Şeirin bəxti onda gətirmir ki, onu müstəqil əsər kimi görmürlər. Həmişə şeir kitabına tək bir əsər kimi baxırlar. Gör vəziyyət nə yerdədir ki, Yəhya Kamal kimi yeni dil yaradan, keçmişdən qopan bağları ən modern şəkildə bir-birinə calayan, hisslərimizi təzələyən, tariximizin rezonansı, ədəbiyyata xalqın, evin və küçənin dilini gətirən, bir sözlə, millətimzin üstündən Məsih kimi dirildici nəfəsi keçən, hər şeiri bütün oxucu və yazıçılar tərəfindən əzbərlənən bir şairdən söhbət düşəndə belə, “hələ əsəri yoxdu e” deyirik. Özü də yaddaşımızdakı misraları ixtiyarsız dilimizi gücə saldığı və gündə min bir bəhanə ilə onu xatırladığımız halda.
Sanki “Səs”, “Açıq dəniz”, “Dəniz türküsü”, “Erenköyündə bahar” ayrı ayrılıqda əsər deyilmiş kimi. Sanki “Xəyal şəhər” yazılmamışdan əvvəl Üsküdar və İstanbul axşamlarını tanıyırmışıq təki. Sanki türk dili ondan əvvəl bu məmləkətin xalqına, onun iztirablarına həqiqi şeirin təsəllisini, təsəllinin aynasını bəxş edibmiş kimi.
Bizə dünyalar bəxş edən bu şeirlər əsər deyilsə, bəs nədir? Dillər əzbəri şeir-nəğmələr ancaq kitab cildinə girincəmi əsər olur?
Bu çətin tapmacanın açması şeirin öz quruluş və təbiətindədir. Digər sənətlər şeirə nəzərən zaman və məkan içində çox yer tutur. Bir konsert bir saat çəkər, bir simfoniya saat yarım. Süleymaniyyə məscidi bir məhəllə boydadır. Reyms katedralı və Versal sarayı möhtəşəm böyüklükdədir. Normal ölçüdə olan heç bir heykəli cibdə gəzdirmək mümkün deyil. Çünki bir neçə tondur. Bir tablo bəzən böyük bir divarı zəbt edir. Bir roman aşağısı üç-dörd yüz səhifədir. Bir faciə və ya komediya gecəmizin 2-3 saatını məşğul edir. Halbuki bir şeir üç-beş dəqiqəyə bitir…
Nəhayətdə, şeir sadə və asandır. Təbiətən qısadır. Çünki kəlmələr xəyal gücünü işə salır. Nədimin, Yəhya Kamalın bir qəzəlində dörd-beş tabloluk mövzu var. Şeir öz mövzusunu çaparaq istehsal edir. Ona görə də şairi digər sənətkarlarla müqayisə edərkən şeirin bu cəhətini unutmamalıyıq.
Şeirin başqa sənətlərdən üstün olduğunu göstərmək arzusunda deyiləm. Axı məndən əvvəl, yarı tanrı deyə biləcəyimiz adamlar ediblər bunu. Məqsədim başqadır. Mən şeirin öz potensialı çərçivəsində başqa sənətlərdən fərqini göstərməyə çalışıram. Əslində rəsm, musiqi, heykəl, şeir, hamısı birdir. Şeiri sevən şeiri seçər, musiqini sevən musiqini. İkisini və ya hamsını birdən sevənlər isə daha zəngin yaşayarlar.
Yalnız bunu untmayaq ki, şeir tək başına bir əsərdir. Məsələn: Bodlerin “Natura” soneti və ya “Bekon” şeiri, Malarmenin “L’après-midi dun Faune”su (“Günortadan sonra bir fauna”), Yəhya Kamalın “Dəniz türküsü”, “Xəyal şəhər”, “Açıq dəniz”i ilə Heroika və ya Mediçilər sülaləsinin məzarları arasındakı fərq bu sənətlərin mahiyyəti arasındakı məsafə qədərdir. Cöhvər isə eyni cövhərdir.
Şeir dilin və insanın nüvəsi, mayası olduğu üçün yığcamdır. Onu öz estetik aurası və reallığı ilə oxuyanda zaman çox geniş mənalar ifadə edir. Həyata baxışımız sərhədsizləşir. Həm də dilin, insanın mahiyyətindən doğduğu üçün millətə çox bağlıdır və əsasən, öz xalqı arasında şöhrət qazanır. Zatən, sənətdə dünya miqyasını axtararkən hansı şərtlər və imkanlar daxilində yazılması və qalıcılığını düşünməliyik. Yoxsa, dünya çox tez unudar, bugünkü təsirindən ürəyi gedər, sabah inkar edər. Yalnz sənətin şərtləri daxilində hərkət edən və onlara möhkəm-möhkəm bağlanan əsərlər qalar. Oyuna əməl edənlər və onun nizam-intizamının fövqünə çıxanlar zamanın zirvəsində yaşayar.
Sənətdə kəmiyyət axtarmaq (illah da şeirdə) və şeir toplusunu tək bir əsər kimi görmək axmaqlığın ən, ən gülüncüdür.
Çevirəni: Ülvi Babasoy