Səməd Qaraçöp. Səni öldürənlər keflə yaşayır

Niyə bu gündəsən

 

Xaraba qalmaq da bu qədər olmaz,
Niyə bu gündəsən, nədi bu görkəm;
Bütün qapıların bağlanıb daha,
Niyə bu gündəsən, a mənim ölkəm?

Hərgün üzüqara çıxırsan elə
Əl boyda yetimin ehtiyacından.
Səni öldürənlər kefnən yaşayır,
Səni yaşadanlar ölür acından.

Bütün qapıların bağlanıb daha,
Bütün tikdiklərin dustaqxanadı;
Gözümüz dolusu göstərdin bizə,
Dustağı dustağa calamaq nədi.

Niyə bu gündəsən, a mənim ölkəm,
Sənəmi düşübdü bu günə qalmaq;
Sənəmi düşübdü bu yer üzündə
Zatıqırıqların əlində qalmaq?

Nə yolun bəllidi, nə yönün sənin,
Nə qədər çəkəcək bu günün sənin;
Niyə bu gündəsən, a mənim ölkəm,
Mən hansı gününə sevinim sənin?

 

Kağız gəmi

 

Hər gün əlləşirəm fırtınalarnan,
Əl boyda avardı əlimdə qələm;
Bir ucsuz-bucaqsız söz dənizində
Bir kağız gəmiynən üzüb gedirəm.

Birgün yem olacam bu dalğalara,
Deyəsən, axırım çatıbdı mənim.
Neçə illər boyu bax bu dənizdə
Neçə gəmilərim batıbdı mənim.

Çətindi – bu boyda axına qarşı
Əl boyda bir kağız gücündə olmaq;
Çətindi – dünyada bir ömür boyu
Bir kağız gəminin içində olmaq.

 

Bir kağız üstündə

 

Bu adam qələmə bənzəyir, Allah,
Qələmə bənzəyir bütün boyuynan;
Əl boyda bir qələm neyləyə bilər
Bir kağız üstündə bu oyunuynan?

Kağıza söykənib bu Yer üzündə,
Başqa nə yeri var, nə yurdu onun;
Elə bil kağızın üstündə gəzir,
Bütün addımları şeyirdi onun.

Bu adam qələmdi başdan-ayağa,
Hər gün işi-gücü – varaq çevirmək…
Bəs hardan Allahın ağlına gəlib
Onu adam kimi qələmə vermək?

 

Ölüm

 

Bir kağıznan qələmin
Arasında boğuldum;
Şeyir ölümdü mənə,
Mən ölməyə doğuldum.

Kağız-qələm gələndə
Qəbir qazan da gəlsin;
Qoy mənə gələn ölüm
Şeyir yazanda gəlsin.

Ölüm bir şeyir üstdə,
Bu torpaqda daşlaşım;
Kağız – kəfənim olsun,
Qələm isə – baş daşım.

 

Qan sırası

 

Şəhid oğulların adına bağladım.

Düzülüb getdiniz qan sırasıynan,

Sıra dağlar kimi qalxıb getdiniz;

Sizi çağıranda bu ana torpaq

Bütün qanınıznan axıb getdiniz.

Axdı bu torpağa oğul qanınız,

Axdı damarına daşın-torpağın.

Qanım qanınıza qarışacaqmı,

Başqa nə yolu var qardaş olmağın?!

 

İndi bu torpaqda ha yana baxsan,

Doğma qan izidi addımbaşına;

Sizin bu torpağa axan qanınız

Döndü bu torpağın qan yaddaşına.

Düzülüb getdiniz qan sırasıynan,

Sıraya qoşula biləcəmmi mən;

Siz ana torpağa oğul oldunuz,

Sizə qardaş ola biləcəmmi mən?!

 

Ata çiyni

 

Şəhid oğulların adına

Heç dil də nağılı belə bitirməz,
Heç yol da xəbəri belə gətirməz…
Ortada bir oğul ağırlığıdı,
Heçbir ata çiyni bunu götürməz!

Dünyada ən ağır itkilər olur,
Yeriyir insanın yeddi qatına;
Heçbir ata çiyni girməsin, Allah,
Dünyada ən ağır yükün altına!

Yol da öz yolundan çıxmasın, Allah,
Nağıl da çıxmasın nağıllığından…
Qoy heçbir atanın beli sınmasın
Dünyada bir oğul ağırlığından!

Dünyada arxalar söykənsin dağa,
Dünyadan sinələr dağlı getməsin;
Oğulun çiynində atası getsin,
Atanın çiynində oğlu getməsin!

 

Qan pulu imtahanı

 

Keçən il bu qapıya əsgər meyidi gəldi,

İki körpə yetimnən – qış qapını alıbdı;

Ana bir oğul boyda umudunu itirib,

İndi bir qanpulunun umuduna qalıbdı.

 

Cəllad qanpulunu da çox görür analara,

Zəhmi yaman ağırdı bir oğul boyda yasın.

Oğullar o savaşda onçunmu öldülər ki,

Anaları onların qanpuluynan yaşasın?

 

İki körpə yetimnən – bir umud yeri də yox,

Nə otaqda isti var, nə də mətbəxdə çörək;

Ay Allah, anaların çəkəcəyi dərddimi

Oğlunun qanpuluynan imtahana çəkilmək?

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Amin Səfərov. İlana ulduzu göstərin

Bir oğlan uşağını gətirin gözlərinizin önünə: 10 yaşı var, həyatı dərk etməyə başladığı və ailəsindən tərbiyə gözləməli olduğu yaşdadır. Bir də həmin uşağın ailəsindəki mühiti düşünün: evdə yaşlı bir kişinin soyuq səsi eşidilir. O daim deyir: “Qadınlar zərif varlıqlardır, Allah-Təala onları kişilərə əmanət göndərib. Bir qız uşağı atasına itaət etməlidir. […]