Ləman Abasova (Fateh). Korona günlərində bədənin və ruhun eşqi

Qəribə, səhv başa düşülə biləcək  və ya tənqid hədəfi olacaq bir əsər idi “Vəba günlərində eşq” romanı.
Qabriel Qarsia bizə xaotik hadisələrin cərəyan etdiyi dövrə  məxsus dünyanın qapılarını açır. Yazıçının qələmi ilə yeni-yeni tanış olursunuzsa, qapıdan girmədən öncə duymaqda olduğunuz tərəddüd qəbulonunandır. Zaman dolduqda- kitabın son vərəqini oxuyub bitirdikdə  bağlanan qapaqla birgə çıxdığınız dünya ilə bağlı təəsüratlarınız  müəllifin qələmi kimi mürəkkəb olacaq. Əsəri ya başdan-ayağa cəfəngiyyat adlandırıb beyninizin lazımsız məlumatlarla dolu qaranlıq zirzəmisinə atacaq,  ya da qəlbinizin sehrli simlərini oynatdığı üçün rast gəlinməmiş dəyərdə bir iş kimi xatiratınıza qazıyacaqsınız.

“Vəba günlərində eşq”-  Müəllif sanki eşqi romandakı maneə yaradan ünsürlərlə (vəba kimi qorxunc xəstəlik,  uzunmüddətli daxili müharibələr, cəmiyyətə xas qaydalar) paralel işləməklə bizə eşqin  qarşısıalınmaz bir qüvvə olduğunu göstərməyə çalışır.  Eşq  əlamətləri ilə vəbadan seçilmir, onun da öz qurbanları var, Florento Arisa isə onlardan sadəcə biridir. Fermina Dasanı gördüyü ilk gündən eşqə yoluxan qəhrəmanımız  ömrünün son gününə kimi xəstəliyin daşıyıcısı olaraq qalır.

“Oğlan onun bəyənəcəyi kişi tipi deyildi, eynək şüşələrinin arxasındakı atılmış körpə görüntüsü, keşiş geyimi, mübhəm davranışı, rəftarı-bütün bunlar insanda maraq doğurur, amma marağın da eşqin min bir tələsindən olduğunu bilmirdi”. Bu passajdan da göründüyü kimi, Florenta Arisanın ruhuna hakim kəsilən eşq, sirli aurası ilə bir çox qadın kimi Fermina Dasada da maraq oyadır, fəqət atasından aldığı zəif xarakter və solğun bir kölgəni xatırladan görkəmi son sözünü deyir. 3 illik məktublaşmanın bir nəticəyə gəldiyi zamanda Florento Arisanın heyranlıq və rəğbətdən kənar görkəmi ilə ilk dəfə tam qarşılaşan Fermina Dasa dəhşətə gəlir. O, eşq adlandırdıqları bu oyunun bütöv bir illüziya, cəfəngiyyat olduğu qərarı ilə  son anda evlilik yolundan dönür.  Fermina Dasanın onu tərk etməsindən sonra güclü eşqin iztirabları ilə sarsılan  aşiqimizin təslim olmayıb həyatda özünə yer tapması, güc-mənsəb əldə etməsi  oxucuya təəccüb duyğusu aşılayır.

İlk eşqi üçün mühafizə etdiyi bakirliyi kim olduğunu  heç bir zaman öyrənə bilməyəcəyi,  ehtiraslı bir qadın tərəfindən pozulan Florento Arisa   şəhvətin və arzunun arsız qolları ilə tanış olur. (Kimi zamanlar Rosalba deyə xatırlayacağı bu qadın qəhrəmanımızın fərziyyəsi və arzusuna əsasən seçilmişdir.)  Beləcə,  xəyali eşqə mübtəlalığın (metafiziki eşqin) yerini uzunmüddətli ehtiras (fiziki eşq) alır.

Məşuqumuzun aşiqi üzü üstə buraxması,  aşiqimizin ona qovuşmaq üçün qət etdiyi həyat yolunda eşq macəralarından geriyə qalmaması, nə az, nə çox düz  622 eşq macərası yaşaması kimi detalları gözardı etmədən  Fermina Dasa və Florento Arisa arasındakı münasibəti eşq adlandırmaq olarmı?

Qeyd: (Florento Arisanın  içlərində özündən 50 yaş kiçik, qəyyumluğuna verilən bir qızla-Amerika ilə qurduğu münasibəti  humanist oxucularda ikrah oyada, onu yaddaşlarında sədaqətli aşiqdən daha çox vəsvəsəli, xəstəlikli bir insan, qadın düşkünü kimi qazıya da bilər.)

Ayrılığın üstündən elə də çox vaxt keçmədən  Fermina Dasa  şəhərin görkəmli adamlarından olan Xuvenal Urbino ilə evləndi. Florento Arisanın əksinə mükəmməl bir görkəmə, nüfuza və cazibəyə  sahibdi Xuvenal Urbino. Onunla evlənmək şəhərdəki qadınların çoxu üçün bir arzu, xəyal idi. Qısqanıldığı üçün təklənən Fermina Dasanın daxil olduğu yeni cəmiyyətdə nüfuz qazanması elə də çox çəkmir. Evlilikdə, bal ayından sonra ərinin bilmədiyi tərəfləri ilə tanış olan və qəribə ailəsi ilə yaşamaq məcburiyyətində qalan Fermina üçün həyat cəhənnəmə çevrilir.

