə çıxmaq istəyirdi. Uzun müddət əvvəl rəssamlığın rahatlıqdan uzaq olduğu diqqətini çəkmişdi, bunu xatırladı. Rəssamlıqda əzab-əziyyət, xəyal qırıqlığından başqa  heç nə keçmirdi insanın əlinə və dünyanın ən yaxşı rəssamının belə obyektlərin yalnız zahirinin rəsmini çəkməkdən başqa heç nə gəlmirdi əllərindən. Dərinliyi sevən birinə bu peşə uyğun gəlmirdi. Lap əvvəllər dəfələrlə olduğu kimi yenə bütün ciddiyətiylə qərara gəldi: İçindəki köhnə arzunun arxasınca gedəcək, yazar olacaqdı.

Çardaqda tənha qalan həsir kreslo, gənc sahibinin evdən çıxıb getməsinə kədərləndi. Halbuki, aralarında nəhayət ki, normal münasibət yaranacağına ümid etmişdi. Arada danışmaq istəyirdi və bilirdi ki, şübhəsiz gənc bir adama öyrədə biləcəyi qiymətli bilgilərə sahibdir. Amma təəssüf ki, bu alınmamışdı.

 

Tərcümə: Cəlil Cavanşir

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Türk dünyasının usta sənətçisi aktyor Cüneyt Arkın vəfat etdi

Ç İyn 29 , 2022
“Yeşilçam”ın əfsanəsi sayılan Cüneyt Arkın iyunun 28-də əbədiyyətə qovuşub. Cüneyt Arkın qəfil ürək tutmasından Liv Hospitala yerləşdirilib, lakin bütün cəhdlərə baxmayaraq, aktyoru xilas etmək mümkün olmayıb. Aktyor vəfat edərkən 84 yaşında idi.