Kim Addonizio 1954-cü ildə Vaşinqtonda doğulub. Bakalavr və Magistr dərəcələrini San-fransisko Dövlət Universitetində alıb. Onun şeirlər kitabına Milli Kitab Mükafatının finalına çıxmış “Mənə söylə” (BOA Nəşr, 2000), “Cimmi və Rita” (1997); “Filosofun klubu” (1994), habelə Lauri Dyuzinq və Dorian Lauks ilə həmmüəllifi olduğu “Qərb sahilindən üç qadın” (1987) daxildir. Addonizio, həmçinin, “Həzz adlandırılan qutu” (1999) hekayələr kitabının müəllifi və Dorian Lauks ilə birgə hazırladıqları “Şairin yoldaşı”, “Şeir yazmağın həzzi barədə göstəriş” (1997) kitablarının həmmüəllifidir. O, Çeiyl Dumesnil ilə birgə “Doroti Parkerin dirsəyi”, “Yazarlar – tatuajlar, tatuajlar –yazarlar” (2002) kitabının redaktoru olmuşdur. Addonizio “Five Fingers Review” jurnalının əsas redaktorlarından biri olmuşdur. Onun mükafatları və fəxri adları arasında İncəsənət Dövlət Töhfəsi qurumunun üzvü, “Pushcart” mükafatı və “Birlik Klubu”nun medalı daxildir. Kim Addonizio Qoddard Kollecində təsviri incəsənət proqramından dərs deyir və San-fransiskoda yaşayır.
Qırmızı bir paltar istəyirəm.
İstəyirəm nazik, ucuz və dar-dürtdək olsun.
İstəyirəm birisi onu əynimdən cırıb çıxarana kimi onu geyinim.
İstəyirəm qolsuz və dekolte olsun,
yəni heç kəs tapmaca tapmasın ki, onun altında nə var.
İstəyirəm pəncərəsində açarların parıldadığı
Triftinin maşın kirayəsi və dəmir məmulatı dükanının,
Vonq ailəsinin dünəndən qalmış ponçiklər satdığı kafelərinin,
Querra qardaşlarının hamar burunlu donuzları çiyinlərinə qaldırıb
yük maşınından arabalara tolazlayarkən onların yanından keçim.
İstəyirəm elə keçim ki, sanki dünyada yeganə qadın mənəm
və istədiyim adamı seçə bilərəm.
Mən o qırmızı paltarı dəhşət istəyirəm.
Mən o paltarı sənin mənim barəmdə olan
ən pis qorxularını təsdiqləmək üçün istəyirəm.
Mən o paltarı sənin məni nə qədər az maraqlandırdığını
və istədiyim şeylərdən başqa
məni heç nəyin maraqlandırmadığını sənə göstərmək üçün istəyirəm.
O paltarı tapanda doğuş və sevgi çığırtıları ilə dünyaya gələn,
ruhumu içində daşıyacaq cismi seçirmiş kimi onu asılqanından dartıb çıxaracağam.
Və mən onu sümüklərim kimi, dərim kimi geyəcəyəm.
Məni o lənətə gəlmiş paltarın içində basdıracaqlar.
Orijinaldan çevirəni: Xaqani Cavadoğlu (Əliyev)
Xaqani Cavadoğlu (Əliyev) ADU-nun tərcümə fakültəsini bitirib. 2005-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı tərcüməçi-şairi nominasiyası”nın qalibi olub. Şeirləri və tərcümələri “Ulduz ”, “Alatoran”, “Söz” jurnallarında dərc olunub.