Fiziki harmoniyanı daxildə qoruya bilməyən evli cütlük, nəhayət, evliliyin sürdürülməsi üçün xoşbəxtlikdən daha çox anlaşmağın, yola gedə bilməyin vacib olduğu nəticəsinə gəldikdən sonra hər şey öz axarına düşür. Xuvenal Urbinonun ölməzdən öncə dediyi  son sözləri – “Tanrı şahidim olsun ki, səni çox sevdim” oxucuda  güclü təəssürat yaradır, fəqət  mulan qadınla və çox-çox sonradan üstü açılan Fermina Dasanın ən yaxın rəfiqəsi ilə edilən  xəyanət Urbinonun sözlərindəki səmimiyyəti sorğuladır. Münasibətlərinin başlanğıcında da biz Xuvenal Urbinonun məktublarında Florento Arisadakına bənzər  ehtiras, şövq görmürük. Elə sadalanan bu xüsuslar Xuvenal Urbinonun duyğularını oxucu üçün aydınlaşdırır. Bu eşq deyildi, olsa-olsa bəyənmə ola bilərdi, ya da birgə keçən uzun illərdən qaynaqlanan bağlılıq…

Günahkarlıq hissini duyduğu hücum mövqeyini alan, öz bildiyindən dönməyən, dediyim-dedik xarakteri ilə maraq doğuran Fermina Dasa həyat yoldaşı ilə yaxşı-pis ömür sürərkən ilk eşqini yadına salmasa  da,  Florento Arisa ilə bağlı eşitdiyi xəbərlərə biganə qalmır, uğurlarına, bəlkə də, ən çox sevinən insanlardan biri olur. Çox güman ki, bu səmimi sevinc qazanılan  hər uğurun  vicdan ağrısını bir parça sakitləşdirməsindən  irəli gəlir.

“İnsan sevdiyi əşyalarla birgə ölməlidir”  düşüncəsi ilə ərinin ölümündən sonra ona aid, onu xatırlada biləcək hər şeyi yandırması Fermina Dasanın  həyata qaldığı yerdən davam etmə  yolu, üslubu idi.

51 il 9 ay 4 günün sonunda ölümün pəncəsinin altında yenidən birləşmə fürsətləri doğulan cütlüyün duyğuları oxucunu düşünməyə vadar edir. İnsanların bir-birinə ən çox ehtiyac duyduğu zamandır qocalıq. Bunu Fermina Dasanın Xuveral Urbino ilə də, Florento Arosa ilə də münasibətlərində şahid oluruq. Fəqət birinci münasibətdə ehtiyac təktərəfli, ikincidə isə qarşılıqlıdır. Ömür yoldaşını itirən Fermina Dasa  yalnızlıq uçurumundan düşməyin astanasında ikən  Florento Arisa illərdir durduğu pusqudan çıxaraq  buna mane olur.  Sevgilisinin səbrlə güvənini qazanaraq ehtiyac duyduğu həmsöhbətinə, dostuna çevrilir,

Uzun sürən səy-cəhdlər uğurla nəticələnir, aşiqlərin qovuşması üçün  11 günlük gəmi səyahəti təşkil olunur. Florento Arisa eşqinə qovuşacağı günün gələcəyinə o qədər dərindən inanırdı ki, onun üçün cavanlığından bəri böyük hazırlıqlar görüb planlar tərtib etmişdi, gözdən qaçırılan tək şey amansız qocalıq idisə də, bu məşum düşmən özünü ikisindən də əskik etmədiyi üçün ortada bir problem yox idi. Bir-birlərini qocalığın gətirdiyi əskikliklər ilə birgə qəbul etdikləri üçün böyük bir anlayış və rahatlığa sahib idilər. “Nə özlərini evli kimi hiss edirdilər nə də gec qalmış sevgililər kimi, evliliyin, uzun, tükədici münasibətlərin kənarına çıxmağı bacarmış, eşqin özəyinə çatmışdılar”.  Bəlkə də, ölümün yaxınlaşan addım səslərinin fərqində olmaları idi onlara eşqin mahiyyətini öyrədən, keçən hər günü bir əsrə bərabər edən.

Nəhayətdə, roman koronalı günlərdə də bədənin və ruhun eşqinin vəhdətdə kamil olduğunu göstərir. Fiziki eşq bərabərdir metafiziki eşqə…

Roman oxucunun beynində  bir çox suallar yaradır:

Həqiqi eşq nədir? Bədənsiz eşq nə qədər keçrəlidir? İnsan  həyatı boyunca neçə dəfə aşiq ola bilər? Eşqin özəyinə enməyi bacaranlar kimlərdir? İnsan doğuşdanmı eşqlə doğulur, yoxsa ona yaşadıqcamı yiyələnir?

 

                                                                                                                                                      Ləman Abasova (Fateh)

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Pərvin Həsənova. “Qoca və Dəniz” yoxsa “İnsan və Həyat”

Ca İyn 9 , 2022
Bir çoxlarının sevimli yazıçısı olan Ernest Heminquey ilk dəfə 1926-ci ildə nəşr edilən “Günəş də qalxır” romanı ilə yaradıcılıq uğuru qazanmışdır. Əsər 1920-ci illərdə Fransa və İspaniyada yaşamış “itmiş nəslin” nümayəndələri olan gənclərdən bəhs edən, pessimist ruhda yazılmış romandır. 1927-ci ildə “Qadınsız kişilər” hekayələr toplusu ilə hekayə ustası kimi məşhurlaşan […]